Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pavlikanlar hərəkatı

Tarixçilərin pavlikanlar haqqında fikirləri
Ziya Bünyadov qeyd edir ki, indiyədək heç bir tədqiqatçı deməmişdir ki, pavlikian hərəkatının meydana gəlməsi Albaniya ilə əlaqədardır. Yalnız Q. M. Bartikyan qeyd etmişdir ki, çox qədimdə pavlikianların adı "ən uzaq Qafqaz Albaniyasında da" çəkilirdi.

Y.E.Lipşis, St.T.Melik-Baxşyan, L.Q.İohannisyan, F.Konnibir və digərləri belə zənn edirlər ki, pavlikian hərəkatı VI əsrdə törəmişdi, lakin Q.Bartikyan Matenadaranda olan iki sənəd əsasında sübut edir ki, bu hərəkat VII əsrdə meydana gəlmişdir.

Partav kilsə yığıncağının qətnaməsində pavlikanlar
Bu əlyazmalarında aşkara çıxarılmışdır ki, ən qədim bir mənbədə: 706- 707-ci illərdəki Partav kilsə yığıncağının qətnaməsində pavlikianların adı çəkilir. Qətnamənin tam mətni belədir:

""Müqəddəs Qriqoridən başlayaraq, sıra ilə otuz birinci katolikos olan erməni katolikosu İlya zamanında çağırılmış Alban kilsə yığıncağının qaydaları və qətnamələri. Keşiş Mixail Albaniya patriarxı taxtına çıxan zamanlarda özünün aşağıdakı həmtaxtları ilə: Kapalak yepiskopu İohannes, Amara yepiskopu Saak, Xoşi yepiskopu Yelizar, Meskoqman yepiskopu İzrael, Mesirank yepiskopu Zaxari və Girdiman yepiskopu İohakim ilə ölkəmizin abadlığı və dinimizin pravoslavlığı haqqında danışıb razılaşmışdır. Beləliklə, mən, Şeroy – apoipat patriki, Girdiman hökmdarı və Alban knyazı, Varaz-Qriqor patriki və Alban sparapeti, Babi Şaxrperozyan, Varaz-Kurdakyan nəslindan Yunsataxyan nəslindən Rostom, Varaz-Yohanyan nəslindən Vahan, Karoyan nəslindən Sumbat, Qankaryan nəslindən Maxmat, Rahatyan nəslindən Qriqor, Hamgitan nəslindən Patrik, Varokyan nəslindən Arevko, Mərdanşahyan nəslindən Şeroy, Tamdikyan nəslindən İpat Vartiş erməni tarixinin 88-ci ilində bu qərara gəldik: Siz Xalkedon bidəti və ya Mayraqom barəsində və ya pavlikianlar barəsində və ya qohum ilə kəbin kəsmək və ya ümumiyyətlə, hər bir məsələ haqqında hər hansı bir tədbir görəndə heç kəsin ixtiyarı yoxdur ki, sizin əmrinizə tabe olmasın. Əgər bir beləsi çıxarsa, qoy Allahın qəzəbinə rast gəlsin, siz də (onu) öz iradənizlə mühakimə etməyə vəkilsiniz və knyazlardan heç birinin haqqı yoxdur ki, bu işə qarışsın; siz qəbul etdiyiniz qərarların üstündə möhkəm dayanın. Mən, apoipat patriki, Girdiman hökmdarı və Albaniya knyazı Şeroy bütün öz azatlarım ilə bu yazının üstünə öz möhürümü basdım." "
Hərəkatın başlama səbəbləri
VII əsrin axırı – VIII əsrin əvvəllərində ərəblər Albaniyada öz hakimiyyətlərini hələ qurmamış olsalar da, Albaniya üzərinə böyük bac qoymuşdular. Yerli feodallar, bu bacı verməklə əlaqədar olaraq öz zərərlərini ödəmək üçün əhalidən yığılan vergi yükünü daha da ağırlaşdırmağa başlayanda ölkədə xalq həyəcana gəldi ki, bu da, adətən olduğu kimi nəticədə bidət hərəkatı xarakterini aldı. Bu hərəkatdan biri pavlikian hərəkatı idi. Girdiman yepiskopu Nersesin (Bakur) Albaniya knyazı I Varaz Trdatın arvadı Sparma ilə sazişə gəlib, erməni kilsəsindən ayrıldığını xəbər alan kimi erməni katolikosunun ciddi təşvişə düşməsinin səbəbi bu idi ki, müxtəlif bidətlər tez yayıla bilərdi. Erməni katolikosu İlya bu barədə xəlifə Əbd ül-Malikə (685-705) xəbər verdi və onun köməyi ilə Alban kilsəsini qriqoryanlaşdırmağa başlamağa müvəffəq oldu. Nerses əzabla öldürüldü. Sparma zindana salındı.

Lakin Z. Bünyadov qeyd edir ki, katolikos İlya pavlikian bidətini Albaniyanın yalnız hakim yuxarı təbəqələri arasında yatırmağa müvəffəq olmuşdur. Geniş əhali təbəqələri arasında isə pavlikian bidəti böyük antifeodal hərəkat xarakteri aldı və Alban vilayətlərindən Girdiman və xüsusilə Balasakan bu cəhətdən ayrıca yer tutdular.


Tarix: 02.02.2015 / 13:56 Müəllif: Feriska Baxılıb: 139 Bölmə: Qafqaz Albaniyası
loading...