Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəzail Ağamalı

Fəzail Ağamalı — Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı.

Həyatı
Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan SSR Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. 2 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.

1971-ci ildən Naxçıvan şəhərində orta məktəb müəllimi, Naxçıvan Dövlət Universitetinin müəllimi, baş müəllimi işləmişdir. 1983-cü ildən Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri, 1988-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor vəzifələrində çalışmışdır. 1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993–1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olmuşdur.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Bolqarıstan, Azərbaycan-İsveç, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Evlidir, 3 övladı var. Qızı Günay Ağamalı “Buta” uşaq bağçasının müdiridir.


Tarix: 06.02.2015 / 17:05 Müəllif: Feriska Baxılıb: 101 Bölmə: Qərbi Azərbaycan
loading...