Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima Gece Oxusu.Kawweyin Talehi 1.Noyabr27

sonra dan yerinin şəfəqləri sökülməyə başladı və bu dəfə də hələ səhərin gözü açılmamış – saat 5 radələrində – kişi sövq-təbii olaraq, elə yuxuda ikən səksəkə içində xoruzun o bədnam səsini gözləməyə başladı və doğrudan da on-on beş saniyədən – bu saniyələr yuxuda çox uzun çəkirdi – sonra qart bir xoruz banı yenə bütün həyət-bacanı, o cümlədən də Molla Zeydullagilin şüşəbəndini başına götürdü.

Sübh tezdənin bu qartımış xoruz banı kişiyə o qədər təsir etdi, onu o qədər yandırıb-yaxdı ki, özünü saxlaya bilməyib, dodaqaltı donquldaya-donquldaya xoruzun da, onun yiyəsinin də qarasına bir-iki biədəb söz dedi.

Düzdü, kişi dodaqaltı donquldadı, amma arvadı Xeyransa həmişəki kimi, qazdan ayıq idi, elə yuxuda da onun donqultusunu eşitdi və gözünü açmadan yuxulu-yuxulu mızıldaya-mızıldaya:

- A kişi, əyib döyül sənünçün?- dedi.- Özün də mollasan…- Sonra o biri böyrü üstə çevrilib, ayıq və gözəl yuxusuna davam etdi.

Molla Zeydulla eləcə kal-kal dikəlib döşəkdə oturaraq, dərindən nəfəs aldı və qapqara qıllı barmaqları ilə alnını ovuşdura-ovuşdura, söyüşcül adam olmadığı üçün, qəflətən ağzından çıxan o sözlərin xəcaləti içində fikirləşdi ki, bu xoruz, gör, onu nə günə salıb ki, ağzından bu cür sözlər çıxır, özü də arvadın yanında… Sonra arxasını ərinə çevirib böyrü üstə yatan Xeyransaya baxdı və bu səhər də təskinliyi onda tapdı ki, xoruz banı, heç olmasa, arvadın yuxusuna haram qatmır, Xeyransa doyunca yata bilir. O mənfur xoruz banı doğrudan da Xeyransanın vecinə deyildi, yuxuda bu bana qədər nə görmüşdüsə, eləcə də həmin yuxunun ardını görürdü və Molla Zeydulla pərt-pərt gərnəşə-gərnəşə sinə dolusu əsnədi.

Neçə müddət idi ki – xüsusən bu cırhacır isti yay aylarında – Molla Zeydulla sübh tezdən əməlli-başlı bir xoruz məşəqqəti yaşayırdı və gündən-günə daha da qartan o mənfur qart banın sayəsində səhər çağlarının gözəlliyindən əvvəllər olduğu kimi ləzzət ala bilmirdi.

Zeydulla sovet vaxtı orta məktəbdə otuz ildən artıq idman müəllimi işləyib, təqaüdə çıxmışdı, Sovet İttifaqı dağılandan sonra isə mollalıq etməyə başlamışdı, amma ürəyinin dərinində o, nə idmançı, nə də molla idi, o – şair idi. Yalnız bu mənada yox ki, şeir yazırdı, sadəcə, özünü şair təbiətli bir insan hesab edirdi və onun bu fikrində həqiqət var idi. Uzun ömrü boyu səhər-səhər qonşunun – o xoruzun sahibi Zərbala Molla Zeydulla ilə barı qonşusu idi – xoruz banı ilə yox, öz xoşu ilə yuxudan oyanıb, elə yorğan-döşəyin içindəcə quşların səsinə, dənizin uğultusuna, küləkli günlərdə küləyin vıyıltısına qulaq asmaq yaşının bu çağında saqqalı hələ adda-budda ağarmış sifətindən ağlamlıq yağan bu iri sümüklü kişinin gündəlik həyatının ən sevimli çağları idi.

Düzdür, Zeydulla hələ əllinci illərdə idman texnikumunu bitirib, otuz ildən artıq bir müddət Bakıdakı məktəblərdən birində idman müəllimi işləmişdi və hər gün səhər tezdən kəndin aşağı başındakı stansiyada elektrik qatarına minib Bakıya gedirdi, axşam da kəndə qayıdırdı, ancaq onun əsil şakəri idmanın tədrisi yox, klassik poeziya, bu poeziyanın obrazlar aləmi idi, islam tarixi və fəlsəfəsi idi, özbaşına öyrəndiyi ərəb və fars dillərini də babat bilirdi.

Abşerondakı bu kənd ilə Bakı arasında məsafə elektrik qatarı ilə 35 dəqiqəlik yol idi və Zeydulla müəllim bu 35 dəqiqəlik yolu gedəndə də, qayıdanda da şagirdlərin gələcək idman nailiyyətləri barədə, hətta onların sağlamlığı barədə də yox, Füzuli misralarının, Xəyyam rübailərinin sirri-sehri barədə düşünürdü və vicdanlı adam olduğu üçün bəzən içində xəcalətə bənzər bir hiss də yaşayırdı ki, özünün pedaqoji fəaliyyətinə bu dərəcədə biganədir.

