Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumurtalığın kistası

Yumurtalığın kistası – yumurtalığın səthində və ya daxilində olan boşluqlu (içərisi maye ilə dolmuş kisə şəkilli şiş) törəmələrdir. Hazırkı dövrdə bu, kifayət qədər yayılmış xəstəlikdir.

Yuxarıda biz yumurtalıqların fəaliyyəti barədə məlumat vermişdik. Qısa da olsa, onu təkrar edək. Yumurtalıqların işini idarə edən hormonların təsiri altında mayalanma üçün bir və ya bir neçə follikul yetişərək böyüməyə başlayırlar. Müəyyən bir müddətdən sonra bir və ya bir neçə follikul daxilində yumurta hüceyrəsi daşıyan yetişmiş follikula çevrilir. Hormonların təsiri altında yetişmiş follikul partlayır və bu zaman yumurta hüceyrəsi qarın boşluğuna düşür. Follikul mayesi öz axarı ilə yumurta hüceyrəsini uşaqlıq borusunun qıfşəkilli hissəsinə istiqamətləndirir. Müvafiq şərtlər daxilində məhz uşaqlıq borusunda mayalanma baş verir. Dağılmış follikulun yerində sarı cisim əmələ gəlir ki, o da aktiv şəkildə progesteron hormonu ifraz etməyə başlayır. Mayalanma baş vermədikdə isə sarı cisim yumurtalıqda 10-14 gün yaşadıqdan sonra məhv olur və nəticədə menstruasiya (aybaşı) baş verir.

Bu, normal halda belə olur. Bəzən isə bu və ya başqa səbəblərdən bu prosesdə pozğunluq baş verir. Məsələn, içərisində yumurta hüceyrəsi olan follikul müəyyən bir anda “donur” və özünün sonrakı inkişafını dayandırır. Müəyyən dövrdə inkişafını dayandırmış olan bu follikul, onun hüceyrələri tərəfindən qadın cinsi hormonlarının artıq dərəcədə hazırlanması nəticəsində, follikulyar kistaya çevrilir. Bu kistanın ölçüsü bəzən 6 sm-dək çata bilir. Bu zaman yumurta hüceyrəsi yumurtalıqdan çıxmır, uşaqlığın daxili selikli qişası olan endometriumun qalınlaşaraq inkişaf etməsi baş vermir ki, bunun da nəticəsində aybaşı 10-15 gün müddətinə ləngimiş olur. Bu, kistanın əmələ gəlməsinin bir variantıdır. Bundan əlavə, başqa variantlar mövcuddur. Məsələn, sarı cisim sakitcə “solmaq” əvəzinə sürətlə inkişaf etməyə başlayır, aktiv şəkildə progesteron hazırlayır və bunun nəticəsində sarı cismin kistasına (və ya lyüteyin kistasına) çevrilir.

Kistaların əmələ gəlməsinin əsas səbəbi qadın orqanizmində olan hormonal pozğunluqlardır. Yumurtalığın fəaliyyəti nəticəsində əmələ gələn kistaların müalicəsinə, adətən, heç bir ehtiyac olmur (həkimlər bu kistaları funksional kistalar adlandırır). Adətən funksional kistalar bir-iki aybaşı tsikli ərzində öz-özünə sorulurlar. Kistalar sorulduqda dəyişilmiş aybaşı baş verir adi halda olduğundan daha çox və ya az miqdarda qanaxma olur və ya daha uzun müddət ərzində cinsi yollardan cüzi qan ifrazı ilə müşayiət olunur.

Funksional kistalar kiçik ölçülü olduqda, adətən, heç bir əlamətlə özünü büruzə vermir və təsadüfən ultrasəs müayinəsi (USM) zamanı aşkar edilir. İri funksional kistalar isə qarının aşağı hissəsində və cinsi akt zamanı ağrılara səbəb ola bilərlər. Bu halda qadınlar mütləq həkimə müraciət etməlidirlər.

Əgər müayinə zamanı qadında yumurtalığın kistası müəyyən edilərsə, həkim onu bir-iki aybaşı tsikli ərzində nəzarətdə saxlayır. Nəzarət dövründə qadın qarının aşağı hissəsinə isti tətbiq edilməsi ilə olan müalicə üsüllarından (palçıq müalicəsi və digər bu kimi üsullar) istifadə etməməlidir! Çünki bu zaman kiçik çanaq üzvlərinin – həmçinin yumurtalıqların qan dövranı güclənmiş olur. Buna isə yol vermək olmaz! Çünki bu zaman kistanın böyüməsi və son nəticədə partlaması baş verə bilər. Belə xəstələrə sauna və isti hamama getmək, isti vanna qəbul etmək olmaz. Onları ilıq duş altında yuyunmaqla əvəz etmək olar. Günəş vannalarını isə səhər saat 11-dək və axşam saat 18-dən sonra qəbul etmək olar.

