Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YUNUS SURƏSİNİN ŞƏRHİ 72-91

(10.71) “(Ey Elçim!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin”.

Fövqəluca Allah Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, öz qəbilədaşlarına Nur peyğəmbərin (ə) öz xalqı arasında təbliğatdan danışsın. O (ə) onları çox uzun bir müddət ərzində Allaha qayıtmağa dəvət etmiş və öz qohum-əqrabası arasında doqquz yüz əlli il yaşamışdı. Lakin onlar onun (ə) möizələrindən sonra daha da əxlaqsızlaşırdılar. Onlar ondan (ə) narazılıq edir və onun (ə) fəaliyyətini pis əlamət sayırdılar, lakin buna baxmayaraq O (ə) ara vermədən öz təbliğatını davam etdirirdi. O deyirdi: “Ey mənin qəbilədaşlarım! Əgər mənim sizin aranızda olmağım və mənim təkcə aydın dəlillərə əsaslanan faydalı nəsihətlərim sizin xoşunuza gəlmirsə və sizin qəəbinizə səbəb olursa və siz mənə pislik etmək və ya haqqı danmaq istəyirsinizsə, onda mən Allaha təvəkkül edirəm və Ondan məni mənə və dinimə bəslədikləri hər hansı bəd niyyətdən qorumasını diləyirəm. Təvəkkül etmək – mənim silahım və döyüş ləvazimatımdır. Sizdə öz qoşununuzu yığıb mübarizəyə hazırlaşın. İstənilən vasitələrdən istifadə edin və özünüzün bütün əlaltılarınızı, həmçinin qabaqlarında onları razı salmaq istədiyiniz və aləmlərin Rəbbi ilə bərabər ibadət etdiyiniz bütlərinizi də səfərbər edin. Qoy sizin hərəkətləriniz gizli olmasın – açıq və xalqın gözü qarşısında hərəkət edin. Məni necə cəzalandıracağınızı özünüz qərarlaşdırın, sonra isə hətta mənə qısa bir möhlət də verməyin”.
Bu müraciət Nuhun (ə) doğruçu olmasının və peyğəmbərliyinin gerçəkliyinin lehinə ən böyük bir işarə idi. O (ə) tamamilə tək idi və xalqının arasından olanlarla himayə və ya mübarizə yoldaşları tərəfindən müdafiə edilmirdi. O (ə) öz qəbilədaşlarına onların baxışlarının yanlışlığını, onların dinlərinin qüsurlu olmasını və “ilahlarının” acizliyini açıq elan edirdi. Müşriklərin ona qarşı bəslədikləri nifrət və düşmənçilik möhkəm dağlardan da böyükdü və onlar gücə və hakimiyyətə malik idilər. Belə bir şəraitdə Peyğəmbər (ə) onlara öz “ilahları” və digər müttəfiqləri ilə birləşib onu cəzalandırmaq üçün cəhd göstərmələrini təklif etdi. Lakin onlar ona (ə) cüzi də olsa belə bir xətər toxundura bilmədilər və bu, bir daha onun (ə) həqiqi peyğəmbərliyini təsdiq etdi və gurultulu vədlər verən və təhdid göstərən müşriklərin yalanını ifşa etdi.

(10.72) “Əgər siz (mənim öyüd-nəsihətimdən, dəvətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir savab istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr edilmişdir!”

