Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima Gece Oxusu.OLeÇKa.25 Noyabr

Martın əvvəli, adamların yuxudan doymadığı bir vaxtda, üstəlik bazar günü səhər Moskvada, VDNX metro stansiyasının yanında kirayə tutduğum balaca otaqda köhnə telefonun qulaqdeşən, murdar səsi məni şirin yuxudan oyatdı. Divar saatına baxdım, doqquza on dəqiqə işləyirdi. Dostum Sadıx salamsız-kəlamsız gümrah səslə dedi:
- Saat bir üçün hazır ol, gəlib səni Lyoşagilə qonaq aparacam!
- Nə qonaqlıq?! Başın xarab olub, ay ………! Saat hələ doqquz…
- A kişi, bir dəyqə səbr elə də. Həmən bu Lyoşagil göyçəlilər kimi qonaqsevən, ürəyigeniş adamlardı. Arvadı Natalya Vasilyevna, elə bilirsən…
- Eee, elə üyüdüb tökürsən də!…
- Axıra qədər qulaq as. İnandırım səni, arvadı Nataşanın dolması bizim arvaddarın bişirdiyi dolmadan geri qalmır. Tələbə adamsan, paket supu əvəzinə dolma, ətli, şabalıdlı plov yeyərsən, ağzın dada gələr. Duranda mürəbbəylə bir stəkan acı çay içərsən, orda nə qədər istəsən tıxarsan. Bir də ki, ay dost, səncə….
Telefonun düyməsini basıb səsini kəsdim, dəstəyi isə qırağa qoydum ki, qayıdıb mənə bir də zəng eləməsin. “Tüpürüm sənin qonaqlığına”, – donquldanıb az sonra yuxuya getdim.

***
- Xoş gəlmisiz. Nəhayət ki, gəlib çıxdız.
Qapıda bizi, – ətirlənmiş, təraşlanmış iki qarabalanı irigövdəli, hündürboylu, kazakbığlı Lyoşa (ruslarda Lyoşa Aleksey adının adi danışıqda işlənən formasıdır), başı onun çiynindən olan arvadı Nataşa, bir də böyük qızları Nastya gülərüzlə qarşıladılar, paltolarımızı alıb asılqandan asdılar.
- Tortu neynirdiz, evdə varıydı, – Nataşa nazla deyib dostumun ona uzatdığı tortu, qızılgülləri götürdü, ürəkdən “Spasibo” deyib mətbəxə keçdi.
Qırx səkkiz yaşlı Lyoşa dostumun taxta şirkətində işləyən fəhlələrin içində ən güclüsü, enerjilisiydi. Ali təhsilli bu enlikürək, nəhəng kişi bir vaxtlar Moskvanın hərbi-sənaye zavodlarının birində mühəndis işləmişdi. SSRİ dağılanda zavod bankrot olduğundan, ailəsini dolandırmaqçün Lyoşa fəhləlik eləməyə məcbur olmuşdu, – dörd ilə yaxın idi qış-yay, səhər saat yeddidən axşam saat altı-yeddiyə qədər meşədə başqa fəhlələrlə bir yerdə kəsib doğradığı ağacları yük maşınına yükləyirdi. Qarlı, çovğunlu günlərdə rütubətin adamı az qala boğduğu iyul-avqust aylarında “uff” demədən, şikayət etmədən qan-tər içində işləyirdi ki, evə pul aparıb ailəsini dolandırsın, qızının universitet pulunu ödəsin. Dostum da, sağ olsun, insaflıydı, Rusiyanın o böhranlı illərində Lyoşanın, o biri fəhlələrin də pulunu artıqlamasıyla verirdi.
Biz qonaq otağına keçib oturduq. Masada nələr yox idi. Şuba, olivye, paytaxt, göbələk salatları, bahalı “İmperial” arağı, iki şüşə şampan, qrafində qırmızı, ağ şərab, cürbəcür meyvə, gilemeyvə şirələri, borjomi, limonadlar və s.
Tez dostumdan pıçıltıyla soruşdum:
- Bə o biri bacısı hanı?
(Yolda Sadıx təsvirsiz-filansız eləcə demişdi ki, Nastyadan başqa Lyoşanın səkkiz, ya doqquzuncu sinifdə oxuyan Olya adında kiçik qızı var).
- Gözünə girsin o biri bacısı. Bir yerdə girmişik də içəri. Mən nə bilim hardadı? – cavab verdi, başa düşdüm ki, Sadıx məndən əvvəl iki dəfə burda olanda Olyanı görə bilməyib deyə “yersiz” sualım onu əsəbiləşdirdi.
- Çöldə danışarıq, – hirsimi boğub sakitcə dedim.
Nəhayət, Lyoşa, arvadı və böyük qızı gəlib süfrə arxasında oturdular.
- Olya hardadı? – dostum gözləmədiyim halda mənim sualımı Lyoşaya verdi.
“Buna bax e…”, – ürəyimdə dostumu söydüm.
- Məktəbdədi, bir azdan gələcək. Bilir ki, gələcəksiz, – Nataşa ərini qabaqlayıb cavab verdi.
- Bu da mənim ən yaxın dostum, Əli Musayeviç. Sizə onun haqqında çox danışmışam. Alik də deyə bilərsiz, inciməz, – nəhayət, dostum məni evdəkilərə təqdim etdi.
Hamısı bir-bir əl uzadıb mənimlə tanış oldular. Az sonra Nataşa bişirdiyi isti yeməkləri, – yarpaq dolmasını, göyərtili, sarıköklü tacik plovunu, bir də özbək mantısını buğlana-buğlana mətbəxdən gətirib masaya düzən kimi dedi: “Yeyin dostlar, utanmıyın, qabda heç nə qalmamalıdı”. Sonra Lyoşa “İmperial” arağından süzdü və ilk tostu təbii ki, mənim, yəni təzə qonağın sağlığına dedi.
Mən, səhərdən limonlu karamellə acı çaydan başqa heç nə yeməyən-içməyən ac tələbə dolmadan, mantıdan istədiyim qədər yesəm də, üçüncü qədəh “İmperialdan” sonra başa düşdüm ki, normanı bir az keçmişəm, – başım hərlənirdi, əşyaları cüt görürdüm. Bir də gic gülmək tutmuşdu məni, (çöpəgülənlik məsələsi), güclə özümü saxlayırdım ki, biabır olmayım. Özümü isə inandırırdım ki, ayığam və fikirlərimin cilovu əlimdədir. Lyoşa tualetə gedəndə (arvadıyla qızı mətbəxdə idi) tez dostumdan soruşdum:
- Olya niyə gəlmədi?
- Olya üstündə ağlasın.
- Olya, – kədərli tonda, bir az da inilitili səslə onu cırnatmaqçün dedim.
- Canına azar, – cırnadı. – Az zəhərlən də.
