Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaçın knyazlığı - Abidələr

Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng məbəd kompleksi, yəni "tanrı məbədi" adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastrın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən əlalın oğlu olan Vaxtanq kompleksin əpazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə Arzu Xatun məbədini tikdirmişdir. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fəsadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdur. Arzu xatun alban knyazı Kürdün qızıdır. Alban knyazı Ohanes tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə qonşu xalqların kilsələrindən fərqlənir. Şəki rayonunun Kiş kəndindəki müqəddəs Yelisey məbədinin, Orta Zəyzit kəndindəki bir nefli Zəyzit məbədinin və Oğuz rayonundakı müqəddəs Yelisey məbədinin plan quruluşları demək olar ki, eynidir. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilmişdir. Bunlardan bizim günlərə çatmış ən diqqət çəkəni Dağlıq Qarabağın Ağdərə rayonundakı Müqəddəs Yelisey kompleksidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastır kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış, iri baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilmişdir. Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Monastır kompleksində dəfələrlə yenidənqurma və inşaat işləri aparılmışdır. IV əsrdə ölkədə cərəyan etmiş hadisələrlə əlaqədar "Aqvan tarixi" əsərində Moisey Kalankatlı Amaras monastrının tikilməsindən bəhs edir. O, yazır ki, Haband vilayətində xristianlığı geniş təbliğ etmək məqsədilə Amaras şəhərindən memarlar, sənətkarlar və fəhlələr cəlb olunmuş, yaraşıqlı kilsə binası ucaldılmışdır. Amaras monastrı IX əsrdə Xaçın knyazları tərəfindən əsaslı bərpa edilmiş, XIII əsrdə isə yenidən qurulmuş, monastır kompleksinə çevrilmişdir. Alban kilsəsinə aid bu abidə hazırda Xocavənd rayonunda yerləşir. Düzbucaqlı plan quruluşu olan bu kilsə yaxşı yonulmuş ağ daşlardan səliqə ilə hörülmüşdür. İkimailli daş dam örtüyünün üstündə altı sütunlu ratonda yüksəlir. Monastrın düzbucaqlı həyətini əhatə edən və dörd dairəvi bürcü olan qala divarları kobud yonulmuş daşlardan hörülmüşdür. Həyətdə qala divarlarına bitişik yaşayış və təsərrüfat otaqları inşa edilmişdir. Kilsənin fasad hissəsində giriş qapısının üstündə ensiz pəncərə qoyulmuş, onun üstündə isə iri barelyef xaç düzəldilmişdir. Rəvayətə görə müqəddəs Qriqorisin Qafqaz Albaniyasında missionerlik fəaliyyəti faciə ilə nəticələnmiş, o qətlə yetirilmiş, Amaras monastrı kompleksinin ərazisində dəfn olunmuşdur. XIII əsr Xaçın knyazlığının tarixində intibah dövrü olmuşdur. Mehranilər sülaləsindən olan məşhur alban knyazı Həsən Cəlal Dövlənin babası Böyük Həsən, atası knyaz Vaxtanq, oğlu Vaxtanq, gəlini Arzu xatun, anası Xorişə xatun knyazlığın ərazisində bir sıra möhtəşəm müdafiə qalaları ilə yanaşı monastır, kilsə və məbədlər də inşa etdirmişdilər. Həsən Cəlalın hakimiyyəti illərində knyazlığın ərazisi xeyli genişlənmiş, tikinti-abadlıq işləri böyük vüsət almışdı. Həsən Cəlalın iqamətgahı olan Hohanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar məbədi Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir".


Tarix: 02.02.2015 / 14:44 Müəllif: Feriska Baxılıb: 90 Bölmə: Qafqaz Albaniyası
loading...