Ey mənim qəbilədaşlarım! Siz mənim möizələrimdən üz çevirə bilərsiniz, amma əlinizdə bunun üçün bir əsasınız yoxdur. Sizə yaxşı məlumdur ki, siz saxta şeyə etiqad edirsiniz və mənim möizələrim bir həqiqətdir. Bu isə o deməkdir ki, siz inandırıcı dəlillərlə təsdiq edilən haqqa arxa çevirirsiniz. Mən sizdən xahiş etmirəm ki, aranızda təbliğat apardığıma görə məni mükafatlandırasınız və siz arxamca gəldikdə, sizə verdiyim məsləhətlərə görə sizdən mənə haqq vermənizi ki, istəmirəm. Əks təqdirdə, siz mənim dinimdən imtina edə bilər və deyərdiniz ki, bu adam, sadəcə, bizim var-dövlətimizin sahibi olmağa cəhd göstərir. Lakin mən Allahdan başqa, heç kimdən savab istəmirəm. Mən həm də özümün etmədiyim işi də sizə gördürməyi əmr etmirəm. Mənə itaətkar saleh dindar olmaq hökmü verilmişdir və buna görə mən özüm ilkin olaraq xeyirli işlər görürəm və sonra onu ətrafdakılara təklif edirəm.

(10.73) “Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları (yer üzünə) varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!”

Nuh peyğəmbər (ə) öz xalqını gecə-gündüz dəvət edir, onlarla təklikdə və hamılıqla söhbətlər aparırdısa da, onun (ə) möizələri onları haqdan daha da uzaqlaşdırırdı və onlar onu (ə) yalançı elan etdilər. Belə olduqda, Allah onu (ə) və onunla birgə iman gətirnləri, Allahın nəzarəti altında peyğəmbərə (ə) inşa edilməsini əmr etdiyi gəmi ilə xilas etdi. Tikinti işləri başa çatdıqdan sonra, yerin hər tərəfindən su qalxmağa başladı. Su hətta sobalardan belə axmağa başladı və Fövqəluca Allah Öz eyğəmbərinə (ə) belə buyurdu: “Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman (Nuha) dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə (tayfasından) çox az adam iman gətirmişdi” (Nuh, 11/40). Alicənab peyğəmbər (ə) bu hökmü yerinə yetirdi.
Allahın əmri ilə göylərdən güclü yağışlar yağdı və yerdə hədsiz-hesabsız burulğan mənbələr yarandı. Göylərin və yerin suları Allahın qədəri ilə birləşdi, amma taxta lövhələrdən quraşdırılmış nəhəng gəmi isə Allahın nəzarəti altında yola düşdü. Beləliklə, O, kafirləri məhv etdi və möminləri isə yer üzünün varislərinə çevirdi. O, onların nəsillərini xeyirxah insanlar etdi, onları çoxaltdı və insanları yerin bütün guşələrinə yerləşdirdi. Haqqı izah etdikdən və inandırıcı dəlillər gətirdikdən sonra Onun ayələrini inkar edən kafirlər isə suda batırıldılar. Onların nəsibi ölüm, rüsvayçılıq və əbədi lənət oldu, çünki vütün zamanların insanlari onları lənətləyir və qınayırlar. Qoy kafirlər, bir zaman onlardan əvvəlkiləri yaxalamış və indi də onları gözləyən belə ölümdən, rüsvayçılıqdan və cəzadan qorxsunlar.

(10.74) “Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə) açıq-aşkar möcüzələr gətirmişdilər. Bunlar isə öncə (peyğəmbər gəlməzdən əvvəl) yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə) həddi aşanların ürəklərini belə möhürləyirik”.

Nuhdan sonra Allah dəfələrlə iman gətirməmiş xalqlara Öz elçilərini göndərmişdi ki, insanları doğru yola qayıtmağa dəvət etsinlər və onlar insanları ölümə məhkum ədən əməllərdən çəkindirsinlər. Elçilər öz təbliğatını, onları təsdiq edən aydın ayələr və möcüzələrlə mökəmlədirdilər. Lakin kafirlər düşünmədən Allahın elçilərini (onlara Allahın salamı olsun!) rədd edirdilər və belə olduqda Fövqəluca Allah onları cəzalandırırdı. Allah həmin insanların ürəklərini möhürləyirdi və bundan sonra onlar artıq haqq dinə qayıda bilmirdilər, halbuki əvvəlcə belə imkana malik idilər. Bu barədə Fövqəluca buyurmuşdur: “Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirərik...” (Ənam, 6/110). Əgər Allah cinayətkarların ürəyini möhürləyərsə, onda xeyirxahlıq onlara daxil ola bilməz. Lakin Allah onlara zalımlıq etmir – onlar özləri, ilk dəfə onlara göstərilmiş həqiqəti dananda, özlərini əzab-əziyyətə məhkum edirlər.

