Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Hadi

Həyatı

Azərbaycan romantizminin görkəmli simalarından biri olan Məhəmməd Hacı Əbdülsəlimzadə Hadi (Şirvani) 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonra Hacı Molla Abbasın məktəbində oxumuşdur. 9 yaşında Hadinin atası vəfat etmiş, anası başqa ərə getmişdir. Atasının ölümü və qohumlar ümidinə qalması Hadiyə ağır təsir etmişdir. Məhəmməd Hadi bacıları ilə bərabər nənəsi Teyyibə xanımın himayəsində qalmışdır. Teyyibə xanım öz nəvələrini, xüsusilə gələcəyinə çox ümid bəslədiyi Məhəmmədi böyük qayğı ilə böyüdürdü. O, uşağı ərəbcə, farsca oxutmaq, mollalığa hazırlamaq niyyətində idi. Teyyibə xanımın vəfatından sonra M.Hadi başqa qohumlarından Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir.

Məhəmməd Hadi fitrətən sərbəst təbiətli, izzəti-nəfsini sevən, minnət götürməyən, məhdud yaşamağı bacarmayan istedadlı bir uşaq idi. Ona görə də başına gələn fəlakətləri dərindən duyur, kiçik yaşlarında belə mənəvi iztirablar çəkirdi. O, mühitinə sığa bilmir, köhnə həyatda heç bir təsəlli əlaməti görmürdü. Bu mühitdən qurtulmağa can atırdı. O, uzaq və böyük şəhərlərdə, yeni üsul ilə oxumaq, yeni elmləri öyrənmək istəyirdi. Lakin o zaman bu, yetim uşaq üçün müyəssər olmayan bir arzu idi. Hadi varlı qohumlarından bu barədə kömək istəyirsə də, heç kəs onun arzusuna əhəmiyyət vermir. Şair bunu şeirlərinin birində belə xülasə edir:

Oxumaqçın nə qədər dadu fəqan etdimsə,
Olmadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersən eşidir, sonra verir əksi-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən, əmisi oğlunun köməyi ilə ticarət işinə əl atır, ancaq bu iş onun ürəyinə yatmadığından tezliklə tərk etdi. Şamaxı zəlzələsindən sonra (1902) Kürdəmirə köçən M.Hadi orada müəllimlik edir.

Hadi mətbuat aləminə 1905-ci ildə çıxmışdır. "Həyat" qəzetinin 109-cu nömrəsində Hadinin "Lövhi-məkatib" adlı şeiri çap olunmuşdur. Şair bu şeirində bütün misraları "məkatib" sözü ilə başlayaraq bu sözə tərif və sifət verir:

Məkatib cilvəgahi -tələəti-fəyyazi-qüdrətdir,
Məkatib pərtövü-ənvari-şəmsi-sübhi-vəhdətdir

Redaksiya bu tərifə aid, şeirin axırında yazır: "Görünür ki, məkatib haqqında sözü tamam edib istəmirsiniz ki, sizdən sonra da qəzetimizdə söz yazan olsun. Lakin səhviniz var. Bu xüsusda nə qədər yazılsa yenə də azdır!..."

Hadi mətbuatdakı şeirləri ilə oxucuların hörmətini qazanmaqda idi. Onu yaxından tanıyan Mustafa Lütfi Həştərxanda "Bürhani-tərəqqi" qəzetini nəşr edirdi və onun Hadi kimi qüdrətli qələm sahibinə böyük ehtiyacı var idi. Onun çağırışına görə Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. M.Hadi "Həyat", "Füyuzat" və "Bürhani-tərəqqi" qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. M.Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib "Füyuzat" məcmuəsində çalışır, buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş nəşrinə çalışır. "Füyuzat" qapandıqdan sonra o, "Tazə həyat" və "İttifaq" qəzetlərində işləyir.

1910-cu ildə Hadi, İstanbula gedir, "Tənin" qəzetində Şərq dilləri mütərcimi sifəti ilə çalışır, yazıları ilə də yerli qəzet və məcmuələrdə iştirak edir. Hadinin alovlu bir hiss ilə, tərəqqipərvərlik ruhunda yazdığı şeirlər bütün Yaxın Şərqdə oxunub yayılırdı. Hətta şairin "Fünun və maarif adlı şeiri Hindistanda, "Həblülmətin" qəzetində farsca tərcümə olunub çap edilmişdi.

