Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÖMƏR IBN XƏTTAB

O, Ömər ibn Xəttab ibn Əbdül Üzzə ibn Rəbah ibn Üdəy ibn Kəbdir. Qureyş ailələrindən birinə mənsub olan Peyğəmbərlə (s) yeddinci babada (Kəb ibn Lüeydə) birləşir.
O, Qureyşin ən mötəbər adamlarından, qəbilə ağaların¬dan biri idi. O, Qureyşdə elçi-səfir vəzifəsini yerinə yetirirdi. Əgər Qureyşin öz içində və ya başqa bir tayfa ilə müharibə baş versəydi, tərəflər arasında danışıq aparan elçi olmaq üçün Ömərə müraciət edilərdi.
Künyəsi əbu Həfs, ləqəbi əl-Faruq idi. Bu ləqəbi ona Peyğəmbər (s) vermişdi. Ömər Fil ilindən on üç il sonra dün¬yaya gəlmişdir.
Nübuvvət bəsi vaxtı onun 30 yaşı var idi. Müsəlmanlara qarşı çox kəskin bir mövqe tutmuşdu. Peyğəmbər onu İslama çağırdı və o, bəsin altıncı ilində müsəlman oldu.

İslamı:
Ömər çox güclü, heybətli bir adam olmuşdur. Müsəlmanları çox incidər, onlara əzab-əziyyət verərdi. Ömərin əmisi oğlu və bacısı Fatimə bint Xəttabın əri Səid ibn Əmir Nüfeyl belə demişdir: «Allah, Sən Özün şahid sən ki, Ömər müsəlman olana qədər əl-qolumu necə bağladı».
Beləliklə, Ömər, müsəlman olduğuna görə Səidin əl-qolunu İslamdan üz döndərsin deyə bağlamışdı. Lakin bu zahiri qəddarlığın arxasında onun mərhəmətli xasiyyəti, lütfkarlığı gizlənirdi.
Həbəşistana mühacirət etmiş müsəlmanlardan biri olan Ummu Abdullah bint Əbu Həsmə (r) deyir: «Vallahi, biz Həbəş torpağına yola düşürdük. Amir bəzi şeylər almaq üçün getdi. Ömər ibn Xəttabla rastlaşdım. Ömər hələ müşrik idi, biz ondan çox əzab və işgəncələr görmüşdük. O dayanıb soruşdu:
– Bu hazırlıq hicrət üçündür, ya Ummu Abdullah? – Bəli, Vallahi. Biz Allah torpağını tərk etməli oluruq. Bizə çoz əziyyətlər və işkəncələr verirsiniz – deyə mən cavab verdim. O isə: «Allah sizə kömək olsun!» – dedi. Mən onun üzündə mərhəmət əlaməti sezdim. Bunu heç vaxt görməmişdim. O getdi. Hiss etdim ki, kədərləndi. Amir şeyləri alıb qayıtdı. Ona dedim: Ey Əbu Abdullah! Kaş bir az bundan qabaq Öməri görəydin. Bizə münasibətdə lütf və kədəri açıq-aydın görünürdü.
O dedi:
– Sən istəyirsən o, müsəlman olsun?
Dedim ki, bəli, istərdim.
Amir dedi:
– Xəttabın eşşəyi yola gələr, amma gördüyün bu kişi müsəlman olmaz.
Bu sözləri Amir, Ömərin İslama olan ədavətinə və təzyiqinə görə acığından demişdi. Göründüyü kimi, qadının Ömər barədə zənni onu aldatmadı. Peyğəmbər (s) məhz bu vaxt Allaha dua etdi ki, İslama Ömərlə kömək etsin.
İbn Ömər (r) bu hədisi rəvayət edir:
«Peyğəmbər (s) demişdir: Pərvərdigara! İslamı bu iki nəfərdən – Əbu Cəhl və Ömər ibn Xəttabdan Sənə daha çox əziz olan biri ilə qüvvətləndir. Bu iki nəfərdən Ömər daha əziz idi».
Allah onun duasına cavab verdi: Ömər müsəlman oldu. Bu hadisə Həbəşistana birinci hicrətdən sonra baş verdi. İslam onun gəlməsi ilə gücləndi. Müsəlmanlar Kəbədə müşriklərdən qorxmadan namaz qıldılar.
