Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahin Qezebine Sebeb Olan Gunahlar.

Qiyamət günündə Allahın qəzəbinə
səbəb olacaq günahlar və bunları
edənlərin aqibəti haqqında hədislər
çoxdur. Aşağıda bu hədislərdən birini
ixtisarla diqqətinizə təqdim edirik. Qeyd edək ki, hədisdəki bəzi cəzaların
təsviri məcazi (alleqorik) xarakter
daşıyır. Peyğəmbər bu üsulla həmin
günahların nə qədər dəhşətli olduğunu
göstərmək və müsəlmanları bunlardan
uzaq tutmaq istəyirdi. Abdullah ibn Abbas rəvayət edir ki,
Həzrət Mühəmməd Peyğəmbər (s)
buyurub: “Hər kim qonşusunun bir qarış
torpağına xəyanət etsə, Allah həmin
torpağı yerin yeddinci qatına kimi
dərinlikdə alovlu zəncirə çevirib onun
boğazına dolayar və onu cəhənnəmə
salar." "Hər kim öz həyat yoldaşının
mehriyyəsini verməməklə ona zülm
etsə, Allahın yanında zinakar kimi
sayılar. Izzət və cəlal sahibi olan Allah
qiyamət günündə buyurar: “Bəndəm
başqa bir bəndəmlə mənim əhdimə əsasən (yəni kəbinlə) evləndi, amma bu
əhdi qorumadı” (yəni qadının
mehriyyəsini vermədi). Allah qadının
haqqını ondan savab şəklində alar
(yəni kişinin savabını qadına
bağışlayar). Sonra kişini cəhənnəmə salmaq əmrini verər... "Hər kəsin iki arvadı olsa, amma öz
bədəni və malı ilə (qəsdən) onların
arasında ədalətə riayət etməsə, qiyamət
günündə zəncirlənmiş halda qiyamətə
gətirilər və cəhənnəmə atılması əmr
olunar…" "Kim müsəlmanın üzünə sillə vursa,
qiyamət günündə Allah onun
sümüklərini qırar, onu alova təslim
edər..." "Hər kim iki nəfərin arasında xəbərçilik
etsə, Allah onun qəbrini alova qərq
edər və o, qiyamətə kimi qəbrdə yanar.
Məhşər günü dirilib qəbrdən
qalxandan sonra (zəhərli dilinin
əvəzində) Allah onun ətini zəhərli əfi ilanlara yedizdirər." "Hər kim kasıba zülm etsə, onu
aşağılasa, qiyamət günündə Allah onu
bədən üzərindəki qarışqa kimi xar və
zəlil halda məhşərə gətirər, sonra
cəhənnəmə salar." "Hər kim iffətli kişilərə və qadınlara
əxlaqsızlıq iftirası atsa, Allah onun
bütün əməllərini zay edər və qiyamətdə
yetmiş min mələk öndən və arxadan
onu şallaqlayar, axırda o adamın da
cəhənnəmə getməsinə hökm verilər." "Hər kim bu dünyada şərab içsə, Allah
ona ilan və əqrəblərin zəhərini içizdirər.
Bu elə dəhşətli zəhərdir ki, hətta onu
içməzdən əvvəl sifətinin əti bir an içində
tökülər, içəndən sonra isə bədəninin əti
və dərisi leşə dönər, camaat bu iydən əziyyət çəkər və axırda həmin adamı
cəhənnəmə atarlar. Şərabı içən,
üzümün şirəsini sıxan və sıxdıran,
şərabı satan və alan, daşıyan və
daşıtdıran, onun pulundan istifadə
edən adam da günah cəhətdən bərabərdirlər." "Hər kim bir müsəlmanın və ya
zimminin (yəni əhli-kitabın) əleyhinə
yalandan şahidlik etsə, qiyamət
günündə dilindən asılar və münafiqlərlə
birlikdə cəhənnəmin ən alt qatında yer
tutar." "Hər kəs naməhrəm qadına baxmaqla
gözünü doyuzdursa, Allah-təala
qiyamət günündə insanların hesabını
apararkən, həmin adamı odlu
mismarlarla dəlinmiş halda məhşərə
gətirər, sonra onun cəhənnəmə salınmasına əmr verilər." "Hər kim riyakarlıq üzündən başqasına
yemək versə, Allah onu cəhənnəm
üfunəti ilə yedizdirər və bu üfunət onun
qarnında alova dönər..." Hər kim Quranı oxuyub əməl etməsə,
qiyamət günündə Allah onu kor halda
dirildib məhşərə gətirər. O deyər: “Ya
Rəbb, niyə məni kor halda məhşərə
gətirdin? Axı mən dünya həyatında
görürdüm!”. Allah buyurar: “Ayətlərimiz sənə öyrədildiyi zaman sən onları
unutdun. Mən də beləcə bu gün səni
unutdum (mərhəmətimdən uzaq
saldım)”. Sonra o, cəhənnəmə aparılar. Hər kim Quranı riya məqsədilə, səfehləri
aldatmaq, alimlərin yanında öyünmək
və ya dünyada üstünlük qazanmaq
üçün öyrənsə, Allah qiyamət günündə
onun sümüklərini bəndlərindən ayırar,
cəhənnəmdə onun qədər əzab çəkən olmaz. Allahın ona qarşı qəzəbi elə
şiddətli olar ki, cəhənnəmdə ona
verilməmiş bir əzab növü qalmaz... Hər kim öz din qardaşının eybini açıb
desə, gizli sirrlərini ifşa etsə, cəhənnəmə
ilk qədəm basan o olar, Allah onun
eyiblərini camaatın gözü qarşısında açıb
göstərər..

” (Biharül-ənvar, VII, 213-216, hədis 116).


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar
loading...