Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fırlanğıc
Fırlanğıc

Bu balaca qız,
bu balaca gəlincikli
bu balaca qızcığaz
məndən sonra da
olacaq.
Bu balaca qızın könlünü oxşayanlar da olacaq,
Bu balaca qızın xətrinə dəyənlər də olacaq,
Bu balaca qızı sevib bəyənənlər də olacaq.
Bu balaca qız gəlin olacaq, yep-yekə ana olacaq.
Bu balaca qızın balaca-balaca doğruçu gəlincikləri olacaq.
Evi də olacaq, vargəl edəcək, vaxt tapınca gizlicənə ağlayacaq.
Divarlardan leşgər-leşgər qəm yükü, ayrılıqlar boylanacaq…
Evində, əlləri belində, bir hökmüran ər də dayanacaq,
bu leşgərin üstündən elə hey quylanacaq!
Bu balaca qız, bax beləcə qarıyacaq, nənə olacaq.
Aman Allah! Bağ-bağçası, qönçələri, bütün güllər solacaq!..
Bu balaca qızın toxunmayın qəlbinə!
Bir gün, bir gecə,
ömrün hansısa astanasının
hansısa bir sonuncu pilləsində
Elə
sonuncu dəfə durub dayanacaq.
Astananın başlanğıcında
başqa gəlincikli
başqa balaca qızcığaz
kəpənək donunda
qanad çırpıb fırlanacaq…


Tarix: 04.06.2015 / 17:48 Müəllif: Aziza Baxılıb: 108 Bölmə: Nurəngiz Gün
loading...