Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər il ölkəmizdə 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir

Hər bir insan öz ailəsində dünyaya göz açır. Uşaq ailə mühitində necə böyüyürsə, gələcək həyatını da elə yaşayır. Ailə Haqdan buyurulan müqəddəs bir cəmiyyətdir. O, sevgi üzərində qurularaq hörmət əsasında möhkəmlənir. Problemsiz həyat olmadığı kimi, söz-söhbətsiz də ailə yoxdur. Lakin hər xırda nüanslara görə ailənin dağılması, təhqir olunması düzgün hal deyil. Ailə qurularkən onun təməli düzgün seçim əsasında qurulmalı, diqqət və qayğı ilə möhkəmlənməlidir ki, gələcəkdə sarsılmasın. Təəssüflər olsun ki, səhv seçim səbəbindən qurulan bir çox ailələr sonradan zorakılığa məruz qalaraq təhqir və təzyiq altında idarə olunur. İndiyə kimi qələmə alaraq işıqlandırdığım çoxlu sayda insanların həyat hekayətini, onların ailələrində hökm sürən və yaşanan zorakılığın acı aqibətlərini yazaraq sizlərə çatdırmışam. Məlahət Həsənova, Qəmli Mələk, Təranə Vahidova, Rəsmiyə Kəlbiyeva, Aidə Şükürova, Təranə Cabbarova, Flora Verdiyeva, Samirə Əliyeva, Günel Bayramova, Nazlı Məmmədova, Nailə Cahangirova, Göyçək Rəhimova və bir çoxlarının həyatından yazdığım ailə zorakılıqları haqda faktlar buna sübutdur.

Bir halda ki ailələr qarşılıqlı razılıq əsasında qurulur, bəs onda nədən zorakılıq halları yaşanır? Aydındır ki, zorakılığa məruz qalan tərəf əsasən qadınlardır. Bütün bu yaşananlar nədən irəli gəlir, hüquq və vəzifələrini bilməməkdən, yoxsa başqa səbəblərdən?

Ailə zorakılığı dünyada geniş yayılan faktorlardan biridir. Bu ciddi problemin qurbanlarının 95%-i qadınlar olur ki, onların da fundamental insan hüquqları pozulur. Bu nədən qaynaqlanır? Doğrudanmı bu gün cəmiyyətimizdə qadınlar öz hüquqlarını bilmirlər? Araşdırmalar onu göstərir ki, ailə zorakılığının kökləri qadının ənənəvi olaraq bir çox cəmiyyətlərdə özəl və ictimai həyatda asılı rol tutmasında gizlənir. Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bunun əsas səbəbi isə milli adət-ənənələrdir. Aparılan araşdırmalara görə, o da məlum olub ki, cinayətkarların 68,5 %-i zorakılığın hökm sürdüyü ailələrdə böyüyənlərdir. Regionlarda, əyalətlərdə vəziyyət bu baxımdan daha acınacaqlıdır. Bu da regionlarda monitorinqlərin aparılması işini çətinləşdirir. Kütləvi informasiya vasitələri, xüsusilə də yazılı mətbuat məsələnin araşdırılmasında zəif iştirak edir. Psixoloqların fikrincə, son illər cəmiyyətdə aqressivlik şəraiti hökm sürür. Bu da özlüyündə zorakılığa təkan verən ən böyük amildir. Ailə zorakılığına səbəb maddi və psixoloji asılılıq, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi və ailə mədəniyyətinin aşağı olmasıdır. Ailə zorakılığına - fiziki zorakılıq, döyülmə, yaralanma, yanıqlar, ev dustağı və s. aiddir. Emosional zorakılığa isə - psixoloji zorakılıq, alçaldılma, istismar, hədə-qorxu, psixoloji təsir, azadlığı məhdudlaşdırmaq daxildir. Zorakılar adətən qurbanlarına qarşı müxtəlif məcburedici və təhqiredici davranışlardan istifadə edirlər. Bu təhqiredici davranışların bəziləri fiziki zədə ilə nəticələnir. Statistik məlumatlara əsasən, hər il dünyada zorakılıq üzündən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif zərbələrə tuş gəlir. Azərbaycanda da qadınların döyülməsi adi hal alıb. Tədqiqatlar göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Hər il ölkəmizdə yaşları 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Azərbaycanda bu halı yaşayan qadınların 73%-i ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən zorakılığa məruz qalırlar. Bunların da 45%-i azyaşlı uşaq anası olur.