(10.75) “Onlardan sonra Musanı və Harunu Firona və camaatına açıq möcüzələrlə peyğəmbər göndərdik. Lakin onlar (iman gətirməyi) özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular”.

Məhv edilmiş xalqlara göndərilən elçilərdən sonra, Fövqəluca Allah Musanı və Harunu Fironun və əyanlarının yanına göndərdi. İmran oğlu Musa (ə) şan-şöhrətli peyğəmbər idi və Mərhəmətli Allahla danışmışdı. O (ə) möhkəm ruhlu elçilərdən idi. Onun (ə) çoxsaylı ardıcılları vardı və onlara çox böyük müdrik qanunlar məcəlləsi nazil edilmişdi. Harun peyğəmbər (ə) isə onun (ə) qardaşı və köməkçisi idi. Onlar Fironun və əyanlarının yanına göndərilmişdilər, çünki onlar dövləti idarə edir və sadə insanlar da onların ardınca gedirdi.
Musa (ə) və Harun (ə) insanları Tək olan Fövqəluca Allaha ibadət etməyə və digər saxta “ilahlara” ibadətdən əl çəkməyə dəvət edirdilər və öz təlimlərinin həqiqiliyini çoxsaylı möcüzələrlə təsdiq edirdilər, lakin Misir əyanları zalımcasına və təkəbbürlə onların təbliğatını, onların həqiqət olduğuna əmin olan kimi, rədd edirdilər. Onlar, məziyyətləri küfr və itaətsizlik olan cinayətkar insanlar idilər. Buna görə, onlar Allahdan – aləmlərin Rəbbindən gələn ən böyük həqiqətdən üz döndərmişdilər. Onun əzəməti qarşısında bütün qulları səcdə edir və O, Öz məxluqlarına saysız-hesabsız nemətlər əta edir.

(10.76) “Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Bu, aşkar bir sehrdir!” – dedilər”.

Musa Peyğəmbər (ə) Allahdan onlara haqqı gətirəndə onu rədd etdilər və onun möizələrinin açıq-aşkar cadugərlik olduğunu bildirdilər. Allah onları rüsvay etsin! Onlar təkcə haqdan üz döndərməklə qane olmayaraq, Haqqı sehir adlandırdılar, o isə, öz mahiyyətinə görə, böyük aldatmadan ibarətdir. Bundan başqa, onlar onun (ə) təbliğatını açıq-aşkar sehirbazlıq adlandırdılar, halbuki, əslində, o təbliğat aydın haqq idi. Belə rəftarı ancaq ən zalım insanlar edirlər və buna görə də peyğəmbər (ə) onları söylədiklərinə günahlandırdı.

(10.77) “Musa onlara belə dedi: “Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar (dünyada və Axirətdə) nicat tapmazlar!”

Musa peyğəmbər (ə) dedi: “Siz bunu aydın sehrbazlıqmı adlandırırsınız? Mənim təbliğ və əmr etdilərim üzərində bir düşünün! Tək bunlar bəs edər ki, siz həmişəlik olaraq mənim təlimimin haqq olduğuna bir daha şübhə etməyəsiniz. Həqiqətən də, cadugərlər və sehirbazlar nə bu dünyada və nə də ölümdən sonra uğur və xilas əldə etməyənlərdir”. Sonradan onlara doğrudan da aydın oldu ki, həm bu dünyada və həm də Axirətdə uğur Musanın tərəfindədir.


