Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət

XIX əsrin sonu - XX əsrin əvvəli dünya tarixində dərin dəyişikliklər dövrüdür. Sosial-iqtisadi həyatdakı dəyişikliklər, sənaye çevrilişinin başa çatması və dünya iqtisadiyyatının inkişafında sənaye mərhələsinə keçid buıjuaziya cəmiyyətinin formalaşması, siyasi partiyaların yaranması, proletariatın fəhlələrin adından çıxış edən ictimai qüvvə və qruplar tərəfındən siyasi partiya təşkilatların yaranması - bu dövrün başlıca xüsusiyyətlərini təşkil edir.
XX əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutur. İslahatla bağlı inkişafın yaratdığı bütün ziddiyyətlər (siyasi, sosial, iqtisadi) ən yüksək səviyyəyə çatdı. 1900-1903-cü illər böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist təsərrüfatı ilə qırılmaz əlaqələrinin mövcudluğunu göstərdi. Böhran müvəqqəti olaraq Rusiya sənayesinə xarici kapital axınını dayandırdı.
XIX əsrin sonları - XX əsrin əvvəllərində həm Azərbaycanda, həm də bütün ölkədə neftlə bağlı süni canlanmadan sonra iqtisadi böhran başladı. Onun nəticəsi kimi kütləvi işsizlik baş verdi və fəhlələrin həyat tərzi pisləşdi. Bu da ölkəni fəhlə hərəkatının mərkəzlərindən birinə çevirdi. Tətil mübarizəsi elə ölçülər aldı ki, 1902-ci ilin yanvarında hökumət Bakı şəhərində gücləndirilmiş nəzarət sistemi tətbiq etdi, yəni əslində hərbi vəziyyət elan etdi.
1900-cü ildən 1903-cü ilə qədər 112 min fəhlənin çalışdığı 3 mindən çox müəssisə bağlandı. Bu şəraitdə fəhlələrin siyasi fəallığı yüksəldi. Məhz bu dövrdə fəhlə hərəkatının iqtisadi tətillərdən siyasi tətillərə çevrilməsi baş verdi.
1904-cü ildə Yaponiya Rusiyaya müharibə elan etdi. Çar hökuməti müharibənin siyasi mövqeyini möhkəmləndirməkdə və inqilabın qarşısını almaqda ona kömək edəcəyini düşünürdü.
Lakin bu ümidlər doğrulmadı, müharibə çarizmin dayaqlarını daha da laxlatdı. Yaponlar Artur limanını mühasirəyə aldılar, sonra Mukden ətrafında rus ordusunu darmadağın etdilər. 300 minlik ordu bu döyüşdə ölü, yaralı və əsir olaraq 120 min nəfər əsgər itirdi. Sonra 1905-ci ildə Rus donanmasının Susima boğazında məhvi - 20 hərbi gəmidən 13nün batırılması, 4-nün əsir alınması daha bir zərbə oldu. Rusiya müharibəni uduzdu.
Müharibədəki məğlubiyyətdən sonra cəmiyyətdəki böhran daha da dərinləşdi.
Yenicə başlanan 1905-ci il inqilabı tətil hərəkatının genişlənməsi dövründə Rusiya müsəlmanlarının siyasi təşkilatı - «İttifaqi-müslimum» adlandırılan Ümumrusiya Müsəlman İttifaqı yarandı. Azərbaycan buıjuaziyası Rusiyanın müsəlman burjuaziyası ilə birləşməyə can atırdı. Bu birləşmənin təşəbbüskarları Krım və Kazan tatarlarının burjua ziyalılarının nümayəndələri R.İbrahimov, Y.Akçurin, İ.Qasprinski idi.
Hazırlıq işlərində A.M.Topçubaşov fəal iştirak edirdi. İttifaqın yaradılması haqqında məsələ hələ 1905-ci ilin əvvəllərində meydana gəlmişdi. Onun ilk qurultayı 15 avqust 1905-ci ildə Nijni-Novqorodda, yarmarka vaxtı keçirildi. Qurultayda Rusiyanın müsəlman əhalisinin müxtəlif zümrələri (əsasən burjuaziya və ziyalılar) təmsil olunmuşdu. Çıxışlarda, əsasən, «Rusiyanın bütün müsəlmanlarını birləşməyə», müsəlman burjuaziyasının hüquqlarının rus buıjuaziyasının hüququları ilə eyniləşdirilməyə, müsəlmanlara münasibətdə sıxışdırmaları və hüquq bərabərsizliyini aradan qaldırmağa səsləyən, «müsəlmanların doğma dillərində məktəblərin açılmasını, kitab və qəzetlərin buraxılmasını tələb edən» çağırışlar səslənirdi.