Ancaq nə etmək olardı, Allah hərəni bir cürə xəlq edir və yəqin elə bütün bunlara görə də sovet hakimiyyəti çökəndən sonra onun mollalığa başlamağını kənd camaatı təbii qəbul etmişdi, Molla Zeydulla təkcə öz kəndlərində yox, qonşu Abşeron kəndlərində də nüfuz sahibi olan bir şəxs, tanınmış din xadimi idi.

Onun yaşı xeyli olsa da, çox cavan qalmışdı və hamı bunu kişinin içki içməməyi, siqaret çəkməməyi, ehsan məclislərində açıq-aşkar görünən toxgzlüyü ilə, bəziləri də idmanla yozurdu. Düzdür, Molla Zeydulla heç vaxt səhərlər idman etmirdi, qalan yozumlarda isə, şübhəsiz ki, həqiqət var idi, amma belə saz qalmağının əsil səbəbini onun özü hamıdan yaxşı bilirdi: Molla Zeydulla özünü çox ürəyi təmiz adam hesab edirdi, bu insanda paxıllıq deyilən şey yox idi və o, təbiətdən həzz almağı bacarırdı, Allaha da, dinə də sidq-ürəkdən bağlı idi, tez-tez beynində Nizaminin, Hafizin, Mövlanə Ruminin müdrik misraları səslənirdi və kişi belə hesab edirdi ki, sazlığının da əsil səbəbi elə bunlardır.

Molla Zeydullanın doğma və əziz bir sirri də var idi və bu sirri göydə Allahdan, yerdə isə Xeyransadan və həkim Cəfərovdan başqa heç kim bilmirdi, çünki Molla Zeydulla bu sirri aşkar etməkdən utanırdı – nə üçün utanırdı? – bu bir poetik utancaqlıq idi və bu hissi söz ilə ifadə etmək mümkün deyildi.

Məsələ burasında idi ki, son üç-dörd ildə birdən-birə göydən kişiyə vəhy gəlirdi və özündən asılı olmayaraq qələmi əlinə alıb, o vəhyin gətirdiyi misraları kağıza köçürürdü və beləliklə, klassik bir qəzəl nümunəsi yaranırdı. Bu qəfil yaradıcılıq prosesini Xeyransadan gizli saxlamaq mümkün deyildi və Xeyransa bilirdi ki, Molla Zeydulla şeir yazır, amma bu şeirlərin içində nə var idi? – bilmirdi, çünki kişi bu şeirləri ona oxumurdu və Xeyransanın özünün də buna mənəvi ehtiyacı yox idi.

Xeyransanın bişirdiyi düşbərə-qutab, küftə-bozbaş, fisincan-plov bütün kənddə məşhur idi və Molla Zeydulla arvadının bişirdiyi o gözəl xörəkləri həvəslə yeyəndə, bu, bəlkə də, ondan, yəni Molla Zeydulladan çox, Xeyransanın özünə ləzzət edirdi. Bir sözlə, Xeyransa yalnız onu bilirdi ki, Zeydulla şeir yazır və elə bunun özü kifayət idi ki, Xeyransa ərinin həm də şair olmağı ilə fəxr etsin.

Kənarda bu qəzəllərdən yalnız Həkim Cəfərov xəbərdar idi, çünki Molla Zeydulla ilə uşaqlıq yoldaşı idilər və Həkim Cəfərov kənddə təmkinli, ağzıbütöv və savadlı bir adam kimi tanınırdı, buna görə də Zeydulla öz ürək sirrini yalnız ona etibar edib, qəzəllərini hərdən yalnız ona oxuyurdu. Düzdür, Həkim Cəfərov uzun müddət Rusiyada yaşamışdı və bir az ruslaşmış adam idi, qəzəldəki ərəb və fars sözlərinin çoxunu başa düşmürdü, ancaq Molla Zeydulla onu başa salırdı, həm də bu işi çox həvəslə görürdü, qəzəllərini bərkdən oxumaq, bu qəzəllərdəki mətləbi Həkim Cəfərova izah etmək mollanın özünü dübarə cuşa gətirirdi…

… Və son vaxtlar Zərbalanın xoruzunun bu qart banı Molla Zeydullanın rahat və klassik poeziya məhəbbəti sayəsində mənən zəngin həyatına əməlli-başlı haram qatmışdı: gecələr yalnız öz kəndlərində deyil, qonşu kəndlərdə də hörmətli adamların yas məclislərinə dəvət olunurdu və həmin məclisləri aparırdı, səhərlər isə o xoruz banına görə doyunca yata bilmirdi, bütün günü yuxusuz olurdu və bu da onun adət etdiyi gündəlik həyatına, güzəranına açıq-aşkar xələl gətirirdi. Xüsusən də bu yay aylarında ki, otaq isti olduğu üçün, Xeyransa yorğan-döşəyi şüşəbənddə salırdı – bu da onların az qala əlli illik birgə həyatlarının bir ənənəsi idi – o xoruz qartımış səsiylə, elə bil, qonşu həyətdə yox, kişinin qulağının dibində banlayırdı, Molla Zeydulla da yuxudan oyanıb, daha yata bilmirdi.

