Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağin qəza və nahiyələri

Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyi xeyli geniş əraziləri əhatə edirdi. "Təzkirətül-müluk"da Qarabağ bəylərbəyiliyinə daxil olan və hakimlər tərəfindən idarə olunan 9 nahiyənin adları sadalanır və onların iqtisadi və hərbi vəziyyəti haqqında maraqlı statistik məlumatlar verilir. Zəyəm hakimi 5998 tümən 5980 dinar illik mədaxilə və 1200 nəfərlik qoşuna, Bərdə hakimi 3792 tümən 2735 dinar mədaxilə və 515 nəfərlik qoşuna, Ağstafa hakimi 852 tümən 5930 dinar mədaxilə və 700 nəfərlik qoşuna, Cavanşir hakimi 2102 tümən 8000 dinar gəlirə və 832 nəfərlik qoşuna, Bərgüşad hakimi 341 tümən 2750 dinar gəlirə və 300 nəfərlik qoşuna, Qara-Ağac (Gürcüstanın Kaxeti vilayəti ərazisində yerləşirdi) hakimi 636 tümən 5434 dinar gəlirə və 210 nəfərlik qoşuna, Lori və Pəmbək hakimi 1545 tümən 8434 dinar gəlirə və 550 nəfərlik qoşuna, Arazbar ölkəsinin və Bayəzidli elinin hakimi 601 tümən 8345 dinara və 300 döyüşçüyə, Simavi və Tərkür ölkəsinin hakimi isə 300 tümən 2945 dinara və 47 döyüşçüyə malik idi. "Təzkirətül-müluk"a görə Qarabağ bəylərbəyiliyinə tabe olan bu 9 nahiyədən toplanan ümumi illik gəlir 16172 tümən 553 dinar təşkil edirdi. Gəncədə oturan bəylərbəyinin illik mədaxili 28614 tümən 9435 dinar, xidmətində olan qoşunun sayı isə 1430 nəfər təşkil edirdi. Mirzə Səmia Qarabağ bəylərbəyiliyinin ümumi illik gəlirinin 24726 tümən 978 dinar olduğunu göstərir. Lakin bu zaman rəqəmlər arasında uyğunsuzluq yaranır. Çünki belə olduqda bəylərbəyinin gəliri ümumi mədaxili üstələmiş olur. V. Minorski bəylərbəyiyə aid məbləğin əvvəlinə "2" rəqəminin səhvən yazıldığını müəyyənləşdirmişdir. Belə olduqda bəylərbəyinin və ona tabe olan nahiyə hakimlərinin ümumi gəliri 24780 tümən 9988 dinar təşkil edir ki, bu da mətndəki rəqəmə çox yaxındır. Qarabağ bəylərbəyiliyinin daimi qoşununun ümumi sayı 6084 nəfərdən ibarət idi.


1593-cü ilə bağlı Osmanlı "təhrir dəftəri"ndə Gəncə-Qarabağ bəylərbəyiliyinin inzibati əraziləri:

Gəncə sancağı (Gəncə, Gəncə aranı, Gəncə dağıstanı, Şəmkir aranı, Sonqur dağıstanı, Kürəkbasan aranı, Şütür, Danqı, Zəyəm aranı, Yaylaq, Tovuz, Dəmirçihəsənli-Qazax nahiyələri)
Bərdə sancağı (Bərdə, Sir, Pətəklik, İncərud nahiyələri və ulusati-Iyirmidörd ölkəsi)
Xaçın sancağı (Xaçın, Qaraağac, Ağcabədi, Çalaberd dağıstanı, Çalaberd, Qarqar, Mağavuz nahiyələri, Ulusati-Hacılı, ulusati-Otuziki ölkələri),
Ağstabad sancağı (Ağstabad (Ağstafa)-Böyükçay, Quzey, Güney, Incə dağıstanı, Incə nahiyələri)
Dizaq sancağı (Arazbar, Dizaq dağıstanı, Dizaq nahiyələri),
Həkəri sancağı (Keştasb, Həkəri, Zarıs, Alpavut nahiyələri)
Vərəndə sancağı (Vərəndə nahiyəsi)
1727-ci ilə bağlı Osmanlı "müfəssəl dəftəri"ndə isə Gəncə-Qarabağ bəylərbəyiliyi

Gəncə livası (Gəncə şəhəri, Gəncəbasan, Sunqurabad, Şəmkürbasan, Kürəkbasan, Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Şütürbasan, Talış, Gülüstan, Yevlaq-Qaramanlı, Danqı nahiyələri)
Xılxına livası (Xılxına şəhəri, Xılxına, Həsənsu, Tavus, Axıncı, Əsrik, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm nahiyələri)
Bərdə livası (Bərdə şəhəri, Bərdə, Incərud, Sir, Bayat, Xaçın, Çelaberd, Keştək, Vərəndə, Dizaq, Köçəz, Zarıs, Keştasf nahiyələri),
Arazbar livası (Arazbar, Həkəri, Çulundur nahiyələrindən),
Lori livası (Güney, Quzey nahiyələri)
Camaatları:Cavanşir eli, Otuziki eli, Kəbirli eli, Kəngərli eli, Ətyeməzli camaatı, Püsyan eli və Qaraçorlu eli


Tarix: 08.01.2015 / 13:57 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Qarabağ bəylərbəyliyi
loading...