Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özün bişirdiyini yemək,yoxsa ayaqüstü yeyib ölmək?

Belə bir deyim var: "Qarın başa bəladır”. İnsanı yaşadan təbii ki, yeməkdir. Gərək o yemək sağlamlığını da yaşada. Hal-hazırda hər bir sahədə sürətli dəyişikliklər baş verir. Bu irəliləyiş insanların həyat tərzinə də təsir göstərir. Əvvəl isti ocaqda təbii məhsullarla bişirilib, süfrə ətrafında yeyilən yeməkləri indi mənşəyi bəlli-olmayan süni qidalar əvəz edir.

Ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidalar - "fast-food" məhsullarının ticarəti yağışdan sonra çıxan göbələklər kimi artmaqdadır. Hər gün çoxlarının qəbul etdiyi fast-food qidaları: peroşki, dönər, müxtəlif növ hamburgerlər, cız-bız, soyuq buterbrodlar, sandviçlər, pizza, qızardılmış kartof, çipsi, toyuq, kolalı içkilər, kappuçino və s. sürətli və ucuz başa gəldiyinə görə sevilir və çox istifadə edilir.
İstər evdə, istər işdə olarkən, istər şəhərdə gəzərkən, daha çox bu növ yeməkləri sifariş verir, alır, gündəlik rasionumuza çeviririk. Fast food yeməkləri nəinki böyüklərin, hətta uşaqlarımızın da gündəlik və sevimli (!) yeməklərinə çevrilib.

Hər gün fast food yeməkləri ilə mədəmizi və zövqümüzü oxşamaqla yanaşı, həmçinin evdə olarkən mətbəxdə saatlarla vaxt itirməmək üçün mağazalardan aldığımız qablaşdırılmış hazır yeməkləri - yəni, süni qidaları həll edib mədəmizə ötürürük. Düşünürük ki, nə gözəl, həyat necə də asanlaşıb, rahat olub... Bəs bütün bu qidaları yeyərkən sağlamlığımıza təsirinin olub-olmaması haqda düşünürükmü?

Amerikadan başlayan "ölümsaçan biznes”

Tez hazırlanan yeməklərə hələ Qədim Romada rast gəlinmişdir. Belə qidaları əlüstü, ayaqüstü yeməklər və ya müasir dillə desək, "fast-food” adlandırırlar. "Fastfood” termininə ilk dəfə 1951-ci ildə Merriam Vebsterin lüğətində rast gəlinib. 1920-ci ildə isə Amerikada əlüstü yeməklərin biznesinə başlanılıb. 1921-ci ildə Kanzas ştatında "White Castle” kompaniyası hamburger satışı ilə məşğul olub.1940-cı ildə isə bu kompaniyaya ən böyük rəqib olan McDonalds yaradılıb. Hazırda fast-food məhsullarının ticarəti ilə məşğul olan ən böyük şirkətin dünyanın 119 ölkəsində 30 000-dən çox restoranı fəaliyyət göstərir. Son dövrlərdə isə Amerikada, eləcə də digər inkişaf etmiş ölkələrdə sağlamlıq üçün zərərli olduğuna görə "Mc.Donalds şəbəkələrinin qidalarını boykot etmək” aksiyaları keçirilir.

Ürək, şəkər, təzyiq, xolesterol və yaddaş zəifliyinin yaranma səbəbləri fast-food məhsullarıdır

Xarici ölkələrdə daha çox kasıb təbəqələr üçün nəzərdə tutulan fast-food məhsullarına Azərbaycanda orta təbəqə üstünlük verir. Xüsusilə şəhər ortamında belə qidaların ticarəti ilə məşğul olanların sayı çoxdur. Mütəxəssislər dünyanı cənginə alan xərçəng, həzm sisteminin pozulması kimi xəsətliklərin yaranma səbəbini əlüstü yeməklərlə qidalanmaqda görürlər.

Xərçəng xəstəliyini satın alırıq?

- Fast-food məhsullarındakı yağlar heyvan mənşəlidir. Çoxunda doymuş yağ vardır. Bu da insanda ürək və bəzi xroniki xəstəliklərə, xərçəngə tutulma riskini artırır. İnsan orqanizminə vurulan zərərli təsir bununla bitmir...

- Fast-food restoranlarında yeyilən qidaların tərkibində A, C vitaminləri və Kalsium çox azdır. İnsan orqanizminin sağlam olması üçün gündəlik bu vitaminlərin qəbul edilməsi əsas şərtlərdən biridir. Belə vitaminlərin az qəbul edilməsi katarakt, ürək, eləcə də digər xroniki xəstəliklərə tutulma ehtimalını artırır.