Sadıx elə bildi ki, mən içib keflənmişəm deyə bu sualı tez-tez verirəm. Hardasa haqlıydı, – məlumdur ki, içənlərin bəzilərində tormozlanma gedir, cavab alandan sonra da bir suala beş dəfə qayıdırlar. Amma Olya məsələsi tək içki ilə bağlı deyildi, – sərxoş olmasam da Sadıxa bu sualı ikinci dəfə verəcəkdim.
Gözlərimi yumub Olyanı təsəvvürümə gətirdim. Ağlıma başqa bir sifət gəlmirdi deyə, xəyalımda onu “Lolita” kinosunda baş qəhrəmanı oynayan Melani Qriffitə oxşatdım.
Biz həmin gün yaxşıca yedik-içdik, qarışdırdıq da, – araqdan sonra şampana keçdik. Brejnevin, Rusiyanın, Rusiya-Azərbaycan dostluğunun, Lyoşanın, arvadının, qızlarının (ən əsası orda olmayan, görmədiyimiz Olyanın) şərəfinə tostlar dedik.
Saat doqquza işləyirdi, getmək vaxtıydı, hər ikimiz Olyanı çox görmək istəyirdik. Mən yenə də bunu dostuma deyirdim, bir az da məzələnmək xatirinə, – o isə məni acılamağındaydı. Nəhayət, Sadıx diplomatik şəkildə, bir az da guya zarafatyana dedi:
- Deyəsən, Olya bu gün bizim kampaniyaya qoşulmaq istəmədi.
Anası o dəqiqə reaksiya verdi:
- Ah, tamam yadımdan çıxmışdı deyəm, Olya dərsdən sonra nənəsigilə getdi.
“Paho, vaxt tapdı da getməyə. Biz burda bayaqdan gözlüyürük, bu da nənəsigilə vaxt tapdı getməyə”. Sözsüz ki, dostum da mənim kimi fikirləşirdi.
- ….Bu gecə orda qalacaq, – anası sözünə davam etdi. – Sizə salam göndərdi. Gəlin sizə Olyanın fotoalbomunu göstərim.
Mən (sərxoş) sevincək, gur səslə (içkidən qulaqlarım az qala tutulduğuna görə elə bilirdim hamı mənim kimi pis eşidir) “Böyük məmnuniyyətlə,” – dedim. Sadıx gözlərini ağartdı. (Yəni, “Sən niyə elə anqırdın?!”)
Başladıq albomdakı şəkillərə baxmağa… “Səni gözləməyə dəyərmiş, Olya. Melani Qrifit sənin yanında qələt eliyirmiş. Evinizə qonaq gəlib, sən də vaxt tapdın nənəngilə getməyə”.
- …Olya bu il onuncu sinfə keçdi, ingilisdilli təmayüllü məktəbdə oxuyur. Qiymətlərinin hamısı beşdir, – Nataşa şəkilləri göstərə-göstərə kiçik qızı haqqında həvəslə danışmağa başladı. – Burda biz Soçidəyik… Kislovodskdayıq, bura isə Yaltadı.
Şəkillərin birində qısadonlu Olya Nastya, atası, anasıyla çimərlikdə bir yerdəydilər, Olya dil göstərir, o biri şəkildə meymunun başından öpür, başqa birində kortda tennis oynayırdı. (Bu şəkil hələ də gözümün önündən getmir. Əlində raketka topu vuranda qısa ağ donu yuxarı qalxır…)
Sonra anası böyük qızını, içkilərdən ancaq şampan içən Nastyanı tərifləməyə başladı.
- Nastya da Olya kimi dərs oxumağı sevir. İndi üçüncü kursdadı, psixoloq olacaq. Bir dənə də dördü yoxdur. Nastyuxa, dur get, gətir albomunu, uşaqlar baxsınlar.
Nastyuxa da qəşəng idi, əksər rus qızları kimi uzun, düz ayaqları, toppuş baldırları, üstəlik belinin ortasına qədər tökülmüş, qalın, açıq qəhvəyi rəngli saçları vardı. Amma ikimiz də təzəcə oxuduğumuz “Lolitanın” təsiri altındaydıq, elə bilirdik böyük bacı nə qədər qəşəng olsa da balacaya çatmaz, – bir sözlə, Nastya Olyanın kölgəsində qalmışdı.
Sonra masaya fincanlarda çay, tort, mənim sevdiyim şokoladlı kruasanlar masaya gəldi. Lyoşa da arvadı kimi öz qızlarını tərifləməyindəydi və söhbət əsnasında birdən məlum oldu ki, Olya gələcəkdə model olmaq istəyir, bir-iki sığallı-rəngli jurnaldan fotosessiya üçün təklif də gəlib.
- Nataşa icazə vermir, – Lyoşa başı ilə arvadını göstərdi. – Mən özüm icazə verirəm, amma anası deyir olmaz ki, olmaz. Mənsə arvadımdan qorxuram, – bizə göz vurub yarızarafat şəkildə dedi.
- Olmaz, model nədi, – Nataşa sərt şəkildə reaksiya verdi və bizə tərəf çöndü. – Bax, siz şərq adamısız, qafqazlısız, bilirsiz ki, modellər tez, ya gec fahişə olurlar. Model agentliyinin müdirinin, ya da hansısa biznesmenin altına yıxılırlar. Sonra isə həmin modeli dost payı kimi bir-birinə ötürürlər. Bu cür qızlar axırda yavaş-yavaş bu iyrənc həyata öyrəşirlər. Axı hansı normal ana razı olar ki, qızı…
- Oxx, Nataşa boş-boş danışma, – Lyoşa əsəbləşdi. – On beş yaşlı qız, məktəbdə oxuyan qıza necə də dilin gəlir…
- Söhbət indidən getmir, Lyoş! Mən gələcəkdən danışıram, qızımızın on doqquz-iyirmi yaşı olanda vəziyyət tamam başqa cür olacaq.
- Universitetə qəbul olanda modelliyi atar, əzizim. Bir-iki il model olmağın heç bir ziyanı yoxdur. Qoy qızımız sərbəst həyatın nə olduğunu bilsin.
- Sərbəst həyat, sərbəst həyat, – ərinin ağzını əydi, birdən mənə tərəf çönərək, – Alik, sənin fikrin nədir?
