Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dişləri yumaq yaddaş zəifliyini aradan qaldırır

Dişləri hər gün yumaq yaddaş zəifliyini və ya ümumiyyətlə yaddaşın itməsi problemini aradan qaldırır. Bu, 270 nəfər yaşlı insan üzərində aparılan araşdırma nəticəsində məlum olub. Araşdırmaya görə. dişlərə düzgün quluq orqanizmi bir çox problemlərdən qoruyur və beyinin fəaliyyətinə müsbət təsir göstərir. Lakin dişləri yumaqla yaddaş arasındakı əlaqəni alimlər hələ ki bilmirlər.

Həkimlərin sözlərinə görə, dişlərin çürüməsinin əsas səbəbi qidalanmadır. Xüsusilə şəkərli qidalar dişləri məhv edir. Ona görə də şirniyyatı çox sevən uşaqlarda diş çürümələrinə daha çox rast gəlinir. Təcrübəli stomatoloq, əməkdar həkim Cəfərağa Səmədov həm də süni qida məhsullarının dişlərin əsas düşməni olduğunu deyir.

Tərkibində şəkər, karbohidrat çox olan qidalar, məsələn, kartof, çörək və sairə ağızda süd turşusu əmələ gətirir. Bu isə kimyəvi element sayılır və ağızda çox qaldıqda tədricən dişi zədələməyə başlayır: “Süd turşusu sərt toxumanı yavaş-yavaş zəiflətməyə başlayır. Nəticədə diş çürüməyə başlayır”.

Dişlərin sağlamlığında əsas rol oynayan mikroelement flüordur ki, içməli suda onun miqdarının normadan aşağı olması diş çürümələrini sürətləndirir. Həkimin sözlərinə görə, flüor az olan yerlərdə kariyes çox olur. Zaqatala, Qax, Balakən, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, eləcə də harada qoz ağacları çoxdursa, orada yaşayan insanların dişlərində kariyes çox olur. Çünki qoz ağaçı torpaqdakı flüoru özünə çəkir.

Hamiləlik, yanlış dərmanlardan istifadə, orqanizmin müdafiə qüvvəsinin zəifləməsi də dişlərin tez çürüməsinə səbəb olur. Mütəxəssislər vaxtından əvvəl diş problemləri ilə qarşılaşmamaq üçün onları gündə iki dəfə fırçalamağı, dişarası səthləri təmizləmək üçün xüsusi diş iplərindən istifadəni məsləhət görürlər. Bir fırçanı uzun müddət işlətmək olamaz. Sərt tükcüklü fırçalar da dişlərin aşınmasına səbəb olur.

Dişlərin sağlam olması üçün həmçinin süd və süd məhsulları, meyvə-tərəvəzlə balanslı şəkildə qidalanmalı, orqanizm fosfor, minerallar, A, D, C vitaminləri ilə təmin olunmalıdır. Şəkərli qidalardan, ümumiyyətlə yeməkdən sonra ağzınızı su ilə yaxalayın. Stomatoloq C. Səmədov ümumiyyətlə dişləri çox işlətməyi, kök, alma kimi bərk meyvə-tərəvəzlə qidalanmağı tövsiyə edir. Şəkər əvəzinə isə baldan istifadəni məsləhət görür.


Tarix: 19.01.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Stomatologiya
loading...