Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evlilikdə əsas olan nədir, həyat yoldaşı hansı kriteriyalara uyğun seçilir, yaş fərqi uğurlu evliliy

Hər kişi bir gün evlənəcəyi qadının, arzularındakı qadın olmasını istəyir, hər qızın xəyallarında bir "ağ atlı şahzadə"si var. Zaman kimimizin xəyalını gerçək edir, kimimizin düşüncəsini reallaşdırmır. Amma hamı bir gün öz yarını tapacağı günü gözləyir. Yarını tapan isə ortadakı bütün əngəlləri yox etmək istəyir və o əngəllərdən biri də çox vaxt yaş fərqidir. Milli.Az bu gün evliliklərdə yaş fərqindən yazır.

Evlilik nə tələb edir?

Psixoloqların fikrincə, uğurlu evliliklərin əsas səbəbi sevginin qarşılıqlı olmasıdır. Əlavə olaraq, təhsil səviyyəsi, dünyagörüşlər uyğun olmalı, evlənənlərin həm ruhi, həm də cismani "əkiz" olmaları vacibdir. Hesab edilir ki, evliliklərdə ən böyük maneə, insanın daha tez dəyişməyə meylli olmasıdır. Daha yaxşı bir həyat səviyyəsi olan birini görəndə, həyat yoldaşından daha cəlbedici biri ilə rastlaşanda bu cür problemlər yaranır.

Bir sıra psixoloqlar isə deyir ki, bu cür problemlər adətən yaş fərqi çox olan ailələrdə yaranır. Belə ki, qadın ərindən 6-10 yaş kiçikdirsə və yaxud da əksinə, kişi həyat yoldaşından kiçikdirsə, qısqanclıq birinci maneədir.

Qeyd olunur ki, evlilik insanlardan bircə şey tələb edir - elastik olmağı. Çünki sabit fikirlilik evliliklərdə ikinci problemdir. Evləndikdən sonra da olduğu kimi qalmaq bizim cəmiyyətin bir çox kişilərinə xasdır. Yenilikçi olmaq, amma mühafizəkarlığını itirməmək vacibdir.

Qısqanclığı yaradan birinci faktor nədir?

Evliliklərdə yüz faizli uyğunluqlar demək olar ki, yoxdur. Bəlkə də olsaydı "ideal" dediyimiz evlilik bu olardı. Dövrümüzdə kimsə özünə cəmi bir neçə xüsusiyyəti bənzər olan biri ilə tanış olursa istər-istəməz ona biganə qala bilmir. Düzdür, zəmanə gənclərinin əksəriyyəti daha çox xarici görünüşə aşiq olur, xasiyyət və xüsusiyyətləri o qədər vacib hesab eləmirlər. Elə bu səbəbdən də ailənin təməli möhkəm qoyulmur və ən xırda bir problemdə sarsıntı yaranır.

Yaş fərqi çox olan ailələrdə problem daha çox qısqanclıqdan yaranır. Yaş fərqi başlanğıc üçün o qədər də güclü maneə sayılmaya bilər, çünki o zaman hər iki tərəf sevdiyini düşünür və gələcək həyatlarında yaş fərqinin maneə olmayacağını hesab edirlər. Lakin zaman, təcrübələr və gözümüzün qarşısında baş verənlər sübut edir ki, evlənənlər arasında maksimum 5-6 yaş fərq olduqda bu ailədə problem yaratmır, daha çox fərqlə qurulan evliklərdə mütləq zamanla ünsiyyət problemi yaranır.

İdeal evlilik yaşı neçədir?

Bizim bir məsəlimiz var - ağıl yaşda deyil, başdadır. Bir çox halda işlətdiyimiz, doğru nəticəsini tez-tez müşahidə etdiyimiz məsəldir. Bizim cəmiyyətdə kişilərin evlənməsi adətən onun maddi və mənəvi hazır olmasından sonra reallaşır. Bir qədər açıq olsaq, bunun mənəvi tərəfinin həmişə düşünülmədiyini də görərik. Çünki elə ailələrimiz var ki, maddi təminatı yaxşıdır və oğlunu 18 yaşında evləndirmək istəyir.

Qızın valideynləri də təxminən belə düşünür - evi var, işi var, qazancı yaxşıdır, daha nə lazımdır ki? Düşünürlər ki, ailənin maddi problemi olmayacaq. Amma valideynlər düşünmür ki, bunun mənəvi və psixoloji tərəfləri də var.

Bir sıra psixoloqlar hesab edir ki, evlilik yaşı kişilərdə 25-30, qadınlarda isə 23-28 olsa daha möhkəm ailə qurula bilər. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə isə, sağlam ailə üçün ideal yaş kişilər üçün 27-28, qadınlar üçün 22-23-dür.

Ailə quran gənclərin arasındakı yaş fərqi o zaman gözə çox çarpır ki, qadın kişidən böyük olsun. Bu fərq bircə yaş da olsa "gözə batır". Bizim adət etdiyimiz ənənələr evliliklərdə qadının kişidən kiçik olmasını tələb edir. Qadının cəmi 1 yaş kiçik ərini görəndə bəzən birmənalı qarşılanmır. Amma əksinə olduqda bu fərq 10-12 ilə qədər dəyişə bilir, cəmiyyət qadının kişidən bu qədər kiçik olmasına bir söz demir, normal qarşılayır və problemlər də burdan başlayır.