(10.78) “Onlar (Musaya və Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər”.

Kafirlər alicənab peyğəmbəri (ə) tamamilə əsassız iddiaları ilə təkzib etməyə cəhd göstərirdilər. Onlar deyirdilər: “Doğrudanmı sən gəlmisən ki, bizim atalarımızın yolu ilə getməyimizə mane olasan? Onlar çoxallahlığa etoqad edirdilər və müxtəlif ilahlara ibadət edirdilər, sən isə bizə əmr edirsən ki, Tək Allaha ibadət edək və Ona şərik qoşmayaq”. Onlar hesab edirdilər ki, onların yolunu azmış ata-babaları, Musanın gətirdiyi haqqı danmaları üçün inandırıcı əsasdır. Bununla yanaşı onlar alicənab peyğəmbəri (ə) hökmdarlıq etmək niyyətində olmaqda və insanları öz doğma torpaqlarından qovmaqda günahlandırırdılar. Lakin bu sözlər kökündən yalan idi və bunun vasitəsilə Misir zadəganları istəyirdilər ki, cahil qara camaat Musaya nifrət etsin və ona (ə) iman gətirməkdən boyun qaçırsınlar.
İnsan ətrafda baş verənlərin mahiyyətini dərk etdikdə, o, heç vaxt belə iddialara istinad etməz, çünki söz və iddiaları inamla təkzib etmək təkcə ağıllı sübut və dəlillərin sayəsində mümkündür. Əgər insanlar belə əsassız iddialara istinad edərək haqqı inkar edirlərsə, bu onların əlacslzlığına, öz tərəf müqabilinin sözlərini təkzib etməkdə acizlik çəkdiyinə dəlalət edir. Əgər onlar haqlı olmalarının inandırıcı sübutlarına malik olsaydılar, onda Musanın (ə) niyyətləri, istəkləri haqqında danışmaz və onun doğrudan da şəxsi mənfəət güdmə məqsədlərinin olub-olmaması haqqında düşünməzdilər. Musa peyğəmbəri (ə) tanıyan və onum (ə) çağırışlarını dinləyən hər bir kəs tamamilə aydın idi ki, bu insan yer üzündə hakimiyyətə can atmır, Allahın digər elçilərinin getdikləri yolla gedir və insanlara doğru yola gəlməyə və digər faydalı öyüd-nəsihətlər verməyə çalışırdı.
Lakin kafirlər bir məsələdə niyyətlərini büruzə verirdilər: onlar alicənab peyğəmbərə (ə) iman gətirmək istəmirdilər. Bunun səbəbi isə onların təkəbbürlü və inadkar olmalarında idi. Onlar Musanın (ə) və Harunun (ə) təlimini yanlış saymırdılar və hətta ona şübhə də etmirdilər. Onların haqqı inkar etməyə, öz zalımlıqlarından və yer üzündə ( Musa (ə) ilə Harunu (ə) ittiham etdikləri) özbaşınalıq etmək arzularından başqa heç bir səbəbləri yox idi.

(10.79) “Firon: “Nə qədər bilikli sehrbaz varsa, gətirin!” – dedi”.
(10.80) “Sehrbazlar gəldikdə Musa: “Nə atacaqsınızsa, atın” – dedi”.

Firon Musanın (ə) gətirdiyi haqqı təkzib etmək və öz gücünü Misir əyanlarına və rəiyyətinə göstərmək üçün, bütün mahir kahinləri və hazırlıq görmüş sehirbazları toplamağı əmr etmişdi. O, Misirin bütün şəhərlərinə çaparlar göndərmişdi ki, müxtəlif cadugərlik texnikasına malik olan sehrbazları və ovsunçuları onun yanına gətirsinlər. Onlar Musa (ə) ilə güclərini sınamaq üçün bir yerə yığışdıqda alicənab peyğəmbər (ə) onlara dedi: “Yarışın istənilən növünü seçin. Mən sizə öz iradəmi zorla qəbul etdirmək istəmirəm”. O (ə), öz qələbəsinə əmin idi və hətta sehirbazların nə törədə biləcəkləri haqqında heç fikirləşmirdi.

