Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Babək əl-Xürrəmi - Fəaliyyəti

Üsyana rəhbərliyi
Cavidanın varisi olduqdan sonra o, Bəzzdə yerləşən xürrəmilər icmasına başçılıq edir və özünə Babək adını götürür. Cavidanın dövründə Azərbaycan bu mübarizənin mərkəzinə, Bəzz isə xürrəmilərin paytaxtına çevrilmişdi.

Xürrəmi icmasının rəhbəri olduqdan sonra Bəbək qətiyyətli fəaliyyətə keçir. O, öz xürrəmiləri qarşısında ərəbləri qovmaq və ədaləti bərpa eləmək vəzifəsi qoyur. Şərtləşdirilmiş işarə üzrə Babəkin tərəfdarları Bəzz qalasının əhatəsindəki bütün ərəblərin və onların tərəfində duranların başlarını kəsirlər. Bundan sonra üsyan o biri vilayətlərə də yayılır. Az sonra təqribən bütün Azərbaycan ərazisi xürrəmilərin əlinə keçir. Buradan dalğa şimala-Arrana və Cənub-Şərqə - Cibəl və Xorasana yayılır. Babək hər yerdə eyni ssenari üzrə hərəkət edir. Bütün tutulmuş mövqelər dağıdılır, hərbi qarnizon, ərəb əhalisi və onlara tərəf duranlarsa amansızlıqla qılıncdan keçirilir. Babəkə qarşı çıxan yerli feodallar da məhv edilirlər.

Babəkin belə asanlıqla uğurlar qazanmasında Azərbaycanı düşmən istilasından azad etmək arzusunda olan qəhrəman xalqın böyük köməyi olmuşdur. Məmun ardıcıl məğlubiyyətlərə məruz qaldı və hakimiyyəti itirmək qorxusu altında, siyasi kursunu dəyişib, 819-cu ildə paytaxtı Xorasandan Bağdada keçirir.

Xəlifə Məmun Babəkin üstünə nizami ordu göndərir. Lakin iş çox qəlizləşdiyindən Babəkə qarşı döyüşmək artıq asan deyildi. Məmun beş dəfə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərir və beş dəfə onun sərkərdələri məğlub olurlar. Məmun bir-birinin ardınca ali qoşun başçılarını dəyişib yeni-yeni ordular yaratsa da, cəhdləri nəticəsiz qalır. Babək yenilməzlik şöhrəti qazanır. Məmunun Babəkin üzərinə göndərdiyi ilk qoşuna Yəhya ibn Məaz ibn Müslüm başçılıq edirdi. Onların arasında ilk döyüş 819-cu ildə baş verdi və tərəflərin heç birisi əhəmiyyətli qələbə qazanmadı. 820-ci ildə Məmun onun yerinə məşhur sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi təyin edir və eyni zamanda qərbi Azərbaycan və Azərbaycan hakimliyini də ona verir. Yeni hakim öz qoşunu ilə dağ cığırlarından keçərək, Bəzz qalasına doğru irəliləyir. Babək onu yolda qarşılayaraq, əzir. Müasirlər danışırlar ki, hazırcavab əskərlərdən biri arxasına baxmadan qaçan İsadan soruşur: "Ey Əbu Musa, hara belə?" O isə belə cavab verir: "Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik." Sonrakı qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də uğur qazana bilmir.