- Bol yağda qızartma üsulu fast-food restoranlarında tez-tez istifadə edilir. Təbii ki, həmin yağlarda məhsul bir-iki kərə deyil, dəfələrlə bişirilir. Bu yağların tərkibi 10-12 saatdan sonra dəyişir. Qızartma zamanı yağdakı E vitamini və zülallar yanır, təhlükəli birləşmələrə çevrilir. Zərərli və qeyri-sağlam qidalanma nəticəsində isə orqanizmdə xərçəng yaradan hüceyrələrin inkişafı sürətlənir. Yağda qızardılmış qidalardan tez-tez istifadə etdikdə isə həzm orqanları xərçəng xəstəliyinə asanlıqla tutula bilir.

- Fast-foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur.
- Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Tərkibində kofein olan maddələr dəmirin bədəndən sorulmasının qarşısını alır.

- Ayaqüstü bəslənmədə yeməklərə uzunömürlü və tamlı qalmaq üçün kimyəvi rəng və dadvericilər, antibakterial və s. kimi qatışıq maddələr vurulur. Belə qatışıqlardan yerində və normasında istifadə edilməməsi xərçəngə tutulma riskini dəfələrlə artırır.

Uşağınızı sevindirmək üçün aldığınız fast-food məhsulları onun gələcəyini məhv edir

Fast-food sənayesinin hədəfi xüsusilə uşaq və gənclərdir. Uşaqları cəlb etmək üçün əsasən məşhur cizgi filmlərinin surətlərindən də istifadə edilir. Cizgi filmlərində, reklamlarda belə qidaların qəbul edilməsi tez-tez göstərilir. Bir çox fast-food restoranlarında uşaq menyuları belə vardır. Uşaq həkimi Aytac Məhərrəmli qeyd edir ki, fast-food məhsulları inkişafda olan uşaqlar üçün xüsusilə zərərlidir. "Heyvan və ya transgen mənşəli yağlarda qızardılmış məhsulların, eləcə də süni qidaların tərkibində vitaminlər, enerjinin, karbohidratların dəyəri qeyri-stabil olur. Belə qidaları mütəmadi qəbul edən uşaqlarda həzm sistemi xəstəlikləri, sümük boşluğu daha çox özünü göstərir. Fast-food məhsullarından tez-tez istifadə edən ailələrin uşaqlarında yaddaş zəifliyi və qavrama qabiliyyəti aşağı səviyyədə olur. Onlar yetkinlik dövründə "kökəlmə bəlası”na düçar olurlar. Uşaqlar çox yedikləri üçün deyil, zərərli qidalar yedikləri üçün xəstələnirlər”.

Fast-food məhsulları insanların davranışına da təsir göstərir

Mütəxəssislər süni qidaların uşaqlara vurduğu zərəri aydınlaşdırmaq üçün dəfələrlə test keçiriblər. Körpələrin aqressiv,əsəbi olmasında əsas səbəbkarın süni qidalar olduğu üzə çıxıb. Uşaq həkimi A.Məhərrəmli bildirir ki, həmin qidaların tərkibindəki kimyəvi və fiziki dəyişikliyə uğramış qatışıq maddələr bədənin müqavimətini zəiflədir, uşaqların əsəbi, təcavüzkar ruhda böyüməsinə səbəb olur.Valideyn özü də bilmədən uşağının gələcəyini anormal qidalanma ilə məhv edir”.
Yeni Zelandiyada 10-12 yaş arası mindən çox uşaq üzərində aparılan araşdırmalara görə, həfətədə bir dəfədən çox hamburger yeyən uşaqlarda asma və nəfəsdə xırıltının yaranma riski artmışdır. Fast-food qidaları çox qəbul edildikcə asma riskinin daha da artdığı müşahidə olunub.

Amerikada gənclərin 61%-nin köklüyünün səbəbi fast-food məhsullarıdır

Hamburger növü yeməklərin tərkibində xeyli miqdarda doymuş yağ və duz olduğundan, bu yeməklərin karbohidrat göstəricisi də aşağı səviyyədədir. Fast-food qidalarında enerjinin kalorisi çox yüksəkdir. Yağ və şəkər fast-food yeməklərinin enerji mənbəyidir. Bir pay fast-foodun enerji dəyəri 400-1600 kkalori arasında dəyişir. Ortalama olaraq fast-food məhsullarındakı enerjinin 40-60 %-i yağlardan alınır. Pendir və mayonez də bu faizi artırır. Müqayisə üçün deyək ki, böyük bir hamburger payı, kartof qızartması və kola 1600 kalori dəyərindədir. Araşdırmalara görə, bir yetkin insana gündəlik lazım olan enerji dəyəri isə 2000 kaloriyə çata bilir.