(10.81) “Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: “Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!”
(10.82) “Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!”

Sehrbazlar öz kəndirlərini və əsalarını yer atdılar və insanlara elə gəldi ki, onlar qıvrılıb-açılan ilanlara çevrildilər. Belə olduqda, Musa (ə) dedi: “Siz çox böyük və qəribə sehirbazlıq göstərirsiniz, lakin bunun böyüklüyünə baxmayaraq, Fövqəluca Allah onları məhv edəcəkdir. Həqiqətən də, O, şərəfsizlik yayan və haqqa üstün gəlməyə çalışan saxtakarlara yardım göstərmir. Ən yaramaz şərəfsizlikdən də pis nə ola bilər?!!”
Belə qismət fitnəkarlıq törədən və məkrli niyyətə düşənlərin hamısına nəsib olacaqdır. Onların uydurduqları fitnə-fəsadları mütləq darmadağın və məhv ediləcəkdir. Əgər onlar bir müddət uğur qazansalar da, son nəticədə, onları məğlubiyyət və yoxluq gözləyir. Səmimiyyətlə Allah xatirinə onlara əmr edilmiş faydalı iş görən möminlərə gəldikdə isə Fövqəluca Allah onları irəliyə çəkir və əməllərini daima artırır.
Musa (ə) da öz əsasını yerə atdı və o, o saat cadugərlərin və sehrbazların gözbağlıcalarının hamısını bir-bir uddu. Onların cadugərliyi heçə çıxdı və məhv edildi, yalan isə yerlə yeksan oldu. Bu, günahkarların nifrətinə səbəb olsa da, Allah haqqı Öz sözləri ilə təsdiq etdi. Sehirbazlar Musanın (ə) doğruçuluğuna əmin olduqda, onlar tələsik Fövqəluca Allaha itaətkarlıqlarını bildirdilər. Firon isə onları çarmıxa çəkdirəcəyini və əl-ayaqlarını kəsdirəcəyini vəd etdi. Amma bu təhdid sehrbazların imanını sarsıda bilmədi.

(10.83) “Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi”.

Firon və əyanları iman gətirməkdən imtina etdilər və öz zalımlıqlarının zülmətində kor-koranə dolaşmaqda davam etdilər. Adamların əksəriyyəti onların dalısıyca getdi. Onlar qorxurdular ki, onları din yolunda işkəncələrə məruz qoyacaqlar. Ancaq təkcə israillilər arasından olan və qəlblərində iman kök salmış bir sıra gənclər hər hansı dəhşətdən səbirlə keçməyi qərara aldılar. Firon həqiqətən də rəhimsiz hökmdar idi və insanların onun qəzəbindən qorxması əsassız deyildi. O, dəhşətli cinayətkar idi və onun zalımlığı və özbaşınalığı hədd-hüdud tanımırdı.
Aydındır ki, bu ayənin mahiyyətinə görə cavanlar, küfrə etiqad etməklə böyüyüb qocalan yaşlı və ahıllarla müqayisədə, haqqı daha tez qəbul edir və dinin tələblərinə itaət göstərirlər. Yanlış baxışlar yaşlıların ürəyində uzun müddət yaşadığı üçün onlar haqdan, başqalarına nisbətən, daha çox uzaqlaşırdılar. Bu barədə daha yaxşı bilən Allahdır!

(10.84) “Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!”
(10.85) “Onlar dedilər: “Biz yalnız Allaha təvəkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə!
(10.86) “Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!”