Xeyransa bayaqkı kimi yüngülcə oyanıb, təzədən fil yuxusuna gedirdi, ancaq Molla Zeydulla nə illah edirdi, yata bilmirdi, gözəl quş səsi, ya da ki, dəniz uğultusu ilə yox, vaxtsız xoruz banı ilə ayağa qalxıb, həmişəki kimi məşhur mütəfəkkirlərin müdrik kəlamlarını, böyük Şərq şairlərinin gözəl poetik misralarını xatırlamaq əvəzinə, özündən asılı olmayaraq, sabahkı gün də səhərin gözü açılmamış xoruz banına oyanacağını fikirləşirdi və əvvəllər olduğu kimi, çay-çörəkdən əvvəl həyətə düşüb, fikrindəki o gözəl misralar ilə bir yerdə, ağacların, gül-çiçəyin arası ilə gəzməyə də həvəsi olmurdu, şüşəbənddə oturub, təsbehini çevirə-çevirə Xeyransanın yuxudan oyanmağını gözləyirdi ki, qalxıb səhər çay-çörəyini hazırlasın.

Bütün bunlar azmış kimi, belə vaxtlarda Molla Zeydullanın ağlına həyatın mənası ilə, ölümlə, axirətlə bağlı cürbəcür bədbin fikirlər girirdi və o mənfur xoruz banı sayəsində sübh tezdən belə bədbin fikirlərə düçar olması kişinin qanını daha da qaraldırdı.

Və burası da varıydı ki, sübh tezdənin bu qartmış xoruz banından sonra o vəhy də daha gəlmirdi…

2.

Zərbalanın xoruzu bir neçə ayın ərzində təkcə bu kənddə yox, bütün ətraf kəndlərdə məşhur olmuşdu və Zərbalanın özü də elə bu xoruza görə məşhurlaşmışdı, çünki bu xoruzun sahibi olmaqdan savayı Zərbalanın məşhurluğu üçün başqa bir səbəb yox idi.

Dünyanın hansı rəngini desəydin, Kaşeyin – Zərbalanın xoruzunun – tüklərində, qanadlarının, uzun, dimdik və pırpızaq quyruğunun ləçəklərində tapmaq olardı və bu sağlam tüklər, ləçəklər də xüsusən gün işığında par-par parıldayaraq rəng alıb, rəng verirdi. Uzun boynunu elə dik tuturdu ki, elə bil, Allahın bacısı oğludur, bütün kürreyi-ərzə yuxarıdan aşağı baxırdı, tünd boz rəngli dimdiyi isə, xalis qartal dimdiyi idi, enli sinəsi, iri caynaqları var idi, uzun sözün qısası, Kaşey xoruz yox, dünyanın səkkizinci möcüzəsi idi.

Kənddə kiminsə ağzından çıxmışdı, bu xoruza:

- Alə, bu Kaşeydi e, Kaşey!..- demişdi və bundan da sonra xoruzun adı həmişəlik Kaşey qalmışdı.

Kaşeyin ən qızğın azarkeşlərindən biri İstanbuldan gəlmiş və dəniz kənarında təzə salınmış «Ləzzət № 1» İstirahət Mərkəzində stomotoloq həkim işləyən Feyzi bəy idi və Feyzi bəy ilk dəfə Kaşeyi meydanda görəndə:

- «Kaşey» nə demək?- soruşmuşdu və həmişə onun suallarına həvəslə cavab verən kənd cavanları bu dəfə də cidd-cəhdlə Anadolu ləhcəsində danışmağa çalışaraq, stomotoloqa başa salmışdılar ki, «Kaşey» rusların nağılında bir cadügərdir, əla kinosu da var, ona «Kaşey-bessmertnıy» deyirlər, yəni «Ölməz Kaşey», çünki Kaşeyin ürəyi iynənin ucundadır, iynə yumurtanın içindədir, yumurta ördəyin qarnındadır, ördək də dovşanın qarnındadır, dovşan sandığın içindədir, sandıq da zırpı bir palıd ağacından asılıb, o zırpı palıd ağacının da yerini ancaq Kaşey bilir və onu göz bəbəyi kimi qoruyur.

Feyzi bəy bu cavabdan razı qalmışdı, Kaşeyin ürəyinin bu dərəcədə etibarlı bir yerdə saxlanması ona ləzzət etmişdi, çünki bu xoruz həqiqətən də Kaşey deyilən o cadügər kimi bir şey idi, ona qalib gəlmək mümkün deyildi və Feyzi bəy yüz faiz əmin idi ki, Kaşey İstanbulda olsaydı Taksım xoruzları arasında onun tayı-bərabəri olmazdı.