- Mənim? – çaşdım, sərxoş da olsam, necə deyərlər, cavabımın məsuliyyətini dərk edirdim. Əslində qadınla yüzdə-yüz razıydım, amma istəmirdim Lyoşanın xətrinə dəyim, – ona görə çalışdım ki, nə şiş yansın, nə də kabab. – Bilirsiz, – az qala gücənə-gücənə dedim, bir yandan da zəhrimar arağın təsiri, qorxurdum ki, quş buraxam. – Bu suala cavab vermək mənimçün çətindir, – və birdən neytralfason bir cavab tapdım. – Bir iki jurnal üçün şəkil çəkdirmək olar. Amma təbii ki, hər ikinizin nəzarəti altında, yəni çox açıq-saçıq şəkillər də olmasın. Bir-iki fotosesiyadan sonra Olyanı yönləndirmək olar universitetə. Həm də özünə başa salmaq lazımdır ki, ciddi sənət barədə düşünmək lazımdır…
- Yeri gəlmişkən, Alik, – anası sözümü kəsdi, – Olyanın şərqşünaslığa, Türk filologiyasına marağı var.
Bir də gördüm dostumun gözləri işıqlandı. “Ay tülkü, indi fürsəti əldən verməyəcək,” – ani olaraq fikirləşdim. Elə də oldu.
- Əla. Olya türk dili fakultəsinə qəbul olsun, bir müddət mən praktik türk dilini ona öyrədərəm. Natalya Vasilyevna, inandırım sizi, bu sahədə onun uğur qazanma şansları çox olacaq. Siz də bilirsiz ki, Türkiyə Rusiya münasibətləri indi çox sürətlə inkişaf edir, – dostum, necə deyərlər, maşını işə salan kimi axıra qədər sürət pedalını basdı.
- Saşa, bu ki, əla ideyadır. – Nataşanın sifəti açıldı. – Elə bir ideya dediniz ki, məni də, deyəsən elə Lyoşanı da qane etdi. Hər ikinizə sağ ol düşür, mənə dəstək verdiyinizə görə.
(Yeri gəlmişkən, Saşa bir növ Sadıxın rus dilində olan qısa formasıdır). Lyoşa isə susmuşdu, deyəsən, arvadının dedikləriylə razılaşmağa məcbur olmuşdu.
Arada cansıxıcı sükut yarandı, hələ otağa girəndə diqqətimi çəkən xalçadan söhbət açdım. Nataşa elə buna bənd imiş, tez dedi ki, yetmişinci illərdə Lyoşa ilə Bakıda, istehsalat təcrübəsində olanda bu xalçanı alıbmışlar… Və başladı bizim milləti tərifləməyə. Gözəl Xəzər dənizi, çimərlik, bulvar, kabab, əncir, Bakı paxlavası, armudu stəkanda çay, gözəl Bakı qızları və nəhayət, qayıdanda özləri ilə divardan asılan xalçanı, iki yüz qramlıq qara kürü və beş şüşə “Şirvan” konyakı. (Lyoşa baş barmağını göstərib “Vo, heç də beşulduzlu erməni konyakından geri qalmır” – əlavə elədi).
İkinci fincan çayı içib saat on birə işləmiş ordan çıxdıq. Bizi qarşıladıqları kimi mehribanlıqla yola saldılar, bərk-bərk tapşırdılar ki, itib-batmayaq, tez-tez onlara qonaq gələk (Hiss olunurdu ki, söz xətrinə yox, ürəkdən deyirlər. Biz ikinci dəfə onlara qonaq getməyə bilməzdik, – axı heç olmasa bir dəfə də olsa Olyanı görməliydik).
Çölə çıxdıq, evin istisi bizi sıxmışdı deyə bir az gəzişəndən sonra maşına minməyi qərara aldıq. Dostumun ilk sözü bu oldu:
- Olya mənlikdi ha, – bu “kiçik bacını beynindən çıxart” xəbərdarlığıydı.
Soyuq hava üzümə vurmuşdu deyə ağlım özümə qayıtmışdı, başa düşürdüm ki, durub mübahisə etməyin mənası yoxdur: bir də məni dostum qonaq aparmışdı, mən onu yox.
- Onda, Nastya da mənlikdi, – acıqca dedim.
Dostum dinmədi… Dediyim kimi Nastya da yaraşıqlı, seksual qız idi, ancaq bizə elə gəlirdi ki, gözəllikdə kiçik bacısına çatmaz. Həm də Nastya, deyəsən, dostumdan kəsirdi. Çay gətirib dostumun qabağına qoyanda “Bu da sənin çayın”, “Piroqu isə özüm bişirmişəm”, “Xoşuna gəldimi?” (Guya xoşuna gəlməsə, dostum düzünü deyəcəkdi) kimi sözlərlə özünü istiqanlı göstərirdi.
Bir müddət susduq. Dostum sükutu pozdu:
- Deyirəm biz azərbaycanlılar çox axmax millətik… Düz demirəm?
Dinmədim.
- Bax, bu adamlar bizi adam hesab eliyib qonaq çağırıblar evlərinə, özün də gördün nələr yox idi süfrədə.
- Nə olsun ki?
- O olsun ki, onlar bizi qonaq çağırıblar. Biz də indi oğraş-oğraş danışırıq…
- Biz də yox, özündən danış. Cəm halında danışma…
- Əşi, necə yanı e. Sümsük kimi Olyaya gözün düşüb, görmürdüm guya. İndi də deyirəm Olya, sənlik deyil, o dəyqə deyirsən onda Nastya mənlikdi. Dediyimin canı odur ki, elə ikimizin də içi xarabdı… Mənlik, sənlik, Olya isə həll olunmamış məchul tənlik, – dostum bunu sakitcə, əsəbsiz dedi.
Nə gizlədim, gələcək flirt-filan üçün plan qurmasam da Olyaya gözüm düşmüşdü. Dərindən nəfəs aldım, evə çatana qədər bu barədə heç nə danışmadıq.

***
İki ay sonra Lyoşa bizi yenə evinə qonaq çağırdı, yenə də ərli-arvadlı bizi gülə-gülə qarşıladılar, keçən dəfəki kimi bol süfrə açmışdılar, iynə atsan ya salatın, ya da kompotun içinə düşərdi, hamı evdəydi, bircə Olya yoxuydu. Düzü, hər ikimiz narahatçılığımızı üzdə gizlətməyə çalışsaq da, bərk dilxor olmuşduq, əsəbləşmişdik, təxminən eyni cür fikirləşirdik, – axı biz gələndə bu canıyanmış niyə qaxılıb evdə oturmur. İndi də yəqin o biri nənəsigilə gedib.
Lyoşa “Russkaya Vodka”-dan süzdü, bu dəfə artıq tanışlığmızın yox, əbədi dostluğun sağlığına içdik. Bu sağlığı almansayağı bruderşaft (qollarımızı bir-birinə keçirməklə) qaydasında içsək də yalandan deyib-gülsək də ikimiz də əməlli-başlı dilxoruyduq. Nataşanın soyuq, içində qaynamış yumurtanın yarısı olan borşu (xolodnıy borş) dadlı çıxmışdı, – üstəlik, bizə hörmət əlaməti olaraq heç bir yeməyə donuz əti vurmamışdı. (Guya biz, araq xəstələri, zina düşkünləri dini qadağaya sadiq Allah bəndələriydik).
