Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müdrik və tələbə

Qədimlərdə, hansı şəhərdəsə, ağ saçlı, müdrik bir alim yaşayırmış. Alim biliyini, gücünü, ağlını fərasətli tələbəsindən əsirgəmir, onu oxudurmuş. Günlərin birində, necə olursa, məmləkətin padşahının o qocaman alimə qəzəbi tutur, əmr verir ki, onu şəhərin meydanında daş-qalaq eləsinlər. Əmrə görə bütün şəhər əhli ona bir daş atmalı imiş. Kim atmasaymış, dar ağacından asılacaqmış.

Can şirindir, yetən o qoca alimə bir daş atır. Alim dinmir, haray-həşir qoparmır.

Gözünün biri çıxır, o məğrurluqla susur. Başı yarılır, cınqırını da çıxarmır. Bu ara onun otuz il dərs dediyi tələbə gəlir, Padşah öz taxtından, müəllim isə daş-kəsək arasından ona baxır. Tələbə odla su arasında qalır… Vursun, necə vursun, axı onun sevimli müəllimidir. Vurmasın necə vurmasın, padşah o saat dar ağacından asdıracaqdı. O, çox fikirləşir, axır naəlac qalıb əyilir, yerdən bir qum dənəsi götürüb, yavaşca öz müəlliminə sarı atır. Bu dəm bayaqdan məğrur-məğrur susan o müdrik qoca dəhşətlə elə qışqırır ki, padşah taxtında, adamlar, isə meydanda sarsılırlar. Hamı təəcüb eləyir; nə oldu ki, o belə qışqırdı? Padşah əlini qaldırır, meydana sükut çökür.

Padşah yarımcan qocanı yaxına gətirib soruşur ki, ey qoca sənə nə oldu belə qışqırdın? Axı bayaqdan susurdun!..

Qoca əli ilə gözünün üstünü örtən qanı silib deyir:

— Bax, o başını aşağı salıb dayanan adam mənim tələbəmdir. Mən ona otuz il dərs demişəm. Bayaqdan məni tanımayanlar, yaxşılığımı görməyənlər daş atırdılar, dözürdüm. O – mənim sevimli tələbəm isə mənə daş atmadı, qum dənəsi atdı, xırdaca bir qum dənəsi!.. O qum dənəsi mənim ürəyimə deydi, canımı yandırdı… Məni daş-kəsək öldürməzdi, ancaq, o qum dənəsi öldürəcəkdir!..


Tarix: 03.12.2014 / 13:34 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Maraqli Hekayeler
loading...