Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixologiya elminin inkişaf mərhələləri

Psixologiya elmi öz inkişafında müxtəlif mərhələlərdən keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir:
Elməqədərki I mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika) haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır.
İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. II mərhələnin başa çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərq­lidir. Kimi ilk psixologiya məktəbinin - assosionizmin yaranmasıyla (XVIII əsrin sonları), kimi də fəlsəfə və təbiət elmlərindən fərqli psixologiya terminlərinin yaranmasıyla (XIX əsrin ortaları) II mərhələnin başa çatdığını qəbul edir.
Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun eksperimental psixologiya laboratoriyasının yaranması tarixindən götürməyi təklif edənlər də var. Bunlarla yanaşı psixologiyanın müstəqil elm sahəsi kimi daha əvvəlki dövrlərdən meydana çıxdığını qəbul edənlər də olmuşdur. Bu, psixologiyanın müstəqil şəkildə predmetinin müəyyənləşməsi, humanitar və təbiət elmləri sistemində öz yerini tutması, psixikanın daxili və xarici təzahürlərinin eyni vaxtda öyrənilməsi ilə bağlıdır. Psixologiyanın müstəqil mövqeyi onun bir fənn kimi üniversitetlərdə tədris olunması ilə də əlaqələndirilir. Bu isə XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə təsadüf edir.
Psixoloqların böyük əksəriyyəti psixologiya elminin müstəqil elm sahəsi kimi meydana çıxmasının tarixini XIX əsrin ikinci yarısından, eksperimental psixologiyanın yaranması tarixindən götürməyi daha düzgün hesab edirlər.
İstənilən halda qəbul etmək lazımdır ki, psixologiyanın müstəqil elm sahəsi kimi mövcudluğu tarixi onun fəlsəfənin tərkibində inkişafı tarixindən qat-qat azdır. Təbii ki, fəlsəfənin tərkibində olduqda belə bu elm inkişaf etmiş, onun predmeti, məzmunu təkmilləşmişdir.
Uzun müddət psixologiyanın predmeti ruh olmuşdur. Lakin müxtəlif dövrlərdə ruh anlayışı müxtəlif məzmun, mahiyyət kəsb etmişdir. «Ruhi aləm» anlayışının əmələ gəlməsi ibtidai insanların animistik görüşləri ilə əlaqədardır. İbtidai insanların təsəvvürlərində ruh bədəndən aydın surətdə ayrılmır. Bu təsəvvürlər həyat fəaliyyəti və şüur, o cüm­lədən yuxu, ölüm, ürəkkeçmə və s. hadisələrin elməqədərki, primitiv – materialist şərhi nəticəsində əmələ gəlmişdi. Belə hadisələrin səbəbini izah etməkdə çətinlik çəkən ibtidai insanlar onların bilavasitə qavranılan zahiri cəhətlərini onun əsl mahiyyəti kimi qəbul edirlər. Qədim insanlara görə insanın ruhu – onun bənzəridir. Onun tələbatı və adətləri, mövcudluq şəraiti canlı insanlarda olduğu kimi­dir.
Bununla yanaşı, hesab edilirdi ki, ruhun başlıca funksiyası bədəni fəallaşdırmaqdır. Qədim dövrün alimləri – psixoloqlar hesab edirdilər ki, bədən ətalətdə olan kütlədir və onu məhz ruh hərəkətə gətirir. Ruh yalnız fəallıq üçün enerji vermir, eyni zamanda onu istiqamətləndirir, insanın davranışını tənzim edir.
Tədricən ruhun funksiyasına idrak da əlavə olundu. Beləliklə, fəallığın mənbəyi kimi idrak, onun mərhələləri psixoloji tədqiqatların mühüm məsələlərinə çevrildi.
Orta əsrlərdə ruhun öyrənilməsi ilə bağlı dini nəzəriyyələr meydana çıxdı və elmi araşdırmaları sıxışdırmağa başladı. Buna görə də formal olaraq psixologiyanın predmeti dəyişmədi, bədənin fəallığının növləri, idrakın xüsusiyyətləri, ilk növbədə hissi idrak tədqiq olunurdu. Tənzimedici funksiya, iradi davranış, məntiqi təfəkkür və s. ilahi iradə, allaha inam kimi təqdim olunmağa başlandı.
Lakin dini ideologiya real aləmə neqativ münasibət formalaşdırmışdı, haqq-təalaya qovuşmaq istəyən insandan özü ilə tək qalmaq tələb olunurdu. Din xadimləri hesab edirdilər ki, mövcud olanlar artıq yaradılmışdır və əbədi olaraq dəyişməz qalacaqdır. Yeganə radikal dəyişiklik yalnız insanın «ikinci zühuru» zamanı baş verəcəkdir. O vaxta qədər isə heçnə dəyişməyəcəkdir.