Dostumun gözləri oynayırdı, o dəqiqə başa düşdüm ki, Olyanı axtarır, daha doğrusu, onu görmək istəyir, amma çəkinir, cürət eliyib ata-anasından soruşa bilmir ki, Olya hardadır, gələcəkmi. Dostum divardakı saata baxdı, bizim dildə yavaşca onunla məzələndim:
- Saata niyə baxırsan? İndi gəlməmişik?
Sualımı qulaqardına vurdu.
- Hmm, bilirəm, bilirəm, niyə elə narahatsan, – dedim.
- Bilirsənsə mumla. Deməyə ehtiyac yoxdu.
Nataşa əlində böyük qabda plovu (qarasıyla bir yerdə) mətbəxdən gətirdi.
- Yəqin ki, xoşunuza gələcək. Azərbaycanlı qadınlar kimi bacarmasam da, hər halda düşünürəm, pis çıxmayıb.
- Siz nəinki Azərbaycan, bütün xalqların xörəklərini bişirmək qabiliyyətində olan qadınsınız, Natalya Vasilyevna, – zəhmətkeş rus xanımına kompliment dedim.
Kompliment özünə də, ərinə də ləzzət elədi. (Ümumiyyətlə, bir şeyi deyim ki, rus kişilərinin əksəriyyəti dost-tanışları xanımlarına kompliment deyəndə özlərini az qala dünyanın ən xoşbəxt adamı hiss edirlər).
- Əla, əla. Görürsən, Nataşa, əsl şərq adamıdı Alik, gördün, necə məharətlə dedi, – Lyoşa əl çalmağa başladı. – Belə gözəl komplimentdən sonra, Nataşenka, – deyə-deyə hamımızın badələrini doldurdu, – hamımız ayağa qalxmalıyıq.
Ayağa qalxdıq, başım azca hərlənsə də ayaq üstə dura biləcək haldaydım.
- Mənim əziz Nataşam, – Lyoşa boğazını arıtladı. – Mənim gözəlim və sevgili qadınım.
- Qoy sizin sevginiz əbədi məşəl kimi yansın, – tez əlavə elədim.
- Oho, afərin, – Lyoşa mənə baxıb baş barmağını göstərdi, – Nataşenka, mən xoşbəxtəm ki, sənin kimi, Alik demişkən, müqayisə olunmaz, təkrarolunmaz gözəl arvadım var.
Nataşa razılıq əlaməti olaraq başını tərpətdi. Lyoşa sonra arvadına “Nataşenka, bir dəyqəyə aralan, dostlara bir söz deyəcəm,” – deyib hər ikimizi yanına çağırdı, qulağımıza “Mən sizə göz vuranda Qorko, Qorko (Горько! ) deyə qışqırmağa başlayın.
Biz öz yerimizə qayıdan kimi, Lyoşa bizə göz vurdu, xorla “Qorko” deyəndə, Nataşa əvvəlcə “Vı şto rebyata?” – təəccüblə soruşdu, həm də qəşş edib gülməyə başladı. Lyoşa iri qolları ilə arvadını bir göz qırpımında ağuşuna aldı, və onlar qonaqların yanında utanıb eləmədən on-on beş saniyə öpüşdülər. Nastya isə “Afərin, bravo!” – deyib əl çala-çala cingilitili səslə gülməyə başladı.
Elə hazırlaşırdım ki, soruşam “Olya hardadır?”qapının zəngi çalındı.
- Olya gəldi,- anası yerindən durdu, gedib qapını açdı. Dostumu bilmirəm, məni sanki cərəyanla vurdular.
Düzü, məni gic gülmək tutmuşdu. Çəpəki Sadıxa baxdım, dodağı qaçmışdı, – ikimiz də bir-birimizin ürəyindəkiləri asanlıqla oxuya bilmişdik. (“Axır ki, gəldi çıxdı.”) “Qonaqlar çoxdan gəlib?” – dəhlizdən incə bir səs gəldi. “Bir saat olar”, – anası cavab verdi.
- Bu da bizim Oleçka, – anası məktəbdən gələn kiçik qızını bizə təqdim etdi.
Hər ikimiz “Oçen priyatno,” – deyib əl verib görüşdük. Onun küçədə şaxtadan soyumuş əllərindən hər ikimizin canına istilik gəldi, yanaqları qızarmışdı. On dörd-on beş yaşlı bu gözəl (model) qızın yaşıl, sehrli gözlərinin iriliyi, canlı olması, gülümsəyərkən dodaqları (nədənsə şaxtadan dodaqları çatlamamışdı) və gözlərinin sehri qarşısında hər ikimiz diz çöküb sevgi etirafı etməyə hazır idik. Bir az rus aktrisası İrina Alfyorovanın cavanlığına oxşayırdı. Ani olaraq fikirləşdim: ay Abdulov, sən kef çəkibmişsən ki.
Dərslərindən, müəllimlərindən, tarix üzrə olimpiadada, şəhər turunda birinci yer tutmağından danışdı, bacısı kimi, cingiltili səsiylə, bir az da şıltaq manera ilə dil-dil ötürdü. Dilim qurumuşdu, heyran olmuşdum Olyaya, çox güman ki, vurulmuşdum…
Sonra anası modellərdən söz saldı, mənə baxa-baxa bu sənəti söydü, yıxdı-sürüdü. Olya isə narazı halda “Yenə anam başladı”, – mızıldandı, anası istəyirdi ki, mən də model sənətini, bu işlə məşğul olan qızları pisləyim, qızının bu qorxulu, iyrənc sənətə («Ужасная и скверная профессия») olan sevgisini öldürüm. Mənsə yenə diplomatsayağı söhbətə başladım.
- Olya, sən deyəsən, həm də şərqşünas olmaq istəyirsən, düzdür?
- Aha, türkoloq, – qız cavab verdi.
- Yəqin bilirsən, türkologiya indi perspektivli sahədir, – anasına bu cür başlanğıc ləzzət elədi, razılıq əlaməti olaraq “hə, hə” – deyə-deyə başını tərpədirdi. – Türk dilini yaxşı bilsən turizm şirkətlərinin birində tərcüməçi işləyə bilərsən. Özün də yəqin televizordan eşitmiş olarsan, ruslar indi Türkiyədə iqtisadi baxımdan çox aktivdirlər…
Üzbəüz oturan dostum sağ ayağımı yüngülcə tapdaladı, tərslikdən ayağımın çeçələ barmağının üstündəki mazolu basdı deyə ağrıdan qızardım. Mənə “Yəni o söhbət sənlik deyil, mənim ərazimə girmə!” – mesajını çatdırdı. Acığa öz mühazirəmə davam etdim. Anası başını tərpədir, qız isə dodaqları bir-birindən aralı mənə maraqla qulaq asırdı.
