Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Münaqişənin nəticələri

1918-ci ilin iyun-iyul aylarında Sülh və mehriban qonşuluq münasibətlərinə dair razılaşmanın əksinə olaraq, Ermənistan Respublikası Azərbaycana qarşı irimiqyaslı təcavüzə başladı. Naxçıvan şəhərinin işğalı, Azərbaycanın Zəngəzur və Qarabağ bölgələrinə kütləvi hücumlar 115 kəndin viran edilməsi və 7729 Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələndi. Təxminən 50.000 nəfər yurd-yuvasından didərgin düşdü.

1921-ci il, 5 iyul tarixdə Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar qəbul etdi: "Müsəlmanlar və ermənilər arasında sülhün, aşağı və yuxarı Qarabağ arasında iqtisadi əlaqələrin, Azərbaycanla davamlı münasibətlərin qorunub saxlanılması zərurəti əsas götürülərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın və ona geniş regional muxtariyyət verilsin".

Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququnun verilməsi ilə eyni vaxtda əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Zəngəzur və Qazax rayonunun bir hissəsi (9.000 kv.km.) Ermənistana verildi. Sovet hakimiyyəti dövründə Azərbaycanın ümumilikdə 20.000 kv.km. ərazisi Ermənistana verilmişdir.

1923-cü il, 7 iyun tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin "İnzibati mərkəzi Xankəndi (1923-cü ilin sentyabrında şəhərin adı dəyişdirildi və bolşevik lideri Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı) olmaqla, Dağlıq Qarabağda muxtar vilayətin yaradılması" haqqında fərmanı qəbul edildi; eyni zamanda, Ermənistanda yığcam halda yaşayan üç yüz min azərbaycanlıya Sovet hökuməti və Ermənistan SSR tərəfindən hətta mədəni muxtariyyət verilmədi.

1948-1953 illərdə Ermənistanın azərbaycanlı əhalisi həmişə təzyiq altında yaşayıb və bu da azərbaycanlıların Ermənistandan kütləvi deportasiyaları ilə nəticələnib. Rəsmi məlumata görə, 1948-1953-cü illərdə 250 mindən artıq azərbaycanlı Ermənistandan Azərbaycanın Kür-Araz ovalığı rayonlarına köçürülüb.

1987-ci il, 18 noyabr tarixində Kremlin müşaviri A.Aqanbekyanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə bəyanatı. Bu bəyanat milli ədavət hissinin daha da alovlanmasında və münaqişənin kəskinləşməsində həlledici rol oynadı.

Noyabr-dekabr – İrəvanda Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi şüarları ilə nümayişlər keçirildi. 1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması başladı. Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Bakı və Sumqayıtda yerləşdirildi. Fevral ayında münaqişənin ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ) öldürüldü.

1988-ci ilin 27-29 noyabrında Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü. Dekabr ayında Ermənistan SSR-də 220.000 – dən çox azərbaycanlı öz evlərindən zorla çıxarıldı.

1989-cu ilin 29 iyul tarixində Azərbaycandan Ermənistana gedən dəmiryol xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlandı. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən təcrid edilməsi başlandı.

1 dekabrda isə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi və Qarabağ müharibəsi başlandı.


Tarix: 08.01.2015 / 14:18 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Qarabağ müharibəsi
loading...