Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kür - Araz mədəniyyəti

Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, onların bilavasitə, Azərbaycanın Eneolit mədəniyyəti ilə bağlı olduğunu göstərir. Bu bağlılıq hər şeydən əvvəl, yaşayış binalarının arxitekturasında özünü göstərir. Kür-Araz mədəniyyətinin erkən mərhələsində iki tip yaşayış evləri aşkar olunmuşdur. Birinci tipə dairəvi formalı binalar daxildir. Bu binalar tikinti texnikası və konstruksiyasına görə, Eneolit dövrünün eyni tipli evlərini xatırladır. Bu tip evlər Azərbaycanda I Kültəpə, Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və digər yaşayış yerlərindən aşkar edilmişdir. İlk Tunc dövrü yaşayış binalarının bir qisminin Eneolit dövründə olduğu kimi qövsşəkilli divarla hüdudlanmış, yarımçıq həyətləri olmuşdur. Düzbucaqlı artırmaları olan dairəvi binalar da öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Evlərin daxili quruluşundakı bəzi xüsusiyyətlər, xüsusilə, gildən ocaq qurğularının, təsərrüfat quyularının, evin damını saxlayan mərkəzi dirək üçün dayaq daşlarının qeydə alınması, bu əlamətlərdəndir. Kür Araz mədəniyyəti və Urartu Мingəçevir yaşayış yerində rast gəlinən yarımqazma tipli evlər Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində qeydə alınmamışdır. Bu tip yaşayış binalarının prototipləri Babadərviş yaşayış yerinin Eneolit dövrü təbəqəsindən məlumdur. Azərbaycanın bir sıra abidələrində, xüsusilə, I Kültəpə, Göytəpə, Yanıqtəpə, Babadərviş yaşayış yerlərində Kür-Araz mədəniyyətinə aid mədəni təbəqə, bilavasitə Eneolit dövrü təbəqəsinin üzərində yer alır.Kür-Araz mədəniyyətinin Eneolit mədəniyyəti ilə bağlılığı arxeoloji materiallarda, xüsusilə gil məmulatında aydın şəkildə izlənir. I Kültəpə və II Kültəpədən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, konusvari və bikonik gövdəyə malik dərin kasalar, banka tipli qablar Enolit dövrünə aid öz prototiplərini təkrar edir. Eyni hal Babadərviş və Göytəpədə də izlənir.

Babadərvişdən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, çəllək tipli qablar, konus gövdəli kasalar, divarları ağzının kənarına doğru genişlənən çölməklər Töyrətəpə, Şomutəpə və I Kültəpədən aşkar olunmuş Eneolit tiplərini təkrar edir.

Göründüyü kimi, Kür-Araz mədəniyyətinin ilk mərhələsinin keramikası tamamilə Eneolit dövrü ilə bağlanır. Birinci mərhələnin qablarında Eneolit dövrü üçün xarakterik olan, qaba hazırlanmış, qeyri-bərabər bişirilmiş qablara rast gəlinir. Bu baxımdan, II Kültəpənin alt qatlarından tapılan keramika diqqəti cəlb edir. Buradan aşkar olunmuş bəzi qab parçalarının tərkibində Eneolit dövrü üçün xarakterik olan saman qarışığına rastlanmışdır. Bu təbəqədən, həmçinin, silindrik çıxıntısı olan gil qapaq tapılmışdır. Eneolit üçün xarakterik olan bu çıxıntılar Kür-Araz mədəniyyətində adətən yarımşar şəkilli qulplarla əvəz edilmişdir. Qeyd etmək lazımdır ki, Eneolit keramikası ilə Kür-Araz keramikası arasında bir sıra texnoloji və tipoloji bənzərliklərin olmasına baxmayaraq, Kür-Araz keramikası formalaşdırılması və bişirilməsinə görə daha yüksək səviyyəli olub, əvvəlki dövrün keramikasından fərqlənir. Bu dövrdə saman qarışığı, qum qarışığı ilə əvəz olunur. Şübhəsiz ki, bu xüsusiyyətlər Kür-Araz mədəniyyəti tayfalarının dulusçuluqda əldə etdiyi bir sıra nailiyyətlərlə bağlıdır.

Kür-Araz mədəniyyətinin xronologiyası ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər. B.A.Küftin və B.B.Piotrovski bu mədəniyyəti bütünlüklə e.ə. III minilliyə aid etmişlər. O.H.Həbibullayev əvvəlcə, bu mədəniyyətin e.ə. III minilliyin ikinci yarısını, sonra isə öz tədqiqatları əsasında e.ə. III minilliyi bütövlüklə əhatə etdiyini göstərmişdir. R.М.Мunçayev apardığı tədqiqatlar zamanı demək olar ki, bu mədəniyyətin yayıldığı bütün arealı nəzərdən keçirmiş, I Kültəpə, Babadərviş, Şulaveri, Amiranisqora və digər yaşayış yerlərinin stratiqrafiyasına əsaslanaraq, Kür-Araz mədəniyyətini e.ə. IV-III minilliklərə aid etmişdir.


Tarix: 07.01.2015 / 17:19 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Ümumi
loading...