İbn Məsud (r) demişdir: «Ömər müsəlman olandan sonra biz daha da güclü olduq».
Onun başqa bir hədisi: «Ömər müsəlman olana qədər biz Kəbədə namaz qıla bilməzdik. Ömər müsəlman olandan sonra müşriklərlə vuruşdu və onlar bizdən əl çəkdilər» İbn Məsud (r) deyir: «Onun İslamı böyük zəfər idi».
Xarakteri və məziyyətləri:
Ömər (r) müsəlman olandan sonra müşriklər ona qarşı çıxıb onunla vuruşdular. Hələ Cahiliyyədə o, öz fərasət və şücaətilə tanınırdı. İslamdasa o öz qüvvəsi, heybəti, zühd, ədalət, mərhəmət, elm və fiqhilə tanındı. Onun sözü ilə əməli düz gəlirdi. Bir neçə əməli ilə Quranın əmrlərini həyata keçirmiş oldu: İbrahimin məqamını namaz yeri seçdi, mömin analara hicabı məsləhət bildi. Ömər Peyğəmbərə: «Ey Allahın elçisi! Bəlkə İbrahimin (ə.s.) durduğu yeri özümüzə namazgah edək?» – deyə təklif etdikdə, Uca Allah bu ayəni nazil etdi:
(«Ey möminlər!) İbrahimin durduğu yeri özünüzə namazgah edin!…» (əl-Bəqərə, 125).
Ömər (r) Peyğəmbərə: «Ey Allahın elçisi! Bəlkə, zövcələrinə hicab geyinməyi əmr edəsən?» - deyə təklif etdikdə, Allah-təala bu ayəni nazil etdi:
«Onlardan ( Peyğəmbərin (s.ə.v.) zövcələrindən) bir şey soruşduqda pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər» (əl-Əhzab, 53).
Səd ibn Əbu Vəqqas (r) rəvayət edir ki, «Ömər bin əl-Xəttab (r) izn alıb Peyğəmbərin (s.ə.v.) yanına daxil oldu. Peyğəmbərin (s.ə.v.) yanında səslərini onun səsindən uca qaldırıb söhbət edən qadınlar Öməri (r) gördükdə, dərhal hicablarını geyindilər. Peyğəmbər (s.ə.v.) bu halı görüb gülümsədi. Ömər (r) ondan gülməsinin səbəbini soruşduqda o dedi: «Bu qadınlara təəccüblənirəm ki, sənin səsini eşidən kimi hicablarını geyindilər». Ömər (r) üzünü onlara tutub dedi: «Ey nəfslərinə düşmən olanlar! Allahın elçisindən (s.ə.v.) qorxmursunuz, məndən qorxursunuz?» Onlar dedi: «Bəli, çünki sən sərt ürəklisən». Peyğəmbər (s.ə.v.) ona dedi: «Ey Xəttabın oğlu! Nəfsim əlində olana and olsun ki, şeytan sənə rast gəldiyi zaman yolunu dəyişdirib, başqa yol ilə gedir».
Peyğəmbər (s) ona həm Cənnət, həm də şəhadət mücdəsi vermişdir. Əbu Musa əl-Əşari (r) rəvayət edir ki, «Bir dəfə Ömər bin əl-Xəttab (r) Peyğəmbərin (s.ə.v.) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (s.ə.v.) çatdırdıqda, o dedi: «İzn ver, gəlsin və onu cənnətlə mücdələ!».
