Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Panfiliya Tanailidi

Həyatı
Milliyyətcə yunan olan Panfiliya Nikolayevna Tanailidi 1891-ci ildə İrəvan xanlığı Zəngəzur mahalının Başkənd kəndində doğulub. Ailəsi buraya Türkiyənin Qars şəhərindən gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər. Türkcə təmiz danışan Panfiliya xanım Tiflisdə rus və gürcü dillərini də öyrənib.

Xüsusi təhsil görməyib. Zərif bədəni mütənasib biçimli idi və o, ən müxtəlif ritmli rəqsləri uşaq yaşlarından məharətlə oynayıb. Buna görə də on dörd-on beş yaşlarından Tiflisin Kazyonnı teatr, Zubalov adına "Xalq evi" kimi böyük salonlarında azərbaycanlıların keçirdikləri müsamirələrdə, müxtəlif həvəskar teatr truppaların hazırladıqları tamaşalarda "Zəngəzurskaya" və "Sürəyya" təxəllüsləri ilə çıxışlar edib.

Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının təşkil etdikləri truppa-dəstələrlə İranda, Türkiyədə qastrollarda Tanailidi dram, opera və operetta tamaşalarında oynayıb. Bu dövrdə ayrı-ayrı illərdə Bakıya gələrək müxtəlif teatr dəstələrinin tərkibində tamaşalarda oynayıb. Tiflis Dövlət Azərbaycan Teatrının yaradıcılarından biri də Panfiliya Tanailidi idi. 1925-ci ildə Tiflisdən gəlmiş baş rejissor Aleksandr Tuqanovun dəvətilə Panfiliya Tanailidi yenidən Milli Dram Teatrının truppasına daxil olub.

Panfiliya Tanailidi 1919-cu ildə Mehriban ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Şəmsa ("Trablis müharibəsi", Cəfər Cabbarlı), Azərbay ("Azərbay və Can", İsa bəy Aşurbəyli), 1925-ci ildən sonra isə Kəblə Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə), Emiliya, Karvansaraçı, Cülyettanın dayəsi ("Otello", "Şıltaq qızın yumşalması" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Marqarita, Ledi Ariyella ("80 gün dünya səyahətində" və "Kapitan Qrantın uşaqları", Jül Vern), Şamama cadu ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Tükəz ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Köylü qadın, Rübabə, Marqo ("Topal Teymur", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Qəmər xanım ("Tələbələrin kələyi", Brandon Tomas), Tamara, Böyükxanım, Tafta ("Oqtay Eloğlu", "Aydın" və "Sevil", Cəfər Cabbarlı), Marri ("Tom dayının koması", Biçer Stou), Karoleva Anna ("Gülən adam", Viktor Hüqo), Amaliya ("Qorxu", Aleksandr Afinogenov), Qalçixa "Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Nisə xala ("Polad Qartal", Aleksandr Korneyçuk), Nənə ("Göy quş", Moris Meterlink) rollarını və digər səhnə surətlərini ifa edib.

1937-ci ildə tüğyan edən şəxsiyyətəpərəstiş dövrünün repressiyası Panfiliya Tanailididən də yan keçməyib. Dekabr ayının 15-dən 16-na keçən gecə həbs olunub. Dəhşətli və işgəncəli istintaq uzun müddət davam edib və aktrisanın güllələnməsi barədə hökm çıxarılıb. Şən xasiyyətli, şux zarafatları və kollektivin rəğbətini qazanmış Panfiliya Tanailidi 1938-ci il oktyabr ayının 15-də, axşam saat onun yarısında Bakıda gullələnib. Məzarı yoxdur. Yalnız 1957-ci ildə ona bəraət verilmişdir.

Filmoqrafiya
İsmət (film, 1934)-Ara həkimi (Tammetrajlı Bədii Film)
Almaz (film, 1936)(tammetrajlı bədii film)-rol: Fatmanisə


Tarix: 06.02.2015 / 17:14 Müəllif: Feriska Baxılıb: 375 Bölmə: Qərbi Azərbaycan
loading...