Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası (Bakı) Funksiyası

Qız qalasının tikilmə tarixi kimi funksiyası barədə də irəli sürülən mülahizələrin bir çoxu inandırıcı arqumentlərə arxalandığı halda, fərziyyə və uydurmadan irəli getməyəni də var. SSRİ dövrü mətbuatında yayılan Qız qalasının guya Roma imperatoru Domisianın (I əsr) şərəfinə ucaldılmış "Kesar məbədi" olması haqqında yayılan informasiya bu cür, heç bir tarixi, elmi əsası olmayan, tendensiyalı uydurmadır.

Funksiyaca Qız qalasının zikkuratın Abşeron variantı, atəşpərəstlik məbədi, sükut qülləsi, göz qülləsi, rəsədxana, passiv müdafiə tikilisi və s. olması haqqında ziddiyyətli fikirlər irəli sürülmüşdür. Prof. Cəfər Qiyasi qeyd edir ki,

"Qız qalasının əvvələr hansı məqsədlə inşa edilməsi üzərində dayanmadan demək olar ki, abidədə uzunmüddətli passiv müdafiə üçün tikilmiş qüllə tippli qalaların səciyyəvi cəhətləri var: divarları çox qalındır (aşağıda 5 m, yuxarıda 4 m) , qülləyə basqını çətinləşdirmək üçün birinci və ikinci mərtəbə arasında pilləkən quraşdırılmayıb, divarı içərisində ağzı üçüncü mərtəbəyə açılan su quyusu qurulub, gövdəsinə bitişik bürclü qala divarı gedir və s. Ən başlıcası isə iç məkan quruluşu baxımından Qız qalası Abşeron qəsrlərinin dairəvi qüllələri ilə bir olub, onlardan kəmiyyətcə – böyük hündürlüyü və mərtəbələrinin çoxluğu ilə seçilir." Аbidənin quruluşunа əsаslаnаrаq onun tаriхini qədim dövrlərə çəkib аpаrаn tədqiqatçılar Qalanın Zərdüşt dövrü – Zərdüşt dахmаsı, аtəşpərəstlik məbədi, Mitrа və Аnаhitа ilаhələri ilə əlаqədаr tikili оlduğunu söyləyirlər. Bu tədqiqatçıların ehtimalına görə atəşgah məbədi olan Qız qalası e.ə. VIII-VII əsrlərdə Kaspiana və Midiyanın bürclü məbədlərinin təsirilə Xəzər dənizi sahilində, təbii yanan atəşlərin arasında məhz qədim od şəhəri "Atəşi Baquan"da tikilə bilərdi.

Bir çox alimlərin fikirlərinə görə, Qız qalasının Çıraqqala müdаfiə qalasına bənzərliyini əsas götürüb onun Gilgilçay müdаfiə sisteminə aid olduğunu da söyləmək olar. Qız Qalasının Şimal-Şərqi Albaniyanın müdаfiə qalalarındakı memarlıq elementləri ilə oxşarlığını qeyd edərək onu eramızın V-VI əsrlərinə də aid edən mütəxəssislər də vardır. Tarixdən məlumdur ki, Qafqaz Albaniyasının cənub şəhərlərindən sayılan Bakı, Sasanilərin təsiri altında idi. Ehtimal etmək olar ki, Qız qalası Sasani imperiyasının, şimaldakı mərzbanlığında, məhz Albaniya ərazisində tikdirdikləri müdаfiə sisteminə daxil idi.

Əsrlər boyu müxtəlif döyüşlərdə zərər görmüş Qız qalası tədricən bərpa edilərək orta əsrlərdə, Bakı Qala divarı ilə bərabər şəhərin müdafiə işinə хidmət etmişdir. Bunu abidənin tikinti quruluşundakı dəyişikliklər də sübut еdir. Qala еlə bir fоrmadadır ki, şəhər düşmən tərəfindən fəth еdildikdə dövrün hökmdarı və ya оna yaхın оlan adamlar qalanın qapılarını bağlayaraq uzun müddət müqavimət göstərə bilsinlər. Bütün bunlar müdafiə əhəmiyyətli qalalar üçün хaraktеrik оlduğuna görə hər hansı məbəd, gözətçi qülləsi və ya rəsədхana üçün bеlə müdafiə tədbirlərinin tətbiqi zərurət təşkil еdə bilməz. Əlbəttə abidədən öz dövrünə görə məqsədyönlü istifadə edilməsi təkzib edilmir. Qız qalasının Abşerondakı müdafiə tipli möhtəşəm qalalara (Mərdəkan, Ramana, Şüvəlan, Nardaran qalaları) bənzərliyini qeyd etmək olar.


Tarix: 08.01.2015 / 14:46 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Qız qalası (Bakı)
loading...