Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çəhrayı zolaqlı varlıq (1-ci bölüm)
Çəhrayı zolaqlı varlıq (1-ci bölüm)

(DEBÜT- YƏNİ İLK ADDIMLAR)
Üç aylıq tətil müddətimin demək olar ki, yarısından ço­xu­nu yatırdım. Sanki Bakıdakı təhsil həyatımın mənim üçün ən acılı dəqiqələri sayılan, səhər saat yeddinin yarısı durmaq əziyyətinin acığını çıxmaq üçün yaranan fürsətdən istifadə edirdim. Bəzən isə gecədən açıq qoyduğum, otağımın o qə­dər də kiçik olmayan pən­cərəsindən səhərlər içəri dolan ay­lardır həsrətindən boğuldu­ğum təmiz kənd havasını ciyərlə­rimə çəkərək, gün işığı zenit nöqtədə qərarlaşıb, göz qapaq­larımı açılmağa məcbur edənə kimi yatağım­dan durmurdum. Hələ üstəlik yarpaqları güclə titrətməyi bacaran həzin səhər mehi ki, öz mövqeyini dağlardan götürüb, istiqamətini kəndi­mizin sıx meşəliyindən salaraq uca-qoca ağacların, hələ bəl­kə də indiyədək rastlaşmadığımız çiçəklərin və güllərin ətir­lərini bir-birinə qarışdıraraq otağımın pəncərəsindən içəri doldururdu, vallah, heç səhər yeməyinə ehtiyac da qalmırdı. Ona görə də, çox vaxt yuxudan ayılanda, qonaq otağında anamın nahar süfrəsi ha­zırladığının şahidi olurdum.

…amma indi haqqında bəhs edəcəyim gün bir qədər fərqli başlamışdı. İki qadın səsi məni yuxudan amansızcasına oyatdıqda, ilk öncə dolabcanın üzərindəki saatı özümə tərəf çevirdim. Saat on birə işləyirdi. "Görəsən, qo­naq otağında nə söhbət gedir?” – deyə, yuxulu-yuxulu öz-özümə sual verdim və çarpayıma dirsəklənərək, başımı balışdan qaldır­dım. Səslərdən birini dərhal tanıdım. Bu, mənim anam Elmira xa­nımın səsi idi. Ona uşaqlıqdan "Elmira xanım” – deyə müraciət et­diyimi söyləsəm, heç də təəccüblənməyin. Mən indiyə qədər anama, maraqlı da olsa, "ana” – deyə səslənməmişəm. Bunun isə, mənim uşaqlığımla bağlı, məzəli və bir qədər də gülməli olan sə­bəb tarixcəsi var. Elmira xanım psixoloqdur. Yadımdadır ki, şə­hərdə yaşadığımız və rəhmətlik atamın sağ vaxtında, hansı ki, on­da mənim yaşım çox az idi və güzgüdə gördüyüm "məni” hələ ye­ni-yeni tanıyırdım, anamın yanına demək olar ki, eyni şikayətlə cürbəcür insanlar gəlirdi və onların hər biri də anama eyni şəkil­də müraciət edirdi: "Elmira xanım”… Bəlkə də fikirləşəcəksiniz ki, axı, burada qeyri-adi nə var ki?! Sizinlə razıyam, amma məni digər həmyaşıdlarımdan fərqləndirən fərqli uşaq psixologiyama əsasən, məni dünyaya gətirən şəxsə hamı məni kimi "ana” deməli idi. Odur ki, kiminsə dilindən bu müraciət formasını eşidən­də həm təəccüblənir, həm də qeyri-ixtiyari olaraq bu səslənişi sevməyə başlayırdım. İlk dəfə anama "Elmira xanım” – deyə səslənəndə, bu müraciət üçün hələ yaşım çox az idi. Ancaq anamın necə qəhqəhə çəkib, məni qucağına alaraq yanaqlarımdan öpməsi, bu günkü gün kimi yadımdadır.

Kəndə köçəndən sonra, anama müraciət edənlərin sayı kəskin şəkildə azalsa da, onun bu evdə də pasiyentləri üçün ayırdığı kiçik bir otağı var idi və adətən daxili sarsıntılardan əziyyət çəkən insanları bu otaqda müalicə edirdi. Amma bu gün mənim yuxudan belə tez oyanma­ğımla bərabər, bir çox şey fərqli idi. Elmira xanımla na­məlum qa­dının səsi qonaq otağından gəlirdi. Anam ara-bir suallar verir və məni yuxudan vaxtsız oyatmamaq üçün, bacardıqca asta səslə da­nışırdı. Digər qadının titrək səsindən isə, necə həyəcan keçirdiyi və yəqin ki, az öncə ağladığı hiss olunurdu. Başqalarının söhbəti­nə onların xəbəri olmadan qulaq asmağın qeyri-etik bir hal oldu­ğunu bilsəm də, etiraf edim ki, yuxudan gec oyanmağıma və hər şeyi əvvəldən eşitməməyimə təəssüflənirdim. Ancaq anamla hə­min qadın arasındakı dialoqun sonunu və bəlkə də ən maraqlı his­səsini eşitməyə müvəffəq oldum.