Bu illərdə Babəkin sərkərdəlik məharəti də üzə çıxır. Sayca az olan və heç də yaxşı təlim görməyən qoşunu ilə o, yerli şəraitə dərindən bələd olmasından istifadə edərək, yeni və ağıllı taktiki fəndlər işlədərək xürrəmilər hərəkatının ciddiliyini hələ də yaxşı anlamayan, Babəkin sərkərdəlik bacarığını düzgün qiymətləndirməyən özündən müştəbeh ordu başçılarına asanlıqla qələbə çalır. Nəhayət, vəziyyətin ciddiliyini qiymətləndirməyə məcbur olan Məmun götür-qoy etdikdən sonra bir neçə qoşun dəstəsini birləşdirərək, təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd ət-Tusinin sərəncamına verir və yenə də onu eyni zamanda Ərməniyyə və Azərbaycan hakimi təyin edir. Güclü ərəb qoşununun təzyiqi altında Babək Bəzz qalasına doğru geri çəkilmək məcburiyyətində qalır. Qələbənin yaxında olduğunu zənn edən Hüməyd öz qoşunu ilə qalanın yaxınlığında düşür. 829-cu ilin 3 iyununda döyüşə girməzdən qabaq Babək ən say-seçmə döyüşçülərindən ibarət dəstəsini dağların arxasında gizlədərək, özü düzəngaha baxan qayalardan birində mövqe tutur. Babək qayalardan enərək, düzəngaha gəlir və gərgin döyüş başlayır. Əgər Babəkin ehtiyatda saxladığı dəstə olmasaydı, bu döyüşdən kimin qalib çıxacağını müəyyənləşdirmək olmazdı. Döyüşün gərgin çağında həmin xürrəmi dəstəsinin ərəblərin arxasından hücuma keçməsi məsələni həll edir. Xilafət ordusu pərən-pərən olub, qaçışır, Məhəmməd ibn Hüməyd isə ölür.

Bir il sonra ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də xürrəmilərə məğlub olur. Məmun təzə ordu toplamaq istəsə də, Bizansla müharibə onu Babəklə mübarizədən yayındırır. Babək bir müddət rahatlaşır və öz daxili problemləri ilə məşğul olur.

Xürrəmilərin üsyanı İsfahan, Fars və Kuhistana da yayılır. Bu məsələ Xorasanda da yetişməyə başlayır. Babəkin qoşunları döyüşlərdə ələ keçirdikləri qəniməti Bəzz qalasına aparır. Qadınlar kişilərlə bərabər hüquq sahibi kimi üzləri açıq gəzir, hərəmxanalarda gizlənmir, öz istəklərinə görə ərə gedə bilirlər.

833-cü ildə xəlifə əl-Məmun öz taxtına qardaşı əl-Mötəsimi əyləşdirərək, dünyadan köçür. Qardaşına qoyduğu vəsiyyətdə Məmun yazırdı:

"Xürrəmilərə gəlincə, onlara qarşı göndərdiyin qoşunun başına qətiyyətli, amansız bir adam qoy, səbrlə ona silah, yeni süvari və piyadalar, silahlar göndər. Əgər bu iş çox uzansa, özün ən yaxın adamlarınla onların üzərinə get."
— Ət-Təbəri, III, 1163; İbn əl-Əsir, VI, səh. 158
Mötəsim hakimiyyətə gələn kimi, ordunu yenidən qurmağa başlayır. 0, başlıca olaraq, türklərdən yığılmış muzdlu qoşun təşkil edir. Bəbəkin ordusunda da türklər çoxluq təşkil edirdi. Bunlardan biri də qabiliyyətli sərkərdə Tərxan idi. Çətin həyat şəraitinə öyrəşmiş gözəl hərbçilər olan türklər Mötəsimin Babək üzərində qələbə çalmasında əvəzsiz rol oynayırlar.

Mötəsim xilafətin paytaxtını Bağdaddan türk əhatəsində yerləşən Samirəyə köçürür. Ordusunu yenidən quran və təzə-təzə türk dəstələri ilə möhkəmləndirən Mötəsim Həmədan yaxınlığında Babəklə döyüşə girir. Bu döyüşdə ərəb ordusuna əl-Cibəl hakimi İshaq ibn İbrahim ibn Müsab başçılıq edirdi. Babək özünün ənənəvi döyüş metodunu-partizan müharibəsi metodunu dəyişərək, açıq meydanda vuruşa girir. Təbii ki, Babəkin təlim keçməmiş, süvari dəstələri muzdlu nizami ordunu yenə bilməzdi və məğlubiyyətə uğramalı idi. Əlli mindən artıq kəndli döyüşçü öldürülür, qalanlarsa canlarını qaç-maqla qurtarırlar. Çoxları Roma imperiyası hüdudlarına qaçıb gizlənir. Babək özü də qaçıb, birtəhər Bəzzə çatır və yeni dəstələr toplamağa başlayır.

