Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən məni Allahdan istəməyi bilmədin (3-cü bölüm)
Sən məni Allahdan istəməyi bilmədin (3-cü bölüm)

O sanki çalınan musiqini, deyilən sağlıqları eşitmirdi. Anası onu sanki bir düyünə salmışdı. O, bu düyünün ucunu heç cürə tapa bilmirdi. Aliyənin gözəlliyi və məsumluğu onun qəlbini titrətmişdi. Bir an həyatın anlarını geri çevirmək, həyata yenidən başlamaq istədi sanki. Keçdiyi, seçdiyi yolun nə qədər səhv oldugunu indi anladı. Dogrudur Tanya da gözəl idi. Hətta gözəl ana idi. Əlindən hər iş gəlirdi. Rəhmanın pal-paltarının səliqəsinə, təmizliyinə fikir verir, ləzzətli yeməklər bişirirdi. Lakin, bu gün Aliyədə gördüyü o saflıqmı deyim, ya doğma yurdun nuru, şəfəqimi deyim, onu daha gözəl, daha qəlb oxşayan göstərirdi. Odur ki, Rəhman bir an belə özünü düşüncələrdən ayıra bilmirdi. Bir yandan da, oglu Ruslan gözünün qabagından getmirdi.
Toy öz axarında davam edirdi. Qohumlar, dostlar rəqs edir, şənlənirdi. Aliyə də özünü itirmişdi sanki. Ürəyində dolaşan qəribə bir istilikdən yaxa qurtara bilmirdi. Sanki, ayaqları yerdən üzülmüşdü. Rəhman şəkildəkindən daha yaraşıqlı, boylu-buxunlu idi. Bircə dəfə qarşılaşdıgı o baxışlar sanki onu sehirləmişdi. Evə gedən kimi bu evliliyə razılıgını bildirəcəyini düşünürdü.
Qızlar Aliyəni rəqsə dəvət edirdilər. Həmişə şən, şaqraq gülüşlü, sərbəst olan Aliyə sanki məsum, sakit bir qıza çevrilmişdi. Rəqs etməyə utanır, qızlardan uzaqlaşmaq istəyirdi. Lakin qızlar ona aman verməyərək, ortalıga çəkdilər. Rəqs etməyə başladılar. Ortada oynayan qızları gözaltı edən oglanlar da, öz sevdiyi qızlara həsrət dolu bir sevgi ilə baxır, belə bir toyun onlar üçün də çalınacagı günün tez gəlməsini arzulayırdılar. Aliyə rəqs edə bilmir, həyəcandan sanki bogulurdu. Rəhman oturdugu tərəfə göz altı baxdı bir an. Rəhman heyranlıqla ona tamaşa edirdi. O özünü itirsə də ürəyi sevinclə çırpınmaga başladı. Özünü dünyanın xoşbəxti hiss etdi.
Qardaşlar maşında evə gəlirdilər. Salman qardaşını getdiyi vəziyyətdə görmürdü. Sanki qardaşı dəyişmiş, kövrəlmişdi hətta. Bıgaltı qımışaraq dedi:
-Hə, qardaşım, qızı bəyəndinmi? Görürsənmi, elimizin-günümüzün su sonası kimi necə gözəl qızları var? Sən de gedib yapışmısan Tanyadan. Gəl sən razı ol. Heç qayıdıb getmə də. Heç yerini də bildirmə. O qədər belə şeylər olur ki.öSən də onlardan biri. Evlənərsiniz,ögül kimi öz millətimizdən övladların olar.
Rəhman tutqun halda:
-Düşünməliyəm, qardaş. Bu asan məsələ deyil. Mənim vicdanım buna yol verməz. O gözəllikdə, o saflıqda qızı mən bədbəxt edə bilmərəm. Əvvəl-axır eşidəcək bu işləri. Yazıq deyilmi? Yox, mən buna razı ola bilmərəm.
