Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayraməli Abbaszadə

Abbaszadə Bayraməli Abbas oğlu – görkəmli molla nəsrəddinçi şair, "Qızıl qələmlər" ədəbi cəmiyyətinin üzvü (1923).

Həyatı

Bayraməli Abbaszadə 1869-cu ildə Cənubi Azərbaycanın Sərab mahalının Dünni kəndində rəncbər ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd mollaxanasında almış, ilk satirik şerini "Mirzə Gülzar", "Gülzari-Sərabi" imzaları ilə yazmışdır. Sərabdan Bakıya ilk gəlişi XX əsrin əvvəllərinə təsadüf edir. Burada "Qafqaz Merkurisi" körpüsündə liman fəhləsi işləmişdir. İlk publisistik yazısını "Molla Nəsrəddin" səhifələrində "Hambal" ləqəbi ilə çap etdirmişdir (1906). Cənubi Azərbaycanda başlayan milli azadlıq hərəkatında iştirak etmək üçün Təbrizə getmişdir. Səttarxanın məşrutə hərəkatına qoşulması onun bir şair kimi formalaşmasına ciddi təsir göstərmişdir. Təbriz dövri mətbuatında "Azərbaycan" (1906), "Əncüman" (1907), "Mücahid" (1907), "Azad" (1907), "İttihad" (1908), "Naleyi-millət" (1908), "Müsavat" (1908), "İstiqlal" (1909), "Buqələmun" (1909) və s. qəzet və jurnallarda cəsur səttarxançıları tərənnüm, məşrutə hərəkatını ləkələyən ikiüzlü, satqın, xarici və daxili düşmənləri ifşa edən şerlərini dərc etdirmişdir.

1909-cu ilin aprelində təqib edildiyindən yenidən Bakıya qayıtmış, ömrünün axırınadək burada İçəri şəhərdə yaşamışdır. "Tazə həyat", "İttifaq", "Zənbur", "Səda", "Məzəli", "Məşəl", 1920-ci ildən sonra isə "Kommunist", "Yeni yol", "Yeni fikir", "Kəndçi qəzetəsi", "Molla Nəsrəddin" səhifələrində "Hambal", "Rəncbər-hambal", "Hambal Azərbaycani", "Hambali-Gülzari Sərabi", "Bayraməli Abbaszadə Hambal" və b. imzalar ilə əsərlərini çap etdirmişdir. Ədəbi dərnəklərdə fəal çalışmışdır. "Qızıl qələmlər" cəmiyyətinin üzvü olmuşdur. Zəngin ədəbi irs yaratmışdır. 1926-cı il iyunun 4-də uzun xəstəlikdən sonra Bakıda vəfat etmiş, köhnə Əhmədli qəbiristanlığında dəfn olunmuşdur. 1970-ci ilin payızında Azərbaycanda şairin anadan olmasının 100 illik yubileyi təntənə ilə keçirilmişdir. Tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Asif Rüstəmli "Tufanlardan keçən ömür" (Bakı, "Sabah", 1995,132 səh.) monoqrafiyasını görkəmli Mollanəsrəddinçi şair Bayraməli Abbaszadənin həyat və yaradıcılığına həsr etmişdir.

Əsərləri
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1948, 104 səh.
Seçilmiş şerlər. Bakı: Azərnəşr, 1964, 124 səh.


Tarix: 14.01.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 579 Bölmə: Şairlər və Yazıçılar
loading...