Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asif (Fred) Məhərrəmov
Asif (Fred) Məhərrəmov

Onun başı düşmənə deyil, vətənə əyildi

Qarabağ haqqında düşünmək də, yazmaq da üzünü Allaha tutub ağlamaq kimidir. Necə ki, Asif (Fred) Məhərrəmov əsgərləri, döyüşçü dostları şəhid olanda ağlayardı. Onun ağlayışı adi deyildi. Sanki dünyadan, erməni vəşhiliklərindən kainat sahibinə şikayət idi. (Fred) Asif düşünürdü ki, torpaqların və mənliyin azadlığı, müdafiəsi yolunda şəhid, qurban olmaqdan, ölməkdən qorxanlara ölüm və həqiqət daha çox yaxınlaşır. O, millətini ağlar, Qarabağı xar görmək istəmirdi. Bilirdi ki, bu hal sonralar göz dağına çevrilə bilər.

Yalanın, şərin, şeytan bağırtılarının erməni təcavüzkarlığı fonunda qulaqları deşdiyi döyüş durumlarında (Fred) Asif gələcəyi görürmüş kimi qəhrəmanlıq ruhu ilə hayqırırdı. O, xalqımızın arzularının, ümidlərinin şeytanlaşmış qatillərinə müqavimət göstərməyə çağırırdı. O, vicdanları, igidliyi, iradələri, haqq sevərliyi səfərbər edib qorxunun üzərinə yeriməyə səsləyirdi. O, sözünün müharibəsi ilə müharibəyə təsir göstərirdi. Onun pak sözlərinin mahiyyəti ümumxalq diləyinin ortaq fikrini ifadə edirdi. Onun döyüş səhnəsində yuxusuzluqdan və düşmənə nifrətddən qızarmış gözlərində də, yorğunluq yağan çöhrəsində də, qəzəbli sözlərində də təzahür edən böyük vicdanı idi. Hər şey qanunsuz qanunauyğunluğa tabedir. Asif (Fred) Məhərrəmov sanki öz vicdanında xalqımızın vicdan səsini ümumiləşdirmişdir. Bəli, «bir şeyin vacibliyi onun mümkünlüyünün də sübutudur». Və (Fred) Asif bu həqiqəti öz şəxsində göstərdi. Nəinki göstərdi, həm də vətənin qəlbində məskən saldı. Onun Qarabağsızlıq dərdi onu şəhidlik zirvəsinə ucaltdı. Asif xəstəlikdən dünyasını dəyişmədi. (Fred) Asif illərdən bəri çəkdiyi vətən həsrəti, ədalətsizlik və doğma yurdunun düşmən tapdağında qalmasına dözmədi. (Fred) Asif Məhərrəmov qarabağ müharibəsində soyuqdan, güllədən qorxmadı. Onun qorxduğu torpaq itkisi idi. Ona görə də o əqidəsinə sadiq qaldı, dözmədi vətənsizliyə. (Fred) Asif Allaha, Azərbaycana sadiq qalan kimi - onun yaşadığı örnək ömür də, göstərdiyi qəhrəmanlıq da gələcək nəsillərə ən bahalı və qiymətli saxlanc kimidir. İnsan nə qədər səmimi olursa, o qədər də böyük insan olur. Mənə elə gəlir ki, əvvəl-axır, nə vaxtsa bu gözəl Azərbaycan övladı haqqında elə bir film çəkiləcək ki, bu film nəinki Azərbaycanda, eləcə də bütün dünyada seviləcəkdir. Çiçəyin qəhrəmanlığı toxumlarını yaradıb Günəş qarşısında çürüməsidirsə, insanın qəhrəmanlığı da öz adını - namını gələcək nəsillərə örnəyə çevirərək ölməzliyə qovuşmasındadır. Asif Məhərrəmov Azərbaycan uğrunda qəhrəman kimi həlak olmaq üçün doğulmuşdu.
Bu qeyrətli vətən oğlunun bioqrafiyasının kiçik bir hissəsinə nəzər salaq.
Məhərrəmov Asif Yusif oğlu 26 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. Ağdam könüllü özünümüdafiə taboru yaradır və torpaqlarımızın müdafiəsində yaxından iştirak edir. O, 1992-ci ilin 7 martında 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. 1992-ci ildə məhz Asifin rəhbərliyi ilə Aranzəmin, Pircamal, Dəhraz kəndləri düşməndən azad edilir. Həmin ilin mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanan Asif, müalicə olunduqdan sonra, yenidən cəbhəyə qayıdır. 1993-cü ildə Şelli uğrunda gedən döyüşdə iştirak edir, səhhəti ağırlaşdığından, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir, 1994-cü il 1 iyulda Yalta şəhərində vəfat etmişdir.
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı Fərmanı ilə Məhərrəmov Asif Yusif oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə Asif Məhərrəmovun cənazəsi vətənə gətirilərək Bakı şəhəri 2-ci Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına küçə var. haqqında bir neçə kitab yazılıb.
Onun başı düşmənə deyil, vətənə əyildi.
Ona görə də Vətən torpağı cismini, göylər isə ruhunu əzizləyir.


Tarix: 09.06.2015 / 13:55 Müəllif: Aziza Baxılıb: 210 Bölmə: Qəhramanlar
loading...