Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Turist səfəri
Turist səfəri

Söylə deyirsən,söyləyim. Elə adam yoxdur ki,ömründə bir dəfə də olsun,turist səfərinə çıxmasın. Mən özüm də əvvəlcə bunun həsrətində,sonra səfərdə olmuşam. Bizlərdə sərhədlər təzə-təzə açılmışdı,turist firmaları da onlar kimi . Məlum məsələdir ki, bu ikisi bir-birinin açılmasını və ( allah eləməsin)bağlanmasını müəyyənləşdirən şeylərdi. O bunsuz,bu onsuz əhəmiyyətini itirir. Rayonumuzda açılan ilk firmanın müdiri,allahdan olan kimi,məslək dostum idi. Dedi,Avstriyaya getmək istəyirsən? Dedim,ölürəm o ölkə üçün. Dedi,gətir firmaya filan məbləğdə pul yatırt, yaxın vaxtlarda ilk dəstə ilə gedərsən. O gecə yatmadım.Borc-xərc pul tapdım,aparıb yatırtdım. Bir aydan sonra məsləkdaşım telefon açdı ki,durma,gəl, Avstriya qrupu düzəldi,gedirsiniz. Axşam çımib-təmizlənib səhər tezdən gəldim rayon mərkəzinə. Orada bizi avtobusa doldurub Bakıya gətirdilər. Məmləkətimizin paytaxtını ikinci dəfə idi ki,görürdüm. Bakıda məlum oldu ki,Avstriyayla hələlik bir gediş – gəlişimiz yoxdu, bizi bir az bərilərə, Polşaya göndərirlər. Qatar iki gündən sonra gecə saat ikidə çıxır.Şəhərdə qohumu olanlar gedib qohumlarıgildə qala bilərlər,qohumu olmayanların geri rayona qayıtmaları məsləhətdir,əlbəttə ki, iki gündən sonra gecə saat ikidə Bakının baş vağzalında,rus demiş s veşami olmaq şərtilə. Evdəkilərin üzünə yarı yoldan qayıtmağa utandım. Əslində,bu yolun yarısı da deyildi,başlanğıcı idi...Ümumiyyətlə mən yoldan qayıtmağı sevmirəm. Bir iş dalınca çıxdım,tək səbir də gəlsə,ordan əli boş qayıtsam da, mənzil başına qədər gedərəm. Hələ bilmək çətindir,tək səbir mənəmi gəlir,əlini belinə qoyub arxamca baxan qonşuyamı! Bakıda qohumlarımız olmasa da ,belə qərara gəldim ki,qalım,Bakını gəzim,iki gün nədir,iki göz qırpımında gəlib keçəcəy...Gecəni vağzalda qalaram,azmı olub çöllərdə yatdığım. Qaldım,Qızqalasını,sahili, Tarqovli deyilən yeri doyunca ,dönə-dönə gəzdim,gecələr,zəhmətkeş adamlar öz evlərinə qayıdan kimi,mən dəmiryolu vağzalına qayıtdım,boş skamyaların üstünə uzanıb çimir etdim,əli mirasa çatan adamların yuxusu kimi səksəkəli də olsa yatdım. İki gün iki ay kimi ,daha doğrusu,kəndin içinnən keçən traktor kimi,ağır-ağır gəlib keçdim. İki günün əvvəlində mənə şübhəli-şübhəli baxan vağzal polisləri, insafən,iki günün sonunda xətrimi xeyli istəyirdilər. Gördülər,dinc adamam ,vağzal məxluqlarına xas olan şuxluq eləmirəm. Gedənlər qayıtdı. Düz iki günün tamamında gecə saat iki də bizi bir otağa yığdılar. Dedilər,Çeçenistanda vəziyyət xeyli ağırlaşıb,həmin ərazidən keçmək təhlükəlidir,allah eləməsin,bizi oğurlayıb meşəyə apararlar,gəl indi ordan qayıt,görüm necə qayıdırsan!Hələ bir,qıza başlıq verən kimi pul verib alanın da olmalıdır ki,qayıdasan.

