beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakının dünya neft sənayesinin mərkəzi kimi təşəkkül tapması (XIX əsrin son rübü)

Qədim dövrlərdən bəri neft Azərbaycanın təbii sərvətləri arasında birinci yeri tutmuşdur. Hələ X əsrin axırlarında Bakı Yaxın Şərqin, demək olar ki, hər yerində tanınırdı - buradan Şərq ölkələrinə neft göndərilirdi. O dövrlərdə neftdən yaşayış yerlərini işıqlandırmaq, müalicə məqsədləri üçün, yanacaq kimi, həmçininn hərbi əməliyyatlarda güclü silah kimi istifadə olunurdu. Yalnız XIX əsrin son rübündən etibarən neft öz simasını dəyişməyə, daha çox sənaye əhəmiyyəti kəsb etməyə başladı, daş kömür tədricən sıxışdırılaraq dünya iqtisadiyyatında əsas energetika yanacağına çevrildi.
Əgər XIX əsrin axırlarında təbii qazla birlikdə neft energetikanın tələbatının cəmi 3,9 faizini təmin edirdisə, XX əsrin 70-ci illərinin ortalarına yaxın o, yer kürəsinin energetikasında həlledici rol oynamağa başlamışdır (63,2 faiz), bu dövrdə, daş kömürün rolu xeyli azalmışdır (23,5 faizədək). 1900-cü ildən 1974-cü ilədək dünyada neft hasilatı 126 dəfə, təbii qaz hasilatı 197 dəfə, daş kömür hasilatı isə təqribən 3 dəfə artmışdır. Bu faktlar göstərir ki, neft əsrin yanacağına çevrilmişdir. Onun dünya siyasətində rolu məhz bununla müəyyən edilir. Zəngin neft regionlarına, əsas nəqletmə yollarına, yeni neft kəmərlərinin tikintisinə və marşrutlarına nəzarət məsələləri iri dövlətlərin xarici siyasətində üstün yer tutmuşdur və tutmaqdadır.
Bakı regionu həmişə dünya neft sənayesinin mühüm mərkəzlərindən biri olmuşdur. Şimali Azərbaycan Rusiya tərəfındən qəsb edilənədək neft quyuları xanların əlində idi və quyu qazdırmaq işlərini onlar təşkil edirdilər. Lakin neftin satışı daha çətin olduğuna görə müxtəlif möhtəkirlərin əlinə keçirdi. Rusiya ağalığı bərqərar ediləndən sonra bu gəlirli sahə dövlət əmlakına çevrilmiş, vaxtaşırı olaraq, 1808-1824-cü, 1826-1834cü, 1850-1872-ci illərdə dövlətə müəyyən qədər vəsait ödəyən şəxslərin ixtiyarına verilmişdir. Yəni iltizam sistemi tətbiq olunmuşdur. İltizam sistemi zamanı quyular müəyyən müddətə sahibkarların, adətən tacirlərin ixtiyarına keçirdi. Onlar dövlətin xəzinəsinə vergi ödəyərək neft quyularından hasilatı öz inhisarlarına götürürdülər. İki yüzdən çox neft quyusu bu üsülla istismar edilirdi. Bu sistem neftçıxarma sənayesinin sosialiqtisadi strukturuna yeni ünsür gətirirdi. Neftçıxarmada daha bir mühüm hadisə ondan ibarət idi ki, neft quyularında hələ xanlıq dövrlərindən bura cəlb edilmiş Balaxanı kəndliləri təhkimçi kimi işləyirdilər. Onlar gördükləri işin müqabilində sabit şəkildə əmək haqqı alır, vergidən azad olunurdular. Uralın dağmədən müəssisələrində də bu cür vəziyyət yaranmışdı (kəndlibr icarə ilə işləyirdilər).