- Sizin sözünüzdən belə çıxır ki, bu artıq yeddinci hissdir, elə­mi? – anam həmin qadından soruşdu – Yaxşı, bəs, onda bu­na nə ad verək?

- Orasını siz məndən yaxşı bilərsiz… – qadın səs tonunu aşağı salıb, məyus halda pıçıldadı – Bəlkə də siz mənə inanmırsınız, amma MirHəmid proqnozlarında səhv etmir və o, siz dediyiniz bu "yeddinci hiss”inə çox maraqlı bir ad qoyub: "ölüm qoxusu”.

Bu sözü eşidən an, qeyri-ixtiyari olaraq çarpayımda dikəldim və qadınların səsini daha da aydın eşitmək üçün sözün əsl məna­sında quruyub-qaldım. Ancaq bir-neçə dəqiqə qulaqlarıma heç bir səda gəlmədi. Nəhayət, naməlum qadın asta səslə nə isə dedi. Mən onun bu sözünü çətinliklə eşidərək, təəssüfləndim. O, artıq getməyə hazırlaşırdı. Anamın isə cavabında "necə istəyirsiniz” – deyə, kifayətlənməsini və dəhlizə doğru uzaqlaşan iki qadının ayaq səslərini aydınca duydum. Amma taxta döşəmə üzərindəki addım sədalarında nə isə bir qeyri-müəyyənlik olduğunu da hiss etdim. Sanki otaqda Elmira xanım və naməlum qonaqdan başqa daha kimsə yeriyirdi.

Yarım saat sonra yuyunub hamam otağından çıxanda, anam dəhlizdə kiçik qardaşım Muradı rayon bazarına yola salırdı. Nə danışdıqlarını eşitməsəm də, Elmira xanımın nəyi isə dönə-dönə izah etməsindən, söhbətin nədən getdiyini anlayırdım. Çünki illər öncə mən elə Murad yaşında olanda, anam məni bazara yola sa­larkən, dəhlizdə eyni sözləri təkrar edirdi və mən bilirdim ki, ana­mın gözəl xətti ilə siyahıya alınmış hər bir şeyi almalı, cibimdəki puldan və ən əsası özümdən muğayat olmalı idim.

Murad gedəndən sonra bir müddət mətbəxdən dəhlizə açılan qapıya söykənib, güzgü qarşısında dayanaraq saçlarını darayan Elmira xanıma tamaşa etdim. "Hər halda nə vaxtsa qarşıma anam təbiətli bir qız çıxsa, yəqin ki, onu da anamı sevdiyim tək sevər­dim” – deyə, düşündüm. Çünki qadınlara olan sevgim məhz anamdan başlayırdı.

Elmira xanım qırx yeddi yaşında olsa da, öz yaşından bir qə­dər artıq nəzərə çarpan xarici görünüşü vardı. Təbii ki, on dörd il öncə həyat yoldaşını avtomobil qəzasında faciəli şəkildə itirərək, tək başına iki oğul böyütmüş bir qadını ancaq belə təssəvvür et­mək olardı. Boyu o qədər də bəstə deyildi. Düzgün üz cizgiləri və ona çox yaraşan kəsik, sarı saçları var idi. İndi o, güzgü qarşısın­da məhz bu saçları ilə məşğuldu. Mən elə düşünürdüm ki, anam məni görmür, odur ki, səssizcə onun nə vaxt geriyə çevriləcəyini gözləyirdim.

- Sabahın xeyir. – anam üzünü çevirmədən, güzgü vasi­təsilə məni salamladı – Niyə bayaqdan səsini çıxarmırsan?

- Elə bilirdim məni görmürsən. – gülümsəyərək dedim – Sə­nin də sabahın xeyir.

- Bu sözü səndən eşitmək, bilirsən necə xoşdur? – bu, Elmira xanımın mənimlə zarafatı idi – Son vaxtlar ilk dəfədir ki, səndən "sabahın xeyir” kəlməsini eşidirəm. – anam üzünü çevirib asta-as­ta mətbəxə doğru yaxınlaşdıqda, onun güzgüdəki əksinin get-gedə necə kiçildiyi diqqətimdən yayınmadı – Bunu nəyə borcluyuq? Yoxsa tənbəlliyin daşını atmısan, xəbərimiz yoxdur?!

- Xeyr, əzizim Elmira xanım, sizin səhərki qonağınızla olan şirin söhbətiniz məni yuxudan oyatdı. Bir qədər ehtiyatla danışsaydınız, mən hələ də şirin-şirin yatırdım.