Məsələ burasında idi ki, Zərbalanın xoruzu, yəni Kaşey Abşeronun bu hissəsindəki sahil kəndlərində xoruz döyüşlərinin bir nömrəli qəhrəmanı idi və onun vuruşduğu xoruz döyüşlərinə o qədər adam yığışırdı ki, bu döyüşlərin köhnə azarkeşi olan qəssab Mirzəağa:

- Alə, Zərbala,- deyirdi.- Sən bu Kaşeyin qədrini bilginən!.. Sən öləsən, mən ömrümdə hələ bu qədər adam görməmişəm ki, xoruzlarun tamaşasına yığışsun!..

Sovet vaxtı milisioner işləyən və kənddə xoruz döyüşlərinə yığılmış adamları qovalayan, mərc üçün pul yığmağa qoymayan, yığanları da kənddəki milis bölməsinə aparan (düzdür, onlara öyüd-nəsihət verəndən sonra azad edirdi), Sovet İttifaqı dağılandan sonra isə polis nəfəri olan və özü də xoruz döyüşlərinin əməlli-başlı azarkeşinə çevrilmiş pəltək milisioner Səfər də müdrükanə görkəm alıb:

- Q-q-qədeş düz deyir!..- deyirdi.- Kaşeyin q-q-qədrini bil!..

Kaşey hər dəfə atılıb rəqibinə sarsıdıcı zərbə endirəndə döyüş meydançasını dövrəyə almış o tamaşaçılar bu zərbələrin təsiri ilə:

- Maşallah!..- deyirdi.

- Alə, bu xoruz döyül e, Taysondur, Tayson!..

- Sən öləsən, bu toyuq yumurtasundan yox e, qartal yumurtasundan çıxıb!..

Kənddəki Epidomologiya Stansiyasının müdiri, hələ ki, seçilməsə də ruhdan düşməyib Azərbaycan Milli Mclisinə deputat seçgilərində üç dəfə dalbadal öz namizədliyini irəli sürmüş, 1971-ci ildə ağırlıq qaldırmaq üzrə SSRİ çempionatında dördüncü yer tutmuş Müzəffər müəllim özünü saxlaya bilməyib, elə bil, vuruşan Kaşey yox, Zərbala idi, qışqırırdı:

- Sağ ol, Zərbala!.. Afərin sənə!..

Əlbəttə, bu alqışlar Zərbalaya başucalığı gətirirdi, ancaq onsuz da onun içində böyük bir Kaşey qüruru var idi və Kaşeyin qədrini bilmək az idi, bu xoruz Zərbala üçün oğlu Gülbaladan sonra, dünyanın ən əziz, ən sevimli, ən dəyərli bir məxluqu idi.

Dörd yaşlı Gülbala Zərbala ilə Əminənin yeddi illik evliliklərindən sonra dünyaya gəlmiş ilk və belə məlum olrdu ki, sonuncu övlad idi və əlbəttə, Kaşeyin timsalında Gülbalanın bəxti gətirmişdi, bu mənada ki, daha onların, yəni Zərbala ilə Əminənin uşaq üçün vitaminli ərzaqlar almaq problemi yox idi.

Xoruz döyüşlərindən əvvəl pulu kassirlik edən İbad dayıya verib mərc bağlayan azarkeşlər arasında kim ki, mərci udurdu, pulu kef ilə cibinə qoyurdu, uduzanlar isə Kaşeyə baxa-baxa:

- Halaldır!..- deyirdilər.

Kaşey döyüşəndə udanların gəliri çox olmurdu, çünki əksəriyyət pulu Kaşeyin qələbəsinə qoyurdu, ancaq Zərbala qapı-qapı gəzib ağcaqanad, qarışqa, milçək, siçan əleyhinə dərmanlar satdığı vaxtlar heç yuxusuna da girməyəcək qədər pul qazanırdı və bu pullara görə hansı varlığa borclu olduğunu yaxşı bildiyi üçün, əvvəlcə bazara gedib Kaşeyə seçmə buğda, arpa, yarma, hətta bəzən – qazanc lap çox olanda – yarım kilo kişmiş alırdı və yalnız bundan sonra evin bazarlığını edirdi. Kaşeyin evə gətirdiyi pul Zərbalagilə həftənin axırına, yəni gələn şənbəyə qədər bəs edirdi və növbəti həftədə də xərcləri Kaşeyin növbəti şənbədəki qələbəsi tamam-kamal təmin edirdi. Zərbalagil Kaşeydən sonra adam kimi yaşamağa başlamışdılar.

Döyüşdən sonra bəzən Kaşeyin pipiyi, saqqalı qanayırdı və Zərbala xoruzun yaralarına yod vura-vura açıq-aşkar bir fəxarətlə:

- Alə, – deyirdi.- Heç mənə ömrümdə bələ yod vuran olmayıb e-e-e!..

