Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

7-ci hissə:
7-ci hissə:

- Mən o ev haqqında heç nə bilmək istəmirəm! Mən onun kandarından belə keçmək istəmirdim! – mən qışqırmamağa çalışaraq dilləndim. – mən səni müşayət etmək, sənin mübarizəndə yanında olmaq, birinci risk edənlərin sırasında olmaq istəyirdim. Yəni sən başa düşmürsən? Sən mənə inamımı qaytarmısan! Cünəş yerini dəyişdi və onun şüaları mağaranın divarlarını işıqlandırdı. Lakin indi bu gözəlliyin elə bir mənası yox idi. Allah cəhənnəmi cənnətin ortasında gizlətmişdi. - Sən anlamırsan,- o dedi və onun gözləri mənə yalvarırdı ki, başa düşüm. – Sən bunun necə risk olduğunu anlamırsan. - Lakin səni o, xoşbəxt edir! - Hə. Amma bu mənim riskimdir. Mən onun sözünü kəsməyə cəhd etdim, ancaq o, məni eşitmədən danışırdı: - Ona görə də dünən mən Müqəddəs Məryəmdən möcüzə göstərməsini istədim. Xahiş elədim ki, o, məni vergimi geri götürsün. Mən qulaqlarıma inanmadım. - mnim bir az pulum var, saysız – hesabsız səyahətlərdə qazandığım təcrübəm var. Ev alarıq, mə niş taparam və Allaha İosif kimi xidmət edərəm – kölgədə qalanın itaətkarlığı ilə. İnamımı qorumaq üçün mənə daha möcüzə lazım deyil. Mənə sən lazımsan. Mənim ayaqlarım pambıq eimi oldu, sanki indicə huşumu itirəcəkdim. - Mən Müqəddəs Məryəmə bu dua ilə müraciət etdiyim an içimdən naməlum dillərdə səslər gəldi və mən eşitdim: «Əllərini torpağa daya. Sənin vergin səni tərk edəcək və Ananın bətninə qayıdacaq». - Ancaq sən bunu etmədin? – mən dəhşətlə soruşdum. - Etdim. Mən, məni qoruyan Müqəddəs Ruhun dediklərini etdim. Duman çəkilməyə başladı və günəş yenidən dağların zirvələri arxasında parıldadı. Mən hiss etdim ki, Müqəddəs Məryəm məni başa düşdü – axı, o da ürəkdən sevib. - Amma o, öz ərinin ardınca getdi! Və oğlunun əməllərini bəyəndi! - Bizdə Onun gücü yoxdu, Pilar. Mənim vergim başqasına keçəcək – o, bihudə itib – batmayacaq. Dünən mən barda Barselonaya zəng vurdum və mühazirəni ləğv elədim. Gedək Saraqosa – orda sənin tanışların çoxdur, orda balamaq asan olacaq. Mən tez iş tapacağam. Mən artıq fikirləşmək iqtidarında deyildim. - Pilar! Lakin mən artıq tunellə geri qayıdırdım və artıq mənim dayağım, mənə yol göstərən bir kimsəm yox idi, mənim ardımca isə minlərlə kütlə gəlirdi – ölümə məhkum edilmiş xəstələr, əzab çəkməyə məhkum edilmiş ailələr, həyata keçirilməmiş möcüzələr, dünyanı gözəlləşdiməmiş təbəssümlər, əvvəlki yerlərində qalmağa məcbur dağlar. Mən hər tərəfdən üstümə yeriyən az qala fiziki qatı zülmətdən başqa, demək olar ki, heç nə görmürdüm. Rio – Pyedranın sahilində mən oturdum və ağladım. O gecə mənim başımdan keçən fikirlər dağınıq və tutqun idilər və onda nə barədə düşündüyümü indi yadıma salmaqda çətinlik çəkirəm. Bircə onu başa düşürəm ki, ölüm lap yaxınımda idi – ancaq onun sifətini xatırlamıram, məni hara apardığını bilmirəm. Amma mən onu yadıma salmaq istərdim - öz ürəyimdən qoparmaq üçün. Ancaq bacarmıram. Qaranlıq tuneldən çıxaraq üstünə zülmət çökmüş dünya ilə üz –üzə gəldiyim ana qədər hər şey yuxuya bənzəyir. GÖydə bir dənə də ulduz yox idi. Maaşına