Növbəti aybaşından sonra qadın yenidən ultrasəs müayinəsindən (USM) keçir. Əksər hallarda növbəti aybaşı zamanı funksional kista ya tamam yox olur, ya da xeyli dərəcədə kiçilir, daha növbəti aybaşından sonra isə bütünlüklə yox olur. Sorulma baş vermədiyi halda isə qadına hormonal preparatlarla müalicə yazılır. Bu müalicənin nəticəsində yumurtalığın kistası, adətən, sorulmuş olur. Əgər yumurtalıq kistanın müalicəsi üç ay ərzində effekt vermirsə, bu halda onu cərrahi yolla xaric edirlər.

Funksional kistalardan savayı, yumurtalıqlarda həqiqi kistalar da əmələ gələ bilir. Bu kistalar yumurtalıqların fəaliyyəti ilə əlaqədar olmayıb faktiki olaraq yumurtalığın şişi hesab olunur. Yumurtalıqların bir neçə növ həqiqi kistası olur. Onlar quruluşuna, inkişaf sürətinə, bədxassəliyə keçməsi (yəni bədxassəli şisə – xərçəngə keçə bilməsi və ya bilməməsi) kimi xüsusiyyətləri ilə bir-birindən fərqlənirlər.

Həqiqi kistaların əmələ gəlməsinin səbəbləri hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər hesab edirlər ki, onların əmələ gəlməsinə təkan verən faktor qadın orqanizmində lyüteyinləşdirici hormonla (LH) folikulstimullaşdırıcı hormonların (FSH) nisbətinin pozulması olur. Daimi streslər, arıqlamaq məqsədi ilə tutulan kəskin pəhrizlər, qadın cinsi orqanlarının müxtəlif infeksiyaları – yumurtalıqların fəaliyyətinə mənfi təsir edirlər ki, bunlar da həqiqi kistaların yaranmasında müəyyən rol oynayırlar. Həqiqi kistaların müalicəsi yalnız cərrahi yolla aparılır. Bu kistalar qadın orqanizmi üçün çox təhlükəli hesab olunur ki, onlar şişə (xərçəngə) çevrilə bilərlər. Buna görə də, yumurtalığın kistasına görə nəzarət altına götürülmüş xəstədə aybaşından sonra kista sorulmazsa və ya heç olmasa kiçilməzsə (bəzi hallarda əksinə olaraq kistanın ölçüsü daha da artmış olarsa), qadının tam şəkildə müayinəsi aparıldıqdan sonra, tələb olunduğu halda kistanın cərrahi yolla xaric edilməsi əməliyyatı aparılır. Hazırda bu əməliyyatlar az travmatik laparoskopik üsulla aparılır. Bu zaman qarın boşluğuna bir neçə kiçik dəliklə (5- 10 mm) daxil olmaqla optik cihazların köməkliyi ilə xüsusi cərrahi alətlərlə həqiqi kistaları xaric edirlər.

Bəs hansı əlamətlərə görə qadın özündə həqiqi kista olduğundan şübhələnə bilər? Belə kistaların bəziləri kişi hormonları ifraz edirlər ki, bu da qadının ümumi görkəmini dəyişərək onu yeniyetməyə oxşadır. Əfsuslar olsun ki, bu şişlər praktiki olaraq hər bir halda bədxassəli olurlar. Elə kistalar da olur ki, onlar xeyli miqdarda qadın cinsi hormonları ifraz edirlər. Bunun nəticəsində qız uşaqlarında vaxtından qabaq cinsi yetkinlik inkişaf edir, dölyaratma yaşında olan qadınlarda aybaşı tsikli dəyişir, qaydasız qanaxmalar olur, yaşlı qadınlarda elə bil ki, orqanizm cavanlaşır, aybaşılar qayıdır. Kistaların bu növü də xeyli təhlükəli hesab edilir. Çünki bu kista da xərçəngə çevrilə bilər.

Ölçüsü böyük olan kistalar qarının aşağı hissəsində olan ağrılara, cinsi akt zamanı ağrıya, sidik kisəsini sıxışdırdığı halda tezləşmiş sidik ifrazı və ya sidiyi saxlaya bilməmək kimi əlamətlərin əmələ gəlməsinə səbəb ola bilər. Bəzi hallarda kistanın partlaması da baş verə bilər. Bu zaman qarında kəskin ağrılar, ürəkbulanma, bədən temperaturunun yüksəlməsi və s. əlamətlər qeyd edilə bilər.

Beləliklə, əgər qadın özündə yuxarıda sadalanan əlamətləri hiss etmiş olarsa, o, mütləq həkim-ginekoloqa müraciət etməlidir.

Elə hallar da olur ki, bu kistalar özlərini heç bir əlamətlə büruzə vermir və təsadüfi müayinə zamanı aşkar olunurlar. Təəssüflər olsun ki, əksər hallarda belə kistalar artıq xərçəngə çevrilmiş olurlar. Ona görə də, yaşından asılı olmayaraq, hətta qadının heç bir şikayəti olmasa da, onun ildə 2 dəfə olmaqla həkim-ginekoloq tərəfindən profilaktik müayinə olunması çox vacib hesab olunur.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 398 Bölmə: Maraqli Melumatlar
loading...