Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kürdəmir

Kürdəmir – Azərbaycan Respublikasında rayon. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 103,8 min nəfərdir (01.01.2009). Mərkəzi Kürdəmir şəhəridir.Mündəricat
1 Etimologiyası
2 Tarixi
3 Coğrafiyası
4 İri yaşayış məntəqələri
5 Əhalisi
6 Görkəmli şəxsləri
7 İqtisadiyyatı
8 Mədənəyyət, təhsil və səhiyyə müəssisələri
9 Maddi-mədəni irsi
10 Mətbəx
11 Yerli media
12 Şəkillər
13 İstinadlar


Etimologiyası

Kürdəmir – «Kür Dəymir» sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə «Y» sammiti assimilyasiya (aşınma) olmuş və «Kürdəmir» şəklində işlənmişdir.[2]

Tarixi

Kürdəmir rayonu 1930-cu ildə təşkil olunmuşdur. Şirvan düzündədir.

Coğrafiyası

Relyefi düzənlikdir. Ərazisinin çox hissəsi dəniz səviyyəsindən aşağıdadır. Antropogen çöküntülər yayılmışdır. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl tiplidir. Çay şəbəkəsi seyrəkdir (Girdiman və Ağsu çaylarının aşağı axını). Əsasən boz-çəmən, boz və çəmən-boz torpaqlar yayılmışdır. Kserofit kolluqlar və tuqay meşələri var. Çöldonuzu, canavar, tülkü, gəmiricilər, gürzə, turac, kəklik və s. məskunlaşmışdır. Bəzgək, dovdaq qışlayır. Baş Şirvan kollektoru rayonun ərazisindən keçir.

Mülayim-isti yarımsəhra iqliminə malikdir. Orta temperatur yanvarda 1,4°C, iyulda 27,3°C-dir. İllik yağıntı 375 mm-dir.

İri yaşayış məntəqələri

Kürdəmir şəhəri, Karrar və Qarabucaq qəsəbələri, Atakişili, Xırdapay, Yenikənd, Mollakənd, Şilyan, Qarasaqqal, Muradxanlı, Pirili, Sığırlı kəndləridir.

Əhalisi

Rayon əhalisinin sayı 01.04.2010-cu il tarixə 105.011 nəfər, əhalinin orta sıxlığı isə 1 km²-də 64,4 nəfərdir. Əhalinin 20,2 faizi və ya 21.185 nəfəri şəhərdə, 79,8 faizi və ya 83.826 nəfəri kənd yerlərində yaşayır. Rayon əhalisinin ümumi sayından 52.190 nəfəri, yəni 49,7 faizi kişi, 52.821 nəfəri və ya 50,4 faizi qadınlardır.

Görkəmli şəxsləri
Fərhad Qəribov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Rəfael Hüseynov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Zabit Quliyev — Azərbaycanın Milli Qəhrəmanı
Ağamusa Axundov — ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Azər Səlimli — sosioloq, ssenarist, aktyor. Xəzər tv-də yayımlanan "Aramızda Qalsın" və "Qaynana" seriallarının ssenari müəlliflərindən biri, eyni zamanda "Aramızda Qalsın" serialının aktyoru

İqtisadiyyatı

Əsasən kənd təsərrüfatı rayonudur. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, habelə üzümçülük, bostançılıq və baramaçılıq mühüm yer tutur. Rayonda quşçuluq və maldarlıqla məşğul olurlar. Burada şərab və asfalt zavodları, məişət xidməti kombinatı, respublika əhəmiyyətli iri un kombinati var. Rayonun ərazisindən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 43 km (III dərəcəli), Ələt – Qazıməmməd-Kürdəmir-Yevlax yolunun 42 km (II dərəcəli), Bakı-Tbilisi baş dəmir yolunun 44 km hissəsi keçir.

Kürdəmir rayonunda 3 iri dövlət müəssisəsi və 10 iri özəl müəssisə fəaliyyət göstərir.

Dövlət müəssisələrindən:
"Kürdəmir Regional Enerji Təchizatı" Məhdud Məsuliyyətli Cəmiyyət əhalini elektrik enerjisi ilə təchiz edir. Cəmiyyətdə 132 nəfər, onun Kürdəmir Paylayıcı Elektrik Şəbəkəsində 124 nəfər işçi daimi işlə təmin olunmuşdur.
Kürdəmir Qaz İstismarı idarəsi əhalinin təbii qazla təminatını həyata keçirir. İdarədə 63 nəfər işçi fəaliyyət göstərir.
Kürdəmir Su-Kanal idarəsi şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsini və kanalizasiya xidmətlərini həyata keçirir. İdarədə 37 nəfər daimi işçi qüvvəsi vardır.

