Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UŞAĞI NECƏ İMANLI TƏRBİYƏ ETMƏK?

Müasir toplumlarda imanlı uşaq və yeniyetmə tərbiyəsinə nail olunması üçün hansı məsələlərə diqqət etməli? Müasir dövrümüzdə tərbiyə məsələsi çox aktual məsələdir. Belə ki, bu məsələ hər bir dövrdə yeni bir cildə girir. Bizim uşaqlıq dövrümüzə baxsaq görərik ki, məktəbin və televiziyanın təsiri ilə biz sovet tərbiyəsi alırdıq. Müəllimlərimiz ürəklərində qorxu hissi keçirə-keçirə bizə Allahsızlığı təbliğ edirdilər. Xüsusən də biologiya dərsində insan yaranışı bəhsi bizi həmişə düşünməyə vadar edirdi. “İnsan meymundan yaranıb”. Bu məntiqsiz bir nəzəriyyəni Darvinin hansı düşüncələrlə və hansı şəraitdə kəşf etdiyi hələ də bizim üçün qaranlıqdır. Ancaq onu deyə bilərəm ki, bizim zamanımızda tərbiyəyə ancaq televiziyanın təsiri vardısa, indiki internet zamanında uşaqların tərbiyəsinə nəinki televiziya, ən çox internetin təsiri vardır. Onu da qeyd etməliyəm ki, Sovetlər dövründə televiziya mənəviyyatın maddiliyə tərəf inkişafına səbəb olması ilə yanaşı, əxlaqi dəyərlərə də çox diqqət edirdi. Belə ki, böyüklərə aid filmlər ancaq saat 21.00-dan sonra nümayiş etdirilirdi. Uşaq mövzularına aid verilişlərə daha çox yer verilirdi. Müasir dövrümüzə nəzər salsaq, yaxşı və pis irəliləyişlərin olduğunu görərik. Dinimizə aşkar halda etiqad olunması, imanlılarımızın sayının artması, haqqa gedən yolun insanlar üçün açıq olması - günümüzün yaxşı tərəfidir. Ancaq “Qərbdən” bizə gələn telekanalların yaydığı əxlaqsız verilişlər, cahil insanların geyilm tərzi, sözsüz ki, övladlarımızın tərbiyəsinə mənfi təsir edəcəkdir. Bəz biz onları necə tərbiyə edək ? Necə edək ki, onların imanlı, əxlaqlı insan olmasına vəsilə olaq? İslamda övladın tərbiyəsi iki yerə bölünür: sözlə tərbiyə və əməllə tərbiyə. Sözlə tərbiyə zamanı genişqəlblilik lazımdır və müsəlmanın həyatında bu olmalıdır, xüsusilə də evdə. Bəs "genişqəlblilik" nədir? "Genişqəlblilik" izah etmək üçün Quran ayəsinə nəzər salaq: “Taha” surəsinin 43-cü ayəsində Allah Təala buyurur: "Fironun yanına gedin, o, həqiqətən (Allaha) qarşı üsyan etmişdir". Allah Musaya (ə) əmr edir ki, getsin və Fironu sakitləşdirsin və Musa da (ə) Allaha demir ki, mənə ordu ver. O, deyir: "Pərvərdigara! Sinəmi açıb genişlət! Və mənim üçün işimi avanda sal!" (“Taha” surəsi, 25-26). O, Allahdan ürəyini genişləndirməyini istəyir, yəni "genişqəlblilik" istəyir ki, çətinliklərin qarşısında tab gətirə bilsin və işləri asan olsun. O, buyurur ki, ey Pərvərdgara, mənim ürəyimi genişləndir ki, düşmən qarşısında təslim olmayam, sözlərimi deyən zaman dilim pəltək vurmasın, sözüm yadımdan çıxmasın və əsəblərimə hakim ola bilim, sözümü düz başa sala bilim. Bəs bu ayələrdən gördüyümüz kimi, sözlə tərbiyədə ilk növbədə ürəyin genişliyi lazımdır. Sözlə tərbiyə özü də üç mərhələdə aparılmalıdır. Əvvəl yenə qeyd etdiyimiz kimi ürəyin genişliyi lazımdır ki, əsəblərimizə hakim ola bilək və sözümüzü çatdırmağı bacaraq. İkinci şərt bu sözlərin mehribanlıq və məhəbbətlə deyilməsidir. Belə ki, güc və kobudluqla heç bir işi sona çatdırmaq olmaz, bu zaman söz də öz qüvvəsini itirəcəkdir. Övladlarımız ilə gərək mehriban və nəvazişlə söhbət edək, ancaq bu zaman onlardan nə isə gözləmək olar. Dinimizdə də əmr-be-məruf və nəhy-əz-munkərdə də bu işi əvvəl gərək xoş dillə başa salasan, xüsusilə də cavanlara. Üçüncü şərt isə odur ki, çalışmaq lazımdır ki, onlara qarşı etinasız və biganə olmayaq. Ancaq ifrat halda tələbkar olmaq da tövsiyə