Ömərə (r) beyət:
Peyğəmbər müsəlmanlara işarə etmişdi ki, Əbu Bəkr (r) xilafətə yiyələnməlidir. Əbu Bəkr (r) də onu Ömər ibn Xəttaba (r) vəsiyyət etdi. Əbu Bəkr (r) bu məsələdə camaatla məsləhətləşdi, müsəlmanlar özlərinə xəlifə seçməyi ona həvalə etdilər. O, camaatı toplamağı əmr edib özü də bu toplantıda çıxış edərək dedi:
– Camaat! Gördüyünüz kimi Allahın hökmü artıq mənə də çatmışdır. Sizin işlərinizi idarə edən və sizinlə namaz qılan, düşmənlərinizlə vuruşan, sizə əmir olan bir adamın olması zəruridir. Əgər mənim fikrimi bilmək istəyirsinizsə, Ondan başqa ibadət haqqı olmayan Allaha and içirəm ki, mən özümə heç vaxt xeyir güdməmişəm». O ağladı, camaat da ağladı. Onlar dedilər:
– Ey Allahın Peyğəmbərinin xəlifəsi! Sən aramızda ən yaxşı və ən elmli olansan. İstədiyin adamı seç!
Əbu Bəkr dedi:
– Öz fikrimi sizə bildirəcəyəm. İnşaallah, içinizdən ən yaxşı olanı seçərəm.
Əbu Bəkr (r) Osman ibn Əffanı (r) çağırıb dedi: «Yaz, bismilləhir-rəhmanir-rəhim. Bu tapşırığı Əbu Bəkr (r) ibn Əbu Qəhafə dünyada öz hakimiyyətinin sonlarında, bu dünyadan gedəndə və axirətdəki həyatının ilk çağlarında, kafirin imana gəldiyi, fitnəkarın düz yola gəldiyi və yalançının haqqı dediyi yerə daxil olanda vermişdir.
Mən özümdən sonra sizə Ömər ibn Xəttabı xəlifə qoyuram. Ona qulaq asın, itaət edin. Mən nə Allahdan, nə Onun peyğəmbərindən, nə dinindən sizə və özümə bir xeyir güdməmişəm. Bunu qəbul etsəniz deməli fikrim və biliyimlə razısınız, əgər başqasını seçsəniz, özünüz bilərsiniz. Mən xeyir istədim. Qeybi bilmirəm. Zülm edənlər biləcəklər hansı nəticələr əldə etmişlər. Vəssəlam aleykum və rəhmətullahi və bərəkətuhu».
İdarəçilik üslubu:
Ömər ibn Xəttab (r) idarəçilikdə öz sələfi Əbu Bəkr Siddiqin (r) yolunu davam etdirdi. Əbu Bəkrin vəfatından sonra xilafətdə ona beyət edildikdən sonra minbərə qalxıb Allaha həmdü səna edərək dedi: «Camaat! Mən sizi imana dəvət edirəm. İman gətirin. Pərvərdigara! Mən sərtəm, məni Sənə itaət edənlərə münasibətdə haqqa uyğun şəkildə, Sənin camalının arzusuyla, axirət evi istəyilə yumşalt. Mənə Sənin düşmənlərinə , fitnəkarlara və münafiqlərə münasibətdə zülm və ədalətsizlik olmadan qətiyyət və sərtlik bəxş et. Pərvərdigara! Mən xəsisəm, israfçılıq, bədxərclik, riyakarlıq və şöhrətpərəstlikdən uzaq olan yaxşı keyfiyyətlərlə mənə səxavət bəxş et! Məni bununla Sənin camalın və axirət evinin arzusuyla yaşat! Pərvərdigara! Məni möminlərlə münasibətdə ürəyi yumşaq və təvəzökar et!».
Onun idarəçilik metodu Əbu Bəkrin (r) xütbəsinə bənzər bir xütbəsində də aydınlaşır. Ömər (r) öz xilafətində yaxşı siyasət yeritmək, qətiyyətli və tədbirli başçı olmaq, fəth proqramını hazırlamq, fəth edilmiş ərazilərdə düzgün siyasət yeritmək, rəiyyətin mənafeyini güdmək, ölkədə əminamanlığı bərqərar edə bilmək bacarığını numayiş etdirdi.
O, beytülmaldan (dövlət xəzinəsindən–tərc) yalnız qışda və yayda geyinmək üçün paltar götürərdi. Onun yeməyi orta mövqeli mühacirin yeməyindən fərqlənməzdi. Ömərin vali və sərkərdələrə yazdığı məktubları onun din və rəiyyətə qarşı Allaha təvəkkül etməsi və özünə inanmasına əsaslanan dərin məsuliyyət hissini ifadə edir.