Kaşey də qart səsi ilə ərköyün-ərköyün qaqqıldaya-qaqqıldaya, elə bil, Zərbalanın dediklərini təsdiq edirdi. O indiyə qədər bir dəfə də məğlub olmamışdı və təkcə Zərbala yox, Abşeronun bu hissəsindəki xoruz döyüşü azarkeşlərinin hamısı yüz faiz əmin idi ki, heç vaxt da məğlub olmayacaqdı.

Cins döyüş xoruzları vardı ki, onların yumurtalarını Türkiyədən, Gürcüstandan, Ukraynadan, İrandan gətirib qırt düşmüş böyük anac toyuqların altına qoyurdular və yumurtadan çıxan kimi cücələri xüsusi təlimlə böyüdürdülər. Kənddə, görünür, Fidel Kastronu dünyanın ən güclü adamlarından biri hesab etdiklərinə görə, söz yayılmışdı ki, Kaşeyin yumurtası Kubadan gəlib.

- Alə, Zərbala, Kaşey doğrudan Kubadan gəlib?- soruşanda, Zərbala mat-mat bu sual sahibinin üzünə baxıb, iki əlini də Kaşeyə tərəf uzadırdı:

- Alə, görmürsən begem?!.

Yəni Kaşeyin Kubadan gəlməsi, gün işığı kimi aydın bir şeydir də… Və əslində, Kaşeyin Kubadan gəlməsinə, elə bil, daha

Zərbalanın özü də sidq-ürəkdən inanmağa başlamışdı.

Kaşeyin isə, aydın məsələdir ki, Kubaya heç bir dəxliyyatı yox idi və o vaxt ki, Zərbalanın arvadı Əminə:

- Toyuq qırt düşüb, getginə, bazardan beş-altı dənə yumurta alginən, onları da altına qoyaq.- demişdi, Ağarza da bazardan beş dənə təzə yumurta alıb gətirmişdi və Əminə də o yumurtaları öz yumurtaları olmayan, amma qırt düşmüş o həyət toyuğunun altına qoymuşdu, Kaşey də o yumurtaların birindən dünyaya təşrif buyurmuşdu.

Ancaq Kaşeyin bu həyat tarixçəsini Zərbala ilə Əminədən başqa heç kim bilmirdi və yəqin ki, heç vaxt da bilməyəcəkdi, çünki Zərbala nə qədər cani-dildən Kaşeyə bağlı idisə, Əminə də bir o qədər Kaşeydən razı idi və yalnız ona görə yox ki, Kaşey evə əməlli-başlı pul gətirirdi – bu öz yerində, Əminənin xalası, İbad dayının arvadı Nisə xala demişkən, «Allah Kaşeyin canını sağ eləsin!»; ona görə ki, – Əminə üçün ən əsası da bu idi – Kaşey peyda olandan sonra, heç kimin ağlına sığmayan inanılmaz bir hadisə baş vermişdi – Zərbala birdən-birə içgini atmışdı.

Kaşeyə qədər hərdən elə ölüm-itimsiz axşamlar olurdu ki, öz kəndlərində də, ətraf kəndlərdə də yas məclisi qurulmurdu və belə gözəl axşamlarda Molla Zeydulla uzun illərdən bəri səliqə ilə yığıb düzəltdiyi şəxsi kitabxanasından seçib bir kitab götürürdü, ya klassik Şərq şairlərinin qəzəllərini, ya bu qəzəllərə yazılmış şərhləri, ya da keçmiş mütəfəkkirlərin müdrik kəlamlarını bir daha gözdən keçirirdi, sonra evdən çıxıb həyət-bacanı dolaşırdı, ürəyində bu dahiyanə poeziyaya, bu müdrik şərh və kəlamlara münasibətini kiminləsə bölüşmək ehtiyacı yaranırdı və həyət qapılarının ağzındakı skamyada oturaraq, təkbaşına çay içə-içə, təsbehini də həmişəki kimi çevirə-çevirə öz-özünə deyinirdi:

- Camaatın qonşusu adam olur, oturub çay içirsən, söhbət edirsən, mənim də qonşum, buyur də – pyaniskə…

Və doğrudan da, Kaşeyə qədər Zərbala «pyniskə Zərbala» idi və Əminə onun xəcalətindən nəinki çalışırdı dükan-bazara az getsin, hətta suyu da evdə qızdırıb çimirdi, çünki kəntdəki hamama gedəndə də kənd arvadları onun gözəl əndamına baxaraq, hayıfsılana-hayıfsılana: «Ağəz, bilmirsən begem ki, ya, kovxası gülüm olanın başına külüm olar? Hə? Nöş uşağı da götürüb, getmirsən atongilə? O pyaniskə sənün tayundu?..»- deyib, ağızlarına gələni danışırdılar. Əminənin anası da hərdən qızıgilə gələndə özünü saxlaya bilməyib deyinirdi: «Xalx qız verib quda qazanır, biz də qız verib qada qazandıq, ay başuvuza dönüm süzün!..»