olunmur. Əgər bu əməl etinasızlıqdan pis sayılmırsa, heç yaxşı da sayılmır. Tələbkar valideynlər övladlarını elə həddə gətirib çıxarırlar ki, artıq dönüş qeyri-mümkün olur. Bunu statistika da təsdiq edir və bu bir təhlükə zəngidir. Statistika göstərir ki, o xanımların ki, işi boşanmaya gətirib çıxartrmışdır iki dəstəyə bölünürlər. Onlardan biri o qızlardır ki, ata və anaları onlara qarşı biganə və etinasız olublar. Hara gediblərsə, heç nə deməyiblər. Hər nə yazıb-oxuyublarsa, heç nə deməyiblər. O biri qrup xanımlar o qızlardır ki, ata və anaları həddən artıq tələbkar olublar. Onlarla həddən artıq çox söhbət edib, onları həddən artıq çox kontrol ediblər. Və bu da səbəb olub ki, o qız özünə həmdəm tapsın və evdən qaçsın. İmam Sadiqdən (ə) nəql olunan bir hədisə nəzər salaq. Bir müsəlman yəhudini müsəlman edir və buna çox sevinir. Sabahısı günü sübh azanı zamanı həmin yəhudi görür ki, qapısı döyülür və açanda həmin müsəlmanı görür. Müsəlman ona deyir ki, gəl gedək məscidə, sübh namazını orada qılmağın savabı çoxdur. Onlar məscidə gəlib, sübh namazını qılırlar. Müsəlman təzə müsəlman olan yəhudiyə deyir ki, gəl bu gün oruc tutaq, savabı çoxdur. Oruc tuturlar, söhbət edirlər və görürlər ki, zöhr azanı yaxınlaşır. Müsəlman deyir ki, gəl zöhr namazını da qılaq, sonra gedərik. Onlar xülasə zöhr, əsr, məğrib və işa namazlarını qılırlar və bu oruc tutmuş, bütün günü ac məcsiddə oturan yəhudi gecə yorgun evinə qayıdır. Sabahısı həmin müsəlman yenə sübh azanı zamanı onun evinə gəlir və məscidə getməyi təklif edir. Yəhudi deyir ki, o artıq müsəlman deyil, axşam evə qayıdan zaman yəhudi olub, çünki bu din boş-bekar adamlar üçündür, onun isə başqa işləri vardır. Gördüyümüz kimi, tələbkarlıq nəticəsində təzə müsəlman olan yəhudi bu dindən əl çəkir. Əməli tərbiyə İslamda çox mühümdür. Belə ki, bu tərbiyə deyir ki, ey ata, sən gərək insan olasan ki, oğlun insan olsun, ey ana, sən gərək hicablı, həyalı olasan ki, qızın da sənin kimi olsun. Çünki körpə dünyaya gözün açan gündən başqalarını təqlid edir. Əgər qızdırsa, anası kimi geyinmək, oturmaq, gülmək, hətta danışmaq istəyir. Əgər oğlandırsa, daha çox atası etdiyi hərəkətləri etmək, onun kimi rəftar etmək istəyir. Ancaq bu təqlid əgər valideynlər imanlıdırlarsa, yaxşı sayılar. Vay o gündən ki, valideyn cahil və əxlaq cəhətdən zəif olsun, onda bu uşaqlardan və ya yeniyetmələrdən nə gözləmək olar?! Ona görə əgər ana istəyirsə, qızı iffətli, hicablı, imanlı xanım kimi böyüsün, gərək öz rəftarlarına, naməhrəmlərlə hərəkətinə, geyiminə diqqət etsin. Əgər ata istəyirsə ki, oğlu mömin, imanlı və əxlaqlı övlad olsun, birinci növbədə özünü tərbiyə etməli, övladlarının yanındakı rəftar və hərəkətləinə diqqət etməlidir. Ancaq bütün bunları nəzərə alsaq və onların müasir dövrümüzdəki tələbatlarını dəqiq bilib, onlara yardım etsək, imanlı övlad yetişdirə bilərik. Nəzarət lazımdır, ancaq həddən artıq ifrat həddində tələbkar olmaq onları yanlış tərəfə sürükləyər. Onların bütün səhvləırini bir gündə düzəltmək mümkün deyildir. Əgər görürsən ki, övladın yalan danışır, bunu onun üzünə vurma, onun üçün yalan haqqında bir hədis de. Sabahısı günü bu səhvini təkrar etsə, onu düzəltməyə çalış. Psixoloqların dediyi kimi, uşaq tərbiyəsi tük kimi incə, qılınc kimi iti bir məsələdir. Çalışaq ki, birinci özümüzü düzəldək, sonra onların yanlışlarını düzəldək. Amin! Məşhədi Xanım, “Dəyərlər”


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 209 Bölmə: Maraqlı melumatlar
loading...