Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəməri Bəni-Haşim

Mehriban və Bağışlayan Allahın adı ilə!

Həzrət Abbas ağa (ə) İslam aləminin ən böyük şəxsiyyətlərindən biridir. O, İslam yolunda və xüsusən Kərbala hadisələrində öz fədakarlıq və casurluğu ilə seçilmiş, əsil cəsarət və şücaət nümunəsinə, möminlərin sevimlisinə çevrilmişdir. Sözsüzki, belə şəxsiyyəti yetişdirən, boya başa çatdıran valideynləridə İslam aləminin böyük şəxsiyyətlərindən olmuşlar.

HƏZRƏTİN MÖVLUDU
Həzrət Fatimənın (s.ə.) faciəli vəfatından xeyli vaxt keçmişdi. Həzrət Əli (ə) uşaqların ehtiyaclarını nəzərə alaraq, yenidən həyat yoldaşı seçməyə qərar alır. Və qardaşı Əqilə müraciət edərək, şücaətli nəsildən olan bir qadın haqqında maraqlanır. Əqil Kilab qəbiləsindən olan Fatimə ilə evlənməyi məsləhət görür. Beləliklə Ümmül-bəni Fatimə Əhli-Beytə (ə) qarşı olan böyük hörmət və məhəbbəti ilə Həzrət Əli (ə) evinə qədəm qoyur. Hətta ilk günlərdə xəstələnmiş İmam Hüseyn (ə) və İmam Həsənə (ə) qulluq edir və “övladlarım sağalmayınca, ailə səadətinə sevinmərəm” - demişdir.
Ümmül-bəni çox mərd, əqidəli və fədakar xanım idi. Onların 4 övladı dünyaya göz açmış və məhz buna görə o “Ümmül-Bəni” ləqəbini almışdır, yəni “bir neçə oğul anası”. Onların övladları İmam Hüseynlə (ə) birgə Kərbalada İslam düşmənlərinə qarşı vuruşaraq şəhid olmuşlar.
İmam Əli (ə) ilə Ümmül-bəninin ilk övladı olan Abbas, hicrətin 26-ci ilində, mübarək Şaban ayının dördüncü günü Mədinə şəhərində dünyaya gəlmişdir. Onun mövludu evlərinə nur, Həzrət Əlinin (ə) qəlbinə sevinc bəxş etmişdir. Rəvayətə görə, Əbülfəzl Abbas ağa dünyaya gələndə, qardaşı İmam Hüseyn (ə) onu əllərinə götürməyincə uşaq gözlərini açmırdı. Maraqlıdır ki, həmin hadisə atası İmam Əli (ə) dünyaya gəldikdə də baş vermişdir. O Həzrət (ə), gözlərini yalnız əziz Peyğəmbərimizin (s) qolları üstündə açmışdır.
Abbasın üzü Ayın nuruna bənzəyirdi. O, daxili və zahiri gözəlliyinə görə “Qəməri bəni-Haşim” ləqəbini almışdır, yəni “Haşım qəbiləsinin Ayı”. Hər kəs onu bu ləqəbə layiq görürdü. Onun gözəlliyi haqqında İslam alimi Şeyx Abdulla Maqamani də bildirmişdir.
Beləliklə atası İmam Əli (ə) onun adını Abbas qoyur. Bu adın mənası - “Cəsur şir” deməkdir. Həmçinin o, öz müdrikliyi əsasında “Əbülfəzl” ləqəbini qazanmışdır, yəni “hikmət sahibi”.