Həmədan yaxınlığındakı məğlubiyyət Babəkin nüfuzuna ciddi zərbə vurur. Mötəsim öz əmirlərindən biri olan Əbu Səid Məhəmmədə Babəkin sığınacağını mühasirəyə almaq, giriş və çıxış yollarını bağlamaq, silah, ərzaq daşınmasına imkan verməmək, vaxtilə Babəkin dağıtdığı ərəb istehkamlarını bərpa etmək əmri verir. Babəkin sürsat dalınca göndərdiyi bir neçə dəstə Əbu Səidin qoşunları tərəfindən darmadağın edilir. Bundan sonra xəlifə xürrəmilərlə haqq-hesabı bitirməkdən ötrü yenidən qoşun toplanışı keçirərək, ordunun başına ən istedadlı və çevik sərkərdələrdən birini- Heydər ibn Kavus əl Afşini gətirir. Eyni zamanda onu Azərbaycan, Ərməniyyə, Arran, Muğan və Cibəl hakimi təyin edir.
836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir.

Qışın axırına doğru Mötəsim Afşinə köməyə daha doqquz min türk muzdlusu göndərir. Bu dəstəyə türk sərkərdələri İtax və Cəfər ibn Dinar başçılıq edirdilər. Babəkin vəziyyəti çətinləşir. Bəzz qalasına yaxınlaşan Afşin öz mövqelərini üç qayada möhkəmləndirir. Qalanı uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini daşlarla hördürür. Afşinin hücumundan qabaq Babək sərkərdələrindən birinin başçılıq elədiyi dəstəni yaxınlıqdakı dağa göndərir və onlar meşədə gizlənirlər. Afşin öz kəşfiyyatçılarından bu hiyləgər hərəkəti bilib, gecə ikən qoşunlarını üç tərəfdən Babəkin qoşunlarının gizləndiyi meşəyə yeridir, Cəfərə isə qalaya hücuma keçmək əmri verir. Sabahısı gün Babəkin ordusu tamamilə məhv edilir.

Son günləri
Ərəblər Bəzzi aldıqdan sonra Babək tacir paltarı geyib Araz çayından keçərək Arran tərəfə qaçdı. Afşin Babəkin qaçdığını bilən kimi Azərbaycan, Arran, Beyləqan və Ərmən (İrəvan xanlığı) hökmdarlarına xəbər verdi ki, "Babək bir neçə adamla və dərəyə çatmışdır, oradan isə Ərmən tərəfə yollanmışdır və sizin yanınızdan ötüb keçəcəkdir". Onlara əmr etdi ki, bütün şübhəli adamları tutub saxlasınlar.

Babək Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837-838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."

Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır".
Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi.. Necə olsa da, Feofil 100 min nəfərlik ordu ilə ərəblərin üstünə getdi. Ət-Təbəri bildirir ki, o, Zibatranın üstünə həmin Mühəmmirə ilə birlikdə getmişdi ki, onlar Cibalda üsyan edəndə və İshaq ibn İbrahim ibn Müsəb onlarla vuruşanda bunların bir hissəsi bizanslıların yanına qaçmışdı (onların rəisi Barsis idi). Bizans padşahı onlara təqaüd təyin edib onları evləndirdi, özünə əsgər etdi və özünün ən mühüm işləri üçün onlardan istifadə etdi.

Feofil, gec də olsa, Babəkə qoşunla kömək etdi və bu qoşunun içərisində xürrəmi hissələri də var idi; ola bilər, imperator üsyanın müvəffəqiyyətlə nəticələnəcəyi və Xilafət üzərində qələbə əldə ediləcəyi halda, Babəkin tərəfdarları içərisində dəyişiklik əmələ gələcəyi ümidində idi. Afşin Babəki tutmaq üçün bütün yollara dəstələr göndərdi, lakin Babəkin izinə düşməyin qızğın çağında, birdən Xilafət paytaxtından xəlifənin qızıl möhürü ilə bir məktub gəldi, Mötəsim Babəkə aman bəxş edirdi, Afşin bu əhvalatdan lap çaşıb qaldı. O, Babəkin əsir edilən böyük oğlunu yanına çağırıb dedi: "Mən bunu Əmir əl-Möminindən heç gözləmirdim və onun (Babəkin) indiki vəziyyətində aman haqqında ona şəxsən özüm bir şey yazmaq fikrində deyiləm".