Özəl müəssisələrdən:
"Kürdəmir Pambıq" Açıq Tipli Səhmdar Cəmiyyəti xam pambığın istehsalı və emalı, "Şərq Co LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti spirtli içkilərin istehsalı və satışı, "Şərq" Məhdud Məsuliyyətli Cəmiyyəti nar şirəsinin istehsalı və satışı, "Kristal-Z" Məhdud Məsuliyyətli Cəmiyyəti meyvə şirəsinin istehsalı və satışı, "Qafqaz Lift Zavod"u Məhdud Məsuliyyətli Cəmiyyəti lift istehsalı, "Qelios" Məhdud Məsuliyyətli Cəmiyyəti meyvə şirələri, şərabların istehsalı və satışını, "AVETA" Məhdud Məsuliyyətli Cəmiyyəti isə un məhsullarının istehsalı və satışını həyata keçirir. Bu müəssisələrdə rayonun 360 nəfər sakini daimi işlə təmin olunmuşdur. Bunlardan "Şərq Co LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini genişləndirərək yeni üzüm bağları və nar plantasiyaları yaratmışdır. "AVETA" Məhdud Məsuliyyətli Cəmiyyəti isə istehsal gücünü artıraraq sutkada 500 ton məhsul istehsalına çatdırmışdır. [3]

2011-ci ilin əvvəlinə olan məlumatlara görə Azərsun Holdinq ACS-nin Kürdəmir süd emalı zavodunda artıq son tamamlama işləri aparılır. Sutkalıq istehsal gücü 30 ton olacaq zavod bölgənin ən iri istehsal müəssisələrindəndir. Tam istehsal gücü şəraitində işləyəcəyi tədqirdə emal müəssisəsində 150 nəfərdən çox işçi çalışacaqdır. [4] Bundan başqa rayonun Mollakənd kəndində 140 yerlik "ULUSU" sanatoriyası 1993-cü ildən fəaliyyət göstərir. Həmin ərazidə 1971-ci ildə 3500 metr dərinlikdən 91 dərəcə istilikdə su fontan vurmuşdur. Həmin suyun kimyəvi tərkibi analiz edilərkən məşhur Truskoveçk, Kislovodsk və digər ərazilərdəki müalicəvi suların keyfiyyətlərini özündə birləşdirməsi aşkar edilmişdir. Yüksək keyfiyyətə malik bu sudan hazırda oynaq, hərəkət orqanlarının, revmatizm, dəri və digər xəstəliklərin müalicəsində səmərəli istifadə edilir. 2008-ci ildə açılışı olmuş Kürdəmir Olimpiya İdman Kompleksinin ərazisi 5,5 hektardır. Ərazidə 700 yerlik örtülü əl idman oyunları maneji, üzgüçülük hovuzu, 5 ədəd 2 mərtəbəli kotteclər, mini futbol stadionu, əl oyunları kortları, qazanxana, transformator yarımstansiyası tikilir. Kürdəmir şəhər Stadionunun ərazisi 4 hektardır. Stadionda 2000 yerlik yeni tribunalar, 2 mərtəbəli tribna və hakim otaqları, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqları tikilmişdir.

Mədənəyyət, təhsil və səhiyyə müəssisələri

Kürdəmirdə 3 məktəbəqədər uşaq müəssisəsi, 34 ümumtəhsil məktəbi, 7 mədəniyyət evi, 20 klub, 48 kitabxana fəaliyyət göstərir.

Maddi-mədəni irsi

Rayonda dövlət qeydiyyatına götürülmüş, ərazi icra nümayəndəlikləri tərəfindən mühafizə edilən Sığırlı kənd ərazisində ilkin orta əsrlərə aid "Qaratəpə" və Ərəbqubalı kəndi ərazisində isə ilkin orta əsrlərə aid edilən "Şəhərgah" tarixi abidələri mövcuddur. Bundan əlavə Muradxan və Şilyan kəndlərdində mühafizə edilən tarixi abidələrdə mövcuddur ki, hər iki abidə dövlət qeydiyyatına alınmışdır. [5] Kürdəmirdə tapılmış dəyərli tapıntılardan biri də 2010-cu ildə rayonunun Muradxan kəndi ərazisində rayon Suvarma Sistemləri İdarəsinə məxsus ekskavatorla kanal qazılarkən tapılmış nadir pul dəfinəsidir. Mütəxəssislər tərəfindən hadisə baş verən əraziyə baxış keçirildi. Dəfinə 5470 qram çəkiyə malikdir. Onun içərisində 1200-dən artıq qədim sikkə olduğu ehtimal edilir. Sikkələr üst görkəmindən mis olduğu ehtimal edilir. Dəfinə Ağsu ekspedisiyasına təhvil verilib. Sikkələrin XIV əsrin sonu – XV əsrin əvvəlinə aid olduğu ehtimal edilir.


Tarix: 16.03.2013 / 17:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 706 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...