Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xirda Epizod

Həmişəki saat, həmişəki çıqqıltı. Yəqin ki, yenə də səhər saat altıdır, həmişəki kimi. Hər şey həmişəki kimidir.
Yəqin ki, bu gün də hər şey həmişəki kimi olacaq. Xəstəxanada xadimə işləyən arvad dünən gətirdiyi ağları yuyur, birazdan balkona çıxıb onları sərəcək. sonar bu biri qonşular duracaq. Yenə də arvad çayı gecikdirəcək, yenə də kişi deyinəcək, bu arvadı ona calayanın dalınca danışacaq.

Sonra başqa mərtəbələrdəki qonşular da oyanacaq. Işə tələsənlər, dərsə gecikənlər, dükana qaçanlar… Dünən axşamdan bu yana ölmüş kimi görünən şəhər həyatı yenə canlanacaq.

Səməd çarpayısının yanında qoyulmuş balaca şkafın üstündəki saata baxdı. Yeddiyə on dəqiqə işləmişdi. Hə, durmaq vaxtıdır.

Səməd yerindən duran kimi ən əvvəl pəncərədən bayıra baxdı. Bayırdakı hadisələrlə maraqlandığı üçün yox, sadəcə adət etdiyi üçün. Kimisi yuxudan duran kimi idman eləməyə adət edib, kimisi elə yerindəcə siqaret yandırmağa, Səməd də pəncərədən baxmağa.

Səhərin xüsusi gözəlliyi var, adamı heyran edən, bir baxmaqla bütün günü hafizədən silinməyən gözəlliyi. Necə deyərlər – İlahi gözəllik. Səhərin gözəl olduğunu Səməd də bilirdi və hər səhər yuxudan duran kimi sınmış şüşəsinin yerinə kardon yapışdırılmış pəncərədən bayıra baxanda, öz-özlüyündə bir daha yəqinləşdirirdi ki, hə, səhər həqiqətən gözəldir. Günəşin ilk şüalarının, Cəfər Cabbarlı demişkən – “vərəmli tellərinin” səmada təkəmseyrək görünən buludların üstünə düşüb onları əlvan rənglərlə rənglədiyinə baxmaqdan doymaq olar heç, nahaq yerə Səttar Bəhlulzadə səhərə vurulmamışdı ki… Ancaq çox heyif ki, hər şeyin sonu olduğu kimi, bu gözəl mənzərənin də axırı var. Buna görə də Səttar çəkməyi çox arzuladığı tablosunu çəkə bilmədi, onu kətana köçürməyi bacarmadı, ürəyində apardı…

Düzdür, sınmış şüşəsının yerinə kardon yapışdırdığı pəncərəyə baxanda bir az kefi pozulurdu, ancaq nə olsun, səhər ki, öz gözəlliyini itirmirdi. Şüşə sınanda yerinə təzəsini saldıranacan pəncərəyə kardon yapışdırdı. Sonra fikirləşdi ki, şüşəni neyləyir, özü bu gün-sabahlıqdır, ondan sonra da burda çətin ki, kimsə yaşasın. Elə kardon da yaxşıdır.

Günəşin şüaları qızışıb göz qamaşdırmağa başlayanda Səməd gözünü üfüqdən çəkib ani olaraq küçəyə baxdı. Yolda iki maşın harasa şütüyürdü. Görəsən hara gedirlər? Öz sualına özü cavab verdi ki, əşşi, mənə nə var?!

Birdəfəlik çay paketini stəkana tökdüyü qaynar suya saldı. Salamatı budur. Kimdir sonar çaynik yuyan? Axırıncı dəfə stəkanını haçan yuduğu yadına gəlmirdi, oki qaldı çaynik ola. Şkafın gözündən haçandansa qalma peçenye tapdı. Düzdür, bir az nəm çəkib yumşalmışdı, amma eybi yox, elə bununla da keçinmək olar.

Çayı içəndən sonar boş stəkana baxdı. Bu stəkan bir neçə dəqiqə bundan qabaq dolu idi, amma indi boşdur. Nədənsə, ömrünü də indicə içib qurtardığı çaya oxşatdı. Necə olmuşdu ki, ömür bir göz qırpımında keçıb getmişdi? Səməd artıq hər saniyəsi ölüm ola biləcək yaşa çatmışdı. Yetmiş üç yaş… Zarafat deyil ki?! Amma bu yetmiş üç il hardan gəlmişdi, hara getmişdi, Səməd xatırlamırdı.

Elə ki, oxudu, müəllim oldu, həyatını həsr elədi müəllimliyə. Özü yaxşı kadr oldu və var gücü ilə yaxşı kadrlar yetişdirməyə başladı. Daha şəxsi həyat yaddan çıxdı. Yazıq ata-ana, nə qədər dedilər ki, oğul, evlən toyunu görək. oda bu gün-sabaha saldı. Bir də onda ayıldı ki, ata-ana artıq yoxdur. Bir az peşmançılıq çəkdi, hətta arada evlənməyi də ağlından keçirtdi. Sonra pişik asqırdı, ya nə oldusa, evlənmək yenə ixtisara düşdü. Gözünü açanda gördü ki, evlənmək yaşı keçib. Bəlkə də axtarsaydı özünə bab birini tapardı, ancaq axtarmadı. Indi də belə… Cavanlığında elədiyi yekəbaşlığın əziyyətini çəkə-çəkə oturub Əzrayılı gözləyir. Əşşi, keçənə güzəşt deyiblər.