necə çatdığım, oturacaqdan rükzakı necə götürdüyüm və hara getdiyimi bilmədən irəlilədiyim tutqun yadıma gəlir. Yəqin, şosseyə çıxmışam, Saraqosa gedən yol maşınlarını saxlamağa çalışmışam – amma nəticəsiz. Axırda monastırın bağına qayıtmışam. Hər yerdən su səsi eşidilirdi – hər tərəf şəlalə idi və mən hara gedirəmsə, gedim, arxamca gələn Müqəddəs Ananın varlığını hiss edirdim. Axı, o da dünyanı Allahı sevdiyi qədər möhkəm sevirdi, axı, o, öz öğlunu adamlara qurban vermişdi. Lakin onun qadın – kişi məhəbbətindən xəbəri vardımı? Ola bilsin ki, O da sevgidən əziyyət çəkib, amma bu başqa sevgi idi. Onun Böyük Əri hər şeyi bilirdi və möcüzələr yaradırdı. Onun dünyəvi əri qadınının yuxularındakı hər şeyə inanan, itaətkar, zəhmətkeş idi. Ona sevdiyin kişini atmağın və ya onun tərəfəndən tərk edilməyin nə demək olduğunu bilmək qismət olmayıb. İosif,Onun hamiləliyindən xəbər tutub evdən qovmaq istəyəndə, Səmavi Ər buna Mane olmaq üçün onun yanına mələk göndərdi. Bəli, Oğlu onu tərk etdi. Lakin uşaqlar həmişə ata evindən gedirlər. Yaxınına, oğluna və ya bəşəriyyətə sevgi xatirinə əzablara dözmək asandır. Bu əzablar sənin həyatın bir parçası olman hissini yaradır və sənin əzabların dahi və alicənabdırlar. Öz missiyanı gerçəkləşdirmək üçün, ali amal xatirinə əzablara dözmək asandır – bu əzablar əzabkeşin ruhunu göylərə qaldırır. Ancaq kişi üçün əzab çəkdiyini necə izah edəsən və bəraət verəsən? Heç cür. Bu mümkün deyil. Və biz cəhənnəmə düşürük, zira bu əzablarda nə alicənablıq, nə böyüklük var. Bəs nə var? Heç nə yoxdur. Yalnız bədbəxtlik. Həmin gecə mən donmuş torpağa yıxıldım və sanki soyuq mənim acılarımı keyləşdirdi. Hərdən belə bir fikir yaranırdı: sığınacaq tapmasam, donacağam. Nə olsun? Həyatımdakı ən vacib şeylər bir həftə içndə səxavətlə mənə bağışlandı – bağışlandı və həmin anda geri alındı, elə tez alındı ki, mən heç səsimi də çıxartmağa macal tapmadım. Məni əsməcə tutmuşdu,lakin mən buna fikir vermirdim. Vaxt çatacaq – bədənim məni isitmək üçün sərf etdiyi bütün gücünü itirərək dayanacaq və mən artıq heç nə edə bilməyəcəyəm. Onda mənim bədənim öz adi sakitliyinə dönəcək, ölüm məni öz qoynuna alacaq. Bir saatdan çox titrədim. Və rahatlıq gəldi. Gözlərim yumulana yaxın qulağıma anamın səsi gəldi. O, mənim uşaqlıqda eşitdiyim əhvalatı danışırdı və heç ağlına da gətirmirdi ki, bu əhvalat mənim haqqımdadır. «Biri vardı, biri yoxdu, bir gənc oğlan və qız vardı. Onlar biri – birini sevdilər – anamın səsi ya ölümqabağı bihuşluqda, ya da yuxuda eşidilirdi. – Və evlənmək qərarına gəldilər. Bəy və gəlinsə həmişə birinə hədiyyə verir. Oğlan kasıb idi: yeganə sərvəti babasından ona miras qalmış saat idi. O saatı sataraq çox gözəl saçları olan sevgilisinə gümüş daraq almaq qərarına gəldi. Qızın da nişanlısına hədiyyə almaq üçün pulu yox idi. Onda o, şəhərdəki ən varlı tacirin dükanına getdi və öz saçlarını satdı. Qazandığı pulla saata qızıl zəncir aldı. Və onlar toy günü görüşəndə gəlin bəyə satdığı saatı üçün qızıl zəncir bağışladı, bəysə gəlinə – kəsdirdiyi saçları üçün daraq». Kimsə məni möhkəm