Dostum gördü ki, mən öz işimdəyəm, özü baş vurdu söhbətə:
- Oleçka, – (“Aha, uje Oleçkaya keçdi”), – sənin bir üstünlüyün var. Sən türk dilini öyrənməyə başlayanda praktika problemin olmayacaq. Birincisi, bizimlə danışmaq imkanın olacaq, biz azərbaycanlılar demək olar ki, əksəriyyətimiz türk dilini öz doğma dilimiz kimi bilirik.
- Doğurdan? – Oleçka bunu ilk dəfəydi eşidiridi deyə təəcübləndi.
- ELədi. İkincisi də, mən səni burdakı türkiyəli biznes partnyorlarımla tanış edərəm, şirkətlərin birində işə düzələrsən. Ya da səni bir müddət sonra elə öz şirkətimizə işə götürərəm. İki aylıq İstanbula ezamiyyətə göndərərik. Yəni səndə dil öyrənmək problemi olmayacaq. Natalya Vasilyevna, Olyada xarici dil öyrənmək bacarığı necədir?
- Əla, əla, – anası tez cavab verdi. – İngilis dilində danışa bilir.
- Ay ana, sən də çox şişirtmə, – Olya bir az da nazlana-nazlana dedi.
- Yox, şişirdib eləmirəm, – anası dedi. – Təvazökarlığın yeri deyil, olan şeyi deyirəm.
Qız susdu, bu dəfə atası, razılıq əlaməti olaraq fəxrlə başını tərpətdi. (Anasının, bacısı Nastyanın sifətindəki xoşbəxt təbəssüm otaqda xoş bir aura yaratmışdı). Bircə, mən (paxıl) Olyanın əldən çıxmağını həzm edə bilmirdim və ürəyimdə Lyoşanı, Nataşanı həm söyür, həm də onları soyuq başla düşünməyə çağırırdım: “Qızınızı kimin əlinə verirsiz, axmaqlar? Quzunu qurda tapşırırsız. Qoyun gedib model olsun, amma tərcüməçi olmasın”.
Deyəsən, dostum Olyanı model olmaq fikrindən daşındıra bildi. Sona yaxın on beş (ya on dörd) yaşlı Oleçka İstanbul, Antalyada turizm biznesi sahəsində işləmək həvəsinə düşdü. Dostum instituta qəbul məsələsini də “həll elədi”. Lyoşaya dedi ki, türk filologiyası kafedrasında işləyən Abdulla Kərimov adlı özbək dosentlə, dostdur, bir az hörmət edərik, qəbul elətdirərik.
***
- Gəl, bir az gəzişək, hava da kak-raz yaxşıdı, – dostum mühüm qələbə əldə etmiş adam kimi özündən razı halda dedi.
- Svoloç, ayağımı niyə tapdaladın? Öz də düz mazolumun üstünə. Mənə nə Olya, nə də Nastya lazım deyil.
- Bir dəyqə…
- Sadəcə anasına görə mən o söhbəti elədim. Gördüm ki, anası çox istiyir ki, qızı model olmasın, ona görə bu söhbətə başladım. Lap elə düzünü bilmək istiyirsənsə, mən heç istəməzdim o qız model olsun
- Guya mən istiyərdim? Bir də mənim elə canfəşanlıq eləməyimə baxma, – dostum “mənə Olya lazım deyil” deməyimdən rahat oldu deyə o dəqiqə minor tona keçdi. – Mən özüm də heç dəqiq bilmirəm nə istəyirəm.
- Özünü tülkülüyə qoyma. İki aylıq İstanbula göndərir qızı, – ironiya ilə dedim.
- Elə deməyimə baxma. İnan ki, hələ də dəqiq bilmirəm, mən nə istəyirəm,
- İt kimi bilirsən. Üstəlik də düz eləmirsən. Ayıbdı.
- Vallah, düz fikirləşmirsən.
- Mən fikirləşmirəm. Bununçün heç fikirləşmək lazım deyil. Day hər şey onsuz da göz qabağındadı.
- Yox, inan ki, sən dediyin kimi deyil.
Araya sükut çökdü.
- Bə niyə elə coşmuşdun? Ağzından Oleçka adı düşmürdü, – dilləndim. “Oleçka”nı da ağzımı əyə-əyə dedim.
- Arax. Arağın təsirindəniydi… Bilirəm, sən fikirləşirsən ki, mən indidən o qıza göz qoymuşam. Fikirləşirsən ki, instituta qəbul elətdirib birinci kursda da özüm işinə baxacam. Sən yəqin başa düşmüsən niyə Lyoşa, arvadı belə bizə mehriban üz göstərirlər. Onlar Nastyanı mənə ərə vermək istəyirlər.
- Hə, düzü, mən də hiss elədim. Sənə xüsusi diqqət göstərirdilər, orda oturma burda otur. Anası elə himə bəndiydi, xalçadan söhbət açan kimi başladı bizim milləti tərifləməyə.
- Ee sən də hər şeyə murdar Azərbaycan psixologiyasıyla yanaşırsan. Düzdü, anası, elə dədəsi də çox istiyərlər ki, mən Nastyanı alım. Ama bu o demək deyil ki, bizimkiləri tərifliyirlərsə, mütləq elə qızlarını ərə vermək üçün bunu edirlər.
- Niyə elə fikirləşirsən ki?
- Çünki on ildən çoxdu burda yaşıyıram, rus millətinin psixologiyasına az-çox bələdəm. Onlar bizimlə müqayisədə sadə və səmimidirlər. Və sənin kimi də hər deyilən şeyi beş yerə yozmurlar. Bunlar Sovetin vaxtında gəliblər Bakıya, özlərinin danışdığı kimi, yay vaxtları olub. İşliyiblər, dincəliblər, dolmadan, kababdan yeyib, paxlavaynan çay içiblər, xoşlarına gəlib Azərbaycan, yaxşı təəssüratla da qayıdıblar bura. Sən də o dəyqə yozursan başqa yerə.
Bəlkə də dostum haqlıydı, bu söhbəti uzatmaq istəmədim.
- Nastya yəqin qız uşağıdı, – sualı demək olar ki, təsdiq formasında verdim.
- Sözsüz.
- Sözsüz? – dostumun əminliklə “sözsüz” deməsinə təəccübləndim. – Sən hardan bilirsən ki, qızdı?
- Mən bunları çoxdan tanıyıram. Rus da olsalar anaları ciddi qadındı, hardasa bu məsələdə bizimkilərə oxşuyur. Bəlkə də elə Bakıda olanda bizim adətlərlə tanış olub, xoşuna gəlib. Mən qızlıq-filan məsələləri deyirəm. Bir söz deyim, ama öz aramızda qalsın ha.
- Aha.