Bir yana baxanda, bəyəm dərs dediyi tələbələrin hamısı onun öz övladı deyil, bəyəm o hər bir tələbəsinə ata qayğısı ilə yaxınlaşmır? Bəyəm tələbələr onun xətrini istəmir, onu görəndə hörmətlə gülümsəyib salam vermir, hal-əhval tutmur?
Yox, nə də olsa Səməd onların atası deyil. Səməd ancaq və ancaq onların Səməd müəllimidir! Vəssalam, qurtardı! Səməd onlara ancaq yaxşı qiymət üçün lazımdır. Bütün o görəndə salam vermələr də, hörmətlə gülümsəmələr də, hal-əhval tutmalar da hamısı yaxşı qiymət üçündür – ayının min oyunu bir armudun üstündə olduğu kimi. Hər şey diplom alanacandır. Elə ki, diplom aldı, qurtardı. Ondan sonra nə Səməd, hansı Səməd, Səməd kimdir? Hamı onu unudacaq, ona etdikləri hörməti, verdiləri salamları, soruşduqları xətir-hörməti unutduqları kimi.

Indiyəcən onun dərs dediyi tələbələrin sayı-hesabı yoxdur. Ancaq indi kim onu itirib-axtarır? Cəmi iki nəfəri. Biri Abdulladır, o da müəllimdir. O biri də Ramiz Bəylərov. O indi professordur, neçə dənə kitabı çıxıb, arada televizorda da göstərirlər. Ancaq onlar Səməd müəllimlərini yada salırdılar, amma sonra nə oldusa Abdulla da vəfasız çıxdı, neçə vaxtdır səsi-sorağı da gəlmir.

…Səməd müəllimlər otağına girib hamı ilə salamlaşdı. Füruzə müəllimə dedi:
-Səməd müəllim, bu il də yəqin ki, qəbul komissiyasında qalan müəllimlərdən biri siz olacaqsınız.
- Hə.
Səmədlə Füruzə müəllimə eyni fənndən dərs deyirdilər. Səməd fikirləşdi ki, buna bax e… Novruzdan on beş gün keçməyib, amma bu indidən istirahətinin qeydinə qalır.

Səməd hər il qəbul komissiyasında qalırdı. Bütün müəllimlər hardasa istirahət edəndə o, Bakının cırhacırında oturub imtahan götürürdü. Bir yana baxanda elə qalmağı yaxşı idi. Getməyə bir yeri yox, bütün yayı evdə ürəyi partlıyardı. Yenə yaxşıdır ki, başı qarışırdı.

Bir neçə il qabaq rektor Səmədə deyəndə ki, bu il də qəbul komissiyasında qalacaq, Səməd ilk dəfə dedi ki, bəlkə bu il Füruzə müəllimə qalsın? Amma rektor xahiş elədi, lap təkid də eləyərdi, amma təkidə ehtiyac qalmadı. Çünki Səməd razı oldu.

Belə olan halda ortaya iki variant çıxır. Ya Səmədin obyektivliyinə, vicdanına inanırlar, ya da ki, onun üzüyolalığından istifadə edirlər. İkinci variant daha uyğun gəlirdi. Səməd sonralar eşitmişdi kii, Füruzə müəllimə rektorla qohumdur. O da qohumunu saxlamayacaq ki… Kimdir indi vicdana-zada baxan?

Ümumiyyətlə Səməd kimdir ki? Adi müəllim. Adamı yox, pulu yox, ölsə qəbrini qazan da tapılmaz. O ancaq hər gün gedib dərs deməyə, hörmətlə gülümsəyib salam verməyə, bir də ki, ilin axırında qəbul imtahanlarında qalmağa yarayır. Vəssalam.

Bu fikirlər müəllimlər otağında da, auditoriya qabağında mühazirə oxuyanda da, tənəffüsdə də Səməddən əl çəkmədi və Səmədi bədbinlik bürüdü. O özünü hələ belə miskin, belə alçaldılmış hiss eləməmişdi.

Səməd bir neçə saatdan sonra bu cür fikirləri beynindən silib atmaq və başını qarışdırmaq üçün divanda oturub televizora baxırdı. Kanalların birində qadın verlişi, ikisində yemək bişirmək verlişi, o birisində klip, başqa birisində də reklam gedirdi. Durub televizoru söndürdü. Dayanıb bir az otağın küncündə qoyulmuş telefona baxdı. Nədənsə telefonu da özünə oxşatdı. Miskin, alçaldılmış, heç kimə lazım olmayan bir şey. Telefon ayda-ildə bir dəfə səslənirdi və telefon səslənən kimi, Səmədin beynində iki variant əmələ gəlirdi: ya Ramizdir, ya da səhv düşüblər.