Sonralar da neft sənayesinin strukturunda üzvi dəyişikliklər baş verirdi. XIX əsrin 50-ci illərində neft quyularının sayı xeyli artdı. Əgər 40-cı illərin axırlarına yaxın bütün Bakı regionunda quyuların ümumi sayı 135 idisə, indi onların sayı artıb 218-ə çatmışdı. Hasilatı artırmaqdan ötrü təhkimçi Balaxanı kəndlilərinin qüvvəsi daha kifayət etmirdi. Balaxanının quyularına təhkim edilmiş kəndliləri, məsələn,
Bibiheybətə göndərmək mümkün deyildi. Quyular bir-birindən uzaq sahələrdə qazılırdı. Əvvəllər ancaq Balaxanıda neft çıxarılırdısa, indi təzə neftçıxarma sahələri vardı. Yeni işçi qüvvəsi tələb olunurdu. Nəticədə iltizam sistemi ilə istismar edilən quyularda muzdlu əməkdən istifadə etməyə başladılar. 1864-cü ildə çarizm dağ-mədən işlərində təhkimçi kəndlilər təsisatını (məcburi əməyi) ləğv etdi, beləliklə, hər yerdə muzdlu əmək tətbiq olunmağa başlandı. Yuxarı təbəqələrin istəyi ilə həyata keçirilən bu islahat (1870-ci il kəndli islahatınadək) həmçinin neft sənayesi üçün müəyyən şərait yaratmaq tələbatı ilə bağlı idi.
Göründüyü kimi, Şimali Azərbaycanda iri neft sənayesinin təşəkkülündən əvvəl onun uzun inkişaf prosesi cərəyan etmişdir. Hələ XVIII əsrin axırlarında tətbiq olunan əmək bölgüsü-quyuların qazılması, neftin çıxarılması və daşınması neft hasilatı sənayesinin manufaktura istehsalı keyfıyyətləri kəsb etməsinə doğru aparırdı. Təhkimçilik sisteminin ləğv edilməsi ilə 1872-ci ildə manufaktura sənayesinin fabrik-zavod istehsalı mərhələsinə keçidi başa çatdı. XIX əsrin 70-90-cı illərində neft sənayesinin intensiv inkişaf dövrü, şəxsi sahibkarlıq erası başlandı. Məhz həmin illərdə neft istehsalında sənaye çevrilişi baş verdi: adi, dədə-baba quyuları neftin tartal üsulu ilə çıxarıldığı quyularla əvəz olundu.
Quyuların mexanizmlə qazılması nəticəsində adi üsulla qazılan quyuların sayı durmadan azalırdı. 1879-cu ildə daha bu cür quyu qazılmırdı. Mədənlərdə buxar maşınlarından getdikcə daha geniş istifadə edilirdi. 1872-ci ildə 1,4 milyon pud neft çıxarıldığı halda, 1894-cü ildə neft hasilatı 340 milyon puda, yəni əslində ABŞ-dakı səviyyəyə çatmışdı. Sonralar (1901-ci ilədək) Bakı neft hasilatına görə dünyada birinci yerə çıxmışdı. Lakin dünya bazarında birincilik xammalın həcmi ilə deyil, bu bazarda başlıca məhsul sayılan kerosinin həcmi ilə müəyyən edilirdi. Bu cəhətdən üstünlük Amerika sənayesinə məxsus olaraq qalırdı. Bakı neftayırma sənayesində müvəffəqiyyətlərin ən böyük göstəricisi burada istehsal edilən kerosinin xaricə daşınması (1883-cü il) oldu. Amerika kerosini Rusiyanın bazarlarından sıxışdırılıb çıxarıldı (1885-ci il).
Beləliklə, qısa müddət ərzində Bakıda misli görünməmiş iqtisadi yüksəliş baş verdi. Şəhərdə güclü sənaye potensialı yaradıldı, neft hasilatı, emalı və satışı üzrə yüzlərlə iri və xırda fırma açıldı.
Neftin nəql olunması məsələlərinin həlli Bakının dünya neft sənayesi mərkəzinə çevrilməsi prosesində mühüm amilə çevrildi. Neft sahibkarlarının birinci qurultayında (1884-cü il) göstərilirdi ki, regionda üstün mövqe tutan Bakının neft sənayesi Avropaya yol taparsa, transmilli sənaye ola bilər. Bakının neft sənayesi öz məhsulunu Avropaya çıxarmadan heç vaxt güclü sənaye səviyyəsinə qalxmayacaqdır.