Musa (ə) öz qəbilədaşlarına tapşırmışdı ki, səbirli olsunlar və onları belə davranmağa məcbur edən amili də onlara xatırlatmışdı. O (ə) demişdi: “Ey mənim xalqım! Əgər siz doğrudan da Allaha iman gətirmişsinizsə, onda haqq dinin tələblərinə müvafiq olaraq rəftar edin. Allaha təvəkkül edin və Ondan kömək və sizi himayə etməsini diləyin!”
İsraillilər öz peyğəmbərinə (ə) itaətkarlıq göstərərək dedilər: “Biz Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Kafirlərə bizə üstün gəlməyə və bizi yoldan çıxarmağa imkan vermə. Onlara bizə qələbə çalmağa və bizə: “Əgər onlar haqlı olsaydılar, biz onları məğlub edə bilməzdik” demələrinə yol vermə. Öz lütfünlə bizi kafirlərin şərindən müdafiə et ki, biz öz dinimizə layiqincə etiqad edə bilək və onun hökmlərini, heç kimdən müqavimət görmədən yerinə yetirə bilək”.

(10.87) “Musaya və qardaşına: “Camaatınız üçün Misirdə üzü qibləyə tərəf evlər tikdirin, namaz qılın və möminləri müjdələyin!” – deyə vəhy etdik”

İsraillilərin vəziyyəti həddən artıq ağırlaşdıqda, Fironla Misir əyanları onları dindən üz döndərməyə məcbur etmək cəhdləri göstərməyə başladıqda Fövqəluca Allah Musaya (ə) və Haruna (ə) vəhy etdi ki, İsrail oğulları mənzillər tapsınlar və orada yad baxışlardan gizlənərək Allaha ibadət edə bilsinlər. Onlar hamının getdiyi məbədlərdə namaz qıla bilmirdilər, lakin bu ibadət ayinini yerinə yetirməliydilər, çünki o, möminlərə bütün digər işlərini həyata keçirməyi asanlaşdırır. Allah Musaya (ə) əmr edir ki, iman gətirənləri, Onun yaxınlarda onlara göstərəcəyi yardımla və dinin tezliklə qələbə çalacağı ilə müjdələyərək sevindirsin. Çətinliklərdən sonra həmişə rahatlıq gəlir. Çətinliklərdən sonra, doğrudan da yüngülləşmə başlayır. Möminin, hər hansı bir ağır şəraitdə olmasına baxmayaraq, Allah onun taleyini mütləq yüngülləşdirir.

(10.88) “Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrəfinə dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!”

Musa Fironun və Misur əyanlarının daşürəkliliyini və haqdan üz döndərdiklərini gördükdə, onları lənətləyərək dedi: “Ey Rəbbimiz! Sən Firona və Misir əyanlarına qiymətli bəzək əşyaları, zinətli libaslar, möhtəşəm saraylar, cins minik heyvanları, çoxsaylı xidmətçilər və böyük var-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar isə bunun əvəzində öz var-dövlətlərini insanları azğınlığa salmaq üçün istifadə edirlər. Onlar düz yoldan sapmışlar və başqalarını da bu yoldan çıxardırlar! Onların sərvətini məhv et və ya faydasız daş yığınına çevir və ürəklərini də sərtləşdir ki, əzabverici cəzanı görmədikcə iman gətirə bilməsinlər”. Hər lənətdən sonra Harun peyğəmbər (ə): “Amin!” deyirdi. Onlar fasiqlərin Allahın qanunlarını pozmağa cəsarət etdiklərinə, Allahın qulları arasında fitnə-fəsad yaydıqlarına və insanları düz yoldan çıxartdıqlarına görə bərk qəzəblənmişdilər. Onlar çox yaxşı bilirdilər ki, Allah belə cinayətlərə görə insanları hökmən cəzalandırır və onları iman gətirmək imkanından məhrum edir və elə buna görə də (hər iki) peyğəmbər (ə) Firona və Misir əyanlarına lənət oxudular.


