Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahim bəy Musabəyov

İbrahim bəy Mehdi bəy oğlu Musabəyov (1880, Qəbələ-14 sentyabr, 1942, Qaraqanda) — Azərbaycan yazıçısı və pedaqoq, Azərbaycan tarixində görkəmli yazıçı və maarifçi kimi tanınmışdır.

Həyatı

İbrahimbəy Mehdibəy oğlu Musabəyov (1880-1942) Qutqaşında (indiki Qəbələ şəhərində) anadan olmuşdur. İlk təhsilini doğma Qutqaşında alan İ.Musabəyov 1898-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olub. 1902-ci ildə oranı bitirir və Şəki şəhərindəki üçüncü rus-tatar məktəbində müəllimliyə başlayır. 1911-ci ildə Bakıya gələn gənc pedaqoq birinci rus-tatar məktəbində boş olan müəllim yerini tutmaq üçün həmin ilin oktyabr ayının 6-da müəllimlər komissiyası qarşısında imtahan verir və o vaxtdan müəllimlik fəaliyyətini Bakıda davam etdirir.

O vaxt Qafur Rəşad Mirzəzadənin redaktorluğu ilə çıxan "Məktəb" jurnalında XX əsrin demokratik əqidəli müəllimləri və yazıçıları şeir, hekayə və məqalələrlə tez-tez çıxış edirdilər. Nəriman Nərimanov, Süleyman Sani Axundov, Şəfiqə Əfəndizadə, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev, Əli Fəhmi, Əlicabbar Orucəliyev və başqaları "Məktəb" jurnalının əsas müəllifləri idilər.

1913-cü ildən ədəbi fəaliyyətə başlayan gənc müəllim İ.Musabəyov da özünün didaktik, təlim və tərbiyəyə dair hekayələrini "Məktəb" jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi.

Onun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş "Neft və Milyonlar Səltənətində" povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur.

"Neft və Milyonlar Səltənətində" povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir. 1916-cı ildə həmin povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə "Filma" adlı fransız kino şirkəti dörd seriyadan ibarət kino-film çəkir ki, burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Primov, Mirmahmud Kazımovski də iştirak etmişdilər.

Neft və milyonlar səltənətində (film, 1916)-filmindən kadr. Əsərin müəllifi : İbrahimbəy Musabəyov

Əsərin sujeti Bakı neft kapitalistlərinin həyatından, məişətindən alınmışdı. İnqilaba qədərki Bakıda neft fontanları hesabına milyonlar əldə edən, birdən-birə varlanan lütfəlilərin, cəlilağaların həyat tərzi povestin əsasını təşkil edir. Müəllif doğru olaraq belə nəticəyə gəlir ki, pula hərislik, nəfsin qurbanı olmaq eyni zamanda əxlaqın korlanmasına, müvəqqəti xoşbəxtliyin faciəyə çevrilməsinə səbəb olur. Əsərin əsas qəhrəmanları olan Cəlil ağa da, Lütfəli bəy də öz yaxalarını bu faciədən qurtara bilmirlər.

Nə qədər ki, Cəlil ağa pulun insan mənəviyyatını, əxlaqını korlama qabiliyyətinə bələd deyildi, burjua cəmiyyətinin pozucu, məhvedici, insanı alçaldan xüsusiyyətlərini başa düşmürdü, öz namuslu zəhməti ilə sakit bir həyat sürürdü. Ancaq Lütfəli bəy kimi alçaq təbiətli bazar adamı ilə ilk tanışlıq tədricən Cəlil ağanı mənəviyyatca korlayır, bazar əxlaqı, bazar mühiti onu öz toruna salmağa başlayır. Nəhayət, o, canından əziz tutduğu ailəsinə də xəyanət edir.

Tarix göstərir ki, cəmiyyətdə müftəxor və tüfeylilərin çəkisi artdıqca, tənəzzül və iflas labüddür. Yamanlardan vaxtında yaxa qurtarmaq, yaxşılardan ibrət götürmək və yaddaşları təzələmək üçün adı yarandığı gündən doğma paytaxtımız Bakı şəhərinin sinoniminə çevrilmiş "Neft və Milyonlar Səltənətində" əsərinə, müstəqil bir ölkənin vətəndaşı kimi yeni nəzərlə baxmaq lazım gəlir.

Filmoqrafiya

Əsəri üzrə Çəkilən Filmlər
Neft və milyonlar səltənətində (film, 1916)(Tammetrajlı Bədii Film)
Qızıl uçurum (film, 1980)(Tammetrajlı Bədii Film)


Tarix: 16.01.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1017 Bölmə: Şairlər və Yazıçılar
loading...