Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erməni fitvası

1942-ci ildekabrın 31-i idi. Hamı həmin gün 37 yaşı tamam olmuş gənc alim Yusif Məmmədəliyevi təbrik edirdi. Təkcə ad günü münasibətilə yox, həm də yeni kəşfinə görə. O, benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, aviasiyanın yüksək oktanlı yanacaqla təmin edilməsinə nail olmuşdu. Məhz bunun sayəsində 1943-cü ilin qışından müharibənin axırınadək İL-2 və La-5 sovet qırıcı təyyarələri havada hakimlik etməyə başladı. Bununla əlaqədar olaraq " Vişka " qəzeti yazırdı: " Sovet aviasiyasının məşhur qəhrəmanı Pokrışkindən, general Dzusovun igid təyyarəçilərindən və ya general Osipenkonun qırıcılarından soruşun, havada ağalıq etməkdə sizə kim kömək etdi? Onlar cavab verərlər: təyyarə konstruktorları və neftçilər. Yakovlev, Mikulin və Məmmədəliyev- onlar bir iş gördülər: sovet təyyarəçilərinə hamıdan yüksəkdə, hamıdan uzağa uçmaqda kömək etdilər."

O vaxt gənc alimin elmi kəşfi yüksək qiymətləndirildi. O, Ali Baş Komandan Stalinin təşəkkürü ilə mükafatlandırıldı, Lenin ordeni ilə təltif olundu və birbaşa kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adı aldı.

12 il sonra -1954-cü il noyabrın 19-da Yusif Məmmədəliyev başqa bir misilsiz ixtirası ilə dünya elminə yeni töhfə verdi. Onun icad etdiyi bərk raket yanacağının köməyi ilə sovet kosmik raketləri atmosferi yarıb orbitə çıxdı, ballistik raketlər quyulara endirilib Qərbə tuşlandı, dünyada ilk dəfə 1957-ci il oktyabrın 27-də sovet süni peyki çəkisizliyə çatdı. Bütün bunları nəzərə alaraq Moskva, Leninqrad, Novosibirsk və Bakı elmi dairələri Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyini təklif etmişdilər. Əslində, Nobel Komitəsinin tövsiyəsinə görə, alimlər öz təkliflərini açıqlamamalı, heç bir məclisdə müzakirə etməməlidirlər. Hətta namizədin özünün də bundan xəbəri olmamalıdır. Ancaq totalitar sovet rejimində bu mümkün deyildi. Odur ki, məsələ 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosu iclasında müzakirə edildi. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəlinir. Elə bu zaman qəflətən iclasa ünvanlanmış bir məktub üzə çıxır. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat idarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər.

Dövlət Təhlükəsizlik Komitəsinin sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazından sonra A.Mikoyan çıxış etdi və məktubun müəlliflərinə haqq qazandırdı. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizəd irəli sürülməsi baş tutmadı.


Tarix: 26.11.2014 / 17:33 Müəllif: Aziza Baxılıb: 115 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...