Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstifadə müddəti uzun olan ərzaqlar insan ömrünü qısaldır

Ərzağa vurulan qoruyucu qatqı maddələri malın uzun müddət istifadəyə yararlı olmasını təmin etsə də, əslində bu maddələr sağlamlığa ciddi zərbə vurur
Alış-veriş edərkən aldığımız malın üzərinə diqqət yetirərək istehsal və istifadə müddətini axtarırıq və oxuyanda sevinirik ki, hələ istifadəyə yararlıdır, filanıncı ilə qədər də vaxtı var. Əslində isə bu yararlılıq müddətinin özü belə etibarsızdır. Daha doğrusu, ərzağın üzərində yazılan istifadə müddəti o ərzağın hələ xarab olmamasına, keyfiyyətinin pozulmamasına dəlalət etsə də, digər tərəfdən bu “uzunömürlülük” insanların ömrünün qısalmasına xidmət edir. Nədən? Çünki uzun müddət vitrinlərdə, piştaxtalarda saxlamaqdan ötrü yeyinti məhsullarının tərkibinə vurulan kimyəvi qatqı maddələri insan sağlamlığının, bəlkə də, bir nömrəli düşməni olmaqla orqanizmdə xroniki xəstəliklərin, cürbəcür ağır fəsadların yaranmasına səbəb olur.

İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin müəllimi, professor Ahmet Aydın bununla bağlı açıqlama verərək bildirib ki, ərzağa vurulan qoruyucu qatqı maddələri malın uzun müddət istifadəyə yararlı olmasını təmin etsə də, əslində bu maddələr sağlamlığa ciddi zərbə vurur. O, sağlam qidalanma üçün təbii və təzə məhsullara üstünlük verməyi, tərkibinə vurulan kimyəvi maddələr sayəsində istifadə dövrü uzadılan ərzaqlardan uzaq durmağı tövsiyə edir. Ahmet Aydın eyni zamanda bir çox xəstəliyin qarşısını almaqdan ötrü pambıq, qarğıdalı və soya yağlarından, duzdan, şəkərdən və undan az istifadə etməyi, daha çox D vitamini almağı, kərə yağı yeməyi, gündə 6-8 stəkan su içməyi və suyu yeməklə birlikdə deyil, yarım saat əvvəl və ya sonra içməyi məsləhət görüb.


Tarix: 21.01.2015 / 11:26 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Qidalanma və Dieta
loading...