Lakin bu kimi təzyiqlərə baxmayaraq, artıq feoda­lizmin daxilində mütərəqqi psixoloji təlimlər meydana çıxır. Həmin dövrdə universitet tələbələri ilk mühazirədə professoru qiymətləndirmək istədikdə deyirdilər: «Bizə ruhi aləm haqqında danışın!».
Digər elm sahələri kimi, psixologiya elmi də tədricən dinin təzyiqlərindən, buxovundan azad olmağa başladı. Antik dövrlərdə olduğu kimi, elm yenə də obyektiv, rasional düşüncəyə, yanaşmaya, ağıla, inama, real faktlara istinad etməyə başladı. Lakin bununla yanaşı, dini inamlardan hələ də tam imtina etmək mümkün deyildi. Buna görə də psixologiyanın predmeti dəyişdi. Onun predmeti ruh, ruhu aləm deyil, şüur, onun məzmunu, formalaşdırılması yolları oldu.
Lakin bu dövr ona gətirib çıxardı ki, artıq XVIII əsrdə faktiki olaraq idrak prosesləri psixologiyanın predmetinə çevrildi. Eyni zamanda, davranış, emosional proseslər, eləcə də şəxsiyyət, onun inkişafı hələ də psixologiyanın predmetindən kənarda qalırdı. Tədqiqatların belə məhdud dairəsi ilk dövrlərdə həm də əhəmiyyətli idi. Belə ki, bu vəziyyət psixologiyaya dini mövqedən uzaqlaşmağa, sonra isə eksperimental elmə çevrilməyə imkan yaratdı. Bu həm də onun müstəqil elm sahəsinə çevrilməsinə, tədqiqat sahəsinin, pred­metinin fəlsəfədən fərqlənməsinə, ayrılmasına təkan verdi. Digər tərəfdən isə belə yanaşma psixologiyanın inkişafına əngəl olurdu. Buna görə də XIX əsrin ikinci yarısında bu məsələlərə yenidən baxmaq zərurəti yarandı. Biologiyanın inkişafı, o cümlədən Ç. Darvinin təkamül nəzəriyyəsi, H.Spenserin və digər tədqiqatçıların işlərinin nəticəsində psixologiya elmi fəlsəfədən tamamilə ayrıldı, təbiət elmlərinə yaxınlaşdı. Bununla yanaşı, öz predmetini genişləndirərək, İ.N.Seçenovun sözləri ilə desək «şüur sahəsindən davranış sahəsinə» keçirdi. Beləliklə idrak proseslərindən başqa, emosional proseslər və davranış psixologiyanın predmetinə daxil oldu. Daha mühümü isə ondan ibarətdir ki, psixologiyanın obyektiv elm sahəsi olmaq cəhdi psixikanın tədqiqində yeni metodların axtarışına səbəb olmadı. XIX əsrin 80-cı illərinə qədər introspeksiya hələ də aparıcı metod olaraq qalırdı.
Psixologiya elminin inkişafının III mərhələsi Alma­niyanın Leypsiq şəhərində V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaratması ilə başlayır.
Eksperimental psixologiya laboratoriyasının yaranması ilə psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi. Lakin V.Vundt-un assosianist yanaşmanın əsa­sında qurduğu psixoloji model insanın ruhu aləmi, emosianal haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni faktlar verə bilmədi.
Belə vəziyyət alimləri psixikanın tədqiqi ilə bağlı yeni metodlar axtarmağa sövq etdi. Həmin dövrdə yaranan ilk psixologiya məktəbləri (strukturalizm, funksionalizm, Vyur­sburq məktəbi) uzun müddət fəaliyyət göstərə bilmədi. Lakin onlar sübut etdilər ki, psixologiyanın predmeti, metodları ilə bağlı fərqli mövqelər, yanaşmalar mövcuddur. Beləliklə, zamanın tələblərinə uyğun yeni axtarışlar başladı. Bu dövrü psixoloqlar metodoloji böhran dövrü adlandırırlar.
Vahid mövqeyə gələ bilməmələri nəticəsində XX əsrin əvvələrində psixologiyada bir neçə istiqamət meydana çıxdı. Onların hər birinin öz predmeti və tədqiqat metodları yarandı. Nəticədə psixologiyada psixoanaliz, biheviorizm, qeştalt psixologiya, marksist psixologiya istiqamətləri və mək­təbləri yarandı.
XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koq­nitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqa­mətlərinin birləşməsi prosesi gedir.


Tarix: 27.11.2014 / 12:02 Müəllif: Aziza Baxılıb: 183 Bölmə: Ümumi Psixologiya
loading...