Lakin Babəkin oğlu atasına xəlifənin məktubunu aparıb verməkdən imtina etdi. Əsir düşmüş iki xürrəmi göndərildi. Onlar xəlifənin məktubundan əlavə, Babəkin oğlunun məktubunu da apardılar; bu məktubda o, atasından xahiş edirdi ki, xəlifənin verdiyi amanı qəbul edib həyatını saxlasın. Oğlunun məktubunu oxuyan kimi, Babək bərk qəzəbləndi, qasidlərdən birini öldürdü və xəlifənin məktubunu açmadan ikinci qasidə belə dedi: "Get, o fahişə oğlundan soruş, bunu nə məqsədlə mənə yazmışdır?" Bundan sonra Babək öz oğluna belə cavab yazdı: "Əgər sən mənim ardımca gəlsəydin, öz sülalənin varisi olardın və vərəsəlik sənə keçərdi, bir neçə gün bundan əvvələdək sən mənim oğlum sayılırdın. Lakin indi sənin fahişə ananın əxlaqsızlığı mənə aydın oldu! Ola bilər mən bu gündən sonra az yaşayım, lakin mənim üstümdə padşah (məlik) adı vardır və harada olsam, ya da mənim barəmdə harada nə desələr, mən padşah olaraq qalıram. Sən isə elə bir cinsdən əmələ gəlmişsən ki, ondan bir nəfər ləyaqətli [adam] çıxmamışdır və mən [ucadan hamıya] deyirəm ki, sən mənim oğlum deyilsən, çünki qırx gün alçaq kölə kimi ömür sürməkdənsə, bir gün rəhbər kimi yaşamaq yaxşıdır".

Belə bir rədd cavabı Afşinin, xoşuna gəldi, çünki, Babəklə danışıqlarından xəlifənin xəbəri olduğu haqqında şübhələnməyə başladı. O, Babəki və onun yoldaşlarını axtarmağı davam etdirmək haqqında sərəncam verdi. Babək, azuqəsi qurtaranadək "Azərbaycandan Ərmənə gedən" dərədə (Sunikdə)gizlənirdi. Babəklə birlikdə onun iki qardaşı - Müaviyə və Abdullah, anası, İbnət əl-Kələndaniyyə adlı sonuncu arvadı və bir neçə xidmətçi onun yanında idi. Yəqin ki, İbnət əl-Kələndaniyyə Sünik knyazı Vasakın qızı idi və Babək Vasaka ərəblərə qarşı kömək edəndən sonra onun qızı ilə evlənmişdi, Babək 828-ci ildə ərəbləri darmadağın etdikdən sonra "onun [Vasakın] qızı ilə evləndi və öz hakimiyyətini bu vilayətə (Sünikə) də şamil etdi.

Babəkin məhz bu arvadı onu dilə tutmuşdu ki, Bizansa qaçmaq üçün yolu onun vətənindən salsın. Babək və onunla gedənlər heç şübhələnmirdilər ki, onları təqib edib güdürlər; yolda dincəlmək üçün bir yerdə dayandıqları zaman Afşinin göndərdiyi dəstə gözətçilərin işarəsi ilə onlara hücum etdi. Babək, Abdullah və xidmətçilərdən biri qaçıb aradan çıxdılar. Müaviyə, Babəkin arvadı, anası və qalan xidmətçilər isə ələ keçdilər. Babək ilə qardaşı gizlicə çox yol getdilər, nəhayət, aclıq onları vadar etdi ki, açıq yola çıxsınlar. Bir əkinçini görəndə ərzaq əldə etmək üçün xidmətçini onun yanına göndərdilər. Bu yerdən bir az aralı sərhəd qarovulxanası var idi və həmin vilayətin (Şəkinin) hökmdarı knyaz Səhl ibn Sumbatın mühafizə dəstəsi burada keşik çəkirdi. Buraya gələn Səhl vaxtilə ümumi mənafeyi bir olan Babəki tanıdı. Babəkin Bizansa getdiyini öyrənən Səhl onu öz qalasına dəvət edərək dedi: "Bu sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra nə edəcəyini qət edərsən".