TƏLİM-TƏRBİYƏ
Bu Həzrət çox qısa - 34 il həyat sürmüşdür. Lakin buna baxmayaraq, həqiqətən o, bir fəzilət abidəsi, kəramət və böyüklüyün ən gözəl nümunəsinə çevrilmişdir. Başqa cür ola da bilməzdi. Axı o, ömrünün 14 ilini İmam Əli (ə) kimi bir atanın yanında keçirmiş, onun tərbiyəsindən faydalanmışdır. Qalan 10 ilini qardaşı İmam Həsənin (ə) və 10 il İmam Hüseynin (ə) himayəsi altında keçirtmişdir.
Beləliklə, Həzrət Abbas (ə) 14 il ərzində atasının dərin bilgilərindən və inancından faydalanmışdır. Və bu böyük şəxsiyyətin imanı və misilsiz elmi uşağın tərbiyəsinə və dünyagörüşünə böyük təsir göstərmişdir. Həzrət Əli (ə) oğlunun mənəvi tərbiyəsilə bərabər, həmçinin fiziki tərbiyəsilə də məşğul olurdu. Məsələn, Abbasa müxtəlif idman növlərini, xüsusən ox atmağı öyrədirdi, hətta əkib-biçmək və qılıncoynatma kimi məşğuliyyətlə bədən təliminə də önəm verirdi. Buna görə də Abbas, zaman-zaman torpağın bəcərilməsilə məşğul olarkən, insanlara islami dəyərlərdən müxtəlif hekayələr danışardı, və hər zaman atası kimi yoxsullara yardım edərdi.
Həzrət Əli (ə) Abbasın elmi dərəcəsi barədə bu cür buyurmuşdur: “Həqiqətən, oğlum Abbas, mənim elmimdən, göyərçinin anasından su və yeməkdən faydalandığı kimi, bəhrələnmişdir”.

Rəvayətlərə əsasən, Abbas (ə) beş yaşında olanda bir gün atası onu yanına çağırıb, buyurur: “Oğlum, de: “bir””!
Uşaq “Allah birdir, yeganədir” deyə cavab verir. İmam (ə) buyurur: “Oğlum, de “iki””.
Abbas saymaqdan imtina edib: “Ata, Allahın vahidliyini iqrar etdiyini dillə iki deməyi utanıram” cavab verir.

HÜSEYNƏ (ə) MƏHƏBBƏT
Həzrət Abbasın (ə) həyatında ən vacib məqamlarından biri də onun qardaşlarına olan bağlılığı idi. Ən çox da İmam Hüseynə (ə). Onun Hüseynə (ə) sadiqliyi, hörməti və sevgisi o qədər dərin idi ki, hər zaman İmamın (ə) xidmətinə yetişməyə hazır idi. Deyilənlərə görə, bir dəfə Həzrət Əli (ə) və Hüseyn (ə) Küfədəki məscidlərin birində olarkən, Hüseyn (ə) susuzluq hiss etmiş və Qəmbər adlı xidmətçidən su istəmişdir. Bu zaman Abbas (hələ uşaq ikən) tez Qəmbəri qabaqlayıb, suyun dalınca qaçır. O, elə tələsirdi ki, suyu gətirərkən üst-başı suya batmışdı. Bunu görən atası, göz yaşlarını saxlıya bilmədi. Onun səbəbini soruşanda, Həzrət Əli (ə) 20 il sonra baş verənlər haqqında belə buyurdu: “Abbasın paltarı bu gün qardaşı Hüseynin susuzluğuna yetişmək üçün suya islanmışdır, lakin bir gün Hüseynin uşaqlarının susuzluğuna yetişmək üçün bütün bədəni qana batacaqdır”.

DÖYÜŞ MEYDANINDA
Həzrət Abbas (ə) döyüş meydanında da digərlərdən fərqlənirdi. Onun görünüşü Həzrət Əliyə (ə) o qədər oxşar idi ki, hətta düşmənləri belə təşvişə salırdı.
O, böyük sərkərdənin - Həzrət Əlinin (ə) geyimlərini geyinərkən bir çox düşmənlərə qalib gəlmişdir. Ən çox onu atası ilə səhv salan isə Müaviyənin qoşunları idi. Onlar Həzrət Abbasla döyüşərkən onun Əli (ə) olduğunu hesab edirdilər. Lakin bir müddət sonra Həzrət Əlini (ə) döyüş meydanında görərkən təəcüblənirdilər. Həmin vaxt ata oğlunu düşmənlərə bu cür təqdim edərdi: “Budur, Abbas, Haşim qəbiləsinin Qəməri!”.
Süffeyn döyüşü zamanı Müaviyə (lən) İslam qoşunlarına qarşı suyun qabağını almışdır. Bunu görən Həzrət Abbas (ə) və qardaşı İmam Hüseyn (ə) qoşunlara rəhbərlik edib, düşmən qoşunlarını məğlub edib, suya yol açırlar. Döyüş başlayan zamanı hündür boy və güclü bədən quruluşuna malik olan düşmənlərdən biri meydana çıxıb təkbətək mübarizə üçün digər qoşundan savaşçı tələb edir. Əli (ə) tərəfindən 3 döyüşçü çıxsa da onların üçü də məğlub olur. Həmin vaxt Abbasın təxminən 12 yaşı var idi və atası onu meydana çağırır. Düşmən bunu zarafat kimi qəbul edib, mübarizədən imtina edir. Lakin bir müddət keçdikdə düşmən artıq Abbasın hücumlarından çətinliklə xilas olurdu. Bu savaşda unikal cəsarət və igidlik nümayiş etdirən Abbas, düşmənə qalib gəlir və öz haqqında əbədi epos yaratmış olur.

