Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Hacıyev (professor)

Həyatı
Hacıyev Sabir Əbdülmənaf oğlu 23 sentyabr 1928-ci ildə Qərbi Azərbaycanın Sisiyan rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub. 1946-cı ildə Naxçıvan şəhərinin 1 saylı məktəbini bitirdikdən sonra Naxçıvan Dövlət Müəllimlər İnstitutuna daxil olub. 1948-ci ildə Müəllimlər İnstitutunu bitirərək ilk pedaqoji fəaliyyətini Culfa rayon orta məktəbində başlayıb.

S.Ə.Hacıyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. 1956-cı ildə Universiteti Nəzəri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən S.Hacıyev Elmi Şuranın qərarı ilə Universitetdə gələcək elmi-tədqiqat fəaliyyətini davam etdirmək üçün "Nəzəri fizika" kafedrasında saxlanılır.

Aspiranturanı 1960-cı ildə bitirən S.Hacıyev Lomonosov adına Dövlət Universitetinin professoru A.Sokolov və Azərbaycan Dövlət Universitetinin dosenti A.Muxtarovun rəhbərliyi ilə mezonların parçalanmasında polyarizasiya effektləri mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

S.Ə.Hacıyev 1974-cü ildə "Dördfermionlu qarşılıqlı təsirin və bəzi qeyri-elastikli proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və 1975-ci ildə professor adını alır. S.Ə.Hacıyev 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilib.

S.Ə.Hacıyev Nəzəri fizika bölməsində kvant nəzəriyyəsi üzrə mütəxəssisdir. Onun apardığı tədqiqatlar xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

S.Ə.Hacıyev zəif qarşılıqlı təsirlərdə cütlük qanun pozulması aşkar edildikdən sonra mezonların müxtəlif kanallar üzrə parçalanmasını geniş tədqiq edib və bu kanallar üzrə qarşılıqlı təsirlərin həlledici variantlarını müəyyən edib.

S.Ə.Hacıyev tədqiqat işlərində dördfermionlu qarşılıqlı təsiri təhlil edərək zəif qarşılıqlı təsirlərdə dördfermionlu və Yukava tipli qarşılıqlı təsirlərin ekvivalent olmasını göstərib. Bu istiqamətdə o, dördfermionlu qarşılıqlı təsirin ötürücüsü olan aralıq bozonları fermion-antifermion cütünün bağlı halı kimi götürməklə qarşılıqlı təsirin renormal modelini təklif edib. Modelin təhlili göstərir ki, təklif edilən renormal nəzəriyyədə qeyri-fiziki qütbü aradan götürmək mümkün olmur, hətta dispersiya metodu ilə belə çətinliyi aradan qaldıra bilmir.

Güclü qarşılıqlı təsir sahəsində S.Ə.Hacıyev tərəfindən siqma-qiperonun iştirak etdiyi bir sıra radiasiyalı proseslər təhlil edilib. Bu məqsədlə, kiçik enerjilər üçün Lou teoremi təhlil edilib və göstərilib ki, bu teoremin tətbiq olunma oblastını genişləndirmək olar.


Tarix: 06.02.2015 / 17:17 Müəllif: Feriska Baxılıb: 139 Bölmə: Qərbi Azərbaycan
loading...