Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

25 Yaşlı Qızı Almazlar! Çünki,O Qarıyıb.

- Nə yaxşı papaqdır? Həm kepkadır, həm papaq.
- Bir manat iyirmi qəpiyə almışam.
- Ola bilməz. Belə də ucuz qiymətə papaq olar?
- Sənin ağlın qabaqkı kişilərin papaqlarına getməsin ey… o vaxtlar ki, namusun qiymətini də qoyurdular papağın üstünə, papaq od qiymətinə olurdu.
Stereotiplər sındırılıb. Ora qədər ki, sındıra bilmişik. Daha çox əşyaların üstündə, maddi tərəfdən, deyək ki… Məsələn, indi ərə getməmiş qız uşaqlarının qaşlarını alması əxlaqsızlıq sayılmır. Qadınlar da kişilər kimi şalvar geyir, kişilər kimi işə gedirlər, maşın sürürlər. "Toy olsun”, "Onun yarısı” kimi TV-proqramlarda bəyəndikləri kişilərə elçi düşürlər. Hətta bəzən atalarıyla, analarıyla birlikdə.
Təbii ki, hər kəsə eyni imkanlar verilmir. Böyük çoxluq hər gün bu iki verilişi səbirsizliklə gözləyir, bütün iş-gücünü atıb ekran qarşısında oturur. Reklam aralarında idarəedicini bu kanaldan o birinə dəyişir ki, hər iki verilişdə baş verənləri qaçırmasın. Və həm də ya maddi imkansızlıqdan, ya da səadətini tapmaq ümidiylə bu verilişə üz tutanları qınaq hədəfinə çevirir, "Qıza bax, qıza, əriyəsən səni”, "Ətin tökülsün!” və s. kimi atmacalar atır. Hətta bu verilişi aparan hər iki kişi aparıcı stereotipləri sındıra bilmədiklərini efirdəcə bəyan edirlər. Məsələn, Zaur deyir ki, o, 25 yaşını adlamış xanımla ömründə evlənməz. (el arasındakı fikirlərə görə, qarımış qızla), üstəlik, gərək qız dilli olmasın, yəni başına vur, çörəyin əlindən al. Elgizsə, bəyan edir ki, kişi gərək anasının bəyəndiyi, anasının göstərdiyi qızla ailə qura. Yəni keçən əsrin əvvəllərindəki kimi, kişi heç qadını görməsə də, tanımasa da, anası gördü, tanıdı, bəyəndi, bəsdi.
Mənim həmin verilişlərin xanım aparıcıları Ülvira ilə Günaya yazığım gəlir.
İndi müvəqqəti olaraq əyalətlərdən birində yaşayıram. Yenicə tanıdığım qonşu qadın yeganə oğlunu necə itirdiyini danışır mənə. Yazım, siz də oxuyun, özünüz bir nəticə hasil edəcəksiniz. "Qızımın iş yoldaşının bacısını aldım oğluma. Oğlum da dedi ki, mama, nə vaxt sözündən çıxmışam ki, bu dəfə də çıxam. Nə isə… evləndilər. Üç uşaqları var, ikisi qızdı, biri oğlan. İndi ərlə-arvaddı da, sözləri olurdu, savaşırdılar hərdən. Gəlini öyrədiblər, get ərindən milisə şikayət elə ki, məni döyür. Gedib milisə şikayətə. Oğlum da yanğınsöndürən işləyirdi. İş yerində bunu biliblər. Gəlin acıq eləyib getdi qaldı dədəsinin evində. Nə isə… uşaqlarından keçə bilmədi oğlum, getdi gəlini gətirdi, həmin gün özünü çardaqdan asdı. Məktub qoymuşdu ki, mama, mən daha başıma papaq qoya bilmərəm, məndən milisə şikayət edən qadınla yaşamaram”.
Orta əsrlərdə belə əhvalat olsaydı, yəqin ki, kişi tərəddüdsüz qadınını öldürərdi. Amma indi hüquq qadını qoruyur, axı o da insandır, onu öldürsən, bunun türməsi var, filanı var (Molla Nəsrəddinin arvadıyla düşən mübahisələrinin çoxunu qazi həll eləyirdi. Heç molla özünü asmırdı).
Qadının döyülməsinə, söyülməsinə etirazı kişilərə nədənsə ağır gəlir. Əgər qadın çarəsiz qalıb hüquq orqanlarının qapılarını döyürsə, ər bağışlamır. "Qadınımdı, döyərəm də, sevərəm də!” bu cümlələri Azərbaycan kişilərinin dilindən tez-tez eşidərsən. Hətta onlar ər zülmündən qaçıb ata evinə sığınanda da, qız ataları qızlarına bu cür öyüd verirlər: "Ərindi bala, ər adamı döyər də, söyər də, sevər də!”


Tarix: 11.06.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...