- Lyoşa özü bir dəfə mənə dedi ki, Nataşanı qız kimi alıb.
- Hmm, maraqlıdı.
- Ama sən düz deyirsən, hər ikisinin də bərk ürəklərindən keçir ki, mən Nastyanı alım.
- Al da, “tem bolee”, özün də deyirsən ki, qız uşağıdı.
- Yox qardaş, mən rusla yaşaya bilmərəm. Üstəlik, yaşaya bilsəm belə kəndə rus qızı apara bilmərəm. Papam, mamam ömründə qəbul eləməz.
- Aydındı, sənin gözün bacısındadı, – acıqlı-acıqlı dedim. – Səbirsizliklə gözdüyürsən ki, instituta girsin, sən də başlayasan “uxajivat” eləməyə, instituta aparıb gətirməyə, ad günündə gəşəng hədiyyələr almağa. Axırı da ki, məlumdur.
- … (bir qədər sükutdan sonra) Axı, bir tərəfədən də fikirləşəndə… (Dostum danışmağa tərəddüd edirdi), – Olya guya qız kimi ərə gedəcək? Model olsa, ya işlədiyi model agentliyinin böyüyünün qisməti olacaq, ya da anasının dediyi kimi bir biznesmenin altına yıxılacaq. Guya bilmirsən, modellər ömrü boyu özlərinə sponsor axtarır. Sponsorun da biri bir müddət bunu fırradacaq, bezəndən sonra da dostuna ötürəcək, o da başqasına, axırda bədbəxt eliyəcəklər qızı. Axırda da ya pyanska olacaq, ya da narkoman.
- Sən də lap ağ eləmə. Bəyəm modellərin hamısı elə pyanska, narkoman olur?
- Yo, məsəlçün deyirəm də. Yəni lap pis halda belə ola bilər. Ya da tələbə olanda birinci kursda oğlanlardan biri onun işinə baxacaq, bir az gəzəndən sonra da heç onu almayacaq. Guya tanımırsan rusları? Elə hazır qoy elə mən…
- Necə də özünə sərf eləyən proqnozlar verə bilirrsən. Bir yandan deyirsən anası ciddidir-filan, o biri yandan da falabaxan qaraçılar kimi qızın taleyini danışırsan. – (Əslində Sadıx olan şeyi deyirdi). – Demirsən, Nastya qız uşağıdı, sənin məntiqinnən elə ona giriş də. Baxma, biri var iyirmi bir-iyimi iki yaşlı qıza girişəsən, bir də var on dörd yaşlı qıza.
- Nastya?… Nəysə o qədər də ürəyimə yatmır… Dediyim odur ki, Olya qoy elə mənim olsun da. Mən onu tutub zorlamayacam ki. Xoşu gəlməz məndən, heç barmağımla da toxunmaram. Amma xoşuna gəlsəm sevişərik. Burda nə qəbahət var ki? Bir müddət sonra da çıxıb gedər ərə, xoşbəxt olar. Toy gecəsi də əri əziyyət çəkməz, bu da olar mənim yaxşılığım. – Bunu deyəndən sonra hər ikimiz gülüşməyə başladıq. – Onsuz da rus kişiləri üçün toy gecəsi fərqi yoxdu, gəlin qız çıxdı, ya qız çıxmadı.

***
Beş ay sonra bizi yenə qonaq çağırdılar. Olya türk filologiyasına qəbul olmağa qəti qərar vermişdi, artıq tarixdən, rus dilindən müəllim tutmuşdular, anası sevinirdi, – nəhayət, qızı model olmaq fikrindən vaz keçmişdi. Hamı sevinirdi (mən də guya sevinirdim), dostum yenə də eyni vədləri verirdi, – qəbulda kömək eliyəcək, praktik türk dilini öyrədəcək, şirkətə işə götürüb bir aylıq İstanbula göndərəcək və s.
Lap pisi o oldu ki, həmin üçüncü qonaqlıqda bir ay sonra ad günü olacaq dostuma bacılar ayı oyuncağı, bir də Pier Cardin-dən köynək hədiyyə elədilər. İkisinin adından. Pis o mənada ki, Sadıxın ümidləri, ehtirasları daha da alovlandı. Dostum bir az naz eləsə də hədiyyələri götürdü. Gözləri parıldayırdı. arada mənə göz vurub “İşlər yaxşı gedir, deyəsən”, – dedi.
Evdən çıxanda yenə ənənəvi olaraq gəzişməyə qərar verdik. Hava yaxşı idi. Yaxşı hava, hədiyyələr – yeni ümidlər, ehtiras.
- İndi mən neyniyim? Sonra da məni qınıyırsan… Elə özüm də özümü hardasa qınıyıram, – birbaşa mətləbə keçdi.
- Padarkalara görə deyirsən? – dostumun ürəyindəkiləri o dəqiqə oxudum.
- Hə də… Səncə kimin ideyasıdı?
- Heç ağlına gətirmə, – dərhal cavab verdim.
- Dəqiq?
Elə bildi deyəcəm ki, bu Olyanın ideyasıdı.
- Əlbəttə, anasının, ya da Nastyanın ideyasıdır. Ya da dədəsinin, – dedim.
- Hə, düzdü, – dostum dərindən nəfəs aldı. – Nataşa hələ də ümid eliyir ki, böyük qızını alacam. O gün də işdə dədəsi bir xeyli təriflədi ki, qızım Nastya belə bacarıqlı qızdı, yemək bişirməyi bacarır, təmizkardı.
- Al da, keçən dəfə də demişdim, tem bolee qız uşağıdı. Sən kəndə apar, mamangil deyinib-deyinib axırda bezəcəklər. Uşaq da olandan sonra…
- Qulaq as, bəlkə elə sən alasan, – dostum birdən başına yeni ideya gəlirmiş kimi dedi. – Ata-anasını da tanıyırsan, inandırım səni, alsan, başına dolanacaqlar.
- Səy-səy danışma.
- Özü də tərbiyəli qızdı, ən əsası qız uşağıdı. Sənə yaxşı arvad olacaq. Burda propiska olarsan, şirkətimdə işləyərsən, sonra köməkləşib sənə ayrıca ev…
- Dedim sənə, səy-səy danışma. Sizdə evdəkilər necə, bizdə də elə. Bir də fikirləş gör nə danışırsan. Necə yəni, deyək ki, mən Nastyanı alıram, sən də eyni zamanda bacısına, yəni baldızıma girişirsən? Fikirləşirsən nə danışırsan?
- Doğurdan e, bu baldız məsələsi heç ağlıma gəlməmişdi, – deyib dostum bığaltı qımışdı.
Biz bir də Nastya söhbətinə qayıtmadıq. Maşına oturduq. Paltosunun cibindən şəkil çıxardıb mənə uzatdı. Hansısa qlamur jurnaldan kəsib götürmüşdü. Ağ pərdəli, bəzəkli iri iki nəfərlik krallara layiq çarpayı şəkli idi.