Abşeron yarımadası neftin çıxarıldığı əsas ərazi olub, Xəzər dənizinin şərqində yerləşir. Buradan Xəzər-Volqa vasitəsilə Rusiyanın Avropa hissəsinə, həmçinin Xəzər arxasındakı yerlərə, İrana yol açılırdı. Qərb tərəfdən dəmir yolunun köməyi ilə yarımada Cənubi Qafqazla, Qara dənizlə, oradan Mərkəzi Rusiya və xarici ölkələrlə birləşirdi. Deməli, Bakı neft sənayesi rayonu neft məhsulları satışı bazarlarına iki yolla - dəniz və dəmir yolları ilə çıxırdı. Xəzərdə gəmilər nefti və neft məhsullarını Rusiyada və xarici ölkələrdə satmaq üçün Həştərxana yalnız altı aylıq naviqasiya ərzində daşıya bilirdi. Buna görə də, ilin qalan vaxtlarında Rusiyada və xarici ölkələrdə xam neft ehtiyatları olmayan neftayırma zavodları işləmirdi. Eyni zamanda 1880-1881-ci illərdə Bakının özündə o qədər xam neft yığılıb qalmışdı ki, hasilatı müvəqqəti dayandırmalı olmuşdular, hətta nefti dənizə buraxırdılar. Neftin həddindən artıq istehsal edilməsi böhranı birinci dəfə 1882-ci ildə baş verdi və dörd ildən sonra təkrar olundu. Onun daşınmasının mümkün olmaması və saxlamaq üçün çənlərin çatışmazlığı üzündən 25.747.520 pud neft yandınldı və dənizə buraxıldı. 80ci illərdə Bakıda əsas neft məhsulu olan kerosinə tələbat onun istehsalının 5 faizdən də az hissəsini təşkil edirdi. Buna görə də, neft məhsullarının Bakıdan daşınması neft sənayesinin mövcudluğu və gələcək inkişafı üçün ümdə iqtisadi əhəmiyyət kəsb edirdi. Təsadüfı deyildi ki, bu problem daim Bakının neft sahibkarlarının və müxtəlif hökumət orqanlarının diqqət mərkəzində dururdu. Dünya bazarında çoxlarının hesablaşdıqları iri sənaye mərkəzinə çevrilmiş Bakıdan dəmir yolu çəkib, onu Qara dənizlə birləşdirmək tələb olunurdu.
Göründüyü kimi, Zaqafqaziya dəmir yolunun çəkilməsi zəruriliyi, ən əvvəl, məhz Bakı neft sənayesinin tələbatından irəli gəlirdi. Lakin Bakı-Tiflis dəmiryolu xəttinin çəkilişi çox böyük xərc tələb etməsi üzündən lən-gidildiyinə görə, 1878-ci ildə Bakıdan neft mədəni rayonunadək Zaqafqaziya dəmir yolunun «Neft sahəsi» adlandırılan hissəsini çəkmək qərara alındı. Neft mə-dənləri neft emalı zavodlarının cəmləşdiyi Bakının yaxınlığında yerləşsə də, neftin arabalarla daşınması neftin öz qiymətindən, demək olar ki, iki dəfə baha başa gəlirdi. Belə ki, xam neftin bir pudunun qiyməti 4 qəpik idi, onun daşınması xərci isə 8, bəzən 9 qəpiyə çatırdı.
«Neft sahəsi»ni çəkməkdə məqsəd xam neftin daşınmasını ucuzlaşdırmaq, zavodların sahiblərini neftin baha başa gələn çəlləklərdə daşıtdırmaqdan xilas etmək, Qara şəhərdəki kiçik ərazidə yerləşdiklərinə görə xeyli neft ehtiyatı saxlana bilən iri çənlər tikdirmək imkanı olmayan zavodların xam neftlə fasiləsiz təchiz olunmasını təmin etmək idi. 1880-ci ilin yanvarında açılan «Neft sahəsi» mədənləri zavodlarla və Xəzər dənizinin Bakı limanındakı körpü ilə birləşdirdi. Bu əvvəlcə ancaq yerli əhəmiyyət daşıyırdı, çünki onu Zaqafqaziya dəmir yoluna qoşan Bakı sahəsi yalnız 1883-cü ildə açıldı.