KƏRBƏLADA
Qeyd etdiyim kimi, Həzrət Əbülfəzll (ə) hər zaman İmam Hüseynin (ə) xidmətində hazır idi. O, son dəqiqəyədək İmamın (ə) yanında idi. Xüsusən, o, Kərbəlada öz qəhramanlığı ilə seçilmiş, nümünəvi obraz yaratmışdır. Döyüş zamanı İmam Hüseyn (ə) və övladlarının susuz olduğunu görən Abbas, bir çox düşmənləri məğlub edib, özünü Fərat çayına çatdırır. Sahilə çatarkən o, çayın sərin suyunu ovucuna doldurur, lakin birdən susuz körpələri yadına salıb, sudan bir damla belə içmədən, onu çaya tökür. Abbas (ə) tək olmasına baxmayaraq, ata minib suyu çatdırmaq məqsədindən dönmür. Lakin yolda düşmənlərin hücumu onu qollarından məhrum edir. Buna baxmayaraq Abbas (ə) yenə də təslim olmur, lakin oxçuların hücumuna məruz qalır. Oxlardan biri sinəsinə batır və yaralı Abbas (ə) atdan yerə düşür...

HƏYATIN MARAQLI MƏQAMLARI
Həzrət Abbasın (ə) gözəl xasiyyət və gülərüzlüyü insanları cəlb edirdi. Onun zəngin bilgilərə malik olduğunu bilən insanlar, ondan müxtəlif sahələrdən məsləhət alırdılar. Buna görə o Həzrət, insanlar arasında "Bab-əl-həvaic" kimi tanındı - yəni "ehtiyaclar qapısı".

Əbülfəzl Abbas Ağa (ə) uzaq qohumu olan Lübabə ilə ailə qurmuş və onların üç uşağı dünyaya gəlmişdir – Fəzl, Qasım və Ubeydullah.

Abbasın "Üqab" (“Qartal”) adlı bir atı da vardır. Rəvayətə görə, bu at öncə Muhəmməd Peyğəmbərə (s) və İmam Əliyə (ə) xidmət etmişdir və digər atlardan üstünlüyü aşkar idi. Bu atın öncəki ismi “Mürtəciz” idi, bu isə ərəbcə “şimşək, ildrım” mənasını daşıyır.

Bu Həzrət böyük şəxsiyyət olduğundan, onun ləqəbləri də çox idi. Onlardan biri “Qazi” yəni “döyüşdən uğurla qayıdan savaşçı” deməkdir. Həzrət Kəzrbəlada dünyasını dəyişsədə, o, Qazi kimi tanındı. Çünki lənətlik Yezid qoşunlarına qarşı ilk zərbəni endirərkən onun məqsədi atı geri qaytarmaq idi. Həmin at qardaşı İmam Həsənə (ə) məxsusu idi və Süffeyn döyüşü zamanı lənətlik Şimr tərəfindən zəbt edilmişdi. Beləliklə, Abbas həmin atı geri qaytarıb Hüseynə (ə) təqdim edir.

O, hicrətin 61-ci ili, məhərrəm ayın 10-da, cümə günü Fərat çayın sahillərində İslam düşmənləri tərəfindən qətlə yetirilmişdir. Buna görə ona “Əl-Qamah” adı verilmişdir, yəni Fərat çayının Qəhrəmanı. Bu, həmin fəth etdiyi Fərat çayıdır ki, Həzrət (ə) oradan su götürüb, lakin içməmiş və beləliklə ona qalib gəlmişdi.
Həzrət Abbası (ə) Kərbəlada, həmin atdan yıxıldığı yerdə dəfn etmişlər. Deyilənlərə görə, o gündən etibarən Fərat çayının suları onun məzarını dövr edir.


Həmin yerdə “Əl-Abbas” məscidi tikilmiş və 1300 ilin ötməsinə baxmayaraq, milyonlarla zəvvar hər il buraya onu ziyarət etmək üçün toplaşırlar.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 232 Bölmə: Maraqlı melumatlar
loading...