Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Anam kimi desə, onu da alacam" - müasir gənclərin düşüncəsi

Deyirlər ki, insan gərək həyatda iki şeyi elə seçə ki, ömrünün sonunacan peşmançılıq çəkməyə. Bunlardan biri insanın peşə və ya sənət seçimi, digəri isə onun ömür-gün yoldaşıdır. Əksər hallarda insan öz ətrafında olan hər şeyi dəyişib yeniləyə bilmə imkanı qazansa da, həyat yoldaşını dəyişmə şansı çox az olur. Ona görə də qarşı tərəfi seçərkən cütlüklər yüz ölçüb, bir biçməlidirlər. Amma deyəsən, bu tendensiya müasir dövrümüzdə dəyişib. Əgər əvvəllər gənclər evlənərkən qarşı tərəfi özləri seçməyə çalışırdılarsa, indi çoxları fikirləşir ki, qoy seçimi valideynlər etsin: yəni “kimi desə, onu alacam” və ya “kimə versə, ona da gedəcəm”.

Müşahidələr göstərir ki, müasir gənclər arasında qarşılıqlı anlaşılmazlıq mövcuddur, bir-birinə möhkəm inam yoxdur. Bir çox gənclər fikirləşirlər ki, seçimi özləri etsələr, sonra evlilik alınmasa, ona deyəcəklər “özün istədin, cəzanı da özün çək”.

Maraqlıdır, gənclərin bir-birinə inamsızlığı nə ilə bağlıdır? Niyə onlar qarşı tərəfi özləri seçmək qabiliyyətini itirirlər? Bu onların acizliyidir, yoxsa inamsızlığı?

Sosioloq Cavid İmamoğlu bildirir ki, cəmiyyətimizdə nümunəvi ailələr çox azdır. “Öncə onu qeyd etməliyik ki, evlilik mövzusu geniş araşdırma tələb edir. Çünki evliliyə qədəm qoyan insanlar iki fərqli mühitdən gələrək yeni bir mühit yaradırlar ki, bunun da adı ailə olur. Ailə sözünün tərcüməsinə fikir versək “biri-birinə qarşılıqlı möhtac olan, biri-birinə arxalanan və güvənən” mənası verir. Bu o deməkdir ki, ittifaqa girəcək insanlar həqiqətdə bu hissə ehtiyaclı olsunlar. Öz şəxsiyyətlərini tam gerçəkləşdirə bilməmiş insanlar sağlam bir ailənin təməlini qoya bilməzlər. Özünü təsdiq edən insanlar öz xoşbəxtlik və bədbəxtliklərinə görə yalnız özlərini cavabdeh bilərlər və belə insanların ailə münasibətlərində uğursuzluğa düçar olması belə onların insan kimi formalaşmasına mane olmur. Belə uğursuz evlilik yaşayan insanlar sonda aralarında olan ittifaqı ləğv etməklə yeni bir xoşbəxt ittifaqa can atırlar. Təbii ki, hər kəsdə bu belə olmur. Cəmiyyətimizdə evliliyə yanaşmalar fərqlidir. Belə olan halda biz fərqli-fərqli ailə tipləri və birlikləri görürük. Var xoşbəxt ailələr, harda ki, ailəni təşkil edən fərdlər bir-biriləri ilə həyatın acısı və şirinini paylaşırlar. Çünki insan niyə evlənir sualına ən gözəl cavab təbii ki, paylaşmaq üçün cavabı verilə bilər. Belə olan halda, əgər ittifaqa girən iki fərd arasında paylaşacaq heç bir dəyər yoxdursa, demək ki, həmin ailə xoşbəxt ailə sayıla bilməz”.
Sosioloq hesab edir ki, insanların ailəyə yanaşma tərzi düzgün qurulmayıb: “Bəzi insanların ailəyə yanaşması “ofis” kimidir. Yəni yazılan və yazılmayan qayda-qanunların hakimlik etdiyi bir iş mühiti. Belə insanlar ailəyə sevgi dolu mühit kimi baxmırlar. İnsanlar fərqli olduqları kimi, cəmiyyətimizdə hər qurulan ailə modeli də fərqli olur. Və burada qınamaq mövqeyindən yanaşmaq da düz olmaz. Çünki hər kəs qurduğu modelə uyğunlaşıb yaşamağı öyrənir. Biz ideal ailə axtarışına çıxsaq, təbii ki, bunu çox çətinliklə tapa bilərik. Ailələr çox, lakin nümunəvi ailələrimiz azdır. Biz ideal ailədə ailə üzvləri arasında sevgi, diqqət, inam, paylaşmaq kimi dəyərlər axtarırıq. Ancaq, bu kimi dəyərlərin ailədə cəmləşməsi üçün ilk əvvəl fərdlərdə bu dəyərlər olmalıdır. Olmadıqda isə təbii ki, şərtlər üzərində qurulan ailənin şahidi olacağıq. Şərtlərin olduğu yerdə isə fərdlər arasında olan sevgi və diqqətdən söhbət belə yersizdir”.

Psixoloq Elnur Rüstəmov isə bu cür halların baş verməsinin səbəbini gəncliyin özünəgüvən hissinin zəif olması ilə əlaqələndirir.

“Bu kimi məsələlərin kökündə çox zaman gənclərin öz güvən hissinin aşağı olması və məsuliyyət daşımaq istəməməsi ilə bağlı olur. Şübhəsiz ki, bunu bütün gənclərə şamil etmək olmaz. Nəzərinizə çatdırım ki, bu kimi problem bütün dövrlərdə olub. Sadəcə bu gün problem özünü daha qabarıq göstərir. Buna təsir edən başqa bir faktor oğlanların bir qisminin analarına ifrat dərəcədə bağlı olmalarıdır. O səbəbdən də fikirləşirlər ki, analarının seçəcəyi qız elə anası kimi olacaq. Proses şüuraltı baş verdiyindən buna şüurla qiymət vermək bir qədər çətin olur. Söhbət insanlar tərəfindən bunun qəbul edilməsindən gedir. Hansı oğlana bunu desən bəlkə də etiraz edəcək. Ancaq fakt bu kimi hallar olur. Normalda isə insan sevdiyi insanla ailə həyatı qurmalıdır. Belə ailələr digər ailələrə nisbətdə daha uzunömürlü olurlar. Bu gün boşanan ailələrin böyük bir əksəriyyətini də valideyn tövsiyəsi ilə qurulan ailələrdir. Bütün hallarda ailə qurmadan öncə psixoloji konsultasiya vacibdir. Düşünürəm bu ailə quran gəncə özünü tanımada, adaptasiyaya, münasibətlərə və s. bu kimi hallara müsbət təsirini göstərəcək”.


Tarix: 12.06.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...