Həmin vaxtlar Əminə onsuz da həyatdan küskün idi və nəinki kəndin arvadlarını, heç anasını da başa salmağa həvəsi yox idi ki, əvvəla Zərbala onunun gözünün ağı-qarası yeganə oğlunun – Gülbalanın atası idi, ikincisi də, siz nə bilirsiz ki, Zərbala əslində necə adamdır, Zərbalanın ürəyi necə ürəkdir və siz gecə yarısı Zərbalanın xəlvətcə yerindən qalxıb, təkbaşına mətbəxdə oturub içgisiz-zadsız necə ağlamağını görmüsüz? Amma Əminə bunu görmüşdü, özü də bir dəfə yox, iki dəfə yox, Allah bilir neçə dəfə görmüşdü və düzdür, Zərbalanın bundan xəbəri yox idi, yəni Zərbalanın xəbəri yox idi ki, gecənin yarısı yuxudan oyanıb səssiz-küysüz mətbəxə gedəndə, taxta kətildə oturub siqaret çəkə-çəkə ağlayanda, Əminə də yuxudan qalxıb, qaranlıqda qapının ağzında dayanıb, gizlincə ona baxır və Zərbalanın bundan da xəbəri yox idi ki, həmin anlarda Əminəni də qəhər boğurdu.

Qəhər Əminəni bir də xüsusən o vaxtlar boğurdu, bir koma olub boğazına dirənirdi ki, Gülbalanı çimizdirəndə, ona təmiz yuyub ütülədiyi paltar geyindirəndə Zərbalanın o mənfur dərman torbasının qoxusu birdən-birə burnuna gəlirdi və Əminə özü də başa düşmürdü ki, niyə bu dəfə də o özü ağlamaq istəyir, niyə qəhər boğazına dirənib, onu boğur.

Və günlərin bir gözəl günü, elə ki, atası, anası məlum olmayan o diribaş cücə böyüyüb Kaşey oldu, həmin gözlənilməz hadisə də onda baş verdi, yəni Zərbala boynundan asılıb onu dənizin lap dibinə aparmaq istəyən arağın daşını atdı və dərman iyi verən o mənfur torbanı bir tərəfə tullayıb, bu tərəflərdəki Abşeron kəndlərində məşhur Kaşeyin sahibi oldu.

Zərbala Kaşeyə qədər yay aylarında həftədə bir dəfə, iki dəfə – bu, baxırdı, alış-verişə – səhər tezdən elektrik qatarına minib, gedib, Bakıdakı topdansatış mağazalarından ucuz qiymətə ağcaqanad, milçək, qarışqa, siçan əleyhinə, ağaclrın, güllərin, tərəvəzin xəstəlikləri əleyhinə dərmanlar alırdı, həmin mənfur torbasına yığıb, geri qayıdırdı, əvvəlcə qəssab Mirzəağanın kafesinə girib səhər normasını – 150 qram arağını içirdi və bundan sonra müştəri axtara-axtara kəndin ətrafındakı bağ evlərini, Bakı varlılarının yeni tikdirdikləri villaları bir-bir gəzib dərmanları satmaqla məşqul olurdu, bundan soonrası isə həmişə dumanlı yadına gəlirdi, çünki dübarə qəssab Mirzəağanın kafesinə gedib ikinci 150 qramı içəndən sonra baş verənləri yaxşı xatırlamırdı. Qış aylarında isə əsas etibarilə balıqsatan alverçilərə kömək edirdi, yəni Bakıya gedib-gələn magistral yolun kənarında dayanıb, balıqçıların satmaq üçün ona verdikləri balıqları başının üstünə qaldıraraq, sürücülərə, sərnişinlərə satırdı və bu alverin qazancından pay götürürdü.

Və birdən-birə bu alçaq dünyada Kaşey peyda oldu.

Hər şey dəyişdi…

Hər şey dəyişdi, ancaq Zərbala Kaşeyə heç vəchlə gəlir mənbəyi kimi baxmırdı, o, bu xoruzu sidq-ürəkdən sevirdi və bu məhəbbət qarşılıqlı idi. Aydın məsələdir ki, Kaşeyin Zərbalanın əvvəlki həyatından xəbəri yox idi və Zərbala onu qucağına götürüb əzizləyəndə, xoruz üzünün o tərəəfini, bu tərəfini Zərbalanın ovucunun içinə elə bir məhrəmlik, elə bir mehribanlıqla sürtürdü ki, elə bil, Abşeron xoruzlarının qorxunc qənimi o deyildi.