1913-cü ildə, hərbi nazirin qəmlu münasibətilə kənardan gələn ziyalılardan şübhələnən Osmanlı hökuməti Hadini də həbsə alır və Səlanikə sürgün edir. Orada da Hadidən şübhələnir, onu incitməyə başlayırlar. Hadi başına gələn ağır fəlakətlərdən sonra 1914-cü ildə Bakıya qayıtmağa müvəffəq olur. 1915-ci ildə Qafqaz ordusunda feldşeir sifəti ilə çalışdığı zaman Avstriya cəbhəsinə, Karpata gedir, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini ifa edir.

Hadi harada, nə vəzifədə olur-olsun, qələmindən, odlu şeirlərindən ayrılmırdı. Cəbhə, döyüş həyatı onun yaradıcılığındakı mürəkkəbliyi artırdı. Müharibənin bütün dəhşətlərini duyan, həssas şair bu hadisələrin heç olmasa qaralamasını cızmağa, gələcəkdə özünün fəlsəfi əsərini yaratmağa çalışdı.

Cəbhədən yazdığı məktublarından görünür ki, Hadi gecəgündüz yazır, yaradırmış. O, müharibənin bitməyini aramsız gözləyirdi, vətənə dönüb öz yaradıcılıq planlarını həyata keçirməyə can atırdı. Şair cəmiyyətin gələcəyinə inanırdı: "Elm və mərifətlə müsəlləh olmayanlar bundan sonra pək bədbəxt bir halda yaşayacaqlar. Yaşayacaqlar deyil, sürünəcəklər. Halhazırda atəşfişani-cahan olan müharibeyi-cəhənnəm nümundən sonra yeni həyat, yeni məişət vücuda gələcəkdir. Hər şeydə bir inqilab və təcəddüd görüləcəkdir. Dünyada bir dəyişiklik hasil olacaqdır... Madam ki, həyat daimi bir mübarizədən ibarətdir, bu mübarizədə məğlub deyil, qalib və zəfəryab olmaq istəyənlər vaxtın nə qədər cahanqiymət bir şey olduğunu anlayaraq, onun əmri-tələbinə gərdəndadeyi-inqiyad və itaət olmalıdırlar".

Hadi cəbhədə ikən bir sıra xırda şeirləri ilə yanaşı tərcümeyihalını əhatə edən "Sərgüzəşt"ini yazmağa başlamışdı. Müharibənin təsvirindən ibarət olub, Şərq ilə Qərbi müqayisə edən fəlsəfi poemanı da burada yazmışdır. Qafqaz ordusudan qayıtdıqdan sonra (1918) Hadi bir müddət Gəncədə qalır və sonra Bakıya gəlir. Bu zaman Hadi maddi ehtiyac içində idi. Yerli hökumət adamları şairin taleyi ilə maraqlanmırdılar. Mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün deyildi. Şair öz əsərlərini vərəqə halında çap etdirərək satırdı. Müharibə dəhşətləri şairdə bədbin bir əhvali-ruhiyyəyə səbəb olmuşdu. Hadi heç kəsə inanmaq, heç kəsə qoşulmaq istəmir, tənhalıqda sinədən dediyi odlu misralarla qəmlərini unutmağa çalışırdı.

M.Hadi 1920-ci ildə Gəncədə vəfat etmişdir.

Əli Nəzminin öz xatirələrində yazdığına görə, həmin ilin baharında şair ağır maddi ehtiyacda idi. Gəncə üsyanından bir neçə gün sonra (1920, may) Hadi xəstəxanada ağır yatırmış, həmin günlərdə vəfat etdiyi güman olunur.

Bəzi mənbələrdə isə Məhəmməd Hadinin uzun çəkən xəstəliyinə görə vəfat etdiyi bildirilir. İndiyədək Hadinin az əsərləri bizə çatıb. O öz əsərlərini sattığından ədəbiyyatçılar güman edirlər ki Hadinin bəzi əsərləri özü ilə torpağın altına gömüldü.

Yaradıcılığı

...Biçarəni qoymaz anası olmağa giryan,
Püstanın ucilə tıqayır ağzını hər an.
Sərbəstcə qoymaz ki, bir az ağlasın övlad,
Bir möhri-əsarət vuruyor ağzına bidad.
Dilli ikən ol tifli nasıl lal ediyorlar,
Mahiyyəti-hüriyyəti pamal ediyorlar...
Zənciri-təbiisi kəsildi, bələyorlar,
Bir iplə dəxi qundağı qat-qat sarıyorlar.
Canimi, ənmi, söylə, edirsən onu məhbus?
Ey dəsti-sitəmkar, ayə pənceyi-mənhus!..
Növzad ikən övlad ona, ey lövhi-cəhalət,
"Təlim" ediyor, öyrədiyorsan da əsarət!


Tarix: 17.01.2013 / 11:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 661 Bölmə: Şairlər və Yazıçılar
loading...