Ömər ibn Xəttabın (r) ən mühüm əməlləri:
Ömər ibn Xəttab (r) böyük əzm və iradə ilə İslam dövlətini yaratmağa başladı. Bu dövlət, həyatın doğurduğu bütün problemlərlə qarşılaşıb yeni dövrün, xususilə İslam xilafətinin sərhədləri şərq və qərb, cənub və şimal istiqamətlərində genişlənməsi şəraitində meydana gələn tələblərinə cavab verməyə qadir olmalı idi. Onun gördüyü ən mühüm işləri sadalayaq:
1– Divanlar yaratdı. Belə ki, onun yaratdığı əskərlər divanı indiki dövrdə müdafiə nazirliyinə, xərac divanı isə maliyyə nazirliyinə bənzəyir.
2 – Müsəlmanlar üçün beytulmalı təsis etdi, qazilər, katiblər təyin etdi, hicri tarixini İslam dövlətinin təqvimi kimi qəbul etdi, həmçinin poçt xidmətini yaratdı.
3 – Vətəndaşların qayğısına qalırdı. Bu məqsədlə müsəlmanlara tez-tez baş çəkər, onları yoxlayardı. Xüsusilə gecə vaxtı evləri gəzərdi.
4 – Fəth olunmuş torpaqları əskərlər arasında bölüşdürmək əvəzinə onların əsil sahiblərinin əlində saxladı ki, onlar xərac verə bilsinlər.
5 – Fəth olunmuş ölkələr vilayətlər şəklində inzibati bölgələrə bölündü. Hər bir vilayətə əmir (vali, hakim-tərc) təyin edildi. Onun üçün müsəlmanların beytülmalından götürülən müəyyən miqdarda maaş ayrıldı. O, bir qayda olaraq möminliyinə, yaxşı idarəçilik qabiliyyətinə malik olan, əsil-nəcabətinə, ailə mənsubiyyətinə əhəmiyyət vermədən seçdiyi adamları vali təyin edirdi.
6 – Fəth olunmuş ölkələrdə bir neçə şəhər tikdirdi. Bunlara misal olaraq İraqda Bəsrə və Kufə, Misirdə Füstat və sairə şəhərləri göstərmək olar. Bundan məqsəd həmin ölkələrdə İslam dövlətinin mərkəzlərini yaratmaq idi.
Onun dövründəki fəthlər:
Ömər Faruqun (r) böyük əhəmiyyət verdiyi işlərdən ən əsasları cihadı davam etdirmək, İslamı yaymaq və hələ Əbu Bəkrin (r) dövründə İran və Bizans ərazilərinə başlanmış fəthləri davam etdirmək idi. Bu fəthlər aşağıdakı bölgələri əhatə edirdi:
a) İraq və Farsın fəthi:
Ömər ibn Xəttab (r) öz diqqətini, İraq və fars bölgələrini fəth etməyə yönəltdi. Bu qərarı Şamda yerləşən İslam ordularının vəziyyətindən arxayın olandan sonra qəbul etdi.
İraq və Farsın fəthinin əhəmiyyəti, özünü xüsusilə onda biruzə verirdi ki, hətta xəlifə özü qoşuna başçılıq etmək istədi. Lakin müsəlmanlar ona ölkədə qalmağı və əvəzinə tanınmış səhabələrdən birini göndərməyi məsləhət bildilər. Ömər bu təklifi bəyəndi və bu məqsədlə Səd ibn Əbu Vəqqası (r) seçdi.