- Auksiona çıxardıblar. Start qiyməti yetmiş min dollardı, – dostum dedi. – Fikir ver, kravatın baş tərəfinə, ayaqlarına, bir də bəzi yerlərdə pərdələrə bahalı daş-qaş vurublar.
- Hmm, aydındı. Almaq istiyirsən. Olyayla bu kravatda kayf eləməkçün.
- Təsəvvür elə bu çarpayını alıb aparıram meşəyə, göl qırağına. Və ilk gecəni Olyayla orda keçirdirəm. Dost deyilsən də, - giley eləməyə başladı. – Padderjka (dəstək) deyilən şey yoxdur səndən.
- Padderjka sən nəyə deyirsən ki? – təəccüblə soruşdum. – Neyləməliyəm ki? Meşədə şam tutmalıyam sizə?
- Şam tutmaq lazım deyil, mənəvi dəstək lazımdır mənə, ruhlandırmaq lazımdı məni. Demək əvəzinə ki, indidən giriş Olyaya, qoy xaxola (ruslarda sadə camaat arasında ukraynalılara deyilir), sırtıx dağıstanlıya, gürcüyə qismət olmasın, başlamısan mənə etika dərsi keçməyə.
- Guya sən sırtıx deyilsən?
- Sırtıx olsam, indi girişərdim.
- Yaxşı, mən nə deyim sənə? Deyim ki, get on beş yaşlı qızı korla?
- Mən indidən danışmıram, a kişi. Sonradan danışıram. Dedim axı, universitet, birinci kursda, – dostum ona dəstək vermədiyimə görə əsəbləşirdi.
- Sonrası aydın məsələdi, sənlikdi, amma sifətindən, alışıb yanan gözlərindən görürəm ki, sən elə indi də…
- İndi tam yox, ama, düzü, yüngül flirt istərdim, – Sadıx bic-bic gülümsədi, sonra göz vurdu. – Guya sənin ürəyindən keçməzdi?
- Kimin ürəyindən keçməz ki? Hər adam öz ürəyindəki hər şeyi həyata keçirmək istəsə onda Sodom və Qomorra olar ki. Sən lap Nabokovun Lolitasındakı Qumbertin gününə düşmüsən.
- Demə-demə… Amma yox. Lolitayla müqayisədə Olyada kankret cinsi inkişaf gedib, – qızın döşlərinə işarə vuraraq əli ilə sinəsini göstərdi. – Elə ona görə ürəyimdən keçir ki, qızlığına toxunmadan yüngülvari…
- Yüngülvari demək asandı. Bir gün dodaqlar, ayaqlar. O biri gün də ürəyindən başqa şeylər keçəcək. – sözünü kəsdim. – Qumbert də əvvəl ehiyat edirdi, risk eləmirdi, axırda gördün də başına nələr gəldi.
- Bir də nə bilirsən, bəlkə də Olya “uje” sinifdə birinnən öpüşür.
- Bəs deyirdin, anası ciddi qadındı, nəzarət-filan? – soruşdum.
- Sən də o dəyqə hər şeyə azəbaycanlı psixologiyasıyla yanaşmağa hazırsan. Nataşa ciddi olmağına ciddi qadındı. Neçə ildi Moskvada yaşıyırsan, indiyə qədər başa düşmürsən ki, rus qızlarında ciddilik on doqquz-iyirmi, maksimum iyirmi iyirmi-bir yaşa qədər olur. Bir də yadında saxla, rus qızı ki, sevdi, sevdiyi eşşək otaran oldu, ya taksi şoferi, ata-ana hərrəmir, öz bildiyini eliyir. O azərbaycanlı qızıdı, məsəlçün, bir məktəb müəllimiylə bir-birini sevsələr, sabah tamojnıda işliyən bir oğlan, üstəlik, dədəsi də prokuror ola, qızgilə elçi gəlsə, anası başını bişirəcək ki, a qızım, gələcəyi fikirləş, sənə məktəb müəllimindən ər olmaz, get tamojnıda işləyənə ərə, ömrü boyu ehtiyac nə olduğunu…
- Sən söhbəti uzatma, Olyadan danışırdıq, getdin çıxdın bizim arvadlara, – əsəbi-əsəbi dostumun sözünü kəsdim. – Sözümün canı odu ki, minimum dörd-beş il bu qızı ağlına belə gətirmə. Deyirsən, ola bilsin kiminləsə öpüşür. Sən bir şeyi unudursan, Olya sinifdə hansısa İvanla, Vasya ilə öpüşsə belə, onu öpən soyuqqanlı rus oğlanı olacaq, özünü idarə edə biləcək, sən demişkən, flirtdən o yana keçmiyəcəklər. Ama sən görməmiş qafqazlısan. İkiniz də birdən elə qızarsız ki, iş işdən keçər, sonra Lyoşanın, Nataşanın yanında biabır olarsan. Başa düşdün?
- (Bir az fikrə getdi.) ….Düzdü, səbr eləmək lazımdı, flirt-zad lazım deyil, maksimum ayda bir dəfə zəng edib on-on beş dəyqə danışmaq olar, qoy görsün ki, indidən diqqət göstərirəm ona. Qoy böyüsün, sonra sevərəm onu. Amma indi böyük məmuniyyətlə ayaqlarından öpərdim, – dostum heç cürə yüngülvari sevgi macəraları arzusunu başından çıxara bilmirdi.
- Düzünü de, dizdən yuxarı, yoxsa dizdən aşağı? – məndə də az yoxuydu, bir yandan onu bu işdən çəkindirməyə çalışırdım, amma arada belə atmacalarla, suallarla onu qızışdırırdım.
- Hər ikisini.
“Mən də öpərdim ayaqlarından,” – sakitcə fikirləşdim və dərindən nəfəs aldım…
Düzü, dostumu qınamaq da olmazdı. Olya ilə bağlı ehtiraslar baş verəndə mən aspirant idim, orta məktəbdə 8-9-cu siniflərə cəbrdən dərs deyirdim. Şagirdlərimin içində “olya”ların bəziləri artıq nimfetkalıq dövrünə qədəm qoymuşdular. Mən yaraşıqlı olmasam da, çirkin də deyildim, səliqəli geyinirdim, XS-lə ətirlənib sinfə girirdim. Seriallara baxan, erotik jurnallar oxuyan, bəzənsə bloklarda öz sinif yoldaşları ilə öpüşən bu nimfetkaların bəziləri mənə söz atmaqlarından qalmırdılar.