silkələyərək oyatmağa çalışırdı və mən ayıldım. - İç! – mən kişi səsi eşitdim. – Tez iç! Mən nə baş verdiyini anlamırdım və müqavimət göstərə bilmirdim. Adam mənim dişlərimi araladı və içimi yandıran mayeni ağzıma tökdü. Nəzərimə onun təkcə köynəkdə olduğu, öz gödəkcəsi ilə məni bürüdüyü çarpdı. - İç! İç! – o tələb etdi. Və mən boyun əydim. Sonra yenə gözlərimi yumdum. Monastırda ayıldım. Kimsə bir qadın mənə baxırdı. - Siz, az qala, ölmüşdünüz, - o dedi. – Əgər monastırın arovulçusu olmasaydı, indi dünyanızı dəyişmişdiniz. Mən nə elədiyimi tam anlamadan çətinliklə ayağa qalxdım. Dünənki hadisədən bəzi şeyləri xatırladım və həmin qarovulçunun yaxınlıqda olmasına təəssüfləndim. Lakin ölümün məqamı ötürülmüşdü. Mən yaşamalı idim. Qadın məni mətbəxə apardı, qəhvə tökdü, boşqaba yeməyə nə isə qoydu. O, heç nə soruşmurdu, mən də heç izah etmədim. Yeməyimi bitirəndə o, rükzakımı mənə uzatdı.

- Yoxlayın, görün hər şey yerindədirmi? - Yəqin ki. Bir də orda qiymətli heç bir şey yoxdu. - səni qarşıda həyat gözləyir, qızım. Uzun həyat. Onun qədrini bil. - Hardasa buralarda kilsəli olan kiçik şəhər var, - mən özümü ağlamaqdan güclə saxlayaraq dedim. – Dünən bura gəlməzdən qabaq mən həmin kilsəyə girmişdim… - və tutuldum. …uşaqlıq dostumla birlikdə. Mən kilsələri gəzməkdən yorulmuşdum, amma orda kilsənin zəngləri çaldı və o dedi ki, bu işarədir və biz içəri girməliyik. Qadın yenidən mənim fincanımı doldurdu, özünə də süzdü və yanımda oturaraq mənə söhbətimə qulaq asmağa başladı. - Və biz içəri girdik. Ora qranlıq və boş idi. Mən işarənin nə olduğunu müəyyənləşdirməyə çalışdım, lakin adi mehrabdan və müqəddəslərin heykəllərindən başqa heç nə görmədim. Qəflətən hardasa yuxarıda, orqanın olduğu yerdə canlanma yarandı. Məlum oldu ki, xorda altı simli gitara çalan bir neçə oğlan alətləri kökləməyə başlayıb. Biz qərara gəldik ki, oturub bir az qulaq asaq, sonra yolumuza davam edək. Az sonra kimsə bir Adam da bizə qoşuldu. O şən idi və oğlanlara qışqırırdı ki, pasodobl çalsınlar. - Ümid edirəm, onlar bunu etmədilər! – qadın dedi. – Pasodoblu öküz döyüşündə çalırlar. - Etmədilər. Ancaq güldülər və flamenko çaldılar. Bütün bunlar dostumla mənə möcüzə kimi göründü – kilsənin dincəldici qaranlığı, gitara simlərinin cingiltisi və yanımızda oturmuş o məzəli adam. Yavaş – yavaş kilsə camaatla dolurdu. Musiqiçilər flamenko çalmaqda davam edirdilər və gələnlərin hamısı melodiyanın ritminə uyaraq gülümsəyirdilər. Mənim dostum messanı dinləyib – dinlməyəciyimi soruşdu – tezliklə ibadət başlamalıydı. Mən imtina etdim, çünki yolumuz çox uzaq idi. Biz çıxmağa hazırlaşdıq, lakin əvvəlcə həyatımıza bir gözəl an daha yazdığı üçün Allaha təşəkkür etdik. Qapıya yaxınlaşanda gördük ki, həddindən çox adam - az qala bu balaca şəhərin bütün sakinləri – kilsəyə axışır. Mən düşündüm ki, bəlkə də bura İspaniyanın sonuncu tam katolik şəhəridir – yəqin ona görə ibadətlər burda belə şən və canlı keçir. Maşina oturanda dəfn mərasimi gördük. Adamlar əllərində tabut aparırdılar. Ağlaşmaya hazırlaşırdılar. Dəfn mərasimi məbədin qapısından içəri girəndə