(10.89) “(Allah) buyurdu: “Hər ikinizin duasını qəbul etdim. Siz möhkəm olun və cahillərin yoluna uymayın!”

Fövqəluca Özünün iki peyğəmbərinə buyurdu: “Dualarınız qəbul edilmişdir!” Bu ona dəlalət edir ki, Musa (ə) dua etdikcə, Harun da ona qoşularaq: “Amin!” deyirdi. Bu həmçinin ona dəlalət edir ki, bir başqası dua edənə bu qaydada qoşulursa, onda o da həmin ibadət ayininin iştirakçısına çevrilir.
Fövqəluca həmçinin peyğəmbərlərinə tapşırır ki, öz dinlərindən möhkəm yapışsınlar, haqqı təbliğ etməyi davam etdirsinlər və düz yoldan sapmış və Cəhənnəm tərəfə yönələn cahillərin yolunu tutmasınlar. Sonra isə Allah onlara əmr edir ki, gecənin qaranlığından istifadə edərək İsrail oğullarını Misirdən çıxarsınlar və həm də onlara xəbər verir ki misirlilər onları təqib edəcəklər.
Firon baş vermiş hadisə haqqında eşitdikdə, Misirin bütün şəhərlərinə çapar göndərərək əmr etdi ki, böyük bir ordu toplasınlar. O dedi: ““Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır! Onlar bizi qəzəbləndirmişlər. Biz isə qüvvətli bir camaatıq!” (Şüəra, 26/54-56). O, bütün Misir kişilərinin daxil olduğu saysız-hesabsız qoşun yığdı və İsrail oğullarını təqib etməyə yola düşdü. Eyni zamanda on çalışırdı ki, döyüşçüləri Musanın (ə) və İsrail oğullarının bu hərəkəti ilə qəzəblənsinlər. Əgər hökmdarın qəzəbi böyükdürsə və təqsirkarın günahı açıq-aşkardırsa, onda sərt cəza gözləmək lazımdır.

(10.90) “İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq müsəlman olanlardanam!” – dedi”.
(10.91) “Allah buyurdu: “Ancaq indimi? Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!”

İsrail oğulları dənizin sahilinə çatdıqda Fövqəluca Allah Musaya (ə) əmr etdi ki, əsasını suya vursun. O (ə) bu əmri yerinə yetirdi və dəniz aralandı. Dənizdə on iki kiçid yarandı və İsrail oğulları onlardan keçib getdilər. Firon da öz döyüşçülərini bu keçidlərdən dənizlə apardı və Musa (ə) və qalan bütün İsrail oğulları sahilə çıxdıqda, Firon isə özünün bütün döyüşçüləri ilə dənizə girdikdə Fövqəlqüdrətli Rəbb İsrail oğullarının gözü qarşısında onları suda qərq etdi.
Firon boğulma anında, ucadan qışqırdı: “İsrail oğullarının inandıqları Allahdan başqa tanrı olmadığına və Musanın təliminə iman gətirdim. Mən artıq müsəlman olanlardanam!” Belə olduqda, Fövqəluca Allah bildirir ki, belə bir vəziyyətdə iman gətirmək insana heç bir fayda vermir və sonra belə buyurur: “İndi sən Allahın Elçisinə iman gətirib, onu qəbul etdin, axı sən əvvəllər açıq şəkildə küfrə etiqad edirdin, günah işlər görürdün və fitnə-fəsad yayırdın. Bu gün sənin imanın sənə fayda verməyəcəkdir”.
Kafirlər belə bir vəziyyətə düşdükdə, onlar sadəcə olaraq haqqı etiraf etməyə bilmirlər, lakin bu etiraf faydasızdır. O, Qiyamət günü qopandan sonra imana gəlməyə oxşardır. Axı məhz qeybdə olana iman gətirmək insana faydalı bəhrələr verir.


Tarix: 20.04.2013 / 14:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 494 Bölmə: Sureler
loading...