- Hm… Əhvalatı eşitdin?

- Yox, tam eşidə bilmədim, amma nə isə maraqlı bir söhbətə oxşayırdı.

- Hə, nə qədər maraqlı idisə, bir o qədər də vahiməli idi.

Anam bunu deyib, yanımdan keçərək mətbəxə daxil oldu. Elə həmin an da, qaz plitəsi üzərindəki çaydan fit çaldı.

- Çay içirsən? – Elmira xanım plitəni söndürüb, mənə baxdı – Nə olub sənə? Niyə belə fikirlisən? – deyib, əlindəki fincanları masanın üzərinə qoydu – Deyirəm, bəlkə çay içək?

Mən doğrudan da anamın ilk çay təklifini eşitməmişdim. Hə­qiqətən fikrim, səhərki naməlum qadının vahiməli əhvalatında idi.

- Hə, hə, içərəm… – deyib, stol arxasına keçdim.

İki-üç dəqiqə aramızda heç bir söhbət olmadı. Bu vaxt ərzin­də isə Elmira xanım naxışlı fincanları pürrəng çay ilə doldurub, mənimlə üzbəüz oturdu.

- Sən səhər qonağı yola salanda Murad harada idi?

- Mənim iş otağımda… – deyə, anam cavab verdi – Gecə gə­lib, orada yatıb. Ona görə mən qadını qonaq otağında qəbul etmə­yə məcbur oldum… Niyə soruşdun ki?

- Siz otaqdan çıxanda, mən güclə eşidiləcək bir səsin iki nəfə­rin addım nizamını necə pozduğunu eşitdim, axı?! – çayımdan bir qurtum alıb, fincanı yenidən masanın üzərinə qoydum – Sanki, otaqda iki yox, üç nəfər yeriyirdi.

- Düz bilmisən. – anam təsdiqlədi – Minarə xanım səhər tək gəl­məmişdi. Ögey qızı Laləni də özü ilə gətirmişdi.

- Kimdir bu Minarə xanım? Mən onu tanıyıram?

- Deməzdim… – anam ayağa qalxıb, fincanı əlinə aldı – Dedi­yinə görə, T. kəndində yaşayır.

- Hə, onda tanımaram. – dərhal razılaşdım – O, deyəsən ağ­lamışdı?! Səsi titrəyirdi?!

- Yazıq ağlamasın, neyləsin?! Gecələr çox qorxulu yuxular görür. Əsəbləri tamamilə pozulub. Danışdığı əhvalat da o qədər vahi­məli idi ki, az qala mən də ağlayacaqdım. Çox qorxmuşdum.

- Bəlkə sən də məni qorxudasan? – deyə, anamdan dolayı yol­la eşitdiklərini danışmasını xahiş etdim.

Elmira xanım yenidən mənimlə üzbəüz oturdu.

- Minarə xanım iki il ərzində həm həyat yoldaşını, həm də bir yaşlı qızını faciəli şəkildə itirib. Maraqlısı isə, qızı Nigarla, yoldaşı Nərimanın ölüm şəraitləri arasındakı bənzərliyin olması­dır. Onların hər ikisi eyni şəkildə ölüb. Sadəcə gecəni yataraq, sə­hərə sağ çıxmayıblar… Qadın bu səhnələri mənə təsvir edəndə, dəh­şətli bir həyəcan keçirirdi.

- Bəs Nərimanın birinci həyat yoldaşı haradadır?

- Sən nəcə bildin ki, o iki dəfə ailə qurub?

- Axı sən bayaq dedin ki, Lalə Minarənin ögey qızıdır?! – ana­mın sifətindəki təəccüb cizgiləri bir anda yox oldu – Yoxsa səhv eşitmişəm?

- Yox, yox, səhv eşitməmisən. – Elmira xanım əlini saçına çəkdi – Doğrudan da bunu bayaq sənə demişdim. Bu əhvalatdan sonra, mən də səni kimi bir az fikirliyəm. – o, köksünü ötürüb, on-on beş saniyə ara verdi – Nərimanın birinci həyat yoldaşı, yəni Lalənin doğma anası Mahirə adlı qadın dörd il bundan qabaq itkin düşüb. Nəriman qəzetlərə elan verib, onu hər yerdə axtarıblar, ancaq gördüm-bildim deyən olmayıb. Nəhayət, meşəbəyi Salman adlı bir kişi, meşənin dərinliyidəki dərənin yaxın ucunda bitən kolun üzərində ilişib qalmış çəhrayı zolaqları olan qadın paltarının bir hissəsini tapıb, kəndə gətirib. Nəriman dörd-beş nəfərin şahidliyi ilə, qızı Lalənin doğum günündə çəkilmiş bir fotoşəkli göstərərək, bu paltarın məhz həyat yoldaşı Mahirəyə aid olduğunu sübut edir. Daha sonra meşədə bir xeyli axtarış aparılsa da, Salman kişinin tapdığı əski parçasından başqa heç nəyə rast gəlinmir. Üstəlik Nərimanın ifadəsində qeyd etdiyi sözlərin də həqiqət olduğu üzə çıxır. O qeyd edibmiş ki, Mahirənin lunatizm xəstəliyi varmış. O, son vaxtlar gecələr oyanaraq, qeyri-ixtiyari gəzirmiş. Ölümündən əvvəl isə, üç-dörd dəfə Nəriman onu gecə ikən yoldan qaytarıbmış. Təbii ki, bundan sonra artıq heç kimdə şəkk-şübhə qalmır. Mahirə ölmüşdü… Beləliklə də, bütün faktlar öz təsdiqini tapdığına görə, açılmış cinayət işi bağlanılır.