musiqiçilər flamenkonu kəsdilər və rekviem çaldılar. - Allah rəhmət eləsin! – qadın xaç çəkərək dedi. Mən də xaç çəkdim və davam etdim: - Bax, işarə bu idi. Bizə xəbər verilirdi ki, hər bir əhvalatın sonu mütləq kədərlidir. Qadın mənə baxdı, amma heç nə demədi. Sonra çıxdı və tez də bir qalaq kağız və qələmlə qayıtdı. - Gəl, bayıra çıxaq. Biz çıxdıq. Hava işıqlanırdı. - Dərindən nəfəs al, - o xahiş etdi. – Qoy, səhərin təmiz havası ciyərlərinə dolsun, qanına işləsin. Sən dünən möcüzə nəticəsində sağ qalmısan. Və belə görünür ki, indicə mənə danışdığın əhvalatın mahiyyətini Heç sən özün də anlamırsan. Sən onun təecə kədərli sonluğunu gördün və kilsədə yaşadığın xoşbəxt anları unutdun. Unutdun ki, sanki göylərin necə yerə endiyini görmüsən. Unutdun ki, bütün bu anları … - o, dilini sürüdü və və gülümsəyərək öz vurub sözünü bitirdi. – uşaqlıq dostunla birlikdə və onun yanında yaşamağın necə yaxşı olduğunu düşünmüsən. İsanın sözləri yadındadı: «»Qoy, ölülər öz ölülərini basdırsınlar». Zira o bilirdi ki, ölüm yoxdur. Həyat biz bu dünyaya gələnə qədər olub və bi zonu tərk edəndən sonra da olacaq. Mənim gözlərim yaşla doldu. - Eyni şey sevgiyə də aiddir, - o davam etdi. – O, əvvəllər də var olub və əbədilik olacaq. - Mənə elə gəlir ki, siz mənim həyatımı bilirsiniz, - mən dedim.

- Bütün sevgi əhvalatları biri birinə oxşayır. Mən də vaxtlə Bundan keçmişəm. Ancaq mən bu yadımda qalmayıb. Yadımda qalan odur ki, sevgi dirildi və başqa insanın, yeni ümidlərin, yeni arzuların simasında qayıtdı. O, kağızı və qələmi mənə uzatdı. - Bütün hiss etdiklərini yaz. O hissləri öz qəlbindən çıxart, onları kağıza tök, sonra da tulla. Rəvayətdə deyilir ki, guya Rio – Pyedranın suları elə soyuqdur ki, bu çayın sularına düşən hər şey – yarpaqlar, həşəratlar, quş lələkləri – vaxt keçdikcə onun məcrasını döşəyən daşlara çevrilirlər. Nə bilmək olar, bəlkə əzabları da selə atmağın xeyri olacaq? O, məni öpdü və dedi ki, əgər istəsəm, nahara qayıda bilərəm. - Unutma! – o, arxamca çağırdı. – Sevgi əbədidir. Sevgililər dəyişir. Mən güldüm, o, mənə əl yellədi. Mən uzun müddət çaya baxdım, Göz yaşlarımın quruduğun hiss edənə qədər ağladım. Və onda mən yazmağa başladım. Epiloq Mən bir, iki, üç gün yazdım. Hər səhər çayın kənarına gəlirdim. Axşama yıxın Həmin qadın peyda olurdu və əlimdən tutaraq məni öz evinə – köhnə monastırdakı hücrəsinə apırırdı. O, mənim paltarlarımı yuyurdu, sadə şam yeməyi hazırlayırdı, boş - boş şeylərdən danışırdı və məni yatırdırdı. Bir səhər, işimin sona çatmasına az qalmış, mən eşitdim – maşın gəldi. Ürəyim dayandı, sonra bərk çırpındı, lakin mən onun dediklərinə inanmaq istəmirdir. Mən artıq özümü hər şeydən azad hiss edirdim və dünyaya qayıtmağa, yenidən onun bir parçası olmağa hazır idim. Ən təhlükəli an özü haqqında işıqlı kədər qoyaraq keçmişdi. Amma ürəyim məni aldatmırdı. Gözümü əlyazmadan çəkmədən onun varlığını duydum, addımlarını eşitdim. - Pilar, - o, yanımda oturaraq dilləndi. Mən cavab vermədim. Yazmağa davam etdim, amma fikirlərim artıq qarışmışdı və mən onları bir yerə toplamaq iqtidarında