b) Hicrətin 15-ci ilində Qadisiyyə döyüşü:
Səd ibn Əbu Vəqqas (r) həmin dövrdə böyük İran dövlətinin bir hissəsi olan İraqa yönəldi. Bu yürüş mahir sərkərdəlik və həqiqi iman sahibinin düzgün siyasətinə gözəl bir nümunə oldu. Farslar üzləşəcəkləri təhlükəni hiss edəndə onların şahı Yəzdəgird çoxsaylı bir ordu topladı. Tarixçilərin məlumatına görə Fars ordusu 80 min yaxşı təlim görmüş, ən yaxşı silahlara malik döyüşçülərdən ibarət idi. Fars qoşunlarına təcrübəli bir sərkərdə başçılıq edirdi. Onun adı Rüstəm idi. Ordunun tərkibində 33 fil də var idi. Ordular üz-üzə gələndə Rüstəm Səddən (r) ağıllı, alim bir şəxsi istədi ki, ondan bəzi şeylər soruşsun. Ərəblər onu heyrətə gətirmişdi: Nə baş vermişdir? Onların belə dəyişməsinin səbəbi nədir? Onlar həmişə farslara baş əymişlər. Ac qalanda müəyyən miqdarda yemək alıb razı qalardılar, indisə hücuma keçirlər? Səd (r) onun yanına səhabələrdən (r) bir neçə nəfəri, o cümlədən Rübeyyə ibn Amiri (r) göndərdi. Farslar sərkərdənin oturacağını qızılı yastıqlar və ipək xalçalarla döşəmişdilər. Oturacağın ətrafı qiymətli daş-qaşla, yaqut, mirvari və başqa nadir zinətlərlə bəzədilmişdi, üstünə göz qamaşdıran tac qoyulmuşdu. Sərkərdə qızıl taxtda oturmuşdu. Rübeyyə (r) əynində nimdaş paltar, belində qılınc, yabının belində məclisə daxil oldu. Onların bu təm-tərağını, təkəbbürünü görəndə atını düz xalçanın bir tərəfinə ayaq basana qədər sürdü, atdan düşüb onu qiymətli mütəkkələrin birinə bağladı. O, başını yuxarı tutub sabit addımlarla onlara yaxınlaşdı. Onun silahı əlində, zirehi əynində, dəbilqəsi başında idi.Ona dedilər:
– Silahını kənara qoy!
O isə qürurla cavab verdi:
– Mən bura öz istəyimlə gəlməmişəm. Siz məni çağırmısınız. Məni bu cür qəbul edirsiniz edin, əks tədqirdə qayıda bilərəm.
Rüstəm onlara dedi:
– İcazə verin.
Ona icazə verdilər. Əlində nizə mütəkkələrə söykənərək oturdu. Rüstəm soruşdu:
– Siz nə üçün gəlmisiniz?
Rübeyyə (r) dedi:
– Allah bizi göndərmişdir ki, bəndələrin bəndəyə ibadətinə son qoyub Allaha ibadətə yönəldək, dar dünyadan geniş dünyaya çıxaraq, dinlərin zülmündən qurtarıb İslamın ədalətinə çatdıraq. O bizi Öz dini ilə Öz məxluqatlarına onları bu dinə dəvət üçün göndərmişdir. Kim bunu qəbul etsə, biz də onu qəbul edərik, onu rahat buraxarıq. Bunu rədd edənlərlə həmişə döyüşərik ki, Allahın bizə verdiyi vədə çataq.
Rüstəm soruşdu:
– Bu nə vəddir? Səd dedi:
– Bu, İslamı rədd edənlərlə döyüşdə ölənlərə Cənnət, sağ qalanlarasa zəfər vədidir.
Rüstəm gözləməyi tələb etdi. Səhabələr üç gündən artıq gözləyə bilməyəcəklərini dedilər.
Bundan sonra hər iki ordu döyüş meydanında üz-üzə gəldi. Bütün gün ərzində və gecə vaxtı çox şiddətli bir döyüş baş verdi. Bu döyüş tam kəskinliyi ilə üç gün davam etdi. Müsəlmanlar döyüş fillərindən çox əziyyət çəkdilər. Onlar ərəblərin bu cür əcaib heyvan görməyən atlarını hürküdürdülər. Lakin igid möminlər döyüşə səbrlə dözdülər, Allahın köməyi və mömin bəndələrə göstərdiyi qayğı sayəsində qələbə əldə etdilər.
