Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bezib məni atarmısan?

Nə müddətir, gülüm, məni
Məndən alıb aparmısan.
Xəzəl edib göy çəməni,
Öz dünyamdan qoparmısan.

Gəldin, əsən yelə döndün,
Getdin, çılğın selə döndün,
Mən yerimdə külə döndüm,
Vaxtsız gələn çaparmısan?!

Gözləyənim hanı mənim,
Sözüm sözdür, tanı məni,
Bu yolumun sonu mənim,
Sən yolundan saparmısan?!

Vüsal gəzən səbrim gödək,
Yol üstəyəm bənövşə tək,
Yırğalasam yüyürük tək,
Qollarımda yatarmısan?!

Qəlbim ağlar, bənd bir himə
Əl toxunsa sarı simə,
Nəfəsini nəfəsimə,
Bir anlığa qatarmısan?!

Bir ürəklik sözəm, səsəm
Bir ürəklik sevən kəsəm,
Əvvəlki tək sevəmməsəm
Bezib məni atarmısan?!

Danışığım, sözüm ərkdi,
Yaxalığın kəpənəkdi,
Bir gör Sərdar nələr çəkdi,
Düşündüyün taparmısan?!


Tarix: 26.12.2014 / 12:56 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Sevgi şerləri
loading...