- Çox nahaq… – sərt şəkildə reaksiya verdim.

- Niyə? – anam maraqla soruşdu.

Ayağa qalxıb üzümü çevirərək, mətbəxdən bağımıza və uca dağlara açılan əsrarəngiz bir mənzərəni seyr etməyə imkan yaratmış pəncərədən baxmağa başladım.

- Mən heç vaxt buna inana bilmərəm. – anama baxmadan asta səslə dedim – Mən inana bilmərəm ki, əhvalatı eşidib vahiməyə düşən mənim anam, ali-təhsilli Elmira xanım, bu cür cəfəngiyyata, bəndədən qisas alan bir varlığa, nə bilim, hər hansısa bir bədheybətə bu qədər qəlbən inanır. Heç vaxt inana bilmərəm…

- Sən nə bildin ki, söhbət məhz… – anam cümləsini tamamlamadı – Sən bizim söhbətimizi eşitmisənsə, daha məni niyə danışdırırsan?

- İstəyirsən inan, istəyirsən inanma… Mən sizin söhbətinizi eşitməmişəm. – laqeydcəsinə dedim – Minarə xanımın nədən şikayət etdiyini və nəyə görə sənə pənah gətirdiyini də mən sadəcə təxmin edə bildim.

- Sən çox sürətlə düşünürsən. – anam təəccüblə mənə baxdı – Əsl sanqviniksən. Səni kimi insanlara, yəni tez düşünüb, tez qərar verməyi bacaranlara belə deyirlər.

- Söhbət tez düşünüb qərar verməkdən yox, tez düşünüb doğru qərar verməkdən gedir. Məncə sanqvinik belələrinə deyilir.

- Yenə də məndən bir addım öndəsən… – Elmira xanım qollarını sinəsində çarpazlayıb, gülümsədi – Səninlə razılaşmağa məcburam, amma indi öz ilkin münasibətinlə də məni razı salmalısan.

- Sən əminsənmi ki, mənə hər bir şeyi danışdın?

- Təbii ki, yox. – anam bir qədər duruxdu – Orada daha da heyrətli təsadüflər var idi. Özüm sənə bəhs etmək istəmirəm. Minarə xanım mənə çox şeyi təfərrüatı ilə danışmadı, ancaq əgər sənə maraqlıdırsa, sabah onun özündən hər şeyi ətraflı soruşa bilərsən. Mən bəzi məsələləri doğru çatdıra bilmərəm deyə, qadının özü ilə söhbətləşsən daha yaxşı olar.

- Onda o, sabah bizə gələndə, məni yuxudan oyatmaq yadınızdan çıxmasın. Bu iş, mənim üçün çox böyük təcrübə ola bilər.

Bunu deyib, ayağa qalxaraq mətbəxdən çıxmaq istədiyim an, anam məni saxladı.

- Nicat, – deyib, qolumdan tutdu – tutaq ki, mən Minarə xanımın vahiməli aurasının təsiri altına düşərək, ona inanmaq məcburiyyətində qalmışam. Bəs sən bu haqda nə fikirləşirsən? Sənin fikrin mənim üçün çox maraqlıdı.

- Hələ ki, hadisə haqda tam təsəvvürüm yoxdur. Sən mənə cəmi dörd-beş fakt demisən, amma bir şeyə əmin olduğumu qəti surətdə söyləyə bilərəm. – anam diqqətlə mənim nə deyəcəyimi gözləyirdi – Nəriman və onun qızının faciəli vəfatını mifləşdirmək lazım deyil.

- Anlamadım. Sən nə demək istəyirsən?

- Mən demək istəyirəm ki, bunlar böyük ehtimalla, içərisində insan əli olan müəmmalı qətl hadisələridir…


Tarix: 29.04.2015 / 11:15 Müəllif: Aziza Baxılıb: 425 Bölmə: Maraqli Hekayeler
loading...