«Neft sahəsi» yaradılmasının iqtisadi cəhətdən sərfəli olub-olmayacağını müəyyənləşdirmək üçün ötən əsrin 70-ci illərində Yollar Nazirliyinin dəmir yolları departamenti Şimali Amerikanın neft sərvətlərini Abşeronun neft sərvətləri ilə müqayisə etmişdi. Bu müqayisə Abşeron yarımadasının böyük perspektivlərə malik olduğunu göstərdiyinə görə, onu misal göstərməyi lazım bilirik.
Pensilvaniyada qazılmış 14.000 quyudan 3-4 mini işləyirdi. Abşeronda 100-dən az quyu qazılmışdı, onlardan təqribən 40-ı neft verirdi. Şimali Amerikada neft azı 1.500 fut dərinlikdən çıxarılırdı, Abşeron yanmadasında isə işləyən quyuların dərinliyi 360 fut idi. Şimali Amerikada bir neft quyusunun orta gündəlik məhsuldarlığı 60 pud, Abşeronda 1.000 puddan çox idi. Neftin hər pudu orta hesabla Şimali Amerikada 36,5 qəpiyə, Balaxanı sahəsində isə 3-4 qəpiyə satılırdı.
Qeyd etmək lazımdır ki, Rusiya cəmiyyətində bu iri neft sənaye mərkəzlərinin - Amerika və Bakı neft sənayelərinin müqayisəsi müntəzəm surətdə aparılırdı. Məsələn, «Bakı neft sənayesinin...(1891-1915-ci illər ərzində) xülasəsi» adlı illik nəşrində xarici ölkələrdə neft sənayesinə dair oçerklərin müntəzəm surətdə dərc olunduğu xüsusi bölmə vardı. Amerika neft sənayesi səciyyələndirilərkən qeyd edilirdi: orada əmək bölgüsü heyrətamiz sistemlə aparılır, Amerikada hasilat, emal və nəqletmə sahələri çoxalaraq bir-birindən ayrılmışdır. Bakı sənayesində isə öz neftini çıxaran, emal edən və daşıyan fırmalar lap əvvəldən mövcud olmuşlar, üstəlik bu fırmalar həmin sahələri tədriclə ələ keçirməmişlər, əzəl başdan neft çıxarmışlar, emal etmişlər, daşımışlar və satmışlar. «Xülasə»lərin tərtibçiləri istehsalın bu cür kompleks şəkildə üstünlüklərə malik olduğunu qeyd edərək, bildirirdilər ki, Bakının neft sənayesi müəssisələri daha güclü rəqabət aparmaq qabiliyyətinə malikdirlər.
Lakin neftin nəqli üzərinə qayıdaq. İki dənizi - Xəzəri və Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra
Bakı neft sənayesinin məhsullarını Mərkəzi Rusiya və dünya bazarlarına kütləvi sürətdə çıxarmaq mümkün oldu. Azərbaycanın iqtisadi həyatının yeni meyllərini diqqətlə izləyən görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabi Bakı-Tiflis dəmir yolunun çəkilməsini Azərbaycanın iqtisadiyyatına neft sənayesindən sonra güclü təsir gösitərən ikinci ən mühüm amil hesab edirdi. XIX əsrin axırlarına yaxın Zaqafqaziya dəmir yolunun ümumi axınında Bakı-Tiflis xəttinin payı 98 faiz təşkil edirdi. Xətdə ən intensiv iş Bakı stansiyasında görülürdü. Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 milyon pud yük daşınmışdı, Bakı-Tiflis xəttinin yerdə qalan stansiyalarından isə cəmi 20, 86 milyon pud yük yola salınmışdı.