II qurultay 1906-cı il yanvar ayının 13-23-də Peterburqda qeyri-leqal şəraitdə keçirildi. Bu qurultayda din xadimləri, burjuaziya və ziyalıların nümayəndələri iştirak edirdi. Bu qurultaya qədər ittifaqın üzvləri kadetlərin qurultayında iştirak edərək, onların proqramını qəbul etməyə hazır olduqlarını bildirmişdilər.
II qurultay Dövlət Dumasına seçkilərin taktikasını müzakirə etdi. Bu qurultayda, həmçinin ittifaqın vahid siyasi partiyanın yaranmasını təklif edən Nizamnaməsi də qəbul olundu. Qurultay, demək olar ki, tamamilə kadetlərin proqramına uyğun gələn müvəqqəti proqram da qəbul etdi. Onun işində Azərbaycandan A.M.Topçubaşov, Q.Qarabəyov, A.X.Axudov fəal iştirak edirdilər.
III qurultay 1906-cı ilin 16-21 avqustunda keçirildi. Bu qurultaya A.M.Topçubaşov sədr seçildi. Qurultayda İttifaqın proqramı qəbul edildi: Rusiyanın bütün müsəlmanlarının birləşməsi, konstitusiyalı monarxiya ideyası, şəxsi mülkiyyətin müqəddəs olması, kəndlilərə torpaq verilməsi, mülkədarlara isə bunun əvəzinin ödənilməsi, milli-mədəni muxtariyyət ideyası, dini təsisatların genişləndirilərək, hüquqlarının pravoslav ruhanilərlə bərabərləşdirilməsi (müsəlman ruhanilərini öz tərəflərinə çəkmək cəhdləri). III qurultayda millətlərarası toqquşmalarla bağlı qətnamə qəbul edildi. Bu qətnamədə hər iki xalqın dini və dünyəvi rəhbərlərinə müraciət edilir və «Zaqafqaziya müsəlmanları və ermənilərin qarşılıqlı barışdırılması işini öz əllərinə almaq» təklif olunurdu.
Lakin bu ittifaqın Bakı bölməsi yaradılmadı. Qeyd etmək lazımdır ki, Bakı cəmiyyətinin yuxarı təbəqəsi ümumrusiya müsəlman birliyinə onun bütün mövcudluğu dövründə laqeyd münasibət göstərirdi. Qurultayda yeni tipli məktəblərin yaradılması, məcburi ibtidai təhsilə keçilməsi yolları, mədrəsələrin yenidən təşkili, milli adət-ənənələrə diqqətin gücləndirilməsi və s. məsələlər müzakirə edildi.
1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal hərəkatının sülhpərvər, leqal üsullarından - kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə görüşlərdən istifadə edirdilər. Martın 15-də H.Z.Tağıyevin sarayında burjuaziya və ziyalıların nümayəndələrinin müşavirəsi keçirildi. Burada Qafqazda islahatların keçirilməsinin vacibliyi məsələsi müzakirə edildi. Müsəlmanlara qoyulan qadağaların göstərildiyi kollektiv müraciət tərtib edildi. Bu müraciət çar hökumətinə Azərbaycan tərəfındən verilən ilk proqram sənəd idi. Müraciətdə Qafqazda zemstvoların (tərkibində çox hissəsi zadəganlardan ibarət olan seçkili yerli idarə) tətbiqinin, andlı iclasçılar məhkəməsinin yaradılmasının, müsəlmanların hüquqlarının rus zadəgan və tacirləri ilə eyniləşdirilməsinin, az torpaqlı və torpaqsız kəndlilərə torpaq verilməsinin vacibliyi və s. məsələlər mühüm yer tuturdu. Müraciətdə çarizmin müstəmləkə siyasətinə qarşı qəti etiraz ifadə olunurdu.
Çarizmin yeganə güzəşti müsəlmanlara özlərinə müfti, qazi və məhəllə ruhanilərini seçmək və öz dinini azad şəkildə öyrənib ibadət etmək hüququnun verilməsi idi.
İnqilab davam edirdi. Buıjuaziya çarı inandırdı ki, monarxiyanın xilasının yeganə yolu «xalq təmsilçiliyidir».


Tarix: 26.11.2014 / 17:18 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...