Döyüşün dördüncü günü Allah çox şiddətli bir külək göndərdi. Bu külək məcusilərin (atəşpərəstlərin- tərc) düşərgəsini darmadağın etdi. Farslar qaçdılar, onların sərkərdəsi öldürüldü. Onlardan 10 min döyüşçü qətlə yetirildi. Müsəlmanlardan isə təqribən 2500 nəfər şəhid oldu. Bu həlledici döyüşdə Allah sübhənəhu Öz dinini dəstəklədi, Öz kəlamını ülviləşdirdi, ərəblər və əcəmlər müsəlmanlardan qorxdular. İslamın haqq çağırışı və ədaləti geniş yayıldı. Küfr və şirk zülmünün hüdudları isə daraldı. v) Şamın fəthi: Rumlar müsəlman ordusunun onların torpaqlarına girməsi barədə məlumat aldılar və Qüdsdə olan imperator Hergelə məktub yazdılar. Hergel onara belə dedi: «Mən sizə müsəlmanlarla sülhə gəlməyi məsləhət bilirəm. Hətta siz Şamın yarısını əldə saxlayıb qalan yarısını onlara verməklə də sülhə gəlsəniz yaxşıdır. Rum torpağı sizə daha əzizdir. Bu, onların sizə Şamda üstün gəlib Rumun yarısına yiyələnməsindən daha yaxşıdır».
Bu nəsihət Rum sərkərdələrini qəzəbləndirdi. Onlar elə zənn etdilər ki, imperator qocalıb əldən düşmüşdür. Belə getsə o, torpaqları bu yeni fatehlərə verəcəkdir. Nəhayət Hergel öz sərkərdələrinə güzəştə getdi və məğlub olacağını yəqin bilsə də müsəlmanlarla döyüşmək qərarına gəldi.
Hergel qiyamçıları toplayıb Homsa gəldi. Burada müsəlmanlara qarşı yaxşı silahlanmış ordu hazırladı.
q) Yərmuk döyüşü. Hicrətin 15-ci ili:
Bizans imperatoru Hergel müsəlmanların ardıcıl olaraq qazandıqları qələbələrin şahidi olandan sonra var gücünü toplayıb böyük bir ordu hazırladı və qardaşını da ona başçı qoydu. Bu Rum qoşunu İordan çayının qollarından biri olan Yərmuk çayının sahillərində düşərgə saldı. Əbu Ubeydə başda olmaqla müsəlman qoşunu rumlarla üz-üzə dayandı. Əbu Ubeydə Xalid ibn Validə (r) müsəlman ordusunu tənzimləməyi tapşırdı. Xalid ərəblərin bu vaxta qədər şahidi olmadığı gözəl bir nizam işləyib hazırladı. Müsəlman süvariləri cəsarətlə rumluların üzərinə yeriyib düşmən atlılarını piyadalardan ayıra bildilər. İgid müsəlman süvarilərinin zərbələrinə tam gətirə bilməyən rum atlıları minlərlə itki verəndən sonra geri çəkildilər. Bundan sonra müsəlmanlar bir çoxu döyüş meydanında qətlə yetirilən, digərləri isə çayın sularına qərq olan Rum piyadasının üstünə yeridilər. Bu döyüşdə qələbə müsəlmanların açıq-aşkar müttəfiqi idi. Yərmuk döyüşündə rumlular 100 mindən çox adam itirdilər. Müsəlmanlardan təqribən 3 min döyüşçü şəhid oldu.
ğ) Misrin fəthi:
Həmin dövrdə Misir Bizans imperiyasının tərkibinə daxil idi. Misir əhalisi rumlular kimi xristian və onlarla din baxımından yaxın olsalar da ayrı-seçkiliyə məruz qalırdılar. Bizanslılar onları təhqir edir, ağır vergilərlə incidirdilər. İş o yerə gəlib çıxmışdı ki, hətta ölüyə vergi qoyurdular. Bu vergi ölü sahibi tərəfindən ödənilməyincə onu basdırmağa qoymurdular.