Dedilər,həvəsiniz varsa,Maxaçqalaya qədər gedə bilərik. Orada doyunca gəzib sıldırım qayalara baxa bilərsiniz. Hələ, imkan olsa , Şeyx Şamilin auluna da qalxarıq. Neynəməli,geri qayıtmaqdansa, irəli getmək yaxşıdır. Dedik,gedək. Qatara dolduq,tərpəndik. Xeyli getmişdik,səhərə yaxın, alatoran idi,qatar dayandı. Dedilər,tok yoxdu.Baş elektrik xətdə ciddi qəza baş verib. Verib-verib. Düzəldərlər,gedərik dedilər,bir aya düzələn deyil. Bəs neynəyək? – dedik. Dedilər,səbr edin,səhər açılsın,düşün Sumqayıtı gəzin,gəzməli yerləri çoxdu.Bir neçə gün qalın,həzz alın,ödədiyiniz pulların əvəzinə yaxşı-yaxşı istirahət edin,Sonra da, sağlıq olsun,şad-xürrən halda ,qayıdıb gedərsiniz evlərinizə.Elə bil Polşadan yox,lap belə Avstriyadan qayıdırsınız... İnsan öz başından yuxarı atıla bilməz.Düşdük Sumqayıta. Elə buradaca deyim ki,indiyədək bu sənaye şəhərində olmamışdım.Göz doyanadək gəzdik dolandıq. Küçələrini ,zavod fabriklərinin girişini ,çıxışını əzbərlədik. Gecələr mehmanxanada,xəstəxanada olduğu kimi,dörd-beş adamlıq otaqlarda qaldıq.Nankorluq pis şeydi,yaxşı istirahət etdik. Gidmiz,yəni bələdçimiz gözəl insan idi. Hamımızla dostlaşdı. Adres verdi,adres aldı. Turist səyahətimizin altıncı günü idi.Dedi, burda yaxında ,Xaçmazın Çinar-tala kəndində yaxşı bağım var,bağ evim var.İstəyirsiniz təşkil eyləyim,elə bu avtobusla gedək o yerləri də gəzin. Sözünü yerə salmadıq,getdik. Yarım hektara yaxın yeri və içində gözəl bir evi var. Nahar yeməyinə oturanda,dedi, bura traktor girmir. Gərək adam tutam şumladam. Kasıbçılıqdı,vaxtı ötsə də,eləyə bilmirəm. Turistlərdən biri (indi yadımda deyil hansı) səyyah entuziazı göstərərək dedi,biz ölməmişik ki...Adama bir bel tap,şumlayaq,hələ vaxtımıza var. Süfrə arxasında udqunanlarımız olsa da,heç kəs dinib bu təklifə etiraz eləmədi. Bələdçimiz bu sözü çox bəyəndi,dedi, hələ sizin kimi comərd turistlər görməmişəm... Kəndə haray çəkdi. Adama bir bel gətirtdi. Düşdü xamlamış münbit torpağın canına,belləri düz yeddi gün, yeddi gecə yerə döydük,bağın o üzünü bu üzünə çevirdik. Səkkizinci gecəni bələdçimizin qarşısında üzü ağ,alnı açıq yatdığ,amma düzünü deyim zarıya-zarıya yatdıq.Səhər bir təhər durub avtobusa dolduq. Çinartaladan Xaçmaza,Xaçmazdan Sumqayıta,Sumqayıtdan Bakıya, Bakıdan rayona, rayonnan elimizə - obamıza, evimizə qayıtdıq. Bu yaxınlarda dostumun turist firmasına yenə xeyli pul yatırtdım. Onun zəngini gözləyirəm,sağlıq olsun,bu dəfə Amerika səfərinə hazırlaşırıq. Heç Ümmanın o tayında olmamışam,inşallah, gedib oranı da görərik.


Tarix: 08.06.2015 / 17:23 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: İmir Məmmədli
loading...