Səkkizinci sinifdə oxuyan Alyona isə bir dəfə dərsin ortasında elə uşaqların yanında mənə gülə-gülə dedi: “Али Мусаевич, приходите ко мне ночью, дома у нас никого не будет, уверяю вас.” (“Gecə mənim yanıma gəlin, sizi inandırıram evimizdə heç kəs olmayacaq”.) Uşaqlar gülüşməyə başladılar, mənsə dilim topuq çala-çala “Как тебе не стыдно?! Как ты можешь говорить такие вещи на уроке?” (“Utanmırsan?! Dərsdə belə şey demək olar!”) – guya bunu danladım. Uşaqlarsa pıqqapıq gülüşdülər. Alyonanın şıltaqcasına dediyi sözlər huşumu az qala başımdan çıxarmışdı, bir müddət bu sözlərin təsiri altındaydım. Həmin sinfə girəndə o qızı görüb həyacanlandığımdan tez-tez udqunurdum…

***
Bir dəfə də bazar günlərinin birində səhər, bu dəfə ona qalmış telefon zənginə oyandım:
- Günorta Bakı restoranında görüşmək lazımdı, təcili bir məsələ var, – dostum sakit səslə desə də səsindəki yüngül titrəyişi o dəqiqə hiss etdim.
- Nə təcili iş?! – həyacanla soruşdum, amma restoran sözündən anladım ki, “təcili iş” ölüm-itim, dava-qəzayla bağlı olan məsələ deyil. – Kankret de, nə təcili işdi elə?
- Gələrsən deyərəm, – dəstəyi yerindən asdı.
Restoranda dostumu dilxor gördüm… Ağzını açmamış fəhmlə başa düşdüm ki, yenə də qarnının ağrısı Oleçka olacaq. Ürəyini boşaltmağa başladı, anladım ki, məni ora çağırmaqda məqsədi dərdini söyləyib yüngülləşmək, həm də məndən məsləhət almaqdı. Məlum oldu ki, iki gün imiş Lyoşadan xəbər-ətər yoxuymuş. Sadıx üçüncü gün evlərinə zəng edir, telefonu Olya götürür, salam-kəlamdan sonra deyir ki, atası xəstəxanadadı, kor bağırsağını kəsib atıblar. Nədənsə Olyanın soyuq tonda danışması dotumun xoşuna gəlməyibmiş.
Qısası, dostum qorxuya düşmüşdü, ona elə gəlmişdi ki, Oleçka onun ürəyindəkiləri oxuyub, niyyətini, gələcək planlarını bilib, telefonda soyuq danışmaqla bir növ işarə vurub ki, məndən ümidini üz, məni ürəyindən, xəyalından sil getsin. Həm də Sadıx umurdu ki, mən bəlkə bu dəfə ona ürək-dirək verəcəm, deyəcəm ki, əşi fikir vermə, yəqin atasına görə kefi olmuyub, sonra zəng edərsən, bayramların birində qıza hədiyyə alarsan-filan. Bu dəfə mən onun ümid çırağını alovlandırdım. Dedim ki, ola bilsin, Oleçka soyuq danışmaqla əksinə elə sənin soyuqluğuna işarə vurub, yəni haralardasan, niyə zəng etmirsən, gəlmirsən, maraqlanmırsan, ancaq atam işə çıxmayanda zəng edirsən. Düzü, iki aydan çox idi onlara qonaq getmirdik, üstəlik, dostum özü etiraf etdi ki, bir aydan çoxdu onlara, evə zəng etmir.
Dostumun gözləri parıldadı, “Doğrudan?” – soruşdu. “Yüz faiz deyə bilmərəm, çünki adam ürəyi oxuyan deyiləm, ama bu mümkündü, üstəlik nəzərə al ki, Olya yeniyetmədi, bu yaşda olan qızlar keçid dövürünü yaşıyırlar, çox həssas olurlar,” – dedim. Sakitləşdi.

***
Diplomumu alan kimi Bakıya qayıtdım. Sadıx işiylə bağlı Moskvada qaldı. Bakıya gələndə restoranda görüşüb keçmiş xatirələri yada salırdıq. Dediyinə görə üç ildən çox idi Lyoşagillə əlaqəni tam itirmişdi.
- …Kak na zlo , Lyoşa şirkətimdən çıxhaçıxda mən ürəyimlə bağlı bir aylıq Almaniyaya müalicəyə gedəsi oldum. Berlindən qayıdanda da bir müddət başım şirkətin işlərinə qarışdı. Evlərinə zəng elədim, götürən olmadı. Getdim evlərinə, başqa adamlar köçmüşdü ora. Tərslikdən işə düzəldiyi zavodun da adı yadımdan çıxmışdı, heç olmasa adresi öyrənib gedib tapmaq olardı, – dostum yana-yana heyfslənirdi. (Onda mobil telefon hələ təzə-təzə satışa çıxırdı). – Olyanı da bilmədim nə oldu, kimə qismət oldu.
- Əcəb oldu, – deyib göz vurdum.
Sadıx əlini yelləyib nırç elədi, – yəni dediyin heç vecimə də deyil…
İllər keçdi, Lyoşa, Nataşa, qızları yavaş-yavaş yadımızdan çıxdı. İnterneti öyrənəndən sonra yandex.ru, rambler.ru saytlarında Olya Beryozkina yazıb axtarsam da tapa bilmirdim. Nəhayət, odnoklassniki.ru çıxanda orda özümə ünvan açıb artıq iyirmi dörd yaşa girmiş Olyanı asanlıqla tapdım. Demək olar ki, İrina Alfyorova olmuşdu, ağzımın suyu axa-axa səhifəsindəki iyirmi doqquz şəklin hamısına baxdım. Rusiyada müxtəlif illərdə gözəllik, model müsabiqələrində yay, qış geyimlərində (yarımçılpaq Qar Qızı daxil olmaqla), çimərlik paltarlarında, cürbəcür rəngli penuarlardaydı. Şəkillərin hamısında (bütün rus qızları kimi) gülürdü, – bir sözlə, Oleçka həyatından razı idi.
Diqqətimi Antalyada çəkdirdiyi üç şəkil çəkdi. Birincidə Oleçka saçının sarılılığına görə ruslara, xoxollara, qalın bığına, bir də burun formasına görə bizimkilərə oxşayan cavan oğlanın qucağında oturmuşdu, gülürdü. (“Axırda səni elə yenə bizimki bişirdi,” – mexaniki fikirləşdim). O biri şəkildə (həmin oğlanla) Olya, deyəsən, gecə klubunda lap qısa dondaydı, sinəsini qabağa vermişdi, hər ikisi dodaqlarını öpüş üçün bir-birinə yaxınlaşdırmışdı. Üçüncü şəkildə sevgililər gecə palma ağacının altında dayanıb ay işığında busə dadırdılar. Hər şəklin altında isə With my dear friend Arsen Manucharyan (“Əziz dostum Arsen Manuçaryanla”) yazılmışdı…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 574 Bölmə: Sevgi varmı?
loading...