Bu minvalla, neftin və neft məhsullarının Qara dəniz limanlarına, oradan da Avropa bazarlarına ucuz başa gələn yolla daşınmasının təmin olunduğu dəmir yolu, kapitalistləri istehsalı genişləndirməyə sövq edirdi. 1877-ci ildən 1882-ci ilədək olan dövrdə neft hasilatı 11,6 milyon puddan artıb 50 milyon puda çatmışdı və ya dörd dəfə çoxalmışdı, neftin və neft məhsullarının daşınması isə 6 milyon puddan artıb 31 milyon puda çatmışdı, yəni 5 dəfə çoxalmışdı. 1883-cü ildən 1900-cü ilədək həm neft hasilatının, həm də daşınmasının səviyyəsi misli görünməmiş dərəcədə yüksəlmişdi. Hasilat 60,4 milyon puddan artıb 603,8 milyon puda çatmışdı və ya 10 dəfə çoxalmışdı; neftin və neft məhsullarının daşınması 34,2 milyon puddan artıb 443,1 milyon puda çatmış və ya 13 dəfə çoxalmışdı. XIX əsrin axırlarına yaxın neftin və neft məhsullarının ümumi daşınmasının 20 faizi dəmir yolunun payına düşürdü. Bu fakt onu da göstərir ki, neft məhsullarının dənizlə daşınması üstünlük təşkil edirdi. Bakıda neft sənayesinin coşğun inkişafı Bakı limanından daşımaların həcmini xeyli artırmışdı. Məsələn, 1893-cü ildən 1901-ci ilədək Xəzərdə yük dövriyyəsi iki dəfədən çox artmışdı. Gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq ticarət limanları-Petrovsk, Krasnovodsk, Həştərxan və Bakı da inkişaf edirdi. XX əsrin əvvəllərində Bakı ticarət limanı yük dövriyyəsinin həcminə görə Rusiyanın bütün ticarət limanları arasında birinci yeri tuturdu. Daşınan yüklər arasında neft emalı məhsulları daha çox idi. Nəticədə ən iri neft sənaye fırmaları-«Nobel qardaşları şirkəti», «Xəzər-Qara dəniz cəmiyyəti» və sahibkar H.Z.Tağıyev özlərinin neft daşıyan gəmi donanmalarını yaratdılar.
Neft sənayesinin inkişafında nəqliyyatın rolu neft məhsullarının daşınmasını və satışını sürətləndirməklə yanaşı, həm də 1883-cü ildən başlayaraq dəmir yolu özü neft yanacağının istehlakçısına çevrilmişdi. Əvvəllər neftayırma zavodlarında istehsalat tullantısı kimi alınan mazutdan indi yanacaq kimi istifadə olunurdu. Bu illər ərzində Xəzər dənizi və Volqa çay donanmaları, habelə Rusiyanın Mərkəzi sənaye və Orta Volqa rayonlarının fabrik-zavod müəssisələrinin əksəriyyəti neft yanacağı istehlakçısı olmuşdu. Belə bir şəraitdə iri neft sahibkarları xam neftdən ancaq kerosin deyil, daha çox mazut alınmasının xeyrini aydın görürdülər. Həm də mazuta görə, çar hökumətinə vergi ödənilmirdi. «Nobel qardaşları şirkəti» uzun müddətli müqavilələr üzrə dəmir yollarına mazut satmaqda xüsusi fəallıq göstərirdi. 1892-ci ildə Rusiya imperiyasının daxilində sərf edilən 110 milyon pud neft yanacağının 50 faizi dəniz və çay gəmiçiliyinin, 28 faizi fabrikzavod sənayesinin, 22 faizi dəmir yolu nəqliyyatının payına düşürdü. Bu, neftayırma sənayesinin inkişafında mühüm amilə çevrilib, neftayırma zavodlarında emalın strukturunu xeyli dəyişdirdi. Əgər əvvəllər neftayırma zavodlarında xam neftdən kerosin istehsal edilərkən onun qalığı (təqribən 60-70 faiz) lazımsız tullantı kimi dənizə atılırdısa və ya xəndəklərdə yandırılırdısa, sonrakı illərdə mazut istehsalı neftayırma zavodlarının başlıca məqsədi oldu. Bakının neft sənayesi «kerosin sənayesi»ndən «mazut sənayesi»nə çevrildi.
