Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asan Paxlava və yaxud Soçi Piroqu

Novruz bayrami üçün paxlava bişirməyi planlayırsınızsa, və əsl Azərbaycan paxlavasını bişirmək sizin üçün zəhmətli və vaxtaparan gəlirsə, onda daha tez bişirilən və eyni dərəcədə ləzzətli başqa paxlava növünü bişirin. Bu paxlavaya müxtəlif adlarla rast gələ bilərsiniz – Tənbəl Paxlava, Soçi Piroqu, Qozlu Piroq, Asan Paxlava.

25 paxlava üçün

Ərzaqlar

Xəmir üçün:
3 stəkan əla növ un (465 g)
250 g kiçik-kiçik doğranmış kərə yağı
1 stəkan (200 g ) xama
1 çay qaşığı soda
2 yumurta sarısı

İç üçün:
2 səkan şəkər tozu
2 yumurta ağı
2 ½ stəkan (300 g) maşının iri dişindən keçirilmiş qoz ləpəsi (toz kimi olmasın, qoz bir az diri olmalıdır ki, yeyəndə hiss olunsun)

Üstü üçün:
1 yumurta sarısı

Lazım olanlar: kənarları bir az hündür olan 20 x 30 cm ölçülərində düzbucaq soba listi. Düzbucaq listiniz yoxdursa, yumru listlə əvəz edə bilərsiniz.

Qeyd: Əgər pəhriz məqsədiylə, paxlavanızın çox şirin olmasını istəmirsinizsə, onda içinə gedəcək şəkərin miqdarını azaldıb, yerinə eyni miqdarda qoz əlavə edin.

1. Əvvəlcə xəmiri hazırlayın. Böyük qabda unu və kərə yağını çəngəl və yaxud bıçaqla iri umac əldə edənə qədər döyün.



2. Xamaya soda əlavə edib qarışdırın. Bu qarışığı və yumurta sarısını unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır.

3. Xəmiri 3 hissəyə bölüb, kündələyin. Kündələri ayrı-ayrı sellofana büküb soyuducuda 1 saat ərzində saxlayın.



4. İçi hazırlayın. Bir qabda şəkər tozunu və yumurtanın ağını mikserlə ağarana kimi yaxşıca çalın. Doğranmış qozu əlavə edib, qaşıqla qarışdırın.



5. Soba listinin həm dibini, həm də kənarlarını azacıq yağlayın. Sobanı 180˚C-dək qızdırın.

6. Xəmiri soyuducudan çıxardın. Masanı bir az unlayın. Kündələrin birini oxlovla uzunluğu 30 cm, qalınlığı isə 3 mm olan düzbucaq şəklində açın.



7. Açdığınız xəmiri soba listinə yerləşdirin, və əlinizlə xəmirin qıraqlarını listin kənarlarına yapışdırın (paxlava sobadaykən, şirə bıraxdığına görə, xəmirin kənarlarını beləcə bərkidmək lazımdır)

8. Bu layın üstünə için yarısını yayın.



9. İkinci kündəni də eyni şəkildə açın və birinci layın üstünə qoyun. Üstünə qalan içi töküb yayın.

10. Üçüncü kündəni açıb, ikinci layın üstünə qoyun. Üstünə yumurta sarısı sürtün. İti bıcaqla romb şəklində kəsin. Hər paxlavanın ortasına yarım qoz ləpəsi qoyun.



11. Sobada 35 dəqiqə, və yaxud üstü qızarana qədər bişirin. Soyuduqdan sonra, paxlavaları listdən çıxardın. Nuş Olsun!


Tarix: 29.11.2014 / 12:05 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Piroqlar
loading...