Azərbaycan 2006-cı ildə AŞ-nın qadınlara qarşı zorakılığın qarşısını alma kompaniyasına rəsmən qoşulub. Milli Məclis isə 2008-ci ildə "Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun layihəsini qəbul edib. BMT-nin hesablamaları göstərir ki, dünyada hər üç qadından biri zorakılığa məruz qalır. Onların fikrincə, problemin həllində ən yaxşı yol cəmiyyətin maarifləndirilməsidir. UNİSEF-in hesabatında, zorakılığa məruz qalan uşaq və qadınlara aid sorğusunda Azərbaycanda 15-49 yaş arasında hər 10 kişidən 6-sı qadınlara əl qaldırılmasına haqq qazandırır. Ailə zorakılığı həm ailədə, həm də cəmiyyətdə müşahidə və əsaslandırma yolu ilə öyrənilmiş davranışdır. Bunun səbəbi nə genetika, nə də xəstəliklə bağlı deyil. Azərbaycanda son illərdə məişət zorakılığı nəticəsində 45 qadın, o cümlədən 4 azyaşlı qız dünyasını dəyişib. 2009-cu ilin yanvarından 2011–ci ilin noyabrınadək qadınlara qarşı 17354 cinayət faktı qeydə alınıb. Onun 11 min 389-u şəxsiyyət əleyhinə olan cinayətlərdir. 7774 –ü döymə, 388 –i 16 yaşına çatmayan qızlarla cinsi əlaqəyə girmədir. Statistik hesablamalara görə, dünyada 60 milyon qız uşağının doğulmadan (abort və s.) məhv edilməsi qadınlara qarşı zorakılığın ilkin mərhələsi sayılır.

Məişət zəminində baş verən cinayətlərin 60%-i uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu isə uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərir. Qısqanclıq, tamahkarlıq və bəzi qadınların qeyri-qanuni hamilə qalmaqlarını qəbul etməyən vətəndaş nikahında yaşadıqları məşuqları tərəfindən də zorakılıq yaşanır. İnsanların sosial-psixoloji durumunda da aqressivlik artıb. Bu, normal adekvat reaksiya deyil, əksinə, qeyri – adekvat reaksiyadır ki, ailə üzvləri səbəbdən asılı olmayaraq bir-birini öldürməyə cəhd göstərir. Bu hallar ailədə olan insanların ruhi pozuntularından tutmuş, narkomaniya da daxil olmaqla hansısa xəstəliklərdən də qaynaqlana bilər. Adətən bu hallar məhkəmələrdə mütəmadi olaraq araşdırılır. Digər problem isə ailələrdə təlim-tərbiyə işinin düzgün qurulmamağıdır ki, bu da uşaq psixologiyasına güclü zərbə vurur. Bu kimi halların qarşısını almaq üçün kompleks tədbirlər əsasında mənəviyyat mövzusunda kifayət qədər maarifləndirmə işləri aparılmalıdır. Düzdür, bu yöndə istər dövlət, istərsə də Qeyri Hökumət Təşkilatları formullar, müşavirələr və. s keçirərək insanlarla canlı ünsiyyətdə olub dialoqlar yaradırlar. Ancaq bu, bütün cəmiyyəti yetərincə əhatə eləmir. Əhatə üçün televiziyanın imkanları genişdir. Bu baxımdan yaxşı olardı ki, özəl telekanallarda ucuz, boyağı, şit, məntiqsiz və yersiz şou verilişlərinin əvəzinə cəmiyyəti düşündürən və onun daha da maarifləndirilməsi yönündə verilişlərə üstünlük verəydilər.

Son söz əvəzi: Əziz oxucu, az da olsa, zorakılığın yaratdığı fəsadlarla arqumentlər əsasında tanış olduq. Zorakılığa məruz qalan ailə istər - istəməz dağılacaq. Odur ki, seçim edərkən tələsmək lazım deyil. Hüquqi normativlər əsasında hər kəsin vicdan azadlığı var. Sevgi və qarşılıqlı hörmət üzərində ailənin bünövrə təməlini möhkəmlətməyə çalışın. Bununla belə unutmayın ki, ailə qurarkən valideyn razılığı və xeyir-duası vacib və önəmlidir. Bütün ailələrə və insanlara ailə səadəti və xoşbəxtlik arzusu ilə.


Tarix: 10.05.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 290 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...