Ac və yorğun olan Babək Səhlin sözlərinə inandı və onun təklifi ilə razılaşıb dedi: "Mənim və qardaşımın bir yerdə qalmağımız yaxşı deyildir, çünki birisi ikimizdən birinin izinə düşərsə, o birisi sağ qalar. Mən sənin yanında qalaram, qardaşım Abdullah ibn İstifanusun yanına gedər, çünki nələr ola biləcəyini bilmirik, bizim isə sülaləmizi davam etdirə biləcək xəlifimiz yoxdur. Ət-Təbəri, III, səh. 1223-1224 Səhl Afşinə xəbər verdi ki, Babək onun yanındadır; bir neçə gündən sonra isə, Səhlin düzəltdiyi ovda Babək tutuldu; Səhl ona görə belə etmişdi ki, Babəkin tutulmasında ondan şübhələnməsinlər"

Az sonra Afşinin tələbinə görə ibn İstifanus Babəkin qardaşı Abdullahı da təslim etdi. Səhl ibn Sumbat "öz səyinə görə saraydan (xəlifə sarayından) böyük mükafat aldı: Ermənistan, İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi, o da bütün bu yerlərə padşah kimi hökmranlıq etdi.".

Afşin Babəkin və onun qardaşının əsir alındığını Mötəsimə xəbər verdi, xəlifə onların paytaxta gətirilməsi üçün əmr verdi. Afşin İraqa qayıtmağa hazırlaşarkən Babəkə dedi: "Mən səninlə [İraqa] yola düşmək niyyətindəyəm, buna görə Azərbaycan torpağında istədiyin şeyə axırıncı dəfə baxa bilərsən". Babək belə cavab verdi: "Mən öz şəhərimə baxmaq istərdim". 837-ci il 15 setyabrda Babək dağıdılmış və yandırılmış Bəzzə baxdıqdan sonra Bərzəndə Afşinin yanına gətirildi. Babək və onun qardaşı 838-ci il 4 yanvarda Samarraya gətirildilər.

Məsudinin dediyinə görə, xəlifə Babəkin əsir alındığını xəbər alan kimi "onu sevinc bürüdü və o öz sevincini açıq bildirdi. Qələbə 9Babək üzərində qələbə) haqqında ölkənin hər yerinə xəbər göndərildi". Babək müxtəsər dindiriləndən sonra şaqqalandı, onun başı, əhalini qorxutmaq üçün Xorasana göndərildi, bədəni isə Samarrada asıldı.

Orta əsr mənbələrinin məlumatına görə, bu dövr ərzində xürrəmilər 225500 nəfər əsgər və çoxlu ərəb sərkərdəsini məhv etmişlər.

Xürrəmilər üzərindəki qələbə Xilafət üçün asan bir iş olmadı. Bunun üçün əsasən öz yüksək döyüş keyfiyyətlərinə görə ərəblərdən fərqlənən türk hərbi birləşmələrin səfərbərliyə alınmışdı. Bundan əlavə, Babəkin üsyanını yatırmaqda "Xilafət qoşunları ilə birlikdə erməni naxararları da öz qoşunları ilə iştirak edirdilər". Babəkin rəhbərliyi ilə xürrəmilərin üsyanı Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. M.Kazımbəyin sözlərinə görə, Abbasilər xilafətində xalq üsyanlarının müvəffəqiyyətləri "qısamüddətli və keçici olsa da, heyrətli idi" Babəkin üsyanı müvəffəqiyyətsizliyə uğramasına baxmayaraq, Xilafətin şimal vilayətlərində yaşamış xalqların şüurunda dərin iz buraxdı. Babəkin ardıcılları IX əsrin axırınadək Xilafətdə baş verən bütün yeni üsyanların özəyi oldular. Xürrəmilərdən bir çoxları X əsrdə ismaililərin təbliğatına uydular və təsadüfi deyildir ki, İranın şimalşərq və şimal-qərb, Xəzər dənizi sahili və Kuhistan rayonları sonralar xürrəmilərin ardıcılları olan batinilərin dayağı oldu.


Tarix: 11.02.2015 / 16:00 Müəllif: Feriska Baxılıb: 287 Bölmə: Ümumi
loading...