deyildim. Ürəyim elə döyünürdü, elə titrəyirdi ki, sanki sinəmi tərk etmək, onun görüşünə cummaq istəyirdi. Lakin mən buraxmırdım. O, oturaraq çaya bıxırdı, mənsə dayanmadan qələmi kağızın üzərində gəzdirirdim. Bütün səhər beləcə keçdi – heç birimiz bir kəlmə belə danışmadıq – və quyu kənarında keçirdiyimiz həmin gecənin səssizliüini xatırladım – onda mənə qəflətən əyan olmuşdu – mən onu sevirəm. Yorğunluqdan əllərim üyüşdü və mən dayandım. Onda o dedi: - mən mağaradan çıxanda artıq qaranlıq düşmüşdü və mən səni gözdən itirdim. Saraqosa getdim. Sonra – Soriyaya. Mən səni axtararaq bütün dünyanı dolaşardım. Pyedra monastırına qayıtdım və burda bir qadınla rastlaşdım. O, sənin yerini mən dedi. Və əlavə etdi ki, bütün bu günlər sən məni gözləmisən. Mənim gözlərim yaşla dolurdu. - Sən bu sahildə oturduğun müddətcə mən sənin yanında qalacam. Yatmağa gedəngə – kandarda uzanacam. Əgər uzaqlara getsən, ardınca yollanacam. Sən «Get» deyənə qədər belə olacaq. Onda mən gedəcəm. Amma yenə də bütün həyatım boyu səni sevəcəm. Mən artıq göz yaşlarımı gizlədə bilmirdim. O da ağlayırdı. - İstəyirəm, biləsən ki… - o davam etdi. - Heç nə demə. Götür, oxu,- mən cavab verdim və bir topa yazılı vərəqi ona uzatdım. Həmin günü mən axşama qədər çaya baxaraq keçirdim. Qadın bizə şərab və buterbrodlar gətirdi, hava haqqında nə isə dedi və bizi yenidən tək qoydu. OЁ bir neçə dəfə oxumağı dayandırdı və dərin düşüncələrə dalmış halda heç nə görməyən baxışlarını üfüqə zillədi.

Mən meşədə gəzmək, kiçik şəlalələrə, dağ yamaclarına baxmaq istədim – onların hər birinin öz əhvalatı vardı, hər biri gizli anlam daşıyırdı. ,ünəş qüruba enəndə onu qoyub –getdiyim yerə qayıtdım. - Çox sağ ol, - o, əlyazmasını mənə verərək dedi. – Və bağışla. Mən Rio – Pyedranın sahilində oturdum və gülümsədim. - Sənin məhəbbətin məni xilas etdi və arzularıma qaytardı, - o davam etdi. Mən səssizcə və tərpənmədən oturmuşdum. - 137- ci surə yadındadır? – o soruşdu. Mən başımı yellədim. Ağzımı açmağa qorxurdum. - Babil çaylarının yanında… - Hə, hə, əlbəttə, yadımdadır, - mən yavaş – yavaş həyata qayıtdığımı hiss edərək dedim. – Orada çöhbət sürgündən gedir.Ürəklərinin istədiyini çala bilmədikləri üçün arfalarını ağacların budaqlarından asmış adamlardan danışılır. - Lakin ağlaşma bitəndən sonra ağıçı röyalarının torpağını işıqlı kədərlə xatırlayaraq özünə söz verir: Əgər mən səni unutsam, Yerusəlim, Unut məni, sağ əlim mənim Qırtlağıma yapış, dilim mənim Əgər mən səni unutsam, Yerusəlim O, yenidən gülümsədi: - Mən bunu unutmağa başlamışdım. Sən mənim xatırlamağıma səbəb oldun. - Necə bilirsən, sənin vergin sənə qayıdacaq? – mən soruşdum. - Bilmirəm. Ancaq Allah həmişə mənə ikinci şans verib. O, mənə səni verir. Və sən təzədən öz yolumu tapmaqda kömək edəcəksən. - Bizim yolumuzu, - mən düzəliş verdim. - Hə, bizim. O, mənim əlimdən tutdu, yerdən qalxmağa kömək elədi. - Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək.


Tarix: 09.06.2015 / 13:22 Müəllif: Aziza Baxılıb: 292 Bölmə: Paulo Koelyo - "Rio-Pyedranın sahilində oturdum və ağladım"
loading...