beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim zərər vurarsa, Allah da ona zərər vurar. Kim də çətinlik törədərsə, Allah da ona çətinlik törədə

Əbu Sarmə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Kim zərər vurarsa, Allah da ona zərər vurar. Kim də çətinlik törədərsə, Allah da ona çətinlik törədər.”

Tirmizi və İbn Macə rəvayət etmişlər. ( Səhih Sünən Tirmizi: ? 1940. Əlbani sənədinin “həsən” dərəcəli olduğunu demişdir.)

ŞƏRH

Bu hədis şəriətin əsaslarından ikisinə dəlalət edir.
Birincisi, xeyir və şər işlərin əvəzi əmələ uyğun verilir. Bu, Allahın tərifəlayiq hikmətindəndir. Kim Allahın sevdiyi bir işi görərsə, Allah da onu sevər. Kim də Allahın xoşuna gəlməyən bir iş edərsə, Allah da onu xoşlamaz. Kim müsəlmanın işini asanlaşdırarsa, Allah da onun işini dünya və axirətdə asanlaşdırar. Kim bir mömini dünya sıxıntısından qurtararsa, Allah da onu qiyamət sıxıntısından xilas edər. Bəndə öz qardaşının köməyində dayandıqca, Allah da o bəndənin köməyində dayanar. Həmçinin kim müsəlmana zərər vurarsa, Allah da ona zərər vurar. Kim ona hiylə qurarsa, Allah da ona hiylə qurar. Kim ona çətinlik törədərsə, Allah da ona çətinlik yaradar. Digər bu kimi misallar da həmin əsasın tərkibinə daxildirlər.
İkinci əsas, zərər vurmağın və zərərə zərərlə qarşılıq verməyin qadağan edilməsi. Peyğəmbər (s.a.v) buyurmuşdur: “Zərər toxundurmaq və ona zərərlə qarşılıq vermək olmaz. (İbn Macə: əl-Əhkam ? 2340. Əhməd: 5/327. Əlbani hədisin səhih olduğunu demişdir.)
Bu, zərərin bütün növlərini şamil edir.
Zərər vurmaq iki haldan birində ola bilər: Yararlı bir işi əldən vermək, ya da hər hansı bir yolla zərər vurmaq. Haqlı olmayan zərəri insanlara toxundurmaq və insanlarla ona uyğun əməl etmək olmaz. Əksinə insan bütün yollarla öz zərərinin onlara yetişməsinin qarşısını almalıdır.
Davranışlar zamanı aldatmaq, kələk gəlmək, eyibləri gizlətmək, məkr, hiylə, süni qiymət qaldırmaq, qardaşının alış-verişinin üstünə alış-veriş etmək və sair davranışlar buraya daxildir. Həmçinin qardaşının nişanlısına nişan aparmaq və digər aidiyyəti olmayan işləri etmək, zərər vuran məsələlərdən sayıldığı üçün qadağandır.
Allah bu növdən olan bütün davranış formalarına bərəkət vermir. Çünki kim müsəlmana zərər vurarsa, Allah da ona zərər vurar. Allah kimə zərər vurarsa, xeyir ondan üz döndərər, şər isə ona yönələr. Bu cəza, onun öz əlləri ilə qazandığının ucbatındandır.
Həmçinin ortaqların və qonşuların söz və ya əməldə bir-birinə zərər vurması da buraya daxildir. Qonşuya nəinki birbaşa zərər vurmaq, hətta öz mülkünü yeniləyib dolayı yolla qonşuya zərər vurmaq halal sayılmır.
Həmçinin borclunun borc sahibinə zərər vurması, onunla müamiləsində ziyan verməyə çalışması da bura aiddir. Hətta o, borcunu verməmiş borc sahibinin icazəsi olmadan sədəqə verə bilməz. Yaxud bir neçə nəfərə borclu olan kimsə öz mülkiyyətini təkcə onlardan birinə girov verə bilməz. O cümlədən malını vəqf etməyi, yaxud çox hissəsini xərcləyib borc sahibinə zərər vurmağı halal deyil.
Vəsiyyət zamanı zərər vurmaq da eyni hökmü daşıyır. Necə ki, uca Allah buyurur: “...Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar) Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir!” (Nisə, 12). Yəni, öz vərəsələrindən bəzilərinə çox, digərlərinə isə az miqdarda miras qoymaqla, yaxud vərəsələrə ziyan olsun deyə mirasını başqasına verməklə onlara zərər vurmamalıdır.
Ər də öz arvadına zərər vurmalı deyil. Bu müxtəlif yollarla baş verə bilər. Arvadına zülm etməklə boşanmaya gətirib çıxarmaq və ya boşadıqdan sonra ziyan vurmaq niyyəti ilə onu geri qaytarmaq, yaxud da bir zövcəyə daha çox meyl edərək digərinə zərər vurmaq belə misallardandır.
Həmçinin hökmlər, şahidliklər, bölgülər və digər bu kimi məsələlərdə ədalətsiz davranaraq bir tərəfli haqsız qərar çıxarmaq da hədisin tərkibinə daxildir. Bütün bu hərəkətlərə yol verən zərər verən məfhumuna daxildir. Belə əməl sahibi cəzaya və Allahın ona zərər vurmasına layiqdir.
Daha şiddətlisi isə, başçıların qarşısında aldadıcı hərəkətlər edərək insanları cəzalandırmağı tələb etmək və ya mallarını mənimsəməyə, yaxud da hüquqlarından məhrum etməyə cəhd göstərməkdir. Belə əməllər edən, həddini aşmışdır. O həm bu dünyada, həm də axirətdə cəzalandırılacağına əmin olmalıdır.

Hədislərin birində deyilir ki, "Peyğəmbər (s.a.v) xəstə dəvəni sağlam dəvənin yanına gətirməyi qadağan etmişdir.” (Müslim: Salam ? 2221. İbn Macə: Tibb ? 3541. Əhməd: 2/434.)

Çünki bu iş zərərli sayılır. Həmçinin cüzam və oxşar xəstəlik daşıyıcılarının sağalana qədər insanlarla ünsiyyətdə olmasını qadağan etmişdir. Bu və digər misallar uca Allahın kəlamına daxildir: “Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərilərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!” (Əhzab, 58). Ayədə müsəlmanı hətta zarafatla da qorxutmaq qadağan edilmişdir.
İnsanları ələ salmaq, onlara istehza etmək, işlərinə müdaxilə etmək və aralarını vurmaq da bura aiddir. Bütün bunlar cəzalandırılmağa layiq görülən zərər vurmağın və çətinlik törətməyin tərkib hissəsidir.
Hədisin sözlərinə əsasən demək olar ki, kim zərər vurar və çətinlik törədərsə, Allah da ona zərər vurar və onun işini çətinə salar. Məfhumuna görə isə kim müsəlmandan bir zərəri və çətinliyi uzaqlaşdırarsa, Allah ona xeyir verər, ondan zərər və çətinliyi dəf edər. Bu, ən münasib qarşılıqdır. İstər onun özü ilə, istərsə də başqası ilə bağlı olsun, fərq etməz.


Tarix: 08.04.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Maraqlı melumatlar