Əmr ibn As dörd minlik müsəlman döyüşçüsünün başında Şamdan Misirə yollandı. Onlar Sinay səhrasını keçib hicrətin 18-ci ilinin axırında Ərişə çatdılar. Şəhər burada Bizans qarnizonu olmadığı üçün müqavimətsiz müsəlmanlar tərəfindən fəth olundu. Müsəlmanlar yürüşü davam etdirib Forma (indiki Port Səid şəhəri) adlı yerə çatdılar Şəhər bir ay yarım müddətində mühasirədə saxlanıldıqdan sonra təslim oldu. Misirlilər bu mühasirə zamanı müsəlmanlara kömək edirdilər. Sonra Əmr Belbeysə doğru irəliləyib bir ay fasiləsiz döyüşdən sonra onu aldı. Yürüşü davam etdirən müsəlman ordusu Ummu Dənin (Qahirədə dəmir yol stansiyası yaxınlığında) adlı yerdə rumlularla döyüşdülər. Rumlular Bəbulyun qalasına sığınmışdılar. Bura çox möhkəm bir qala idi. Müsəlmanlar düşməni mühasirəyə alıb Allahın köməyilə qələbə çaldılar. Misir şəhərləri bir-birinin ardınca fəth olundu.

Xəlifə Ömər ibn Xəttabın (r) şəhid olması:
Xəlifə Ömər ibn Xəttab (r) əslən məcusi (atəşpərəst-tərc) olan Əbu Lölə ləqəbli Feyruz adlı bir şəxs tərəfindən şəhid edildi. O, Məğirə ibn Şabanın qulu idi. O, xəlifəni iki başlı xəncərlə göbəyinin altından olmaqla altı zərbə vuraraq öldürdü. Göbək altından vurulan zərbə ölümcül idi. Bu qəsd fəcr (sübh) namazı vaxtı, hicrətin 13-cü ilinin Zil- Hiccə ayının 23-də baş verdi. Qatil ona təkbir zamanı zərbə endirib qaçdı. Yol üstü qarşısına çıxan hər kəsi yaralayırdı. Feyruz bununla 13 nəfərə zərbə endirə bildi. Onlardan demək olar ki, yarısı qətlə yetirildi. Əbu Lölə qaça bilməyib ələ keçəcəyini hiss etdikdə öz xəncərilə intihar etdi.
Yaralı xəlifəni evinə apardılar. O üç gün yaşadı və çərşənbə günü vəfat etdi. Hətta son günlərində belə o öz müdrikliyini və əxlaqını əldən verməmişdi. Ölümünü hiss etdikdə o, Aişənin (r) yanına adamlar göndərib onu Peyğəmbərin (s) və Əbu Bəkrin (r) yanında dəfn ediləməsinə icazə istədi. Bu xahişi eşidəndə Aişə (r) dedi: «Mən bu yeri özüm üçün saxlamışdım, amma Ömər bu yerə layiqdir!». Adamlar gəlib bu xoş xəbəri xəlifəyə çatdırır. Bunu eşidən Ömər dedi: «Mən öləndən sonra ondan bir də soruşun, ola bilər ki, mən sağ ikən xətrimə dəymək istəməyib». İnsanlar belə də edirlər, lakin Aişə öz sözlərini bir də təsdiqlədi.
İbn Abbas (r) rəvayət edir ki, «Mən Ömər ibn Xəttabın vəfatından sonra onun çarpayısının ətrafına toplaşıb, dua edən qövmün arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: «Allah sənə rəhmət eləsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Məhəmməd (s.ə.v.) və Əbu Bəkr (r) ilə) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (s.ə.v.) «Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik» dediyini eşidirdim». Mən dönüb arxamda dayanan əshabənin kim olduğuna baxdım. Bu Əli ibn Əbu Talib idi».
Ömərlə (r) Əli (r) möhkəm dost idilər. Buna Əlinin (r) Fatmeyi Zəhradan (r) olan qızı Ümm Gülsümü ona ərə verməsi dəlalət edir. Ömərin Ümm Gülsümdən Zeyd və Ruqiyyə adlı iki övladı vardı. Bundan əlavə, Əlinin (r) Ümm Həbib bint Rabiyə adlı zövcəsindən olan oğlunun adı Ömər idi.
Oğlu Abdullah onu yudu və kəfənlədi, cənazə namazını qıldırdı və iki məsləkdaşının (Peyğəmbərin (s) və Əbu Bəkrin (r)) yanında dəfn etdi. Onun xilafəti 10 il 6 ay davam etdi. Allah onu razı saldı və ondan razı qaldı. Ona İslamı və müsəlmanlara ən yaxşı mükafatı bəxş etdi.


Tarix: 01.05.2013 / 17:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 809 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...