-Sən yenə tərslik edirsən. Ə, hardan biləcək? Bunu buralarda ozümüzdən başqa bilən yoxdu. Sən də cavan, yaraşıqlı, imkanlı oglan. Minnəti olsun, sənin kimi oglana ərə gələcək. Ə, sən istəyirsən ki, atam bu qoca yaşında əsəbləşib, beyninə qan sızsın? Xalxın qapısına getmişik, fikrimizi bildirmişik. Sən istəyirsən ki, millətin içində biyabır olaq. Əgər o qıza yazıgın gəlirsə bir onu düşün. Camaat nə deyər, ə? Deməzlərmi görən niyə elçi gedib geri durdular. Rəhman qızda nə əyər-əksik gördü ki, istəmədi qızı. Bundan sonra onu alan olar?
Bu söz Rəhmanı ayıltdı sanki. Hətta bir az sevindi də. Elə bil vicdan əzabından xilas olmuş hiss etdi özünü.Axı ,anasıgili o yollamamışdı Aliyəgilə. Bir də ki, Salman düz deyir. Burda bunu kim bilir ki, evlənərik, bir neçə ay burada qalaram, sonra gedib bir müddət işləyib yenə arabir gələrəm. Onsuz da, indi hamı belədir. Pislik etmirəm ki, evlənirəm də. Aliyəyə olan maragı, istəyi, qızın gözəlliyi bir andaca onu bu cür düşünməyə məcbur etmişdi.
Salman gördü ki, qardaşının üzündə sanki güllər açdı. Evə çatdılar. Anası qapının qabagındaca durmuşdu, onları gözləyirdi. Maşın dayandı. Onlar maşından düşüb evə sarı getdilər. Sona xanım onları sual dolu baxışlarıyla qarşıladı. Üzündə qəribə bir təbəssüm vardı. Bu təbəssüm sanki bir qalibbiyət təbəssümü idi. Oglunun halı göz qabagında idi. Aliyənin gözəllyinin oglunu ovsunlayacagını bilirdi:
-Hə, deyin görüm nə xəbərlə gəldiniz?
Rəhman anasının üzündəki ifadədən sarsılan kimi oldu. Bir an ürəyindəki istək əriyib getdi sanki. Onun əvəzinə Salman dilləndi:
-Nə olsıdı ay ana? Bu oyun-oyuncaqdı bəyəm. Bəyəndi qardaşım Aliyəni. Toya hazırlaşın! -Bu xəbər Sona xanıma sevincdən qol-qanad verdi. Rəhmana yaxınlaşaraq:
-Görürsənmi, anan heç səhv addım atar? Belə gözəl qızla evlənmək istəməzsənmi ay Rəhman. Qoy atan da sevinsin. Bu gün sabah bu dünyadan köçəndə səndən nigaran getməsin. Bu neçə illəri sənin o Tanya ilə münasibətini ona bildirməmişəm. Onu əsdən qorumuşam ki, sənin bu günü görüb sevinsin.
Rəhman anasına cavab verməyə söz tapmadı. Sona xanım oglunu bərk-bərk qucaqladı. Lakin, Rəhmanın qolu qalxmadı. Düşdüyü vəziyyət onu əməllicə çaşdırmışdı.
Sona xanım həyətə girdi, üzündə güllər açmışdı sanki. Kərim kişi onun üzündəki sevincdən işin yaxşı tərəfə oldugunu anladı. Bir an ürəyi sakitləşdi. O Rəhmanın istəyinin əksinə getmək istəmirdi. Elçiliyə də Sona xanımın təkidi ilə razı olmuşdu. İndi sakit nəfəs ala bilərdi. Qorxdugu şey olmayacaqdı.