3

İstefaya çıxmış tibb xidməti polkovniki Cəfərov – kənddə hamı onu «Həkim» deyə çağırırdı; həkim çox idi, amma «Həkim» deyəndə, kənddə hamı bilirdi ki, söhbət Cəfərovdan gedir – axır vaxtlar öz səhhətindən narazı idi, təngənəfəs olurdu, ayaqlarının, qollarının oynaqları ağrımağa başlamışdı və özü-özünü müalicə etsə də, axır vaxtlar tez-tez ürəyində rus dilində təkrar edirdi: «starost – ne radost», yəni qocalıq səfeh şeydir və bu dünyada gərək Molla Zeydulla kimi qrafoman olasan ki, yaşının bu çağında sağlamlığının qeydinə qalmaq əvəzinə, başdan-başa xolestrin olan yağlı qoyun əti yeyə-yeyə kosmos və internet əsrində güldən, bülbüldən, Leyli və Məcnundan mənasız şeirlər yazasan.

Həkim Cəfərov sovet vaxtı Sov.İKP üzvü kimi hər ay səliqə ilə üzvlük haqqını ödəyən, partiya biletinə sidq-ürəkdən ehtiram bəsləyən əqidəli – hər halda, ona belə gəlirdi – kommunist idi, ancaq 1990-cı il yanvarın 20-də Mixail Qorbaçovun əmri ilə guya anti-sovet üsyanını yatırmaq üçün Bakıya qoşun yeridiləndən və o qoşun da günahsız insanları gülləbarana tutandan sonra protest əlaməti olaraq partiya biletini atmışdı.

Düzdür, Həkim Cəfərov bir müddətdən sonra partiya biletini geri götürdü, amma daha əvvəlki tək əqidəli kommunist deyildi. Sonra Sovet İttifaqı dağıldı və məlum oldu ki, sən demə, KQB, təkpartiyalıq, kommunizm idealları – hamısı boş şey imiş, bir nəfər – Qorbaçov – o boyda dövləti dağıda bilərmiş. Ancaq illər keçdikcə, deyəsən, Həkim Cəfərov kommunizm buxovlarını qırmış azad dünyada yavaş-yavaş təzədən əqidəli kommunist olmağa başlayırdı, get-gedə ona elə gəlirdi ki, uşaq çağlarında – 1940-ın sonu, 50-nin əvvəllərində – rəhmətlik nənəsi Nikolay vaxtı, yəni Sovet İttifaqından əvvəlki dövr haqqında gözəl xatirələr danışdığı kimi, o da nəvə-nəticələrinə sovet dövrü haqqında gözəl xatirələr danışacaq.

Bunu fikiləşəndə Həkim Cəfərov öz-özünə gülümsəyirdi, çünki başa düşürdü ki, onun bu ehtimalı heç vaxt baş tutmayacaq, amma ona görə yox ki, sovet dövrü haqqında gözəl xatirələr danışmaq mümkün deyildi – lap yaxşı mümkün idi və azad kapitalist dünyasını ki, belə görürdü, get-gedə o xatirələr daha da zənginləşəcəkdi – ona görə ki, iki övladından biri – qızı Yekatrina – isveç Bartolda ərə getmişdi və İsveçdə yaşayırdı, oğlu Aleksandr isə ailəsi ilə birlikdə Sankt-Peterburqda yaşayırdı və Həkim Cəfərov yaxşı başa düşürdü ki, onun haçansa oturub nəvələrinə şirin-şirin xatirələr danışmaq perespektivi sıfıra bərabərdir.

Məsələ burasında idi ki, Həkim Cəfərov 1955-ci ildə Bakıda orta məktəbi bitirib, Leninqradda Hərbi Tibb Akademiyasına daxil olmuşdu, oranı bitiridikdən sonra isə Yaroslavldan tutmuş Vladivostokacan Rusiyanın – nəhəng Rusiyanın – müxtəlif bölgələrindəki hərbi dairələrdə qulluq etmişdi və bir də düz 33 ildən sonra polkovnik rütbəsində istefaya çıxıb arvadı Anna Viktorovna ilə birlikdə Bakıya qayıtmışdı.

Yüksək ixtisaslı həkim kimi bir müddət Bakıdakı xəstəxanalardan birində işlədi, sonra birdəfəlik təqaüdə çıxıb, kənddə boş qalmış ata-baba mülkünə köçdü və burada da kənd camaatı hərdənbir onu xəstə üstünə çağırırdı. Qətiyyən tamahkar adam olmadığı üçün, Həkim Cəfərov heç vaxt pul söhbəti etməzdi və xəstəyə baxandan sonra hansı xəstə sahibi cibinə nə qoyurdusa, hansı bəxşeyişi verirdisə, onunla da kifayətlənirdi. Eyni zamanda sahil boyu salınmış İstirahət Mərkəzlərində, o cümlədən «Cənnət-məkan»da qeyri-rəsmi məsləhətçi idi, yəni ştatda deyildi, maaş almırdı, ancaq turistlərin, ümumiyyətlə, burada istirahət edənlərin səhhətində hansısa bir problem yarananda, onlar Feyzi bəyin tövsiyəsi ilə Həkim Cəfərova müraciət edirdilər, çünki Feyzi bəy onun şəxsiyyfətinə də, peşəkarlığına və səriştəsinə də hörmət bəsləyirdi və Anna Viktorovnaya isə xüsusi hörməti var idi.

