Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TƏFƏKKÜR YENİLİYİ: RAMAZAN

On bir ayın kirliliyi üstümüzdə. Bu kirlilik əl kirinə, ayaq kirinə bənzəməz.
Onları yuyarsanız təmizlənərlər.
Bu kirlilik ürək kiri, zehin kiri, ağıl kiri, ən əsası isə təsəvvür kiridir.

Şüurun, təsəvvürün kirlənməsi günümüzün amansız bir xəstəliyidir. Ağlı və ürəyi kirlənən insan, bu kirliliyi, - necə olursa olsun, - toxunduğu hər şeyə bulaşdırar. Sözü, düşüncəni, duyğunu kirlədər. Kirli ağılla Quran oxusa, zehnindəki kiri ona da bulaşdırar. İbadət etsə, dadını ala bilməz.
Bu, dünyanın ən nəfis yeməyini çirkli bir qaba qoymağa bənzəyir.

Şüur və ağıl, qəlb və duyğu kirliliyi çirklənmiş bir əza qədər asan təmizlənmir. “Yuyarsan təmizlənər” deyə bilmirsiniz. Bu, digərlərindən min dəfə betər bir kirlilikdir. Çirk mənəvi olunca, ondan təmizlənmənin yolu və üsulu da mənəvi olmaq məcburiyyətindədir.
İbadətlər, insanı təmizləməyin onu yaradan Allah tərəfindən təyin edilmiş üsullarıdır. Çünki insanı yaradan, onun zəifliklərini hamıdan, hətta insanın özündən də yaxşı bilir. Quranın dediyi kimi: “O yaratdığını tanımazmı?”
Tanıdığı üçün də insanı kir və paslarından təmizləyəcək ən doğru reseptləri də O yazar. Vəhy, məhz bu reseptlərdən tərtib olunmuş ilahi bir şəfa xəzinəsidir.

İbadətlər məqsəd deyil, vasitələrdir. Onlar həyata keçirəcəkləri daha böyük məqsədlər üçün mübarək bir vasitədirlər. Hər ibadətin illəti, qayəsi və hikməti var, bəzən bu illət, qayə və hikmət o ibadəti əmr edən ilahi mesajın içərisində açıq-aşkar yazılı olaraq keçir; bəzən də dərin düşünmək və induksiya [1] üsulu ilə vəhyi oxumağın nəticəsində əldə olunur.
Oruc ibadətinin məqsədi, birincisinə aiddir. Orucu əmr edən ayə belə başlayır: “Ey iman edənlər! Oruc, sizdən əvvəlki ümmətlərə fərz olunduğu kimi, sizə də fərz oldu!” Bu ilahi təlimatın arxasından, oruc ibadətinin insanda yaratmaq istədiyi məqsəd bildirilir: Ləalləkum təttəkun: “Bəlkə təqvaya çatarsınız.”
Bəli, orucun məqsədi insanı “məsuliyyət şüuru” olan təqvaya çatdırmaqdır.
Kimə qarşı məsuliyyət şüuru?
Əvvəlcə insanın öz varlığına qarşı məsuliyyət şüuru. Çünki yaradılanların tacı olan insan Allahın şah əsəri olaraq bir məqsəd uğuruna yaradılmışdır. Allah sual verir: “sizi məqsədsiz olaraq yaratdığımızımı düşünürsünüz?”
Başqa sözlə insan, öz varlığının məqsədini soruşmaq, axtarmaq və tapmaq məcburiyyətindədir. Bax, insanın özünə qarşı məsuliyyəti budur.
İnsan özünə qarşı məsuliyyətini dərk edərsə, Allaha qarşı məsuliyyətinin şüuruna da varacaq. Bax “təqva” budur.
Bu şüur formalaşdıqdan sonra insan, digər insanlara, təbiətə və əşyaya qarşı məsuliyyətini də dərk edəcək.
Bu mənada oruc tutmaq, insanın öz daxili dünyasına qarşı olan məsuliyyətini yerinə yetirmək mənasına gəlir. Zəifləyən ruhun qidalanması üçün ruhun doydurulması kimi. Çünki on bir ay boyunca bədənə kapital yatırtmaq ruhu, ağlı, şüuru arxa plana almış, onları zəiflətmişdir. Amma insanı insan edən əti, sümüyü deyil. O halda məsələ insanı insan edən dəyərlərin gücləndirilməsi, onların qidalandırılması və yüksəldilməsidir.

İnsan, onu insan edən dəyərlərini bəslədiyində qaranlıqda qalan könlü aydınlanacaq, ağlı aydınlanacaq, şüuru aydınlanacaq və görməyən qəlb gözü görməyə, qəlb qulağı eşitməyə, qəlb burnu qoxu almağa başlayacaq.
Bu mənəvi inkişaf, insan idrakını yüksəldəcək və o, ibadəti sayəsində Rəbbi ilə arasındakı əlaqəni aktiv hala gətirəcək.
Bu əlaqənin insana aid tərəfi ubudiyyət [qulluq], Allahdan ona qarşılıq olaraq enən isə rububiyyətdir [Rəblik].
İnsandan yüksələn dua olacaq.
Allahdan enən icabət [2]olacaq.
İnsandan yüksələn sual olacaq.
Allahdan enən cavab olacaq.
Ünvanını tapan hər yüksəliş bir “merac” olacaq. Təbii bunun Allah tərəfindən verilən qarşılığında isə “nüzul” yer alacaq. Və məhz vəhy, insanoğlunun varlıq suallarına Allahın verdiyi bir cavabdır və Allahın insana tənəzzül etməsinin bir nəticəsidir.
Son vəhy, Məkkədə, Hira dağında bir Ramazan gecəsi nazil olmağa başlamışdı. Biz möminlər vəhyin doğum ayı olduğu üçün Ramazanı “ayların sultanı” hesab etmişik. Çünki o, “sözlərin sultanı” olan vəhyin insanoğlunun qaralan üfüqünü aydınladan aydır.
O halda Ramazan əslində Quran ayıdır və bu ay bütün müqəddəsliyini vəhydən alır.
Ramazan, Quranla bütünləşmə ayı olmalıdır. Quran sadəcə əlimizdə və dilimizdə deyil, ürəyimizdə, ağlımızda, hər şeydən də əvvəl həyatımızda olmalıdır.
Quranın həyatımızda olması üçün, təsəvvürümüzü, ağlımızı və şəxsiyyətimizi Qurana inşa etdirməliyik. Zatən uca olan Quranı ucaltmağa çalışmaq kimi bir çaşqınlığı buraxıb, Quranın bizi ucaltması üçün lazım olanları etməli, heç olmazsa bu Ramazanda “Ey Rəbbim!” Mən, mənə göndərdiyin mesajı indiyə qədər açıb oxuyub anlamadığım üçün, Səndən üzr istəyirəm!” deyərək, viranə qalmış daxili dünyamızı Quran vəhyinə inşa etdirməliyik.
Bunu sadəcə özümüz üçün deyil, vəhyin işığına möhtac qalmış digər insanlar və bu torpaqlarda hüznlü və kədərli olan imanın gələcəyi üçün də etməliyik.


Tarix: 06.01.2013 / 15:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 552 Bölmə: Ramazan
loading...