Rəhman qarışıq fikirlər arasında çapalayırdı. İki yol ayrıcında qalmışdı. Nə qədər düşünüb daşınsa da, anasıgilin Aliyəyə ondan xəbərsiz elçi getməsi, onun əl-qolunu baglayırdı. Ürəyi heç cür bu izdivaca razı olmurdu. Sanki ürəyi iki yerə bölünmüşdü. Bir hissəyə Aliyə, o biri hissəyə Tanya ilə oglu Ruslan hakim olmuşdu. Allaha yalvarırdı ki, kaş bu işə Aliyə razı olmaya.
Aliyə evə gəldi. Onu da evdə anası Şəfiqə xanım səbirsizliklə gözləyirdi. Rəhman haqqında qonşular artıq ona xəbər gətirmişdilər. Yəni, onun toyda olmasından artıq xəbəri var idi. Odur ki, qızının nə xəbərlə gələcəyini gözləyirdi. Aliyə ilk əvvəl Sevinc bacısı ilə qarşılaşdı. Elə o andaca bacısını bərk–bərk qucaqladı:
-Sevinc, o çox yaraşıqlıdır! O mənim xoşuma gəldi, anama denən, mən razıyam. -Qızlar hər ikisi sevinclə bir birinə baxdılar, bir də qucaqlaşdılar.
Gözəl bir sabah açılmışdı. Göyün üzü elə gözəl idi ki, sanki bu nurlu sabah məxsusi olaraq Aliyə üçün açılmışdı. O bu gün Sevimli Rəhmanı ilə nişanlanacaqdı. Bu gün həm böyük elçilik və üzük taxma mərasimi olacaqdı. Şəfiqə xanım bütün tədarükünü axşamdan bitirmişdi. Həyət-baca bəzənmiş, stollar həyətə düzülmüşdü. Gənclər üçün Aliyənin öz əlləri ilə bəslədiyi güllü eyvanda stol qurulmuşdu. Aliyə tez-tez gəlib hər şeyin burada yerli-yerində oldugunu yoxlayır, Rəhman və onun üçün qoyulmuş qoşa stullara baxır, sevincdən ürəyi titrəyirdi.
Son hazırlıqlar görülüb qurtardı. Qız evindən olan qonaqlar artıq öz yerlərini tutmuşdular. Maşın siqnallarının səsi eşidildi. Sona xanım Kərim kişi ilə qabaqdakı maşından düşdülər. Rəhmanın bacıları, gəlinləri Rəna və bir neçə qadının əlində bəzəkli xonçalarla gəldilər. Qalan qonaqlar da, Rəhman da maşından düşüb həyətə yaxınlaşdılar. Süleyman kişi qapıda qonaqları qarşıladı:
-Salam, xoş gəlmisən Kərim. Həmişə siz gələsiniz. Buyurun. -Qalan qonaqlarla da görüşüb onları içəri dəvət etdi. Sona xanım da eyni qayda ilə qadınlarla görüşüb onları içəri dəvət etdi. Musiqiçilər gözəl bir musiqi ilə gənləri salamladılar. Hərə öz yerini tutdu. Rəhman qohumlardan ətrafında Aliyəyə sarı getdi. Əlindəki gül dəstəsini ona uzatdı. Aliyə də bu əlindəki güllər kimi qıpqırmızı don geymişdi. Üzü günəş kimi şəfəq saçırdı.Titrək səslə:
-Salam, Aliyə.-dedi. Rəhmanla Aliyə onlar üçün qoyulmuş stulda əyləşdilər.