Səməd evdən çıxıb qapını bağladı. Qonşularının qapısını döydü. Birinci dəfə idi ki, Səməd hər hansı bir qonşusunun qapısını döyürdü. Bu evdə səhər-səhər çayı gec dəmləyən arvad, bu arvadı ona calayanı söyən kişi və onların iki qızı yaşayırdılar. Səməd onları qiyabi tanıyırdı, necə ki, onlar Səmədi. Yaxınlıqları yox idi.

Qapını qızlardan biri açdı.
-Salam qızım. Atan evdədir?
-Hə, keçin içəri.
-Çox sağ ol.

Kişi heç vaxt onun evinə gəlməyən qonşusunun gəldiyini görəndə çaşsa da mehribanlıqla onu salamladı.
- Buyur Səməd müəllim, keç otur.
- Naqafil gəlişim deyəsən səni çaşdırdı. Sənin yanına bir xahişə gəlmişəm.
- Nə xahiş, Səməd müəllim, əmr elə.
- Bilirsən ki, uşağın yoxdur, qohumlarla da əlaqəm çoxdan kəsilib. Ümüdüm gələn sənsən. Qocalmışam, daha vaxtıma çox qalmayıb. Birinci xahişim budur ki, mən öləndə Ramizə deyəsən. Mənim tələbəm olub, indi professordur. Bu da onun nömrəsi. Özünə deməyə utanıram. Mən öləndə Ramizə xəbər elə, bir parça torpaq tapıb məni basdırsın. Nə qəbrimin üstünü götürtdürsün, nə də məclis versin. Heç biri lazım deyil. Ikinci xahişim də budur ki, evimi satmayın. Onu tələbələrə ancaq tələbələrə kirayə ver. Pulu da halal xoşun, ata malın kimi xərclə. Səndən başqa heç nə istəmirəm.

Bu, bir növ Səmədin vəsiyyəti idi və Səməd bunları deyəndən sonra xeyli rahatlaşdı. Sonar evə qayıdıb yerinə uzandı.
Vallah, tənhalıq da bir şey deyilmiş. Nahaqdan deməyiblər ki, aslan da tənha olmasın. Nə olardı ki, evlənərdi, uşaqları olardı… Səməd işdən qayıdıb qapını döyür… gəlini qapını açıb paltosunu soyunmaqda ona kömək edir. Bay, qızı da burdaymış ki… Qızı, kürəkəni, oğlu ilə salamlaşır, nəvələrini öpür. Sonra gəlib bir neçə il əvvəl dünyasını dəyişmiş həyat yoldaşının divardakı şəklinin qabağında dayanıb bir neçə dəqiqə baxır. Bu müddətdə qızı ilə gəlini süfrəni hazırlayırlar. Sonra bütün ailə mehriban-mehriban yemək yeyirlər… Gözəl xəyallardır, ancaq heyif ki, ancaq xəyallardır. Tezliklə Səməd yuxuya getdi…

Yenə səhər saat altı oldu. Yenə səhər açılmağa başladı, amma Səməd durmadı. O, bir daha durmayacaqdı. O, bir daha sınmış şüşəsinin yerinə kardon yapışdırdığı pəncərədən bayıra baxmayacaqdı, səhərin gözəlliyini görməyəcəkdi. O, bir daha qonşusunun arvadını söydüyünü eşitməyəcəkdi. O, bir daha auditoriya qabağında mühazirə oxumayacaqdı. O, bir daha qəbul komissiyasında oturub imtahan götürməyəcəkdi.

Dərs dediyi minlərlə tələbə onu hörmətlə xatırlayacaqdı. Çünki bu tələbələrin hamısı Səmədin xətrini həqiqətən çox istəyirdi. Indi professor olsa da Səmədin ona tələbə vaxtı etdiklərini unutmayan Ramiz Bəylərov onu hörmətlə dəfn etdirəcəkdi, məclis verəcəkdi, qəbrinin üstünü götürtdürəcəkdi. Rektor da, başqa müəllimlər də onu hörmətlə yad edəcəkdilər. Bu il qəbul komissiyasında qalıb imtahan götürən Füruzə müəllimə də yayın cırhacırında qaldığına görə yox, Səməd müəllimin öldüyünə heyfslənəcəkdi. Axı, onu hərif olduğu üçün yox, obyektivliyinə, vicdan;na inandığı üçün saxlayırdılar. Müəllimlər otağında onun böyüdülmüş şəklini asacaqdılar. Qonşu kişi də, Səmədin evini kasıb tələbələrə kirayə verəcəkdi, onlardan pul da almayacaqdı. Tələbələr sınmış şüşənin yerinə təzəsini salacaqdılar, telefon da tez-tez səslənməyə başlayacaqdı.

Amma Səməd bunların heç birini görməyəcəkdi. O, əbədi olaraq yatmışdı.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 328 Bölmə: Sevgi varmı?
loading...