Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qürbətdən insana yurd, vətən olmaz

Əlli il aradan axdı çay kimi,
Nə həvəs o həvəs, nə yaş o yaşdı.
Bir ömür yaşadım hay-haray kimi,
Bəxtimin yazılan qisməti çaşdı.

Haqsızın qoymadım daşın daş üstə,
Yağıya döndülər, oldular qənim,
Haqq sözün önündə “bəli”, “baş üstə”,
Çiçəyə büründü taleyim mənim.

Haqq dedim, yurdumda üzüm oldu ağ
Qızıla bələndi torpağın təki.
Gördüm ki, qarı dağ, yağışı torpaq
İnsanı insana məhəbbət çəkir.

Buludlar dolanır yurdun başına,
Zülmətə bürünüb hər tərəf, hər yan
Dözməyib yurdunda haqq savaşına
Vətənin qürbətə dəyişir insan.

Nənəm də deyərdi: “Vətənə qalsa,
Dünya da Vətəndir, ondan kim doyar.
Elbəel dolanıb gəzən ev olsa,
Yurdunda qalanın bağrı çatlayar”.

Şərbətdir, dərmandır yurdun nəfəsi,
Çayları kükrəyir insan qanında.
Kim bilmir insanı qul edir nəfsi,
Gödəni boş qalmır soxulcanın da.

Elbəel qaçan var gödən dalınca,
Hər torpaq yuvaya, yurda tən olmaz.
Umulan nə varsa, tapılar, ancaq
Qürbətdən insana yurd, Vətən olmaz.


Tarix: 26.12.2014 / 17:00 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...