Aliyə həyəcandan titrəyirdi. Rəhman isə yuxu görürmüş kimi hiss edirdi özünü. Bunu bir gerçək kimi çox çətinliklə qəbul edirdi. Lakin Aliyəyə baxanda onun gözəlliyi qarşısına aciz qalırdı sanki. Bu acizlik isə onu sanki xoşbəxt edirdi. Qız çox xoşuna gəlirdi. Oturuşu, baxışı, gülümsəməsi, sanki onun arzuladıgı kimi, təsəvvür etdiyi kimi idi. Onun gözəlliyindən unutdu bir an hər şeyi . Özünü bir an bütün sarsıntılardan azad edib, bu xoşbəxtliyi tamlıgı ilə yaşamaq , duymaq istədi. Arabir gözaltı ona baxırdı. Bu gözəli onamı yazmışdı Tanrım, deyə düşünür, sərməst xəyallar içində sərxoş olurdu sanki. Aliyə də bu gözəl hissləri yaşayırdı. Xəyalında bəlkə min dəfə Rəhmanın gələrkən ona uzatdıgı çiçəyi və dediyi sözü xatırlayırdı: ”Salam Aliyə” O bu səsi ilk dəfə eşidirdi. Rəhman bu sözü ona demişdi. Aliyə çox sevinir, ürəyində Allaha min dəfə şükür deyirdi, onu Rəhmana qismət etdiyi üçün.
Üzüklər taxıldı. Rəhman qıpqırmızı qızarmışdı. Aliyənin ag, nazik barmaqlarına üzüyü taxanda çox utanmışdı. Ona elə gəlirdi ki, ona baxan gözlər hamısı ona nifrətlə baxır. Əslində isə heç kəs olanlardan xəbərdar deyildi. Hamı bu cütlüyə, onların gözəlliyinə, bir-birinə belə yaraşmasına heyranlıqla baxır, Sona xanıma oglu üçün belə gözəl qız nişanlamasına əhsən deyirdilər.
Nişan məclsi başa çatdı. Rəhmanla Aliyə rəqs edənlərlə birgə rəqs də etmiş, şənlənmişdilər.Bir-birlərinə doyunca baxmış, Rəhman ona bir iki kəlmə sevgi dolu sözlər də pıçıldamışdı. Rəhmanın ona dediyi son söz Aliyənin qulagında dayanmadan səslənirdı:”Səni mənə qismət etdiyi üçün Allaha min dəfə şükür deyirəm, Aliyəm, yeganəm mənim”
Qonaqlar artıq getmişdilər. Aliyə elə xoşbəxt idi ki. Sanki göylərdə uçurdu. Süleyman kişi kövrəlsə də , özünü ələ aldı. Gəlib mələk kimi gözəl qızının qabagında dayandı, ona baxdı. Sanki qızının gözəlliyinin bu gün, bu an fərqinə vardı,onu quçaqladı və qulagına pıçıldadı:
-Xoşbəxt ol, mənim gözəl qızım.- Səsi titrədi, başqa heç nə deyə bilmədi. Bu səhnəni seyr edən Şəfiqə xanım və qızları da kövrəldilər. İnsan sevincdən kövrələndə necə xoşbəxt olurmuş ilahi. Onlar xoşbəxt idilər. Rəhman onların çox xoşuna gəlmişdi.
Rəhman çarpayıda uzanmışdı. Onu düşünürdü. Aliyəsini, sevimlisini. Onun idi Aliyə. Allah ona yazıbmışdı bu qızın qismətini demək. Artıq o, hadisələri öz axarına buraxmışdı. Sevinirdi, lakin bu sevinc çox titrək, qorxaq bir sevinc idi. Qəlbində heç vaxt duymadıgı bir sevgi vardı. Bu sevgi çox zərif idi, pak idi. O heç vaxt belə sevməmişdi. Bu onun sanki ilk sevgisi idi. Tanya ilə ilə beş il bir yerdə yaşamasına baxmayaraq, bu sevgini duymamışdı, yaşamamışdı. Bu sevgini ona Azərbaycan gözəli, Aliyə bəxş etmişdi . Özü kimi saf, zərif, incə. Rəhman sevincdənmi, sevgidənmi, peşmançılqdanmı özü də bilmədən aglayırdı. Göz yaşıarı yastıgını islatmışdı. O bu gün bir neçə hissi bir arada yaşamışdı. Xöşbəxt sayırdı özünü. Aliyəyə rast oldugu üçün.


Tarix: 29.04.2015 / 10:45 Müəllif: Aziza Baxılıb: 345 Bölmə: Maraqli Hekayeler
loading...