Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni Unutsam...

Mən səni unuda bilmirəm, axı
Unutsam nələri unudam gərək
Göylərə baxmışıq aylı gecədə
Unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları
Xatirən yadımdan çıxaydı barı
Payızda xəzanı, qışdasa qarı
Baharda gülləri unudam gərək!

De necə unudum mən səni necə?
Sevgi durna deyil payızda köçə
Yuxuma gəlirsən mənim hər gecə
Ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan
Adındır hər saat qarşıma çıxan
Qarışıb şəklinə gözümdən axan
Yağışı, selləri unudam gərək!

Sinəndə peşiman ürəyin qaldı
Uçdun əllərimdə lələyin qaldı
Nələri itirib, bax nəyin qaldı
Nələri...nələri unudam gərək!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi şerləri
loading...