Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızıma deyirəm, gəlinim eşitsin...

Toya hazırlıq insanların həyatında ən əlamətdar mərhələdir. Hamı bir gün (bəzi yerlərdə bir neçə gün) davam edən toy axşamına aylarla hazırlaşır. Xanımların isə əsas qayğısı əlbət ki, gəlinlikdir.


Gəlinlik yeganə paltardır ki, ilin fəslindən asılı olaraq açıq və ya örtülü ola bilər. Bəlkə də çoxumuz bilmirik ki, orta əsrlərdə gəlinlər yalnız qırmızı gəlinlik geyinərdilər. Mühafizəkar şərq dövlətlərində qırmızı gəlinlik indidə dəbdədir. Mariya Stüart ağ gəlinliyi uğurla dəbə salsa da, bir sözlə hansı rəngdə olmasından asılı olmayaraq, gəlinlik göz qamaşdırıcı olmalıdır. Bu da zövqə bağlı məsələdir. Məsələn, bahalı ağ atlasdan olduqca sadə biçimli gəlinlik əl işlərilə zəngin və dəbdəbəli gəlinliklərdən qat qat kübar və yadda qalan görünə bilər və ya ağappaq atlasla fil sümüyü rəngində olan güpür və krujevanın kombinasiyasından şahanə gəlinlik tikdirmək olar.


Bütün bunlar əlbət ki, gözəldir. Amma gəlinlik alanda və ya tikdirəndə gəlinin bədən ölçüləri, çatışmayan cəhətləri mütləq nəzərə alınmalıdır. Beləliklə, çanaq sümüyü və ombaları geniş olan xanımların gəlinlik donunun yuxarı hissəsinin "A" formalı olması məsləhətlidir. Bu artıq ölçüləri ört-basdır etmək üçün ideal variantdır.


İri bədən ölçüləri olan xanımlar özlərini qatbaqat bahalı parçalara bürüməməlidirlər. Bədənə yüngülcə yapışmış və fiquranı bir az bildirən gəlinlik daha effektlidir. Həmin qayda nərmə nazik xanımlara da aiddir. Gəlinliyin üzərindəki müxtəlif bant və əlavələr gəlini hələ də gəlinciklə oynayan qız kimi göstərə bilər.


Sinəsi iri olmayan xanımların bu hissəsini "korrektə" etmək üçün donun bel hissəsini çanağa kimi bir qədər uzatmaq məsləhətdir. Sinəsi iri olmayan klassik gəlinliklər daha çox yaraşır - sinəni bir qədər yuxarı qaldıran və ya onu həcmli göstərən büstqalter ideal seçimdir. Sinəsi iri olanlara ya dərin "V" kəsikli, və ya bretelkasız (tamamilə qolsuz) gəlinliklər uğurla yaraşar. Bir şeyi nəzərə alın ki, sinənin həddindən artıq açıq qalması gəlinə vulqar görkəm verə bilər. Açıq gəlinliklər bəzi ailələrin adət-ənənələrinə və daxili qaydalarına zidd olduğu üçün onlar tamamilə örtülü gəlinlik donlarına üstünlük verirlər. Qolları və sinəsi bağlı gəlinlik seçimi zamanı da yuxarıdakı qaydalara əməl etmək mümkündür.


Sadəcə 3 şeyi yadda saxlamaq lazımdır. Gəlinliyi toya 1 həftə qalmış geyinib ölçün. Çalışın çəkiniz nə artsın, nə də azalsın. Əlavə bər-bəzəkdən uzaq olun ki, şit görünməyəsiz. Kirayə götürülmüş gəlinlik paltarının hər bir detalına diqqətlə fikir verin. Çirklənmiş hissələri təmizləyin, onu xüsusi temperaturda ütü ilə ehtiyatla ütüləyin. Bəzək əşyalarınızı gəlinliyi geyinəndən sonra taxın. Dodaq boyası da o cümlədən. Müasir gəlinliklərə yapon stilində obi adlanan enli atlas kəmər və ya qurşaqlar, bu qurşağa diaqonal şəkildə tikilmiş və üzəri xırda daş-qaşlarla bəzədilmiş ensiz zolaqlar əlavə olunur. Gəlinlik dizaynerləri italyan stilində güllü tikmələr, xırda mirvarilər və krujevalarla bəzədilmiş gəlinliklərə də yer verirlər. Sadə biçimli gəlinliklərə bu cür elementlər əlavə etməklə şık və göz oxşayan etmək olar. O ki qaldı gəlinlik buketlərinə, indi daha zərif və xırda güllərdən hazırlanmış yüngül buketlər dəbdədir. Gülləri zərif krujevaya, nazik qızılı və gümüşü iplərlə bəzəmək də olar. Azərbaycan toylarında gəlinin toyun sonuna kimi masa arxasında əyləşməsini nəzərə alıb, gözəllik və cah-cəlaldan başqa gəlinliklərin rahat olmasını nəzərə almaq da vacibdir.


Tarix: 12.06.2013 / 21:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...