Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dinlə...
Dinlə...

Dinlə şairini, təbrizli gözəl,
Yenə həsrətinlə alışır sinəm.
Tarixi uzundur bu ayrılığın,
Əzizdir qəlbimə, doğmadır bu qəm.

Dünyanı versələr, etmərəm qəbul,
Könlüm vüsalını istəyir ancaq.
Səni qul doğmayıb təbrizli anan,
Sənindir qan sızan o ana torpaq.

Silkin, qoy dağılsın başının üstdən
Sənə gün verməyən qara buludlar,
Torpağın altından boylansın bir-bir
Bahar müjdəçisi çiçəklər, otlar.

Mənə elə gəlir, vüsalın yolu
Gözümlə gözünün arasındadır.
Yox, mümkün deyildir səni unutmaq,
Eşqin ürəyimin yarasındadır!


Tarix: 29.05.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 233 Bölmə: Süleyman Rüstəm
loading...