Yaş fərqi böyük olan məşhurlar

İngiltərənin məşhur gecə klubu sahiblərindən və gecə həyatında adı tez-tez çəkilən Piter Strinqfelov, özündən 41 yaş gənc qadınla evləndi. Onun 68 yaşı var, həyat yoldaşının 27. Mediaya tez-tez verdiyi açıqlamalarında qoca aşiq deyir ki, gənc arvadı onu olduğundan iki dəfə cavan görünməyə sövq edir.

Hollivudun tanınmış simalarından olan Demi Mur keçmiş həyat yoldaşından 15 yaş böyükdür. Mur 1962-ci ildə doğulub, keçmiş həyat yoldaşı isə 1978 təvəllüddür. Məşhur müğənni Beyons 1981-ci il təvəllüddür, bir müddət əvvəl 1969-cu il təvəllüdlü kişi ilə ailə qurdu. Müğənni Billi Coul həyat yoldaşından 32 yaş böyükdür.

Maykl Duqlas həyat yoldaşı Ketrin Zeta Consdan 25 yaş böyükdür. Milyonların sevimlisi məşhur aktyor Nikolas Keyc isə həyat yoldaşından 20 yaş böyükdür. Elizabet Teylor özündən 20 yaş cavan biri ilə 5 il evlilik yaşadı. Eva Lonqoriya özündən 7 yaş kiçik kişi ilə evlənmişdi. Madonna boşanma ərəfəsində olduğu ərindən 10 yaş böyükdür.

Türkiyənin məşhur müğənnilərindən olan Bülənt Ərsoy özünün cavan sevgililəri ilə yadda qalır. Sonuncu nişanlısından 30 yaş böyük olan Ersoy bunun normal olduğunu deyir. Tanınmış müğənni Seda Sayan da saysız-hesabsız evliliklərində gənc kişilərə üstünlük verib. Amma hər iki müğənninin bütün evlilikləri uğursuz olub. Məşhur müğənni Zərrin Özər də özündən 16 yaş kiçik olan ərindən boşandı. Bu yaxınlarda ana olan Ebru Gündeş isə Azərbaycan əsilli əri Rza Zərrabdan 10 yaş böyükdür.

Bir müddət öndə medainın gündəmini xristianlığı qəbul etmiş müğənnimiz Ziyafət Əsgərova ilə bağlı xəbərlər "zəbt etdi". O özündən 20 yaş kiçik bir oğlanla evlənməyə hazırlaşırdı. Son günlər medianın gündəmində olan teleaparıcı Ülvira və bıçaqlanmış əri barədə çox xəbər oxuyuruq. Ülvira Qarayeva əri Tərlandan 18 yaş böyükdür. Qeyd edək ki, cəmi bir neçə ay öncə evlənmiş cütlüyün ailəsində problemlər var və cütlük boşanma ərəfəsindədir.

Problem ekspertlərin gözü ilə

Sosioloq Cəmil Oruclu məsələyə münasibətində bildirdi ki, ailə quran zaman kişinin qadından boyuk olması fikri mütləq əsas sayılmamalıdır: "Əsas olan, fikirlərin uyğunluğu, münasibətlərin normal inkişafı və ünsiyyət probleminin olmamasıdır. Amma bu dediklərim 3-6 yaş arası üçün qüvvədə sayıla bilər. Arada 6-10 və ya daha çox yaşın olması problemin başlanması və inkişafı üçün yetərli səbəbdir. Çünki yaşca böyük olanın fikir və düşüncələri kiçik olanın fikirlərindən fərqli ola bilər. Yaşı az olana bu bayağı, köhnəlmiş fikir kimi də görünə bilər. Və yaxud da əksinə, nisbətən cavan olanın düşüncələri yaşca böyük olan üçün gülməli görünə bilər. Bu təbii prosesdir və bu da fikir ayrılığına gətirib çıxarır. Fikir ayrılığı isə arada ziddiyyət yaranması üçün yetərli səbəbdir".

Psixoloq Naib Allahverdiyevin sözlərinə görə isə Azərbaycanda yaş fərqi ailə münasibətlərinə təsir etmir, çünki bizim cəmiyyətdə aralarında o qədər də çox yaş fərqi olan insanlar ailə qurmurlar: "Bəzən olur ki, hansısa tanınmış insanı məsəl çəkirlər, "o özündən 20 yaş böyük və ya kiçik biri ilə ailə qurub" deyirlər, amma cəmi bir neçə aydan sonra onların boşanmasının da şahidi oluruq. Bu coğrafi ərazilərə görə də dəyişən dəyərdir. İnsanların psixologiyalarında, dünyagörüşlərində artıq özünə yer eləmiş adətlər, davranışlar var. Bizdə yaş fərqi çox olan evliliklərə normal baxılmadığından belə ailələr də barmaqla sayılacaq qədər az qurulur. Bir psixoloq kimi, mən bunu məsləhət görməzdim, çünki bu sahədə o qədər də ürəkaçan hadislərlə qarşılaşmırıq".

Və sonda - cəmiyyət nə düşünür?

Ailədə hansı cinsin daha böyük olması barədə Facebook sosial şəbəkəsində "ailədə yaş faktoru necə olmaldır?" deyə sual ünvanladığımız 30 respondentdən 17-i "kişi qadından böyük olmalıdır" deyə cavab verdi. "Qadın kişidən böyük olsa yaxşıdır" variantını seçən sadəcə 2 nəfər oldu, "yaşın fərqi yoxdur, vacib olan eşqdir" deyən isə 11 nəfər oldu. Qeyd edək ki, sorğuda iştirak edən əsasən media nümayəndələri - jurnalist və yazarlar oldu.


Tarix: 19.05.2013 / 15:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...