Tibb alimləri həftədə iki dəfədən çox ayaqüstü yeməklərlə bəslənən və hər gün 2-2,5 saatını televiziya qarşısında keçirən insanlar üzərində təcrübə aparıb. Məlum olub ki, həmin insanlarda köklük riski üçə, şəkər xəstəliyi riski isə ikiyə bərabərdir.

Hazır şorbalar da "ölüm” saçır

Son zamanlarda müxtəlif qablaşdırmalarda satılan hazır şorbaların da istifadəsi geniş yayılmışdır. Cəmi 5-10 dəqiqəyə hazır olan belə məhsulların insan orqanizminə vurduğu zərəri heç nə əvəz etmir. Araşdırmalara görə həmin məhsulların tərkibində heç bir vitamin yoxdur. Hesablamalara görə, gün ərzində yetkin insan üçün 6 qram duz lazımdır. Hazır şorbalarda duzun miqdarı çox olur. 100 qramlıq hazır şorbada isə ortalama 0,6 qram duz olmalıdır. Heç də bütün şirkətlər bu normaya diqqət etmirlər. Bu da təzyiq və iflic yaranma riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə isə hazır şorbalar qırtlaq xərçəngi riskini artırır.

Dadverici qatışıqlarda gizlənən təhlükələr

Hazır ət sularının və şorbaların tərkibində MSG-monosodium glutamat adlı dadverici qatışıqlar vardır. MSG kiçik yaşlı uşaqlar üçün çox zərərlidir. Bu maddənin körpə və azyaşlı uşaqların qidasında istifadəsi qadağan edilmişdir. MSG bəhməzin mayalanmasından alınır. Bəhməzdə zərərsiz dad verən duz maddəsidir. Məhsula ətir və dad verən maddələr qidanı daha cazibəli, orijinal iyi, tamı saxlamaq və ya dad artırmaq üçün istifadə edilir. MSG- Monosodium glutamat (E621) xüsusilə uzaq şərq (Çin, Yapon) və Türk mətbəxində istifadə edilir. Bu maddədən yaranan reaksiyaya "Çin Restoranı Sindromu” deyirlər. Həddindən çox MSG qəbulu insanlarda baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır.

Qərbin "sürətli yemək - fast food” mədəniyyəti getdikcə bizi də əsarəti altına alır

Amerikadan başlayan qeyri-sağlam qidalanma dəhşətli nəticələri ilə bəşəriyyəti sual qarşısında qoyur. Bütün mənfi nəticələrinə baxmayaraq, insanlar hələ də süni yeməklərlə özlərini zəhərləyirlər. Amerikanın "xəstə qidalanma mədəniyyəti” getdikcə bizə də yoluxur. Qadınlar yemək bişirməkdə ərincəklik edir, əlüstü yeməklərlə günlərini keçirməyə çalışırlar. Qərbin Şərqə həsəd apardığı "süfrə mədəniyyəti” indi buxarlanıb göylərə qalxır.

Problemlərdən qaçış yolu nədədir?

Fast-food məhsullarının bəslənmə dəyəri çox aşağıdır və tərkibindəki vitaminlər, enerji balanslı deyil. Sağlamlığı qorumaq üçün gündəlik bəslənmə 3-4 mərhələyə bölünməlidir. Bir pay fast-food yeyilərsə, günün digər saatlarında qida seçiminə diqqət etmək lazımdır. Qəbul etdiyiniz qida çox enerjilidirsə, ondan sonra həzmi asanlaşdıran meyvə və tərəvəzlə zəngin salatlar yeməyiniz məsləhətdir. Seçimdə bir dilim ananas, portağal, alma, pomidor, kahı, süd məhsulları mütləq olmalıdır. Keçici toxluq yaradan qidalara sağlamlığı qurban vermək olmaz. Vitaminlər balanslı şəkildə qəbul edilməlidir. Heç nəyə baxmayaraq, sağlamlığı qorumağın ən gözəl yolu isə yeməkləri öz əllərinizlə bişirməkdir.


Tarix: 18.05.2013 / 14:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 461 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...