Sən demə, Leninqrad da təzədən Sankt-Peterburq ola bilərmiş…

Kimin ağlına gələrdi?..

Axmaq Molla Zeydulla deyir ki, sən familyanın axırındakı «ov»u at, təkcə Cəfər qalsın, guya bununla Həkim Cəfərovun tərcümeyi-halı dəyişəcəkdi? Molla Zeydullanın hələ onun, yəni Həkim Cəfərovun atasının adının necə dəyişdirilməsindən xəbəri yox idi…

Bütün bunlar hamısı boş şeylər idi.

Həkim Cəfərov səhhətindən narazı idi, amma öz həyatından və taleyindən narazı deyildi: Anna Viktorovna olduqca təmizkar, əsəbləri sakit, qayğıkeş, mehriban bir insan idi və 1960-cı ildən ki, evlənmişdilər – düz 52 iliydi – o vaxtdan üzü bu tərəfə aralarında bir dəfə də nəinki dava-dalaş, heç söz-söhbət də olmamışdı və Həkim Cəfərov bunu çox yüksək qiymətləndirirdi. Oğlu da, qızı da ciddi adamlar idi, düzdür, Azərbaycanla demək olar ki, nə cismani, nə də mənəvi əlaqələri var idi, ancaq bu, Həkim Cəfərov üçün xüsusi bir qayğı mənbəyi deyildi, dünya onsuz da qloballaşmaya doğru gedirdi və yüz ildən, iki yüz ildən sonra nə azərbaycanlı, nə rus, nə ingilis?

Həkim Cəfərov bu kənddə anadan olmuşdu, kəndin uşaqları, o cümlədən də Zeydulla ilə (indi molla olub və gül ilə bülbülün məhəbbətindən şeirlər yazır!) yelpələng uçura-uçura, çilədi çiləyə-çiləyə, dənizdə üzə-üzə bu kənddə böyümüşdü və Rusiyada yaşadığı vaxtlarda, əlbəttə, hərdən o günləri xatırlayırdı, rəhmətlik anasını bişirdiyi Azərbaycan xörəkləri, xüsusən plov üçün qəribsəyirdi, ancaq bütün bunlar elə bir problem deyildi ki, Həkim Cəfərov bunları dərd eləyib ürəyinə salsın.

Anna Viktorovna kulinariya kitablarına baxa-baxa Azərbaycan xörəkləri və təbii ki, bu xörəklərin ən məşhuru olan plovu bişirməyə çalışırdı və Həkim Cəfərov üzə vurmasa da, ilk vaxtlar Anna Viktorovnanın kitabda yazılanlara cidd-cəhdlə əməl edib bişirdiyi plovu güclə yeyirdi, çünki bu elə bir plov idi ki, elə bil, Qaçaq Nəbi boğazına qalstuk bağlayıb, başına da şlyapa qoyub, ancaq illər keçdikcə Anna Viktorovnanın bişirdiyi plova elə öyrənmişdi ki, Azərbaycana qayıdandan sonra, bu dəfə də qohum-əqrabanın, tanış-bilişin evində yediyi plovu bəyənmirdi, onun üçün ən gözəl plov Anna Viktorovnanın bişirdiyi plov idi.

Və həmin isti yay günü də Həkim Cəfərov günortaçağı evdə oturub pamidorlu vermeşil supunu yeyə-yeyə rusca:

- Anna,- dedi.- Ya s udovolstviyem poyel bı plov… («Anna, mən məmnuniyyətlə plov yeyərdim…»)

Anna Viktorovna artıq sulanmağa başlamış, ancaq yenə də çox gözəl olan göy gözləri ilə ərinə baxa-baxa gülümsədi və dedi:

- Tolko v naçale sleduyuşeqo mesyatsa… («Ancaq gələn ayın əvvəlində…»

Bu mənada ki, təqaüdü gələn ayın əvvəlində, yəni beş-altı gündən sonra alacağıq və plov bişirmək üçün ət, ya toyuq da onda olacaq. Bugünkü supu isə Anna Viktorovna hələ bir həftə bundan qabaq həmişəki kimi qəssab Mirzəağadan aldığı təzə mal ətinin sümüklərinin suyunda bişirmişdi və Həkim Cəfərov bu cür bulyonda bişmiş pomidorlu vermeşil supunu xoşlayırdı. Onlar həmişə mal əti alırdılar, çünki qoyun əti nədənsə Anna Viktorovnanın qarnını ishala salırdı, buna görə Həkim Cəfərov da daha qoyun ətini yadırğamışdı.

Həkim Cəfərov çiyinlərini çəkdi və Anna Viktorovnanın həmişə əla bişirdiyi pamidorlu vermeşil supundan dolu bir qaşıq götürüb:

- Çto podelayeş?- dedi.- Pokuşaem prekrasnıy sup… («Nə etmək olar? Gözəl supu yeyəyərik…»)


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 467 Bölmə: Sevgi varmı?
loading...