Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heydər Əsədov

Heydər Xanış oğlu Əsədov — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninin kavaleri (2011).

Həyatı
Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.

2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.


Tarix: 06.02.2015 / 17:31 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Qərbi Azərbaycan
loading...