1859-cu ildən etibarən Bakının quberniya şəhəri və çox iri neft mərkəzi kimi inkişafı bu qədim şəhərin arxitekturasına və demoqrafıyasına güclü təsir göstərdi. Bakının ictimaisahibkar həyatı İçəri şəhərin dar küçələrindən kənara, geniş meydana çıxdı. İçəri şəhərin həndəvəri Bakının əsas ərazisi oldu. XIX əsrin son rübündə Bakıda tikinti inşaat işləri sahəsi 361,8 hektaradək (52,4 faiz) genişləndirildi, tikililərin sayı isə 9.282-dək (46,9 faiz) artdı. Şəhərin mərkəzində passajlar, 2 və 3 mərtəbəli daş binalar, iri dükanlar, mehmanxanalar, ticarətsənaye fırmalarının, bankların binaları, klublar, teatrları olan yaraşıqlı küçələr, Birja, Quba, Teatr meydanları, Qubernator, Sisianov, Mariya, Parapet bağları salındı. Şəhərin bu cür inkişafı onun əhalisinin dinamizminə güclü təsir göstərdi. «Mənzil məsələsi və onun həllinin sosial sınaqları» (SPB,1908) kitabında Avropanın iri şəhərləri əhalisinin 100 il ərzində artımı haqqında məlumat verilmişdir. Məlumatdan görünür ki, əhalinin sayı Berlində 6 dəfə, Brüsseldə 5 dəfə, Londonda 4 dəfə artmışdı. Bakı bu göstəriciyə görə həmin şəhərləri ötmüşdü. XIX əsrin ancaq son rübündə şəhərin əhalisinin sayı 7,4 dəfə artmışdı (15.105 nəfərdən 111.904 nəfərə çatmışdı). Yerli və gəlmə əhalinin nisbəti bu cür idi: yerli əhali-36 faiz, gəlmə əhali-64 faiz. Gəlmə əhalinin 34,8 faizi rus, 17,1 faizi erməni, 2,2 faizi alman, 1,7 faizi yəhudi, 0,8 faizi polyak və i.a idi. Şəhər əhalisinin tərkibində rusların və ermənilərin sayının bu qədər çox olmasının səbəbi təkcə iqtisadi inkişafla bağlı deyildi, əsas etibarilə çarizmin əhalini köçürmə siyasətinin nəticəsi idi. Bakının silklərinə gəlincə, dvoryanlar və məmurların çoxunu ruslar, ermənilər arasında isə tacirlər və ruhanilər çoxluq təşkil edirdilər. Bakının yerli əhalisi-azərbaycanlılar arasında əsilzadələr və meşşanlar çox idi. Ötən əsrin axırlarına yaxın şəhər əhalisinin böyük bir hissəsi, yəni 88,5 faizi sənaye-ticarət sahəsində çalışırdı.
Bakının maliyyə vəziyyətinə nəzər salarkən burada da nadir dinamizm görürük: XIX əsrin son iyirmi beş ili ərzində şəhərin gəliri 28 dəfə çoxalıb 51 min manatdan 1.423 min manata çatmışdı. Bakının bələdiyyə tarixindən belə bir fakt maraq doğurur: XIX əsrin axırlarında şəhərdə ayrı-ayrı şəxslərin xeyriyyəçilik işləri üçün ayırdıqları xüsusi kapitalın məbləği cəmi 20.472 manat idi, o cümlədən vur-tut 100 manat məbləğində toxunmaz kapital var idı. Bu rəqəmlər şəhərin xüsusi kapitalının son dərəcə az olduğunu göstərir, halbuki yaradılan sərvət cəhətdən Rusiyada heç bir şəhər Bakı ilə müqayisə edilə bilməzdi.


Tarix: 26.11.2014 / 17:20 Müəllif: Aziza Baxılıb: 103 Bölmə: Tariximiz ve rayonlarimiz